"İpək Yolu" II Beynəlxalq Musiqi Festivalı (Bakı şəhəri)


Firəngiz Əlizadə

Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun “Sülh naminə incəsənət xadimi”



Ötən il Şəki şəhərində keçirilmiş «İpək yolu» I Beynəlxalq Musiqi Festivalının uğurları bizi ruhlandırdı və ənənəni davam etdirərək, bu il – Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ilində, Vətənimizin paytaxtı Bakı şəhərində 2 Festivalın keçirilməsi qərarına gəldik. Azərbaycan Dövlət Televiziyası ilə sıx əməkdaşlığımız sayəsində I Festivalın rəngarəng konsertlərini nəinki respublikamızda, habelə onun hüdudlarından uzaqlarda da izləmək mümkün olmuşdur. Təsadüfi deyil ki, bu gözəl musiqi bayramının əks-sədası dünyanın müxtəlif guşələrindən gəldi. Bu, bir daha sübut etdi ki, “İpək yolu” Azərbaycanın zəngin mədəni həyatında öz layiqli yerini tuta bilmişdir.

Bu ilki Festivala Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa, İsveçrə və Amerikadan qonaqlar dəvət olunmuşdur. Festivalın geniş əhatəli proqramı unikal Xalça Muzeyində, istedadlı gənç musiqiçi Cavad Tağızadənin multimediya layihəsi ilə başlayaraq, Bəstəkarlar İttifaqının tarixi binasında əməkdar rəssam – Səbinə Şıxlinskayanın E.Qriqin musiqisinə orijinal insallyasiyaları ilə tamamlanacaq.

Festival günlərində qonaqlar və Bakının sakinləri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uzun müddət səhnədə getməyən “Əsli və Kərəm” operasına yenidən tamaşa etmək, Kiyevin «Rikoşet» ansamblının ifasında avanqard musiqisini dinləmək, polyak pianoçusu Stanislav Deyin ifasında romantik musiqinin parlaq nümayəndələri – Şopen və Listin əsərlərindən həzz almaq, tanınmış alman dramaturqu – P.Züskindin «Kontrabas» pyesinin ideya və məzmununun Azərbaycan muğamının melodiyaları ilə «çarpazlaşmasını» izləmək imkanını əldə edəcəklər. Bir sözlə, yeniliklər kifayət qədərdir: konsertlərin və tamaşaların məkanları da bizi uzaq keçmişə aparacaq – o vaxtlara ki…ağir-ağir hərəkət edən karvanlar “Böyük İpək yolu” ilə geniş məsafələr fəth edərək, Şərqin maddi dəyərləri ilə bərabər, həm də kəşflərini və tapıntılarını yeni-yeni ölkələrə və millətlərə «daşıyıblar».

Ümid edirik ki, bizim Festivalın da «karvanı», bütün çətinliklərə baxmayaraq, müasir Azərbaycanda mövcud olan yeni ideya və bədii cərəyanları tamaşaçıların diqqətinə çatdırmağa qadir olacaq.

Bu yolda sizlərə ecazkar sehrlər və seyrlər arzulayırıq!