"İpək Yolu" IV Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)


Firəngiz Əlizadə

Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun Sülh artisti


 

Bu yay əsrarəngiz Şəki şəhəri yenidən öz qapıla-rını növbəti “Ipək yolu” Beynəlxalq Musiqi Festivalı üçün səxavətlə açacaq. Azərbaycanın ildən-ilə gö-zəlləşən və dinamik inkişaf edən simasını nəinki füsunkarlığı ilə valeh edən paytaxt Bakıdan seyr etmək olar: vüsətli yüksəlişi doğma vətənimizin bütün regionlarından müşahidə etmək mümkündür. 4 il ərzində Şəkidə yeni mədəni obyektlər, konsert zalları, idman meydançaları istifadəyə verilmişdir və onlar Şəkinin qədim simasına müasir boyalar əlavə edir. Şəki ilə bahəm “İpək yolu” Festivalının şöhrəti də günü-gündən artır: bu əlvan musiqi bayramında iştirak etmək istəyən ölkələrin, habelə onun rəngarəng konsertlərinə xüsusi olaraq təşrif buyuran qonaqların sayı durmadan çoxalır. Festivalın janr çərçivəsi də genişlənir. Bu dəfəki Festivalın proqramına uzaq Amerikadan gələn rok-qrupun çıxışı və cazibədar etno-caz musiqisindən tutmuş klassik balet tamaşasına kimi ən müxtəlif janrlar daxildir. Qürur hissi ilə qeyd edirik ki, Festivalımız həqiqətən də əsl yeniliklə başlayacaq: qədim Şəkinin tarixində, ilk dəfə olaraq, canlı şəkildə Azərbaycan musiqisinin incilərindən biri – Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdiriləcək

Bu il Azərbaycanın dahi oğlu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlamətdardır. Bu münasibətlə ulu öndər Heydər Əliyevin ölməz xatirəsinə həsr olunmuş yekun konserti onun çox sevdiyi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının qəhrəmani sədaları ilə tamamlanacaq.

Həmişə olduğu kimi, bu gözəl musiqi bayramında Böyük İpək Yolunun insanları ünsiyyətə və dialoqa səsləyən qayəsi öz dolğun ifadəsini tapacaq. Festival çərçivəsində Şəki musiqi kollecinin tələbələri üçün ustad dərsləri və görüşlər təşkil olunacaq. Şərq-Qərb dialoqu zəminində Tacikistan, Rusiya və Türkiyənin, Cənubi Koreya və Amerikanın fərqli melodiyaları bir-biri ilə canlı təmas quraraq milli dəyərlərin bəşəri mahiyyətini bir daha bizlərə anladacaq. Maraqlıdır ki, Festivalın builki proqramını qardaş Türkiyədən, hətta üç kollektivin rəngarəng çıxışları bəzəyəcək.

Şəkili Ələsgər adına Musiqi Kollecinin tələbələri və musiqi kollektivləri yenə də ustad sənətkarlarla böyük səhnəni paylaşmaq imkanı qazanacaq-lar. Festivalın yekun konsertində bu istedadlı gənclərin kövrək səsləri Respublikanın tanınmış kollektivi – Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Xorunun gur izdihamına qatılacaq. Şübhə etmirəm ki, möhtəşəm “Çənlibel”i ifa etmək şərəfinə nail olan gənclərə unudulmaz anlar bəxş edən bu gözəl fürsət onları gələcəkdə yeni yaradıcılıq nailiyyətlərinə ruhlandıracaq.

Azərbaycan Bəstəkarlar İttifaqı adından Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və Şəki Şəhər İcra Hakimiyyətinə səmərəli əməkdaşlığa görə dərin minnətdarlığımı bildirir və ümid edirəm ki, “İpək Yolu”nun dünya xalqlarını və mədəniyyətlərini bir araya gətirən bəşəri ideyası gələcəkdə daha da genişlənəcək və yeni üfüqlər fəth edəcəkdir.

 


Elxan Usubov

Şəki şəhər,
İcra Hakimiyyətinin başçısı

 


2012-ci ilin iyun ayında şəhərimizdə keçirilmiş “İpək Yolu” III Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb. Beş gün ərzində şəkililər tanınmış musiqi kollektivlərinin iştirakı ilə möhtəşəm musiqi bayramının canlı şahidi oldular. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət rəngarəng konsert proqramları, gözəl ifaçılar bizə xoş bir bayram ovqatı bəxş etdi. Festivalın yaddaqalan hadisələrindən biri də Şərq memarlığının nadir incisi hesab olunan “Şəki Xan Sarayı”nın 250 illik yubileyinin məhz həmin günlərdə qeyd olunması idi.

Möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının Şəkidə keçirilməsi təsadüfi deyil. Əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Bu gün Şəki şəhəri Orta əsr Şərqinə məxsus şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan – unikal bir məkandır. Şəhərimizin nadir tarixi memarlıq abidələri karvansaralar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Musiqi Festivalı zamanı təşkil edilən konsert proqramlarının tarixi memarlıq abidələri önündə keçirilməsi isə onun əhəmiyyətini daha da artırır. Festival, həmçinin bizə, xalqımıza xas olan zəngin tarixi mədəni irsi təbliğ etməyə və bölgənin turizm potensialını ge­niş­ləndirməyə imkan yaradır.

İnanıram ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi növbəti “İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalı gözəl bir musiqi bayramı olacaq.

Mən bütün şəkililər adından Festival iştirakçılarını salamlayır və onun işinə uğurlar arzulayıram.