"İpək Yolu" IV Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)
28 iyun 19:00
BAKI AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI
Ü.Hacıbəyli adına Konsert salonu
“İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalı ərəfəsində
“İpək Yolunun sədaları və rəngləri” : Dodekafon sistemi Qərbdə və Şərqdə
Proqramda — A.Şönberq və F.Əlizadənin əsərləri
“Oazis” simli kvartetin çıxışı və gənc Azərbaycan rəssamlarının sərgisi
İştirak edirlər:
Əməkdar artist
Fəridə Məmmədova (soprano)
Cavad Tağızadə (violin I)
Samir Əsədov (violin II)
Səbuhi Axundov (viola)
Əməkdar artist
Aleksey Miltıx (violonçel)
Lalə Qasım (rəssam və performans)
“Oazis” Simli Kvarteti
2010-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində yaradılıb. Kvartetin yaradılmasının təşəbbüskarı ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadədir. Kvartet ilk dəfə “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalında çıxış edib. “Oazis” simli kvarteti respublikada və xarici ölkələrdə konsertlərdə iştirak edib. Hazırkı “İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalının ərəfəsində Kvartetin ifasında A.Şönberqin 2 saylı Kvarteti (III, IV hissələr) və F.Əlizadənin “Dilogiya” əsəri səslənəcək, habelə gənc rəssam L.Qasımın performansı təqdim olunacaq.
Cavad Tağızadə (1987)
Bakı şəhərində anadan olub. 1994—2005-ci illərdə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin simli alətlər şöbəsində (violin sinfi) ilk musiqi təhsili almışdır. 2009-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirmişdir. Bir çox Respublika müsabiqələrində uğurla çıxış edib. İtaliya, İngiltərə və ABŞ-da keçirilən Beynəlxalq müsabiqələrin laureatı olmuşdur. Bir sıra xarici ölkələrdə — Türkiyə, Rusiya, Almaniya, Mərakeş, Fransa, İtaliya, İngiltərə, ABŞ-da solo konsertlərlə çıxış etmişdir.
Samir Əsədov
1987-ci ildə Ağstafa şəhərində anadan olub. 1994—2005-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi məktəbində, 2005—2009-cu illərdə isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında violin ixtisası üzrə təhsil almışdır.Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artistidir.
Səbuhi Axundov
(1991) Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin simli alətlər şöbəsində (violin sinfi) ilk musiqi təhsili aldıqdan sonra 2008-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. Elə həmin ildə Gənclər Simfonik Orkestrində çalışmağa başlamış və həmin orkestr ilə Rusiya Federasiyasında çıxış etmişdir. 2010-cu ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artistidir.
Aleksey Miltıx
Ukraynanın Mariupol şəhərində anadan olub. Bakı Musiqi Akademiyasında violonçel sinfi üzrə təhsil almışdır. Bir sıra respublika və şəhər müsabiqələri laureatıdır.Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə dəfələrlə çıxış etmişdir.1998-ci ildən Q.Qarayev adına Dövlət Kamera Orkestrində çalışır.2003-cü ildən Dövlət Simli Kvartetin üzvüdür.Elə həmin ildə Bostonda keçirilən “Apple Hill playing for peace” layihəsində iştirak etmiş, 2006-cı ildə Y.Temirkanovun rəhbərliyi ilə Peterburq Simfonik Orkestrində çalışmışdır. Almaniya, Fransa, Türkiyə, Ukrayna, Cənubi Koreya və s. ölkələrdə çıxış etmişdir.
