"İpək Yolu" V Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)


Firəngiz Əlizadə

Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun Sülh artisti


 

Bu il bizim Festivalımız öz ilk yubileyini – beş illiyini qeyd edir. Uğurla keçirdiyimiz IV “İpək yolu” festivalından sonrakı bu bir il hiss olunmadan ötdü və biz yenidən V “İpək yolu” Festivalının dinamik,parlaq hadisələrlə zəngin mühitində yaşayacağımız maraqlı məqamları ruh yüksəkliyi ilə gözləyirik.

Keçən il Qara Qarayevin “Yeddi gözəl” baletinin açıq havada nümayişinin şəkililərin və qonaqların qəlbində yaratdığı heyranlıq hisslərindən ilhamlanaraq, biz bu dəfə festivalı yeni bir tamaşa – Azərbaycan musiqisinin şedevri olan Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet tamaşası ilə açırıq. Simfonik orkestrin səslənməsi festivalın başlanğıcı və finalı arasında özünəməxsus körpü rolunu oynayır. İlk dəfə bizim festivalın qonaqları olan Rusiyanın məşhur kollektivi – Sankt-Peterburqdan “Ermitaj” simfonik orkestri klassik musiqi əsərlərinin parlaq ifası ilə dinləyicilərə şövq verəcək.

Həmçinin, V festivalın daha bir yeniliyi Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşasının nümayişi ilə bağlıdır. Üzeyir Hacıbəylinin bu ən məşhur əsərinin qeyri-adi təfsiri festivalın proqramına özünəməxsus məlahət aşılayacaq. Unikallığı ilə seçilən Qədim Musiqi Alətləri Ansamblı isə Xan Sarayının koloritli fonunda ecazkar ifaları da şəkililərin və festivalın qonaqlarının ruhunu oxşayacaq. Azərbaycan dinləyicilərinin sevimlisi olan “EUROVISION” Mahnı Müsabiqəsinin qalilblərinin və iştirakçılarının gənclik təravətli,müasir ritmli çıxışları böyük sürpriz olacaq və festivalın palitrasını yeni çalarlarla zənginləşdirəcək.

“İpək yolu”nun marşrutu bu dəfə Hindistan və Çin kimi ekzotik ölkələrdən keçəcək. Bu ölkələrin ən tanınmış kollektivləri festivalda ənənəvi musiqidən ibarət rəngarəng proqramla çıxış edəcəklər. Biz Azərbaycanın Hindistandakı və Çindəki Səfirliklərinə bu kollektivlərin Şəkiyə dəvət olunmasına fəal surətdə yardım etdiklərinə görə öz minnətdarlığımızı bildirmək istərdik.

Ulu öndərimiz Heydər Əliyev daim vurğulayırdı ki, türk xalqları “min illər boyu sıx əməkdaşlıq etmiş, qarşılıqlı fəaliyyət göstərmiş, bir-birini zənginləşdirmişlər”. Son illərdə isə bu birlik və qardaşlıq daha böyük vüsət kəsb etmişdir. Bu baxımdan TÜRKSOY Beynəlxalq Türk Mədəniyyət Təşkilatı tərəfindən təqdim olunan türkdilli ölkələrin milli geyimləri və musiqisindən ibarət “Defile” bizim bayramımızın ən yaddaqalan hadisələrindən biri olacaq.

Həmişə olduğu kimi, biz qardaş Türkiyənin bədii kollektivləri ilə görüşləri səbirsizliklə gözləyirik. Bu dəfə İstanbuldan məşhur bir ansambl – Modern Folk Müzik Topluluğu maraqlı konsert proqramı ilə bizi sevindirəcək. Belə dəyərli qonaqlarla ünsiyyət imkanı yaratdığına görə biz Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyinə və bu ölkənin Azərbaycandakı Səfirliyinə minnətdarıq.

Tarixən “Böyük İpək yolu” Azərbaycanın, ümumiyyətlə, bütün Avropa və Asiya ölkələrinin iqtisadi, siyasi və mədəni inkişaf tarixində silinməz izlər qoymuş və Şəki bu yolun önəmli bir məkanı kimi məşhurlaşmışdır. Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev Şəkinin bu mövqeyini dəyərləndirərək, burada beynəlxalq musiqi festivallarının, muğam müsabiqələrinin, mədəniyyətlərarası dialoq forumlarının keçirilməsini tövsiyə etmişdir. Şəki haqqında bu cür qiymətli sözlər festivalın bütün iştirakçıları, qonaqları və təşkilatçıları üçün gözəl xeyir-dua olub, bizim tədbirimizin müvəffəqiyyətinin rəhnidir.

 


Elxan Usubov

Şəki şəhər,
İcra Hakimiyyətinin başçısı

 


 

Hər ilin yayında şəhərimizdə keçirilən və artıq ənənə şəklini alan “İpək Yolu“ Beynəlxalq Musiqi festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir atirə kimi qalıb. Dünya musiqi sənətinin parlaq ncilərindən ibarət müxtəlif konsert proqramları, özəl ifaçıların qatıldığı festival bizə həmişə xoş bayram ovqatı bəxş edib.

“İpək yolu” Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu il beşinci dəfə keçiriləcək festivalda dünyanın tanınmış musiqi kollektivləri iştirak edəcək və hesab edirəm ki, şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi olacaqlar. Festival bizim xalqımıza xas olan zəngin tarixi, mədəni irsi təbliğ etməyə və bölgənin turizm potensialını genişləndirməyə imkan yaradır.

Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, zəngin ənənələrinin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Prezidentimiz İlham Əliyevin, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyəti müstəsnadır. 2013-cü ilin avqustunda Şəkiyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə cənab Prezident demişdir: “Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm ki, dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Biz gələcəkdə Şəkidəki beynəlxalq tədbirlərin sayını artırmalıyıq”.

Əsrlər boyu Böyük İpək Yolu üzərində yerləşən, mühüm sənət və ticarət mərkəzi olan Şəkidə möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının keçirilməsi bu baxımdan olduqca əhəmiyyətlidir.

Mən bir daha bütün şəkililər adından hörmətli Prezidentimizə və onun xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün Şəki şəhəri orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir məkandır. Festival konsertlərinin tarixi memarlıq abidələrinin önündə keçirilməsi isə onun əhəmiyyətini daha da artırır.

İnanıram ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqı və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi növbəti Şəki “İpək Yolu” V Beynəlxalq Musiqi Festivalı gözəl bir musiqi bayramı olacaq.

Bütün şəkililər adından Şəki “İpək Yolu” V Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır və festivalın işinə uğurlar arzulayıram.