"İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri) - Məqalələr

Şəki, 1 iyul, Mustafa Dadaşov,

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə iyunun 27-də başlanan Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı uğurla başa çatıb.

Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər bir sıra xarici ölkələrin musiqi və rəqs kollektivləri ilə tanış olub, Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

AZƏRTAC xəbər verir ki, iyulun 1-də Şəki şəhərindəki Yay teatrında festivalın təntənəli bağlanış mərasimi olub.

Tədbirdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Kollektivin bədii rəhbəri və baş dirijoru Xalq Artisti, professor Ağaverdi Paşayevdir.

Festivalın yekun konsertinin proqramına Üzeyir Hacıbəylinin “Çahargah fantaziyası”, “Koroğlu” operasından “Qızlar rəqsi”, “Cəngi”, Tofiq Quliyevin “Qaytağı”, Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamından fraqment, Hacı Xanməmmədovun Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Yenə o bağ olaydı” və digər bəstəkar mahnıları, rəqslər daxil edilib.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə çıxış edərək festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə şəhər rəhbərliyinə, şəkililərə təşəkkürünü bildirib.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov “İpək yolu” Beynəlxalq musiqi festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda kollektivin bədii rəhbəri və dirijoru, Xalq Artisti Ağaverdi Paşayevə və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub.

Bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

Şəki, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə uğurla davam edən “İpək yolu” VII Beynəlxalq musiqi festivalının üçüncü günündə axşam tamaşaçılara Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblının və Kamera Orkestrinin konserti təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Yay teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının, TÜRKSOY-un rəsmiləri, musiqisevərlər iştirak ediblər.

Konsertə başlamazdan əvvəl iyunun 28-də İstanbulun Atatürk Hava Limanında dəhşətli terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diqqətə çatdırılıb ki, qardaş ölkədə baş vermiş faciə ilə əlaqədar bugünkü konsert bütünlüklə faciədə həlak olanların xatirəsinə həsr olunub. Konsertin proqramına yalnız lirik və vətənpərvərlik ruhunda mahnılar daxil edilib.

Festivalın dördüncü günü, iyunun 30-da günorta saatlarında Şəki xanları sarayının həyətində Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı, həmçinin “Zirvə” ansamblının konserti olacaq. Axşam saatlarında isə “Yuxarı Karvansaray” mehmanxana kompleksində musiqisevərlər qarşısında “Təbriz” instrumental ansamblı çıxış edəcək.

Şəki, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə keçirilən “İpək yolu” festivalına ilk dəfədir qatılırıq. Bugünkü konsertdə Yaponiyanın vadaiko, şinobue və şamisen kimi ənənəvi musiqi alətlərində ifalar təqdim etdik. Eyni zamanda, konsertdə Yaponiyanın ənənəvi minyo musiqisi də səsləndi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının iştirakçısı, Yaponiyanın “Va-Liqa” ansamblının prodüseri Takaku Terutaşi deyib.
“Biz çox şadıq ki, “İpək yolu” festivalında Yaponiyanı təmsil edirik. İstərdik ki, bu konsert vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəmizi verək”, – deyə Takaku Terutaşi qeyd edib.
Şəkinin çox gözəl təbiətə malik olduğunu vurğulayan ansamblın prodüseri şəhərin gözəlliyinin onları valeh etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfərləri çərçivəsində İsmayıllıda və Bakı şəhərində də konsertlərlə çıxış edəcəklər.

Şəki, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir. Festivalın əvvəlki günlərində tamaşaçılar TURKSOY-un xalq çalğı alətləri orkestrinin, Türkiyənin “Şimdi” ansamblının, Anadolu Türk Xalq Mahnı və Rəqs kollektivinin çıxışlarını izləyiblər.
AZƏRTAC xəbər verir ki, iyunun 29-da günorta saatlarında Şəki xanları sarayının həyətində Yaponiyanın “Va-Liqa” musiqi ansamblının konserti olub. Konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının, TÜRKSOY-un, Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmiləri, musiqisevərlər iştirak ediblər.
Konsertə başlamazdan əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi çıxış edərək, Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Vurğulanıb ki, Azərbaycanın qədim tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayında yapon musiqiçilərinin konsertinin gerçəkləşməsi çox əlamətdardır.
Diqqətə çatdırılıb ki, tamaşaçılar qarşısında çıxış edəcək “Va-Liqa” ansamblı Yaponiyanın ənənəvi musiqi və mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Ansamblın 2014-cü və 2015-ci illərdə Bakı və İsmayıllı şəhərlərindəki konsertləri Azərbaycan tamaşaçıları tərəfindən yüksək qiymətləndirilib.
Yaponiya səfiri iki ölkə arasında mədəni əlaqələrin musiqi və incəsənət vasitəsi ilə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Sonra “Va-Liqa” musiqi ansamblının üzvləri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Ansamblın üzvləri Hanavaçie, Omodaka Akiko, Yamada Miçiko və Kasai Hiroyukinin ənənəvi yapon musiqi alətləri olan tsuqaru şamisen, şinobue, vadaiko və zərb alətlərində təqdim etdikləri ifalar, həmçinin Azərbaycan muğamının ifa tərzinə bənzər Yaponiyanın minyo musiqisi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsertin sonunda ansamblın üzvlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
Festivalın proqramına uyğun olaraq, iyunun 29-da axşam Yay teatrında Gəncə Dövlət Filarmoniyasının konserti olacaq.