Fəridə Məmmədova
(1976) — Bakı Musiqi Akademiyasının fortepiano və vokal fakültələrini bakalavr (1998) və magistratura (2000) pillələri üzrə bitirmişdir.Tbilisi, Almaniyanın Drezden, Ştutqart və Veymar şəhərlərində opera və kamera musiqisi üzrə vokal dərsləri almış, öz sənətini təkmilləşdirmişdir. 1997-ci ildə vokalıların Respublika müsabiqəsinin laureatı olmuş və “İlin ən yaxşı vokalısı” adına layiq görülmüşdr. F.Məmmədova 2000-ci ildə vokalıların Bülbül adına Beynəlxalq müsabiqəsinin laureatı adını almış, 2007-ci ildə isə Almaniyada Max Regeradında keçirilən Beynəlxalq müsabiqənin finalçısı olmuşdur. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir.Dəfələrlə Azərbaycanda və onun hüdudlarından kənarda (Almaniya, Avstriya, İsveçrə, Fransa, Belçika, Hollandiya, Çexiya, Türkiyə, Rusiya, Ukrayna, Monqolustan və s.) qastrol səfərləri və nüfuzlu beynəlxalq festivallarda iştirakı onu yeniliklərə meyil edən yüksək professional səviyyəli musiqiçi kimi təsdiqləmişdir.
Lalə Qasım
1987-ci ildə Bakıda anadan olub. 2006—2010 illər ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəssam-memar ixtisası üzrə təhsil alıb. 2007-ci ildən Gənc Rəssamlar Birliyinin üzvüdür. Rəsm əsərləri və tabloları Azərbaycanın bir çox qalereyalarında və sərgi salonlarında nümayiş olunub. O, geyim rəssamı kimi də fəaliyyət göstərərək F.Qarayevin “Qobustan kölgələri” baletinin yeni quruluşda hazırlanmasında iştirak edib. Rəssam, habelə bir sıra kitab illüstrasiyalarının və performansların müəllifi kimi də çıxış edir.
28 iyun 21.00
ŞƏKİ şəhəri. AŞAĞI KARVANSARA
MDB ölkələrinin — Rusiya, Moldova, Ukrayna, Tacikistan, Qazaxıstan və Azərbaycan — rəqs ansambllarının
birgə konserti
MDB ölkələrinin musiqiçilərinin konsert proqramı geniş və rəngarəngdir. Bu proqramda Müstəqil Dövlətlər Birliyi ölkələrini təmsil edən sənətkarlar, musiqi ansamblları, rəqs kollektivləri iştirak edir. Keçmiş sovet məkanına daxil olan respublikaların müstəqilliyinin bərpasından 20 ildən artıq bir zaman ötür. Bu illər ərzində hər bir ölkənin öz yüksəliş yolu olmuşdur. Lakin bu ölkələr arasındakı dostluq telləri itməmişdir. Məhz mədəniyyətlərin ünsiyyəti dövlətlərarası körpülərin möhkəmlənməsinə xidmət edir. Təqdim olunan dostluq konsertinin qayəsi də bunu bir daha təsdiq edir.
29 iyun 16.00
ŞƏKİ şəhəri, AZADLIQ MEYDANI
“Filligar” rok-qrupun konserti
“Filligar” rok-qrupu Amerikada son illərin ən yaxşı gənc rok-qruplardan sayılır. 2000-ci ildə Çikaqo şəhərində Matias qardaşları (Con, Ted, Pit Matias) və onların uşaqlıq dostu Keysi Gibson tərəfindən yaranmışdır (qrupun adı Matiasların bacısının adını daşıyır). Bu qrup artıq 8 albomunu və 80 orijinal mahnını Birləşmiş Ştatların studiyalarında yazıb rok musiqisi sevənlərə təqdim ediblər.
2012-ci ildə qrupun sonuncu albomu (“The Nerve”) Amerikada məşhur Müstəqil Nüfuzlu Musiqi Mükafatları birliyi tərəfindən “İlin ən yaxşı albomu” nominasiyasında mükafata layiq görülüb.
“Filligar” qrupunun musiqisi bir çox məşhur rok və pop musiqiçilərin və qrupların musiqisindən qaynaqlanıb. Bunlardan “Wilco”, “The Doors”, “The Rolling Stones”, “The Band”, “Radiohead”, “Pink Floyd” və b. misal gətirmək olar. 2013-c ildə “Filligar” qrupu dünya ölkələri arasında mədəniyyətin və incəsənətin dialoqunu, qarşılıqlı mədəni əlaqələrin inkişafını, habelə Amerika musiqi mədəniyyətini təbliğ etmək üçün Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən mədəni səfir kimi bir çox Şərqi Avropa ölkələrinə qastrol səfərləri ediblər.
