Sənət zirvəsində yaşanan ömür

“Dinamik şəkildə qloballaşan dünyamızın əlamətdar meyllərindən biri, şübhəsiz, “Şərq-Qərb” problemlərin  yenidən üzə çıxmasıdır…Tarix boyu bu mədəniyyətlərdən  hər birinin öz bədii sistemi təşəkkül tapmış olsa da, XXI əsrdə onların bəşər mənəviyyatına  qoşulması bir zərurətə çevrilmişdi… Axı, Qərblə Şərqin mövqelərinin qütbləşməsinin, arasındakı etimadsızlığın və ehtiyatlı davranmaların nəhayət ki, bir alternativi mövcuddur — mədəniyyətlərin dialoqu!

Əsrlər boyu Şərq dünyası öz mənəvi zənginliyi, ekzotikliyi, fərdi düşüncə tərzi, mistikliyi ilə qərbli psixologiyasını riqqətə gətirmişdir. Görkəmli şəxsiyyətlər «Şərqi fəth etmək» ideyası ilə, bəziləri isə islahatçı nöqteyi nəzərindən şərq spesifikasına müraciət etmişlər. Əlbəttə, şərqli «Avropaya pəncərə açdığı» andan bu ideya daha sürətlə baş tutdu. Şərqdə  yüksək mənəvi-estetik dəyərlər sistemini, fəlsəfi-teoloji ideologiya bazasını və digər komponentləri əxz etməyi bacardı. Xüsusilə Şərqin fəlsəfi-dini sisteminə üz tutmağı  məcbur etdi.

XXI əsrdə dünya musiqi mədəniyyətində öz sözünü demiş, öz yeni dəsti-xətti ilə seçilən böyük bəstəkarlardan biri də Firəngiz Əlizadədir. Onun  musiqi təfəkkürünün mədəniyyət fəlsəfəsi iki mədəniyyətin — Qərb və Şərq mədəniyyətlərinin unikal birliyidir. Firəngiz Əlizadənin yaradıcılıq irsinin əsasını səslənmə, musiqi təfəkkürü və yaradıcılıq həyatında  ifadə yeniliyi təşkil edir. Görkəmli bəstəkarın bu il  mayın 28-də 65 yaşı tamam olur. Mən də bu münasibətlə  bəstəkarın sənət dünyasına səyahət edərək onun yaradıcılığının bəzi məziyyətlərindən söhbət açmaq istəyirəm.

Azərbaycan xalqı maddi və mənəvi mədəniyyətə malikdir. Mədəniyyətimizin, incəsənətimizin öyrənilməsi, tədqiq və təbliğ edilməsi, əsl sənət ustalarının diqqətdən kənarda qalmaması bu gün çox zəruridir. Firəngiz Əlizadənin adı Azərbaycan xalqı üçün  əzizdir. O, öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır, çünki  Firəngiz xanım həmişə döğma torpaqdan qüdrət almış, muğam, aşıq musiqisi, xalq nəğmələri kimi milli musiqimizin saf çeşməsindən su içmişdir. Eyni zamanda Firəngiz Əlizadə həm də bəşəri bir hörmət qazanmış sənətkardır. Çünki sənət yolunda yeni cığırlar açaraq, yalnız özünəməxsus üslub yaratmış bəstəkar  təkcə öz xalqının deyil, həm də dünya musiqi tarixnin bütün dövrlərinin naliyyətlərini mənimsəmiş, dünya musiqi mədəniyyətı xəzinəsini misilsiz əsərləri ilə zənginləşdirilmişdir.

Görkəmli bəstəkar Firəngiz Əlizadə dünya miqyasında tanınan və ölkəmizi dünyada tanıdan sənətkarlardandır. Təkcə bunu demək kifayətdir ki, o, 2007-ci ildə YUNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülmüş yeganə azərbaycanlıdır. 1981-ci ildə ona Bəstəkarlar liqasının Fəxri diplomu, 1992-ci ildə LE Diapazon D.OR Chant Du Monde, 2003-cü ildə Kembridj bioqrafik mərkəz tərəfindən diplom və medal təqdim edilmişdir.

