"İpək Yolu" I Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)
Firəngiz Əlizadə
Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun “Sülh naminə incəsənət xadimi”
Azərbaycanın ən səfalı dilbər guşəsi – gözəl Şəki diyarında «İpək yolu» Beynəlxalq Musiqi Festivalı bir neçə gün ərzində musiqisevərləri maraqlı və rəngarəng konsert proqramları ilə sevindirəcək.
Belə bir Festivalın məhz Şəkidə baş tutması, əlbəttə bir çox amillərlə bağlıdır. Şəkinin musiqi mədəniyyəti özünəməxsus üslubu və ifaçılıq ənənələri ilə həmişə seçilib. Virtuoz zurnaçılıq sənəti, qəhrəmani instrumental havalar, zorxana musiqisi, zəngin peşələrlə bağlı əmək nəğmələri buna parlaq sübutdur. Şəkidə muğam sənəti özünəməxsus tərzdə inkişaf tapmış, XIX əsrdə Şuşa, Bakı, Şamaxı, Gəncə ilə yanaşı, Şəkidə də muğam məclisi mövcud olmuşdur. Şəkili xanəndələrdən Ələsgər Abdullayevin (şəkili Ələsgər), Əlövsət Sadıqovun adları muğam sənəti tarixinə qızıl hərflərlə yazılmışdır. Təsadüfi deyil ki, 2008-ci ildə Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının yeni bölgə təşkilatı açılmışdır və ümid edirik ki, bu təşkilat öz işləri ilə şəhərin musiqi həyatında önəmli rol oynayacaq. Şəkinin musiqi təhsili sistemi də kifayət qədər genişdir. Burada dörd Uşaq Musiqi Məktəbi, bir Uşaq İncəsənət məktəbi ilə yanaşı, uzun illərdir ki, Musiqi Kolleci də fəaliyyət göstərir. Festivalın proqramında onların da kollektivləri və yetirmələri Sizin qarşınızda çıxış edəcək.
«İpək yolu» nəinki Azərbaycanın məşhur kollektivləri və solistlərini, habelə Norvec, Koreya, Kanadadan təşrif buyurmuş qonaqları və musiqiçiləri də bir araya gətirəcək. İlk dəfə olaraq Şəkidə Üzeyir Hacıbəylinin «Leyli və Məcnun», habelə Müslüm Maqomayevin «Şah İsmayıl» ölməz operaları açıq səma altında və oricinal bir quruluşda çox sevilən qədim istirahət məkanı – Karvansarayda tamaşaçılara təqdim ediləcək. Məşhur Xan Sarayının qarşısındakı bağ festival müddətində möhtəşəm simfonik və xor musiqisinin səslənəcəyi qeyri-adi bir konsert meydançasına çevriləcək. Bizi ulu keşmişimizlə qovuşduran Kiş Alban məbədi isə kamera musiqisinin sədalarına bürünəcək. Şübhə etmirəm ki, əziz şəkililərlə birgə unudulmaz musiqi günlərinin şahidi olacağıq.
Musiqi ictimaiyyəti adından bu gözəl musiqi bayramının keçirilməsi münasibəti ilə hamını təbrik edir və «İpək yolu» Festivalının gələcəkdə möhkəm bir ənənəyə çevrilməsini ürəkdən arzulayıram.