Şəki, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Uğurla davam edən Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı artıq dördüncü gündür tamaşaçıları maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində iyunun 30-da axşam qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində İranın “Təbriz” İnstrumental ansamblının konserti olub.
Konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində məlumat verilib ki, “İpək yolu” festivalında ilk dəfədir iştirak edən “Təbriz” instrumental ansamblı 15 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində ansambl İran İslam Respublikasının müxtəlif bölgələrində uğurla çıxış edib, tamaşaçı rəğbətini qazanıb. Ansambl uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvi ilə əməkdaşlıq edir. İranda keçirilən müxtəlif festivalların və müsabiqələrin laureatı olan Ramin Qəznəvi instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Danimarka, Türkiyədə konsert proqramları ilə çıxış edib.
“Sizə salam gətirmişəm” mahnısı ilə başlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalına iyulun 1-də yekun vurulacaq. Festivalın sonuncu günü günorta saatlarında Şəki xanları sarayının həyətində Azərbaycan Respublikasının Xalq Artisti, professor Ağaverdi Paşayevlə görüş keçiriləcək. Axşam saatlarında isə Yay teatrında festivalın təntənəli bağlanış mərasimi olacaq. Mərasimdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Xalq Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edəcək.

Şəki, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı çərçivəsində iyunun 30-da Şəki xanları sarayının həyətində “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı və “Zirvə” instrumental ansamblının konserti olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunmuş qonaqlar və musiqisevərlər iştirak ediblər.
Tədbiri festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açaraq “İpək yolu” Beynəlxalq musiqi festivalı tarixində ilk dəfə yeni kitabların təqdimatının keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Səadət Təhmirazqızının müəllifi olduğu “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarında Şəkinin tarixi, mədəniyyəti, folkloru və ifaçıları haqqında ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, Səadət Təhmirazqızı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. O, musiqişünas kimi milli və professional musiqinin təbliği və tədqiqi ilə məşğuldur.
Təqdimat mərasimində çıxış edən TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı artıq yeddinci dəfədir keçirilən Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının proqramının ildən-ilə zənginləşdiyini, daha da maraqlı olduğunu vurğulayıb.
Müəllif Səadət Təhmirazqızı çıxış edərək, belə bir mötəbər musiqi bayramında kitablarının təqdimatının keçirilməsinə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları Şəkinin “Zirvə” instrumental ansamblının konsertini izləyiblər.
Respublikamızın tanınmış musiqi kollektivlərindən olan bu ansambl 1972-ci ildə yaradılıb. Kollektiv ötən əsrin 70-ci illərindən başlayaraq respublikamızın şəhər və rayonlarında, həmçinin keçmiş sovet respublikalarının müxtəlif şəhərlərində konsertlər verib, nüfuzlu festivalların iştirakçısı olub. Televiziya və xalq yaradıcılığına həsr olunmuş müsabiqələrin laureatı olan “Zirvə” ansamblı 1996-cı ildə Türkiyənin Eşmə şəhərində keçirilən “Sənət və kilim” festivalında respublikamızı layiqincə təmsil edib.
Ansamblın solistlərinin təqdim etdikləri bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.
Festival çərçivəsində iyunun 30-da axşam “Yuxarı Karvansaray” mehmanxana-kompleksində İranın “Təbriz” instrumental ansamblının konserti olacaq.

Şəki, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın qədim diyarlarından olan Şəkidə keçirilən “İpək yolu” VII Beynəlxalq musiqi festivalı bu gün artıq tarixə çevriləcək və həmişəlik yaddaşlarda qalacaq. Ənənə halını alan “İpək yolu” festivalı xalqları bir-birinə yaxınlaşdırır. Bu festivallarda dünyanın bir çox ölkələrinin kollektivləri iştirak ediblər, onların adlarını saymaqla qurtarmaq olmaz. Elə sonuncu festivalda da Türkiyədən, İrandan, Yaponiyadan kollektivlər, həmçinin 11 türkdilli ölkənin musiqiçilərini özündə cəmləşdirən TÜRKSOY-un xalq çalğı alətləri ansamblı iştirak edib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının iştirakçısı, Xalq Artisti, professor Ağaverdi Paşayev deyib.
Xalq Artisti bildirib ki, Şəkidə keçirilən “İpək yolu” Beynəlxalq musiqi festivallarının üçündə iştirak edib və buna görə özünü xoşbəxt sayır. Bu festivallar iştirakçıların, musiqiçilərin yaddaşında silinməz izlər buraxıb. Sənətçi deyib: “Builki festivalın mənim üçün bir özəlliyi də ondadır ki, festival çərçivəsində haqqımda yazılmış bir kitab – Səadət Təhmirazqızının “Sənətə bağlı ömür” adlı kitabı işıq üzü görüb”.
Festival keçirməyin çox çətin və məsuliyyətli bir iş olduğunu vurğulayan Xalq Artisti bu istiqamətdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, dünya səviyyəli sənətkar Firəngiz Əlizadənin zəhmətini xüsusilə qeyd edib.
“İpək yolu” VII Beynəlxalq musiqi festivalının bu gün artıq başa çatacağını bildirən Ağaverdi Paşayev, bu festivalın da onun, eləcə də musiqiçilərin yaddaşında xoş xatirə kimi qalacağını vurğulayıb.