Firəngiz xanımın yaradıcılığında uğurlar çoxdur. Almaniyanın məşhur “Sikorski” nəşriyyatı onu “müasir klassik musiqidə əhəmiyyətli müvəffəqiyyətlər qazanmış Şərq musiqi mədəniyyətinin ilk nümayəndəsi” adlandırır. Əsərləri Carnegie-hall (Nyu-York), Barbican (London), Het Concertgebow (Amsterdam), Palais-des-Beaux-Arts (Brüssel) kimi Avropanın və Amerikanın möhtəşəm zallarında, Mstislav Rostropoviç, Yo-Yo Ma, Evelin Qlenni, İvan Monigetti, Yulius Berger kimi dünya şöhrətli musiqiçilər, eləcə də Kronos Quartet (San-Fransisko), Collegium Novum (Surix), Continuum və New Juilliard Ensemble (Nyu York), Nieuw Ensemble (Amsterdam), Hilliard Ensemble və Filarmonik Orkestr (London), Berliner Philarmoniker (Berlin), Ensemble Modern (Frankfurt), La Strimpellata (Bern) və digər tanınmış kollektivlər tərəfindən ifa olunur. Musiqisi Xelsinki, Nyu-York, Berlin, Münxen və İstanbulun balet səhnələrində uğurla səslənir. Əsərlərindən ibarət 20 albom artıq işıq üzü görmüşdür. Dünyanın məşhur Sony Classical və Nonesuch Records səsyazma kompaniyaları onunla əməkdaşlıq aparır. Bütün bu  deyilənlər yalnız bəstəkar, pianoçu, dirijor və müəllim, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadənin deyil, Azərbaycanın mədəniyyət tarixinin səhifələrinə yazılan uğurlardır. Dövlətimiz  Firəngiz Əlizadənin əməyini yüksək qiymətləndirir, onu çoxsaylı mükafat və fəxri adlarla təltif edib: 1990-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 2000-ci ildə  Azərbaycanın xalq artisti, 2007-ci ildə «Şöhrət» ordeni,  2009-cu ildə «Uğur», 2012-ci ildə  «Zirvə» mükafatı .

Görkəmli bəstəkarın yaradıcılq irsi son dərəcə geniş və zənginidir. Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək olar. Demək olar ki, Firəngiz Əlizadə bütün janrlarda eyni coşqunluqla qələm çalmış novatorluğu və bədii cəhətdə yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlər yaratmışdır.

XXI əsr ümumdünya musiqi mədəniyyətinin görkəmli nümayəndəsi kimi, bəstəkarın yaradıcılığı hal-hazırda  zəmanəmizlə səsləşir, çünki onun əsərlərində əsas mövzu kimi insanın səadət və azadlıq uğrunda mübarizəsi öz əksini tapmışdır. İlkin mənbəsindən asılı olmayaraq, istər gerçək hadisələr, istər müxtəlif xalqlara və dövrlərə məxsus əfsanələr, istərsə də poeziya, bədii nəsr və dramaturji əsərlər olsun — adı çəkilən möhtəşəm mövzular bəstəkar üçün həmişə ən başlıca ilhamverici amil olmuşdur. Onun əsərlərində bu cür aktual tematikanın gözəl melodiyalar, orijinal və rəngarəng harmoniyalar, çox çalarlı orkestləşmə və forma kamilliyi ilə parlaq ifadəsi olan şah əsərlər sırasına aid etməyə tam hüquq verir və bu səbəbdən də onlar hər yerdə və hər zaman dinləyicilər tərəfindən şövqlə qarşılanır.

Firəngiz Əlizadənin istedadında dərin fəlsəfi fikir və incə psixologizm, musiqi surətlərinin dramaturji inkişafı və portert xasiyyətnamələrinin tutarlığı, lirik hissələrin məlahətli və ciddi ustalıq, musiqi dilinin anlaşılması və qüsursuz zövq üzvi şəkildə çarpazlaşır.

Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olub. Erkən yaşlarında musiqiyə olan böyük sevgisi onu ömürlük bu sənətə bağlayıb. 1965-ci ildə Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) fortepiano fakültəsinə daxil olur. Lakin bəstəkarlığa da böyük həvəs göstərir. Cövdət Hacıyevin, daha sonra Qara Qarayevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Firəngiz xanım uzun illər konservatoriyada bəstəkarın rəhbərliyi altında assistent kimi də çalışıb. Sonralar öz yaradıcılığında bu böyük bəstəkarın ənənələrini davam etdirib.

Firəngiz Əlizadənin yaradıcılığı geniş və çoxşaxəlidir. Pianoçu, bəstəkar, pedaqoq, musiqi təbliğatçısı, ictimai xadim kimi müstəsna xidmətlərə malikdir. Firəngiz xanım pianoçu kimi hələ gənc yaşlarından öz ifa texnikası, peşəkarlığı ilə seçilib. Bir çox bəstəkarların əsərlərinin ilk ifaçısı məhz Firəngiz xanım olub. Xarici ölkələrdə keçirilən festivallarda da məhz mahir pianoçu kimi iştirak edib.

Firəngiz xanım ilk əsərlərini məhz fortepiano üçün yazıb. Ümumiyyətlə isə bəstəkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb. Fortepiano sonatasının (1970), fortepiano ilə orkestr üçün konsertin (1972), simli kvartet (1974), simfoniya (1976), «Vətən haqqında nəğmələr» oratoriyası (N.Xəzrinin sözlərinə), violonçel ilə fortepiano üçün «Habilsayağı» (1979), orqan üçün fantaziya (1982), «Ağ atlı haqqında əfsanə» rok-operası (1985), «Üç akvarel» vokal silsiləsi (N.Rəfibəylinin sözlərinə), simli kvartet üçün «Dilogiya-1» (1988), «Dilogiya-II» (1989), «Boş beşik» (1993) baletinin, «Dərviş» (Nəsiminin sözlərinə, 2000) əsərinin, kinofilmlərə musiqi və s.-nin müəllifidir. Bir çox müasir musiqi festivallarında iştirak etmişdir (İtaliya, İsveç, Qərbi Berlin, Meksika, ABŞ, İngiltərə, Hollandiya). XX əsr bəstəkarlarından A.Şönberq, A.Berq, O.Messian, C.Keyc, A.Şnitke, E.Denisov, V.Silvestrov və başqalarının, həmçinin öz əsərlərini pianoçu kimi böyük ustalıqla ifa edir.

Xalqını, vətənini sevən bəstəkar onun mədəniyyətini təbliğ etməklə bərabər yaşayan tarixi şəraiti də öz əsərlərində əks etdirməyə çalışır. İlk dəfə 2007-cu ildə səhnəyə qoyulan “İntizar” operası da məhz bu qəbildəndir. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın librettosu əsasənda yazılan bu əsərdə Xeyir və Şər arasında daimi mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölüm, yaxın qonşuların xəyanəti, Azərbaycan təbiətinin gözəlliyi kimi fəlsəfi duyğular öz əksini tapır. Bu mövzular musiqi dili ilə vəhdət təşkil edir.

Bildiyimiz kimi, Firəngiz xanımın uzun illər xarici ölkələrdə yaşayıb işləmişdir. Bəstəkar 1993-1998-ci illərdə Türkiyədə, 1999-2006-cı illərdə isə Almaniyanın İncəsənət Akademiyasının dəvəti ilə Berlində yaradıcılıq ezamiyyətində olub. Bu illər ərzində Firəngiz Əlizadə həm bəstəkar pianoçu, həm də lektor kimi fəaliyyət göstərərək Azərbaycan musiqi mədəniyyətinin gözəl incilərini təbliğ edib. Hazırda Firəngiz xanım işlərinin çox olmasına baxmayaraq bu gön də öz fəaliyyətini davam etdirir.