29 iyun 21.00
AŞAĞI KARVANSARA
“İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalının
RƏSMİ AÇILIŞI
QARA QARAYEV. “7 gözəl” baleti
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşası
Tamaşanın dirijoru — xalq artisti, professor Cavanşir CƏFƏROV
Quruluşu baletmeyster — Estoniya Respublikasının əməkdar artisti,
Dövlət Mükafatı Laureatı — Vasili MEDVEDEV (Rusiya)
Quruluşu rəssam — Dmitri ÇERBADJİ (Rusiya)
Geyim üzrə rəssam — əməkdar rəssam Tahir TAHİROV
İştirakçılar:
Bəhram şah — əməkdar artist Gülağası MİRZƏYEV
Gözəllər gözəli — xalq artisti Kamilla HÜSEYNOVA
Hind gözəli — Nigar İBRAHİMOVA
Xarəzm gözəli — Səbinə HACIDADAŞ
Çin gözəli — əməkdar artist Tamilla MƏMMƏDZADƏ
Məğrib gözəli — əməkdar artist Alsu QİMADİYEVA
Bizans gözəli — Veronika ARAZOVA
Slavyan gözəli — əməkdar artist Yelena SKOMOROŞENKO
Səməndər — əməkdar artist Samir SƏMƏDOV
Baletmeyster-repetitorlar:
Xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı Tamilla ŞİRƏLİYEVA
xalq artisti Mədinə ƏLİYEVA
Tamaşanı idarə edən — Əməkdar artist Yuri LOBAÇOV
Azərbaycanın böyuk bəstəkarı Qara Qarayev ”Yeddi gözəl” baletini dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 800 illik yubileyinə həsr etmişdir. Tamaşanın librettosu Nizaminin eyni adlı poemasının motivləri əsasında yazılmışdır. Baletin ilk tamaşası 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdi (baletmeyster P.Qusev) 1978-ci ildə Q.Qarayevin 60 illik yubileyi münasibətilə ”Yeddi gözəl” baletmeysterlər R.Axundova və M.Məmmədov tərəfindən yeni versiyada tamaşaya qoyulmuşdur. Azərbaycanın balet ustaları bu tamaşa ilə bir sıra xarici ölkələrdə qastrol səfərlərində uğurla çıxış etmişlər. Balet, həmçinin Türkiyə, Rusiya, Belçika və bir çox xarici ölkələrdə müvəffəqiyyətlə səhnəyə qoyulmuşdur.
2008-ci ildə ”Yeddi gözəl” baleti dahi bəstəkarın 90 illiyi münasibətilə tamamilə yeni quruluşda səhnələşdirildi. 2008-ci il oktyabrın 29-da bu quruluşun premyerası baş tutmuşdur. Tamaşanın quruluşunu beynəlmiləl yaradıcı heyət həyata keçirmişdir. Libretto müəllifi Yana Temiz, quruluşçu baletmeyster – rusiyalı Vasili Medvedev, musiqi rəhbəri və dirijor — Türkiyədə yaşayan həmyerlimiz Elşad Bağırov, quruluşu rəssam Rusiya Akademik Böyük Teatrının rəssamı Dmitri Çerbadjidir. Hazırda bu quruluş Teatrın repertuarında möhkəm yer tutur.
30 iyun 11.00
ŞƏKİ MUSİQİ KOLLECİ
Xalq artisti, professor Yeganə AXUNDOVANIN (piano) ustad dərsi
Bakı Musiqi Akademiyasının professoru, tanınmış pianoçu Yeganə Axundova Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (hazırkı Bakı Musiqi Akademiyası), daha sonra, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil almışdır. Y.Axundova həm klassik, həm də müasir musiqinin mahir təfsirçisidir.O,bir çox ölkələrin məşhur konsert salonlarında, həmçinin, Respublikanın böyük musiqi səhnələrində görkəmli dirijorların rəhbərliyi ilə, müxtəlif simfonik orkestrlərlə birgə konsert proqramlarında çıxış etmişdir.
