"İpək Yolu" IX Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)

Firəngiz Əlizadə

Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun Sülh artisti


Əziz dostlar!

Bu il artıq 9-ci dəfə Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı öz əsrarəngiz sənət aləmi ilə həmyerlilərimizi və Festivala təşrif buyurmuş turistləri valeh edəcək. Müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim edilərək, musiqisevərlərə xoş bayram ovqatı bəxş edəcək.

2017-ci ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar olaraq bu ilki festivalın proqramında müsəlman ölkələrindən olan iştirakçılara böyük üstünlük verilmişdir. Həmişə olduğu kimi yenə də qardaş Türkiyə və İran musiqi kollektivləri ilə görüşləri səbirsizliklə gözləyirik. Bu dəfə İzmir Dövlət Türk Dünyası Dans, Müzik Topluluğu və Təbriz Rəqs Qrupu maraqlı konsert proqramları ilə tamaşaçıları sevindirəcəklər.

Festivalın proqramında həmçinin Azərbaycan musiqi mədəniyyəti də geniş şəkildə təmsil olunmuşdur. Şəki Musiqi Kollecində keçiriləcək görkəmli bəstəkar, böyük pedaqoq və ictimai-musiqi xadimi Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsertdə bəstəkarın xor və kamera əsərləri səslənəcək. Fərqli ifa tərzi ilə seçilən Qədim Musiqi Alətləri Ansamblı zəngin milli musiqi folklorumuzun gözəl nümunələrini – muğam, mahnı, rəng və təsnifləri təqdim edərək, öz çıxışları ilə şəkililərin və Festival iştirakçılarının ruhunu oxşayacaq. Festival günlərində habelə, gözəl mahnıları ilə musiqisevərlərin böyük rəğbətini qazanmış, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Aygün Səmədzadənin müəllif gecəsi keçiriləcək.

Bundan başqa, müxtəlif xarici ölkələrdən o cümlədən, Yaponiyadan, Polşadan, Macarıstandan və Gürcüstandan dəvət olunmuş kollektivlər Festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirəcəklər.

Beləliklə, “Baku – 2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri, Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyevanın irəli sürdüyü “Qardaşlıq, dostluq və qarşılıqlı anlaşma” ideyaları Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalında da öz təcəssümünü tapacaq. İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək bu Festival yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq.

Əbülfəs Qarayev

Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Naziri

 


Əziz dostlar!

Azərbaycanda keçirilən musiqi festivalları içərisində ən parlaq və rəngarəng festivallardan biri də sözsüz ki, Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalıdır. Bu il səkkizinci dəfə keçiriləcək Festival ildən-ilə daha böyük vüsət qazanır. Hər il Festivalın proqramında iştirak etmək istəyən ölkələrin sayı artır. Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının unikallığı ondan ibarətdir ki, onun konsertləri və tamaşaları açıq havada, tarixi memarlıq abidələri qarşısında – Azərbaycanın qədim və gözəl guşələrindən birində keçirilir.

“İpək Yolu” Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük hadisədir. Hesab edirəm ki, Festival bizim xalqımıza xas olan zəngin tarixi, mədəni irsin təbliğ edilməsi və bölgənin turizm potensialının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

İnanıram ki, son illərdə ölkəmizdə keçirilən müxtəlif beynəlxalq əhəmiyyətli festivallar sırasında Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı öz layiqli yerini tutacaq və hər il olduğu kimi, bu il də parlaq mədəniyyət və xalqlararası dostluq bayramı kimi xoş təəssüratlarla hafizələrdə yaşayacaq.

 

Elxan Usubov

Şəki şəhər,
İcra Hakimiyyətinin başçısı


Əziz şəkililər və şəhərimizin qonaqları!

Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Cənab Prezidentimiz İlham Əliyevin, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanımın bu sahədə gördüyü işlərin əhəmiyyəti böyükdür. Qədim sənət və mədəniyyət mərkəzlərindən biri olan Şəki beynəlxalq festivalların keçirilməsi üçün gözəl bir məkandır. Artıq Şəki Azərbaycanda Festivallar şəhəri kimi tanınır. Hər il şəhərimizdə keçirilən festivallarda bir çox xarici ölkələrdən çoxlu iştirakçılar qatılır. Şəki “İpək Yolu“ Beynəlxalq Musiqi Festivalı isə bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Fürsətdən istifadə edib Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, şəxsən cənab nazir Əbülfəs Qarayevə və Azərbaycan Bəstəkarlar İttifaqına, hörmətli Firəngiz xanıma festivalın keçirilməsində verdiyi dəstəyə görə dərin təşəkkürümü bildirirəm.

2016-cı ildə Şəkinin TÜRKSOY-un Mədəniyyət Paytaxtı elan olunması və bu il çərçivəsində keçirilən VII Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı həm şəhərimizin, həm də unikal Azərbaycan mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynamışdır.

VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb. Bu festivalda dünyanın tanınmış musiqi kolllektivləri iştirak etmiş, şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi olmuşdur. İyunun 27-də başlanan və beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları musiqisevərlər Yaponiya, Türkiyə, İran, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən gələn ifaçıların, eləcə də Azərbaycanın musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı konsert proqramlarını izləmişlər.

Şübhəsiz ki, Şəki “İpək yolu” VII Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Fürsətdən istifadə edib xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanıma minnətdarlığımı bildirir, tədbirin yüksək səviyyədə keçirilməsində yaxından iştirak edən hər bir kəsə təşəkkür edirəm.

İnanıram ki, Şəki “İpək yolu” VIII Beynəlxalq Musiqi Festivalının konsertləri yenə də böyük maraq doğuracaq, şəhər sakinlərinə, çoxsaylı qonaqlara unudulmaz anlar bəxş edəcək və yaddaşımızda xoş xatirə kimi qalacaqdır.

Bütün şəkililər adından Şəki “İpək yolu” VIII Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır və festivalın işinə uğurlar arzulayıram.