“İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)


Firəngiz Əlizadə

Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun Sülh artisti


Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə iyulun 5-dən 7-dək növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq musiqi festivalında bir sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edəcəklər. Üç gün davam edəcək festival çərçivəsində tamaşaçılara Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim olunacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəkidə festivala hazırlıq işləri artıq başa çatıb, tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib.

Şəhər icra hakimiyyətindən verilən məlumata görə, Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı iyulun 5-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən gələn bayan ifaçılarının çıxışı ilə başlayacaq. Həmin gün axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Rəsmi hissədən sonra İndoneziyanın “Mila Art” rəqs və “Hamdani” musiqi qruplarının konserti təqdim ediləcək.

İyulun 6-da günün birinci yarısında “Yuxarı Karvansaray” mehmanxana kompleksində “Şəhər Günü” bayram tədbiri keçiriləcək. Həmin gün axşam festival iştirakçıları “Az Abrau Muzeyi”i ilə tanış olacaq, şərab zavodunun həyətində qurulmuş səhnədə Hindistandan gələn rəqs qrupunun və yerli musiqiçilərin çıxışına tamaşa edəcəklər. Burada Hindistan və yerli mətbəxin nümunələri təqdim ediləcək, şərab dequstasiyası, həmçinin şəbəkə sənəti üzrə ustad dərsi keçiriləcək.

Festival çərçivəsində iyulun 7-də Şəki Heydər Əliyev Mərkəzində TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyə və Qazaxıstandan gələn kollektivlərin çıxışları olacaq.

Həmin gün axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi keçiriləcək. Mərasimdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.

 

Elxan Usubov

Şəki şəhər,
İcra Hakimiyyətinin başçısı

 


 

 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Bəstəkarlar İttifaqının və Şəki şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Hər ilin yayında şəhərimizdə keçiri lən, artıq ənənə şəklini alan və bu il 12-ci dəfə keçirilən festivalda dünyanın tanınmış musiqi kollek tivləri iştirak edəcək, şəhərimizin sakin ləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi olacaq.
Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilmiş, 2012ci ildə türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuş, 2017-ci ildə YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmişdir. 2019-cu ildə ölkəmizin və şəhərimizin həyatında çox əlamətdar hadisə baş vermiş – Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Qeyd etmək lazımdır ki, Şəki Azərbaycanda Festivallar şəhəri kimi tanınır. Hər il bu şəhərdə keçirilən “İpək Yolu“ Beynəlxaq Musiqi, şirniyyat və teatr festivalları şəhərin qeyri-maddi irsinin qorunub saxlanmasına imkan yaratmış, eyni zamanda, turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynamışdır.
Şəhərimizdə olarkən cənab Prezidentimiz İlham Əliyev demişdir: ”Şəki böyük mədəniyyət mərkəzidir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır.”
Şübhəsiz ki, Şəki “İpək yolu” XII Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin , şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Hörmətli festival iştirakçıları!
İnanıram ki, Şəki “İpək yolu” XII Beynəlxalq Musiqi Festivalının konsertləri yenə də böyük maraq doğuracaq, şəhər sakinlərinə, çoxsaylı qonaqlara unudulmaz anlar bəxş edəcək və yaddaşımızda xoş xatirə kimi qalacaqdır.
Bütün şəkililər adından Şəki “İpək yolu” XII Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır və festivalın işinə uğurlar arzulayıram.