"İpək Yolu" VII Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)


Firəngiz Əlizadə

Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun Sülh artisti





Əziz dostlar!

Artıq 7-ci dəfə gözəl Şəkimiz “İpək yolu” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edəcək. Aprel ayında burada ölkəmizin bu əsrarəngiz guşəsinin Türk dünyası mədəniyyətinin paytaxtı elan edilməsi münasibətilə möhtəşəm açılış mərasimi təşkil edilmişdir. İndi isə bu incəsənət bayramı bizim Festivalın konsertləri və müxtəlif tədbirləri ilə davam olunacaq. Təntənəli açılışda TÜRKSOY təşkilatının səyləri ilə 11 türkdilli ölkənin nümayəndələri unudulmaz bir şöləndə iştirak etməklə, bizim birlik və qardaşlığımızı bir daha musiqi dili ilə dünyaya bəyan edəcəklər. İpək yolunun rəmzi olan incə, həssas, fəqət möhkəm ipək bağlarla birləşən Yaponiya, Türkiyə, Monqolustan, Qazaxıstan, İran, Rusiya, Azərbaycan və digər ölkələrin musiqiçilərinin ifasında heyrətamiz, rəngarəng və unudulmaz musiqi sədaları Festivalımızı bəzəyəcək, Şəkidə özünə‐ məxsus ab‐hava yaradacaq və şəkililərə unudulmaz anlar yaşadacaqlar.

Hər il olduğu kimi, biz bir sıra təşkilatlarla, səfirliklərlə sıx əməkdaşlıq şəraitində çalışaraq, bu Festivalı ərsəyə gətirdik və əminəm ki, əməkdaşlığımız bundan sonra da davam edəcək. Festivala hazırlıq dövründə zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm. 7 il ərzində xüsusilə Şəki Şəhər İcra Hakimiyyəti ilə bizim çox səmərəli iş birliyimiz yaranmışdır. Şəki Şəhər İcra Hakimiyyətinə Festivala gələn qonaqları yüksək səviyyədə qarşılayıb, ev sahibliyi etdiyinə görə dərin minnətdarlığımı bildirirəm.

Arzu edirəm ki, VII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı, həmişə olduğu kimi, müvəffəqiyyətlə keçərək, şəkililərin və qonaqların yaddaşında parlaq xatirə kimi qalsın.


Elxan Usubov

Şəki şəhər,
İcra Hakimiyyətinin başçısı

 


Əziz şəkililər və şəhərimizin qonaqları!

Sevindirici haldır ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi Şəki “İpək yolu” VII Beynəlxalq Musiqi Festivalı bu il əlamətdar bir dövrə təsadüf edir.

2015‐ci ildə Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33‐cü toplantısında Şəki 2016‐cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Mən bu qərarın qəbul edilməsinə görə bütün şəkililər adından TÜRKSOY təşkilatına təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi təsadüfi xarakter daşımır. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Bu ilin yanvar ayında möhtərəm Prezidentimiz Şəkinin tarixi hissəsinin qorunması ilə bağlı sərəncam imzalamışdır. Şəkinin nəinki Azərbaycanda, həmçinin dünyada tanınan bir şəhər olduğunu qeyd edən Prezidentimiz bu şəhərdə beynəlxalq tədbirlərin sayının artırılmasının vacibliyini bildirmişdir. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda şəhərin bir hissəsini əhatə edən “Yuxarı Baş” Tarix‐Memarlıq Qoruğunun UNESCO‐nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində iş aparılır. Mən şəhərimizə göstərdiyi böyük diqqətə görə cənab Prezidentimizə və onun xanımına bir daha dərin təşəkkürümü bildirirəm.

Azərbaycanın şimal‐qərbində yerləşən Şəki şəhəri bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən biridir. Əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Bu gün Şəki şəhəri Orta əsrlərə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub‐saxlayan unikal bir yerdir. Burada hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı bizə xalqımıza xas olan zəngin tarixi mədəni irsi təbliğ etməyə və bölgənin turizm potensialını genişləndirməyə imkan yaradır. 2016‐cı ildə Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması isə həm şəhərimizin, həm də unikal Azərbaycan mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayacaq. Hesab edirəm ki, festival türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini daha da artıracaq, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq istiqamətində mühüm rol oynayacaq.

Mən bütün şəkililər adından Şəki “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalının iştirakçılarını salamlayır və Festivalın işinə uğurlar arzulayıram.

 


Düsen Kaseinov

TÜRKSOY-un Baş Katibi,
professor


 

 



Əziz dostlar!

2016-cı il Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması bizim hamımızı sevindirdi. Aprel ayında biz bu əlamətdar hadisəni Türk dünyasının dörd bir yanından gəlmiş dövlət və sənət adamlarının iştirakı ilə möhtəşəm incəsənət bayramı kimi qeyd etdik və bu il ərzində silsilə tədbirlərimiz davam edəcək. Ancaq Şəkidə hər ilin yayında ənənəvi olaraq keçirilən “İpək yolu” Beynəlxalq Musiqi Festivalında iştirakımız bizim üçün çox önəmlidir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY bu Festivalda həmişə rəngarəng proqramlarla çıxış edir. Türk xalqlarının geyimlərindən ibarət parlaq defile və konsertlər Türk xalqları arasında körpü əhəmiyyəti daşıyan böyük mədəni hadisəyə çevrilmişdir. Builki “İpək yolu” Festivalının açılışı kimi fəxri missiya TÜRKSOY‐a həvalə olunmuşdur.

Əminəm ki, 11 türkdilli ölkənin musiqiçilərini özündə cəmləşdirən TÜRKSOY‐un xalq çalğı alətləri ansamblının çıxışı öz möhtəşəmliyi ilə uzun müddət yaddaşlarda qalacaq və Şəki “İpək yolu” Festivalının tarixində dərin iz buraxacaqdır. İnsanlara böyük zövq və gözəllik gətirən, mədəniyyət ləri bir araya gətirən Şəki “İpək yolu” VII Beynəlxalq Musiqi Festivalına uğurlar arzulayıram.