"İpək Yolu" III Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)
Firəngiz Əlizadə
Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun “Sülh naminə incəsənət xadimi”
Artıq üçüncü dəfədir ki, Azərbaycanda “İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir və bizim Festivalımız yenidən öz yolunu Şəki şəhərindən salır. Bunun da çox önəmli səbəbləri vardır: 2012-ci il Azər-baycanın ən məşhur memarlıq abidələ-rindən biri – Şəki Xan Sarayının yubileyi ilidir.
Tariximizi yaşadan buabidənin 250 illiyinin III “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı günlərində qeyd olunması Res-publikamız üçün əlamətdar hadisədir. Bu dəfə də biz “İpək yolu” Festivalının əsas qayəsinə uyğun olaraq, konsertlərimizi memarlıq abidələri fonunda, Xan Sarayı, Yuxarı və Aşağı Karvansaray, Cənnət bağı kimi tarixi məkanlarda keçiririk və təbii ki, burada müxtəlif ölkələrin milli musiqisi müxtəlif folklor alətlərinin, milli geyimlərin, qədim ornamentlərin nümayişi ilə, rəngarəng melodiyaların sədaları tarixi memarlıq abidələrinin ecazkar ab-havası ilə qovuşacaq.
Festivalın açılışı üçün xüsusi layihə ilə hazırlanmış və rəmzi mənada hadisələrin “baş qəhrəmanına” çevriləcək Şəki Xan Sarayının qoynunda maraqlı musiqili kompozisiya – dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bütün dünyada məşhurlaşmış əsəri əsasında “Arşın malçı İpək yolunda” tamaşası nümayiş etdiriləcək. Ümidvarıq ki, Azərbaycan Opera və Balet Teatrının truppası, Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs ansamblı, habelə Xalq çalğı alətləri orkestrinin iştirakı ilə baş tutacaq bu qeyri-adi tamaşa parlaq təəssüratlarla yadda qalacaq.
Biz dünyanın bir çox ölkələrindən qonaqlarımızı gözləyirik. Festivala məşhur musiqi kollektivləri təşrif buyuracaq: Gürcüstandan “Erisioni”, İrandan “Acəmlər”, Cənubi Koreyadan “Buyoqun Cunqnam”, Türkiyədən “Əl-Kindi” ansambllarının, eləcə də Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun şəhərindən folklor ansamblının konsertləri tamaşaçılara böyük zövq verəcək. Həmişə olduğu kimi, bizim azərbaycanlı musiqiçilərin çıxışları da Festivalı bəzəyəcək: Cabbar Qaryağdı adına Muğam üçlüyünün, Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik orkestrinin və Cahangir Cahangirov adına Xor kollektivinin konsertləri, Şəki şəhərinin Musiqi Kollecinin tələbələri üçün görkəmli musiqiçilərin ustad-dərsləri təşkil olunacaq. Festival çərçivəsində, həmçinin, Azərbaycan bəstəkarlarının iki yeni əsərinin premyerası gözlənilir.
Əlbəttə ki, Festivalın qonaqları olan müxtəlif ölkələrin musiqiçiləri ilə yaradıcılıq ünsiyyəti bizə ruh yüksəkliyi aşılayaraq, yeni ideyalara, yeni sənət üfüqlərinə yol açır. Eyni zamanda, III “İpək yolu” Beynəlxalq Musiqi Festivalını yenidən öz evində böyük qonaqpərvərliklə qarşılayan qədim Şəki şəhərinin sakinləri ilə görüşlər bizə böyük sevinc bəxş edir.
“İpək yolu”nda sizlərə xoş təəssüratlar arzulayırıq!
Elxan Usubov
Şəki şəhər,
İcra Hakimiyyətinin başçısı
Zəngin tarixə, qədim dövlətçilik ənənə-lərinə, yüksək mədəniyyətə malik olan Şəki şəhərində III “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının yenidən keçirilməsi mühüm əhə-miyyətə malikdir.
Bu gün ölkəmizdə tarixi-mədəni irsin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət yetirilir. Cənab Prezidentimiz İlham Əliyevin mədəni irsin qorunub saxlan-masına xidmət edən fərman və sərəncamları buna bariz nümunədir.
Məlum olduğu kimi Şəki şəhəri 2012-ci ildə TÜRKSOY-un qərarı ilə “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilmiş- dir. Bu məqsədlə il ərzində şəhərimizdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2012-ci il iyul ayının 4-də Şərq memarlığının nadir incisi hesab olunan “Şəki Xan Sarayı”nın 250 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçiriləcək. Sevindirici haldır ki, məhz bu bayram Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə keçirilən III Beynəlxalq Musiqi Festivalı günlərinə təsadüf edir. Şübhəsiz ki, bu tədbirlərin əsas məqsədi xalqımıza xas olan zəngin tarixi-mədəni irsi təbliğ etmək və bölgənin turizm potensialının genişləndirilməsinə nail olmaqdır.
Zəngin ipəkçilik ənənələrini özündə yaşadan Şəki şəhəri, eyni zamanda Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri hesab olunur. Bu il 200 illyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundov, görkəmli yazıçı-dramaturq Sabit Rəhman, XX əsr söz sənətinin zirvəsində dayanan Bəxtiyar Vahabzadə, milli heykəltəraşlıq sənətimizin ilk qüdrətli nümayəndəsi Fuad Əbdürrəhmanov, görkəmli bəstəkarlarımız Cövdət Hacıyev, Şəfiqə Axundova, Emin Sabitoğlunun vətəni olan Şəki şəhərində III Beynəlxalq Musiqi Festivalının keçirilməsi bizim üçün olduqca əhəmiyyətlidir.
Mən, bütün şəkililər adından III “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının iştirakçılarını salamlayır və festivalın işinə uğurlar arzulayıram.