TOFİQ BAKIXANOV – 90

Azərbaycan professional musiqisinin bünövrəsi dahi Üzeyir Hacıbəyli tərə­fin­dən qoyulmuş milli bəstəkarlıq məktəbimizin bugünkü mü­vəf­fə­qiy­yətlərində bir çox bəstəkarların böyük payı vardır. Üzeyir Hacı­bəy­li­dən başlayaraq, bəstəkarların bir neçə nəslinin istetadlı nüma­yən­də­ləri XX əsrdə  musiqimizin yüksələn xətlə inkişafını və ümümdünya miqyasında tanınıb nüfuz qazanmasını təmin et­miş­lər. Milli bəstəkarlıq məktəbimizin təşəkkül tapdığı zamandan indiyədək inkişaf edən gözəl ənənələrini bu gün, XXI əsrdə yaşadan və da­vam etdirən bəstəkarlar içərisində də müxtəlif nəsillərin nü­ma­yən­də­ləri vardır. Bəstəkarlarımızın yaşlı nəsli də, orta və gənc nəsilləri də bu gün həmin sağlam ənənələri hifz edərək, döv­rün tələblərini nəzərə alaraq, yeni cəhətlərlə zənginləşdirirlər.

Dahi Ü.Hacıbəyli tərəfindən əsası qoyulmuş professional bəstəkarlıq məktəbimizin nümayəndələrindən biri Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xa­dimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü, Üzeyir Hacıbəyli mükafatı laureatı, professor, Şöhrət ordenli bəstəkar Tofiq Bakıxanov çoxcə­hət­li fəaliyyəti ilə nəinki musiqi mədəniyyətimizdə, hətta dünya musiqi tarixində öz yerini tutmuş görkəmli musiqiçilərdən biridir. Bakı xanı nəslindən olan Tofiq Bakıxanov XIX əsr­də Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi-Qüdsi təxəllüsü ilə tanınan Abbasqulu Ağa Bakıxanovun nəticəsidir.

Biz T.Bakıxanovu misilsiz ifaçı, yüksək səviyyəli pedaqoq, yorulmaz tədqiqatçı, gözəl bəstəkar kimi tanıyırıq. Onun yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin səhifələrində xüsusi yer tutur.

Tofiq Əhməd Ağa oqlu Bakı­xa­nov 8 dekabr 1930-cu ildə Bakı şə­hərində anadan olub. Onun ata­sı Əhmədxan adı ilə tanınan, Əh­məd Ağa Bakıxanov məş­hur muğam ustadı, görkəmli tar­zən olmuşdur.

Uşaq yaşlarından incəsənətə böyük həvəs göstərən T.Bakıxanov Bülbül adına orta ixtisas musiqi məktəbinin skrip­ka sinfini, daha sonra ifaçılıq sənəti çərçivəsindən kənara çıxaraq bəs­tə­karlıqla məşğul olmağı qarşıya məqsəd qoymuş və bu arzusuna qovuşmuşdur. O skripka ixtisası üzrə respublikanın Əməkdar müəllimi N.İ.Tsim­b­e­rov­dan dərs almışdır. Tələbəlik illə­rindən onun yaradıcılıq hissiyatı, bacarığı özünü biruzə verir. Belə ki, möhtəşəm elm ocağı olan Azərbaycan Döv­lət Konservatoriyanı (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) iki ixtisas-1953-cü ildə professor A.N.Ami­to­nun  rəhbərliyi altında skripka ixtisası, 1957-ci ildə bəstəkarlıq üzrə dünya şöhrətli bəstəkar, içtimai xadim, alim və akademik Qara Qara­ye­vin sinfini bitirib.

T.Bakıxanov uşaqlıqdan Azərbaycan muğamlarının, mahnılarının, rəqslərinin, bəstəkar əsərlərinin ifa sirrlərini dərindən mənimsəmişdir.