Y.Axundova 1985-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışır və hal-hazırda bu tədris ocağının Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru və “İxtisas fortepiano” kafedrasının professorudur.
Yeganə Axundova geniş konsert fəaliyyətinə görə “Humay”, “Niaqaranın qızıl ilham pərisi” kimi Respublika və Beynəlxalq ictimai mükafatlarına layiq görülmüşdür.
30 iyun 16.00
YAY TEATRI
Koreyanın qədim musiqi nümunələri Cənubi Koreya solistlərinin ifasında Koreya musiqi mədəniyyətində ənənəvi mahnı və rəqslər əsas yer tutur. Onlar zəngin məzmuna və özünəməxsus cəhətlərə malik olub, əsrlər boyu ustad sənətkar nəsillərinin ifaçılıq təfsirində bizə gəlib çatmışdır. Qədim Koreya xalq mahnı ifaçılıq sənəti olduqca parlaq mədəni hadisə kimi tamaşaçılara bədii-emosional təsir göstərir. Ənənəvi xalq musiqi ifaçılığı sənəti bu ölkədə geniş yayılmış əsas dini ayinlərdən olan şamanizmin ənənəvi oxuma texnikasını, xalq teatrı ənənələrini və bölgələrdəki müxtəlif ifaçılıq məktəblərinin səciyyəvi xüsusiyyətlərini özündə cəmləşdirərək, unikal sənət növü kimi yeni nəsillərə türülür.
Rəngarəng konsert proqramlarında ənənəvi musiqi nümunələri koreyalı ifaçılar tərəfindən təqdim olunur.
Gagok Koreya xalq musiqisində ujo kiçik həcmli klassik şeirlər əsasında yaradılan ənənəvi vokal musiqi növüdür. Adətən məxsusi olaraq kişilər və qadınlar ücun yaradılan gagoklar vardır. Gagok mahnılarının ənənəvi silsilə şəkilli ifası ardıcıl olaraq, təzadlı templərdə səsləndirilən rəngarəng məzmunlu musiqi nümunələrindən ibarətdir.Ənənəvi olaraq, gagok — gayageum, geomungo, daegeum, haegeum, piri, çanqu, yanggeum danso kimi koreya milli musiqi alətləri ilə müşayiət olunur, əsas melodiya mütləq şəkildə geomungo alətində səsləndirilir.
Geomungo Koreyanın sitra tipli musiqi alətidir. Bambuk mediatorla simlərə vurulmaqla və ya dartmaqla səsləndirilir. Alətin zərində on altı pərdə və körpücüklər var, qalın səsli alətdir.
Sanjo — ənənəvi musiqidə geniş yayılmış instrumental musiqi növü olub, ifaçının zəngin yaradıcılıq təfsirini və rəngarəng ifaçılıq texnikasını nümayiş etdirir. Geniş spektrli bədii ifadə vasitələrinə görə Sanjonu “xalq musiqisinin çiçəyi” adlandırırlar.
Cheongseongjajinhannip (Daegeum Solo) böyük şaquli bambuk fleytası (və ya kiçikdişli vertikal fleyta) üçün solo instrumental epizoddur. Cheongseongjajinhannip Gagok ifaçılığında vokalın müdaxiləsi olmadan instrumental melodiyanın yüksək registrdə variasiyalarının ifası ilə bağlıdır.
30 iyun 21.00
AŞAĞI KARVANSARA
Türkiyənin “Axşam səfası” TRT orkestri və solistlərinin konserti
“Axşam səfası” TRT orkestri və xor qrupu uzun illərdən bəri fəaliyyət göstərir. “Axşam səfası” adı isə yalnız axşamlar açan çiçəyin adından götürülüb. Xor konsert proqramları ilə dünyanın ən müxtəlif ölkələrində möhtəşəm konsertlər verib. Onların ifasında türk “Sanat” musiqisi və bəstəkar mahnıları mühüm yer tutur. Bu yaxında Heydər Əliyev sarayında bu qrup möhtəşəm konsertləri ilə bakılıların qəlblərini fəth etmişdir və bizim xahişimizlə bu konsert “İpək Yolu” Festivalında Şəki sakinləri və qonaqlara təqdim olunur.
