"İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)

Firəngiz Əlizadə

Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun “Sülh naminə incəsənət xadimi”


Bu günlərdə biz hamımız çox əlamətdar bir hadisəni “Bakı-2015” Birinci Avropa Oyunlarının parlaq təəssüratlarını yaşadıq. Sülhün, dostluğun və həmrəyliyin tərənnümü olan idman bayramı indi də musiqi bayramı ilə Şəki “İpək yolu” VI Beynəlxalq Musiqi Festivalı ilə davam edir.

Artıq altıncı dəfə Vətənimizin qədim və gözəl diyarı Şəkidə keçirdiyimiz “İpək yolu” Beynəlxalq Musiqi Festivalının öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb. Bu illər ərzində biz Şəkinin nə qədər gözəlləşdiyinin, qədim tarixi abidələrin bərpa olunduğunun, yeni konsert məkanlarının tikildiyinin, yeni musiqiçi nəsillərinin yetişdiyinin şahidi oluruq. Artıq bu il Şəkinin
“Zirvə” ansamblının Festivalda iştirakı bunun bariz sübutudur.

Hər dəfə Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə Festivalımızın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə bir il əvvəl, 2014-cü ildə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin qorunması ilə bağlı mühüm işlər görür. Dövlətimiz tərəfindən böyük önəm verilən multikulturalizm və tolerantlıq prinsiplərini Birinci Avropa Oyunlarının açılış mərasimində Təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva çox dəqiq ifadə etmişdir: “Azərbaycan zəngin tarixə, mədəniyyətə və adətənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir”. Bu fikir bizim Festivalımızın da məramına uyğundur və bizi ilhamlandırır. Fəxrlə deyə bilərəm ki, mən də BBMM-in Himayəçilik Şurasının üzvüyəm və bu təşkilatın Azərbaycan Bəstəkarlar İttifaqı ilə əməkdaşlığının uğurlu bəhrələrini siz Festivalın konsertlərində görəcəksiniz. Şəkililərə təqdim edəcəyimiz iki konsert, sözün əsl mənasında, ölkəmizdə hökm sürən multikulturalizmin təntənəsinin nümayişi olacaq.

“İpək yolu”nun ənənəsinə uyğun olaraq, xarici ölkələrdən – Yaponiyadan, Polşadan, Türkiyədən tanınmış musiqi kollektivlərinin maraqlı konsert proqramları Festivalımızı bəzəyəcək. Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Türkiyənin məşhur Çukurova Dövlət Simfonik Orkestrinin konserti Festivalın təntənəli açılış mərasimini möhtəşəm edəcək. Bağlanış mərasimində isə Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən, Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin rəhbərliyi ilə “Baku Sinfonietta”
orkestrinin çıxışı Şəki sakinləri və qonaqları üçün yeni bir kəşf olacaq. Təbii ki, Festivalda xalqımızın ulu muğam sənətinin təmsilçiləri – çox istedadlı, tanınmış muğam ustaları xanəndə Arzu Əliyeva və Əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərliyi ilə muğam ansamblının çıxışları sizə xoş anlar yaşadacaq.

“İpək yolu” Beynəlxalq Musiqi Festivalına həmişəki kimi ev sahibi olaraq qucaq açan şəkililərə və bu musiqi bayramının yüksək səviyyədə keçirilməsini təmin edən insanlara, xüsusilə Şəki Şəhər İcra Hakimiyyətinin başcısı cənab Elxan Usubova öz təşəkkürlərimi bildirirəm. Şəki sakinlərinə və Festival iştirakçılarına zəngin təəssüratlar, gözəl günlər arzulayıram.

Əbülfəs Qarayev

Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Naziri

 


Bu il yenidən öz ətrafına görkəmli musiqi xadimlərini və çoxsaylı musiqisevərləri toplayan Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının bütün iştirakçılarını ürəkdən salamlayıram!
Sevindiricidir ki, Azərbaycanın dilbər və səfalı guşələrindən biri olan Şəkidə ənənəyə çevrilmiş yay Festivalı Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrindən dəvət olunmuş tanınmış musiqiçi və kollektivlərin görüş məkanına çevrilmişdir. Bu musiqi bayramı milli mənəvi dəyərlər, incəsənət və mu siqimizin təbliğində xüsusi yer tutur
İnanıram ki, möhtəşəm tədbirlərə ev sahibliyi edən müasir Azərbaycanımızın artan rifahının parlaq təcəssümü kimi Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı bu dəfə də böyük marağa səbəb olacaq, Şəki şəhərinin sakinləri, turistlər və Türkiyə, Polşa, Yaponiyadan gələn və həmçinin Vətənimizdə yaşayıb-yaradan azsaylı xalqlar və millətlərin təmsilçilərinin çıxışları Festival iştirakçılarının yaddaşlarında xoş xatirə kimi qalacaqdır.

 

Elxan Usubov

Şəki şəhər,
İcra Hakimiyyətinin başçısı


Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi ucun unikal bir məkandır. Artıq şəhərimiz Azərbaycanda festivallar şəhəri kimi tanınır. Bu festivallara 20-yə yaxın xarici ölkədən 200 nəfərdən cox iştirakcı qatılmışdır. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət muxtəlif konsert proqramlarının yer aldığı, gözəl ifaçıların qatıldığı Şəki“İpək Yolu”Beynəlxalq Musiqi Festivalı bu şəhərin mədəni həyatında böyük bir hadisədir.

2014-cü ilin iyul ayında Şəki şəhərində keçirilən “İpək Yolu” V Beynəlxalq Musiqi Festivalı bu dəfə də möhtəşəm musiqi bayramı kimi yaddaşlarda qalmışdır. Beşinci dəfə keçirilən festivalda iştirakçılar, şəhərin qonaqları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir – birindən maraqlı konsert proqramlarını izləmişlər. “Eurovision” mahnı müsabiqəsi qalibləri və iştirakcılarının qala-konserti festivalın yeniliyi olmuşdur. Festival çərçivəsində təşkil olunmuş TURKSOY-a üzv ölkələrin rəssamlarının sərgisi və TURKSOY-un türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgisi tamaşacıların böyük marağına səbəb olmuşdur.

Şübhəsiz ki, Şəki “İpək yolu” V Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Fürsətdən istifadə edib xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya bütün şəkililər adından xüsusi minnətdarlığımı bildirirəm.

İnanıram ki, Şəki “İpək yolu” VI Beynəlxalq Musiqi Festivalının konsertləri yenə də böyük maraq doğuracaq, şəhər sakinlərinə, çoxsaylı qonaqlara unudulmaz anlar bəxş edəcək və yaddaşlarda xoş xatirə kimi qalacaqdır.

Bütün şəkililər adından Şəki “İpək yolu” VI Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır və festivalın işinə uğurlar arzulayıram.