1957-ci ildə bəstəkarlıq ixtisası üzrə təhsilini başa vuran T.Bakıxanov skripka ilə simfonik orkestr üçün iki konsert yazır, onlardan birinci konserti diplom işi olaraq təqdim edir. Gənc bəstəkarın violonçel və orkestr üçün «Elegiya»(1953), violonçel və fortepiano üçün Birinci sonata (1956), fortepiano üçün do major və fa minor variasiyaları, skripka, violonçel və fortepiano üçün üçlük, skripka ilə fortepiano üçün Andante (1954), skripka və fortepiano üçün Sonatina(1954), fortepiano üçün beş prelüd, doqquz fuqa, haboy və fortepiano üçün Melodiya (1954), simli kvartet, simfonik poema «Uzaq sahillərdə» skripka ilə fortepiano üçün 15 və 17 Azərbaycan xalq mahnısının işlənmələri bu illərdə yazılmışdır.

Tələbəlik illərində T.Ba­kı­xa­­nov ifaçılıq fəaliyyəti ilə məş­­ğul olaraq Azərbaycan Döv­lət Simfonik Orkestrində, həm­­çi­nin Azərbaycan radio­su­­nun simfonik orkestrində so­list ki­mi çalışmışdır.

1950-1953-cü illərdə Azər­bay­­can Dövlət Filarmoniyasında fortepiano üçlü­­yün­də skripkaçı vəzifə­sində çalı­şıb. 1953-cü ildən Ba­kı Mu­si­qi Texnikumunun (indiki Azərbaycan Milli Konservatoriyasının nəznində Musiqi Kolleci) simli alətlər şöbəsinin müdiri və müəllimi olub. 1968-ci ildən Azər­nəşrin not-musiqi ədə­biy­ya­tı­ və incəsənət redaksiyalarının şöbələrinə rəhbərlik edib. 1970-ci ildən T. Bakıxanov «Ka­mera ansamblı» kafed­ra­sında müəllim, ifaçılıq kafedrasının dekanı vəzifəsində çalışıb.

T.Bakıxanovun bu günə kimi qələmindən çıxmış əsərlər külliyatının həm obrazlı məz­mun cəhətdən, həm janr rəngarəngliyi baxımından zəngin və ma­raq­lı olması, başlıcası isə bu əsərlərdə bəstəkarın artıq təşəkkül tapıb in­ki­şaf etmiş dəst-xəttinin təzahür etməsi onun yaradıcılığı barədə ümu­mi­ləşdirilmiş müddəaların irəli sürülməsi zərurətini yaradır.

T.Bakıxanov yaradıcılığının hal-hazırda davam edən 65 illik fəaliyyəti müddətində çox maraqlı və rəngarəng əsərlərlə zəngindir. Həm təcəs­süm etdirdiyi mövzu və obrazlar dairəsi, həm janr müxtəlifliyi, həm dəst–xəttinin xüsusiyyətləri baxımından onun yaradıcılığı təd­qi­qat­çı üçün maraqlı bir sahədir.

Bildiyimiz kimi, Q.Qarayevin bir pedaqoq kimi uzaqgörənliyi və böyüklüyü ilk növbədə bunda olmuşdur ki, o, yetirmələrindən hər birinə peşəkarlığın sirrlərini öyrədir, lakin heç vaxt «özünü» onlara aşılamır, əksinə, onların fərdi istedadını, nadir təbiətini aşkara çıxartmağa çalışırdı. Məhz buna görə də Q.Qarayev sinfini bitirmiş bəstəkarların hamısı peşəkar hazırlıq baxımından yüksək səviyyədə olmaqla, müxtəlif dəst-xətt, üslub yarada bilmiş, öz fərdi yaradıcılıq simasını kəsb etmiş, milli ənənələri öz yolu ilə yaşadıb davam etdirmişlər.