1 iyul 11.00
ŞƏKİ MUSİQİ KOLLECİ
Xalq artisti, professor Zəhra QULİYEVANIN (violin) ustad dərsi
Bakı Musiqi Akademiyasının professoru, tanınmış violin ifaçısı Zəhra Quliyeva Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professorlar S.Qəniyev və M.Tağıyevin sinfi), daha sonra N.Rimski-Korsakov adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Konservatoriyasında professor B.Qutnikovun sinfində təhsil alıb. Z.Quliyeva oxuduğu illərdən geniş konsert fəaliyyətinə başlamış, görkəmli dirijorlar Niyazi, Hikmət Şimşək və b. rəhbərliyi ilə bir çox konsertlərdə çıxış edib.
1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlamış, Bilkent Universitetində (Türkiyə), Bakı Musiqi Akademiyasında davam etdirərək bir çox istedadlı musiqiçilər yetişdirmişdir.
Z.Quliyeva bir sıra beynəlxalq musiqi festivallarının iştirakçısı, habelə Avropa musiqi tədris ocaqlarında ustad dərslərin aparıcısı olmuşdur (Dobric Beynəlxalq Festivalı, ABŞ-nın San Antonio Universiteti, Qriq Musiqi Akademiyası). Z.Quliyeva bu gün də fəal ifaçı, müəllim, tədqiqatı kimi çalışır.
1 iyul 21.00
YAY TEATRI
Koreyanın qədim musiqi nmunələri Cənubi Koreya solistlərinin ifasında
Salpurichum (eksorsizm rəqsi, sözün mənası: “şər qüvvələrin qovulması” deməkdir) — xalq rəqslərinin bir növü olub, kökü qədim Şaman ayinləri ilə bağlıdır. Ağ qeyimli rəqqasənin incə hərəkətlərində sanki onun nirvanaya yolu təcəssüm olunur.
Hak/Yeonhwadaemu Hakmu saray rəqsidir, burada rəqqas göy, qırmızı və ya ağ rəngli durna quşu geyimində müxtəlif jestlərin köməyi ilə durnanın real hərəkətlərini təmsil edir. Bu rəqs, adətən, iki rəqqas tərəfindən ifa olunaraq durna cütlüyünün rəqsini təsvir edir. Koreyada insanlar durnaları çox sevir, onları saflıq, zəriflik və uzunömürlülük rəmzi hesab edirlər.
Pansori vokal sənətinin xüsusi bir növü olub, bir ifaçı tərəfindən icra edilən oxuma, hekayət və jestlərdən ibarətdir. Pansori baraban ifaçısı (“qosu”) tərəfindən çubuqların vurulması vasitəsilə ritmik müşayiət olunur, o, öz nidaları ilə Pansori müğənnisini ruhlandırır.
Ganggangsullae Jeolla əyalətində yaranmış rəqsdir. Qədimdə əmək prosesinin ayrılmaz tərkib hissəsi olan ayinlərdən biri olub. Müasir dövrdə qadınlar tərəfindən dairəvi şəkildə düzülərək ifa edilir və şən mahnılarla müşayiət olunur.
Dongnae Hakchum (Dongnae Cranes’ dance) xalq rəqsidir. Rəqqaslar ənənəvi geyim olan Dopo geyinir və dəstə ilə durna qatarı kimi düzülərək rəqs edirlər. Buna görə də bu rəqs Hakchum və ya “Durna” rəqsi adlanır.
Buchaechum Koreyanın geniş yayılmış məşhur xalq rəqslərindən biridir, onu çox vaxt “Yelpic” rəqsi adlandırırlar. Buchaechum rəqsində ifaçıların müxtəlif şəkilli düzülüş gah yelpici xatırladır, gah gül forması alır, gah dalğalı dənizi, gah təbiət gözəlliklərini təsvir edir. Rəqsdə istifadə olunan yelpiclər gül budaqlarından, quş lələklərindən hazırlanır.