1960-cı illərdən başlayaraq T.Bakıxanov həm yaradıcılıq sa­hə­sin­də, həm də pedaqoji sahədə dolğun fəaliyyət göstərmişdir. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Bütün dövrlərdə müəllimlər haqqında müdrik sözlər, kəlamlar söylənilib, müxtəlif bədii ədəbiyyat nümunələri təqdim olunub. Azərbaycanın ümummilli lideri Heydər Əliyev deyirdi: «Həqiqi müəllim adını daşıyan insan həmişə tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur».

Azərbaycan müəllimləri uzun, şərəfli tarixi yol keçib. Onlar öz sələflərinin yolunu bu gün də yeni yaradıcılıq axtarışları apararaq uğurla davam etdirirlər.

T.Bakıxanov musiqinin demək olar ki, elə bir sahəsi yoxdur ki, bura­da qələmini sınamasın. Kamera-instru­men­tal və simfonik janrlı əsərlər onun yaradıcılığında önəmli yer tutur. O, 3 baletin-«Xəzər Balladası», «Şərq poeması»,»Xeyir və Şər», 8 sim­fo­niya­nın, 5 simfonik muğamın-“Nəva”, “Şahnaz”, “Ra­hab”, “Humayun”, “Dügah”, 6 simfonik poemanın  (Ümum­milli lider Heydər Əliyevə həsr olunmuş «Həmişə bizimləsən» adlı simfonik poema və «Uzaq sahillərdə»   dinləyicilər tərəfindən xüsusilə alqışlanır), sim­fo­nik uvertüranın və simfonik süitaların, 4 simfoniettanın (3-cü sim­fo­niet­ta­nın adı «Naxçıvan» adlanır), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsertin, 3 musiqili komediyanın -“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tə­ləsir” (bəstəkar Nəriman Məmmədovla birlikdə yazılıb), kamera ansamblı sahəsində 26 müxtəlif alətlər üçün sonataların, müx­təlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən çox mahnı və romansların müxtəlif alətlər üçün kiçik pyeslərin müəllifidir.

T.Bakıxanovun əsərləri Azərbaycanda, respublikamızın hü­dud­ların­dan kənarda Avstriya, Macarıstan, Yuqoslaviya, Fransa, İsveçrə, Bolqarıstan, Almaniya, Rumıniya, İngiltərə, Şotlandiya, İsveç, Türkiyyə, İran, Şimali Kiprdə və başqa ölkələrdə dəfələrlə ifa olunur.

T.Bakıxanov böyük sənət aləminə öz gərgin zəhməti ilə, pillə-pillə yüksəlmişdir. Belə ki, 1977-ci ildə dosent, 1983-cü ildə professor elmi adları almışdır.

1957-ci ildə T.Bakixanov ikinci Respublika gənclər festivalının laureatı olmuşdur. 1960-cı ildə Azərbacan Respublikasının  yaradılmasının 40 illiyinə həsr olunmuş müsabiqədə 1 saylı simfoniyası, Respublikanın yaradılmasının 60 illiyinə həsr olunmuş müsabiqədə isə «Viola və fortepiano üçün 1 saylı sonata»-sı, eyni zamanda, Nizami Gəncəvinin 850 illik yubileyinə həsr olunmuş və Moskvada keçirilən müsabiqədə «Xəzər» baletinə görə laureat adına və mükafatlara layiq görülmüşdür.

Qeyd edim ki, T.Bakıxanovun ilk müəllif konserti 1960-cı ildə Mingəçevirdən başlamışdır. Sonra bu fəaliyyət Azərbaycanın bir çox şəhər və rayonlarında SSR-nin bir çox respublikalarında uğurla davam etdirilmişdir.