Konsert proqramlarında nümayiş olunan Gagok, Pansori, Ganggangsullae, Salpurichum Koreya musiqisinin ən qədim janrları kimi ölkənin milli-mədəni sərvəti elan edilmiş və UNESCO tərəfindən dünyanın “qeyri-maddi mədəni irsi” siyahısına daxil olunmuşdur.
2 iyul 11.00
ŞƏKİ MUSİQİ KOLLECİ
Şəki musiqi kolleci kollektivinin konserti
2 iyul 21.00
YUXARI KARVANSARA
Şəkinin qardaşlaşmış şəhərləri — Türkiyənin Giresun və Konya şəhərləri rəqs ansambllarının konserti
3 iyul 11.00
ŞƏKİ MUSİQİ KOLLECİ
Musiqi kollecinin müəllim və tələbələri ilə Azərbaycan Bəstəkarlar İttifaqı nümayəndələrinin görüşü
3 iyul 21.00
ŞƏKİ XAN SARAYI
Xalq artisti Alim QASIMOV və Əməkdar artist Fərqanə QASIMOVANIN konserti
Azərbaycan Respublikasının xalq artisti, Milli Konservatoriyanın professoru, görkəmli xanəndə Alim Qasımov A.Zeynallı adına Musiqi Texnikumunun və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Geniş diapazonlu, qeyri-adi tembrli, güclü səsə malik xanəndə dövrünün böyük muğam ustadlarının ənənələrini yaradıcılıqla mənimsəyərək, özünəməxsus üslubunu yaratmışdır. 1986-cı ildə Cabbar Qaryağdıoğlu adına xanəndələrin I Respublika Müsabiqəsinin qalibi olmuş, sonrakı illərdə bir sıra nüfuzlu beynəlxalq musiqi festivallarının laureatı və mükafatçısı olmuşdur, Bonn (1989), Paris (1993), Xyuston (1994), İstanbul (1995), Tehran (1993, 2007) festivallarında qızıl medala layiq görülmüşdür. Səmərqənddə (2001) “Şərqin Bülbülü” fəxri tituluna layiq görülmüşdür. A.Qasımov dünyanın bir çox ölkələrində qastrollarda olmuş, Azərbaycan muğam sənətini təmsil etmişdir. Onun səsi dünyanın bir çox səsyazma firmaları tərəfindən disklərə yazılmışdır. A.Qasımov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan muğam operalarında (Ü.Hacıbəyli “Leyli və Məcnun”, “Əsli və Kərəm” və s.) yaddaqalan obrazlar yaratmış, Azərbaycan bəstəkarlarının əsərlərinin (A.Əlizadə “Muğam simfoniyası”, F.Əlizadə “Dərviş”) konsert ifasında iştirak etmişdir.
A.Qasımov “Avropanın nadir səsləri” assosiasiyasının üzvü, Səmərqənddə (1983, 1986) və Bakıda (2009, 2011, 2013) keçirilən Beynəlxalq Muğam festivallarının, məşhur violonel ifaçısı Yo-Yo-Manın təşkil etdiyi “Böyük İpək yolu” layihəsinin iştirakçısı və beynəlxalq “İpək yolu” ansamblının üzvüdür. UNESCO-nun Beynəlxalq Musiqi mükafatına, Azərbaycan Respublikasının Dövlət mükafatına, “Şöhrət” ordeninə layiq görülmüşdür.
Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış xanəndə Fərqanə Qasımova Bakı Musiqi Akademiyasında təhsil almışdır. 1996-cı ildən başlayaraq atası xanəndə Alim Qasımovla birgə çıxış edir. Dünyanın bir çox ölkələrində musiqi festivallarında, konsert proqramları ilə Rusiya, Almaniya, İsveçrə, Fransa, Avstriya, Belçika, İngiltərə, Yaponiya, İtaliya, Polşada və s. iştirak etmişdir. 1999-cu ildən A.Qasımovla birgə diskləri çıxır (“Dərin okean məhəbbəti” və b.). 2006-cı ildə belçikalı rejissor Kriss Delvill F.Qasımova haqqında “Meditation day” adlı sənədli film çəkib. Azərbaycan Milli Konservatoriyasının müəllimidir.
Zəki Vəliyev (tar). Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. Hazırda 2 saylı uşaq musiqi məktəbində müəllim kimi çalışır. 2009-cu ildən Alim Qasımovun ansamblının üzvüdür və dünyanın bir çox ölkələrində səfərlərdə olub.
Rauf İslamov (kamança). 1994-1998-ci illərdə A.Zeynallı adına Musiqi Kollecində, 2001—2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. Hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin magistridir. Azərbaycan Milli Konservatoriyasında A.Qasımovla birgə çalışır.
Nəbiyev Cavidan (nağara). A.Zeynallı adına Musiqi Kollecində təhsil almışdır. Nağara ifaçısı kimi bir sıra ansamblların tərkibində iştirak edir.
Rafael Əsgərov (balaban). A.Zeynallı adına Bakı Musiqi Kollecində təhsil alıb. Bir sıra muğam ansambllarının üzvü olmuşdur. 2001-ci ildən A.Qasımovla çalışır.
4 iyul 16.00
YAY TEATRI
Əməkdar artist Tünzalə AĞAYEVANIN konserti
Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış müğənni Tünzalə Ağayeva Q.Hüseynli adına Gəncə Orta İxtisas Musiqi məktəbində təhsil almış, eyni zamanda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsində sərbəst dinləyici olmuşdur.
2001-ci ildə gənc ifaçıların “Bakı Payızı” Musiqi Müsabiqəsində qalib olmuş, həmin vaxtdan müğənni kimi solo karyerasına başlamışdır. 2002-ci ildə Rusiyada “Türksoy” Beynəlxalq Müsabiqəsinin, 2003-cü ildə Ukraynada “Yalta-2003” Beynəlxalq Musiqi yarışmasının qalibi olmuşdur.
Respublikanın ictimai həyatında, gənclərin sosial hərəkatlarında, uşaqlarla bağlı xeyriyyə layihələrində, müxtəlif ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərində, diaspora cəmiyyətlərinin tədbirlərində və bir sıra beynəlxalq layihələrdə fəal iştirak etdiyinə görə fəxri diplomlara və mükafatlara layiq görülüb. T.Ağayeva, həmçinin gənc ifaçıların musiqi müsabiqələrində dəfələrlə münsiflər heyətinin üzvü olmuşdur. 2008-ci ildən “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin Azərbaycan münsiflər heyətinin üzvüdür.
Tünzalə Ağayeva hazırda funk və bluzun elementləri olan pop-caz-xalq musiqisi bəstələyir və oxuyur. Bir sıra solo konsert layihələrinin müəllifidir: “Olmuşam”, “Oxu”, “Ölkəm”, “Sülhümüzü quraraq”, “Tünzalənin Jazz dünyası” adlı konsert layihələri, Bakı Jazz Festivalında dirijor Yalın Adıgözəlovun rəhbərliyi ilə simfo-jazz konserti dinləyicilərin marağına səbəb olmuşdur.
4 iyul 21.00
“İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalının
BAĞLANIŞI
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı, Şəki Musiqi kolleci xor kollektivinin konserti
Bədii rəhbər və dirijor: Xalq artisti Ağaverdi PAŞAYEV
Proqramda Ü.Hacıbəyli, F.Əmirov, S.Rüstəmov, H.Rzayevin əsərləri və xalq mahnıları səslənəcək
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı
1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Azərbaycan bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib.
Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. 2000-ci ildən ansamblın nəzdində Azərbaycan Dövlət Xalq çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Mahnı və Rəqs ansamblının bədii rəhbəri və dirijoru Respublikanın xalq artisti, professor Ağaverdi Paşayevdir.
Ağaverdi Paşayev (1950) Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1978-ci ildən Ü.Hacıbəyli adına ADK-da pedaqoji fəaliyyət göstərmişdir. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu” kafedrasının müdiri və professoru vəzifəsində çalışır.
2002-ci ildən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri, həmçinin kollektivin nəzdində yaradılmış Azərbaycan Dövlət Xalq çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijorudur.
İran İslam Respublikasında Beynəlxalq “Qızıl Cəng” mükafatına,“Humay” milli mükafatına layiq görulmuşdür.