1958-ci ildə Bəstəkarlar İttifaqının üzvü olan T.Bakıxanov Azərbaycan mədəniyyətinin inkişafındakı fədəkar əməyi yüksək qiymətləndirilərək  1973-cü ildə Azərbacan Respublikasının Əmək­dar incəsənət xadimi, 1990-ci ildə Azərbacan Respub­li­ka­sı­nın Xalq artisti, 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Əmək­dar incəsənət xadimi fəxri adlarına layıq görülmüşdür. 1983-cü ildə professor adı almışdır, 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Aka­de­miyasının İncəsənət  Doktoru seçilmişdir. 1994-2000-ci illərdə üç dəfə Ab­bas­qu­lu Ağa Bakıxanov adına mükafata layiq görülüb. Eləcə də, 2000-ci ildə «Şöhrət» ordeni ilə təltif olunmuşdur.1969-cu ildə Parisdə keç­i­ri­lən VII Beynalxalq rəqs festivalında göstərilən «Xəzər balladası» baleti sonra Paris, Lyuksenburq, Monte-Karloda, eləcə də, Moskva, Kiyev, Sankt-Peterburq və digər şəhərlərdə nümayiş etdirilmişdir. 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V Beynəlxalq «Bellapais» musiqi festival­la­rında müəllif konsertləri ilə cıxış etmişdir.

T.Bakıxanovun bir tədqiqatçı kimi maraq dairəsi çox genişdir.  Belə ki, «Prezidentin nitqində ulu öndərin vətənpərvərlik prinsiplərinin əsaslarını gördüm», «Ali mükafatlar və milyonların qəlbindəki inam, sevgi, etimad. Bunlar Azərbaycanın Birinci vitse-prezidentinin humanist fəaliyyətinə verilən qiymətdir», «Biz yaşlı nəsil belə paradı çox arzulamışdıq», «Milli ordumuz Azərbaycanın problemlərini həll etməyə qadirdir»,   eləcə də, «Böyük bəstəkar Üzeyir bəy Hacıbəylini xatırladığım anlar», «Dahilərin yolu əzablı, lakin unudulmaz olur «, «Ərtoğrul Cavid -100», «Görkəmli tarzən, gözəl insan (Həbib Bayramovun-90), «Görkəmli bəstəkar, qayğıkeş müəllim (Nəriman Məmmədov -80)», «Hacıbaba Əliyev haqqında xatirələrim», «Qara Qarayev–80», «Naxçıvan bəstəkarlarının uğurları», «Ölkəmiz inamla böyük uğurlara imza atır», «Tofiq Bakıxanov: Naxçıvanda yenə də böyük mədəniyyət bayramının şahidi olduq» adlı məqalələr onun qələmindən çıxmışdır. T.Bakıxanov eyni zamanda, bəstəkar Nazim Quliyevlə  həmmüəllif olduğu «Məmməd Nəsirbəyov», «Ərtoğrul Cavid-Natamam ömrün 100 illik təntənəsi» kitablarının və «T.Bakıxanov Xoş ovqatlı mahnılar» məcmuəsinin müəllifidir.

Deyirlər hər insan təkrarolunmazdır və özündə bir dünyanı əks etdirir. Bu mənada o öz müqəddəs peşəsinə sadiq qalaraq, çətinliklərə qatlaşaraq üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir. Gözünün nurunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verən T.Bakıxanov xeyir-duası ilə bir çox müəllimlər dəyərli kadr kimi yetişərək xalqın mənəvi sərvəti olublar.

Bütün bu deyilənlərin arxasında öz dövrünün və xalqının yük­sək düşüncə tərzinə, böyük insani keyfiyyətlərinə malik bir sima, ge­niş dünyagörüşlü bir şəxsiyyət durur. Qəlbinin  hökmü ilə əqlinin gücü­nü bir yerə toplayıb addım atanlardan olan T.Bakıxanov əməksevər, mehriban, köməyini əsirgəməyən ziyalılarımızdandır.

Keçilən ömür yolunun bəzi məqamlarını qələmə aldığımız, həyatının ən müdrik, ən kamil illərini yaşayan Tofiq Bakıxanovu 90 illik yubileyi münasibətilə tədris ocaqlarında çalışan həmkarları, tələbələri səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayır.

 

                                                     Nərgiz Qulamova

                                                          Musiqişünas