Xalq artisti, “Şöhrət” ordenli, professor Firəngiz Əlizadənin fəaliyyəti yalnız bəstəkarlıqla məhdudlaşmır. Firəngiz xanımın bir ictimai xadim kimi də mədəniyyət tariximizdə layiqli yeri var. Firəngiz xanım 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 2007-ci ildə isə bu təşkilatın sədri seçilib.  O, milli musiqinin geniş təbliği istiqamətində Dövlət tərəfindən həyata keçirilən böyük layihələrin gerçəkləşməsində fəal rol oynayır. Son vaxtlar Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə keçirilən tədbirlər, milli musiqimizin inkişafına xidmət edən layihələr məhz Firəngiz xanımın ideyalarına əsaslanır. Bu ideyalar  milliliklə  müasirliyin əsl təzahürünü özündə əks etdirir və bu gün artıq Azərbaycanın musiqi həyatında geniş əks olunur, onun sələfləri tərəfindən davam etdirilir.

Muğam şifahi ənənəli professional musiqi janrı olmaqla bərabər, həm də düşüncə mənbəyimizdir. Odur ki, muğam sənəti müdrik və kamil insanların sayəsində inkişaf etmişdir. Bu cəhət muğamlarımızın ədəbiyaşarlığı yolunda həyata keçirilən layihələrdə öz əksini tapır. Belə layihələrdən son illərdə keçirilən «Muğam aləmi» Beynəlxalq muğam festivallarını və muğam ifaçılarının Beynəlxalq müsabiqələrəni  xüsusi qeyd etmək istərdim. Bütün bu tədbirlərin təşkilində, keçirilməsində Firəngiz Əlizadə yaxından iştirak etmişdir. Festivalların bədii tərtibatı məhz Firəngiz xanımın əməyinin məhsulu idi.

Muğam layihələri çərçivəsində 2005 və 2007-ci illərdə keçirilən muğam müsabiqələri yeni nəslin muğama bağlılığı sayəsində gənc muğam ifaçıları yetişdirdi. Bu müsabiqələr həm də muğam sənətinin ustadlardan gənclərə ötürülməsi yolunda mühüm bir addımdır.

2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilinə təsadüf edən, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Muğam festivalı milli musiqi irsimizin dünyaya tanıdılmasında tarixi hadisə, mədəniyyətimizin növbəti təntənəsi oldu. Martın 20-də Muğam Mərkəzində «Muğam aləmi» I Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimində Firəngiz Əlizadənin quruluşunda hazırlanan ədəbi-bədii muğam kompozisyası öz orijinallığı, yeni nəfəsi ilə diqqətləndi. Belə ki, unudulmaz sənətkarımız Bəxtiyar Vahabzadənin «Muğam» poemasından nümunələrin istifadə edilməsi ilə 7 muğam üzərində çox gözəl bir kompozisiya qurulmuşdu. Firəngiz Əlizadə kompozisiyanın sonunda muğama yeni ahəng gətirərək polifonik üslübdan istifadə etmişdir. İlk olaraq elektronik musiqinin müşayəti ilə səhnədə kainatın vizual görüntüsü əks olunmuşdur. Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin simvolizə etdiyi kimi Rast muğamı oxunarkən səhnədə kainatın cisimləri ağ fonda Venera, Şur oxunanda mavi fonda Yer, Segahda yaşıl fonda Ay, Cahargahda qırmızı fonda Mars, Bayatı Şirazda qızılı fonda Şüştərdə bənövşəyi fonda Pluton, Humayunda qara fonda Saturn planeti əks olunurdu.
Bütün bunlar tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılandı.

«Muğam aləmi» Beynəlxalq Muğam Festivalının bağlanışına həsr olunan qala-konsert də öz orijinallığı və rəngarəngliyi ilə indiyədək təşkil olunan bu kimi konsertlərdən tamamilə fərqlənmişdir. Firəngiz Əlizadənin bədii quruluş verdiyi konsertdə Azərbaycan musiqisinin əzəməti səhnədə əks olunan vizual görüntülərlə təmasa girərək möcüzəvi muğam dünyası barədə real təəssürat yaratmışdır. Bu zaman səhnədə avropa üslublu Azərbaycan musiqisi ilə milli musiqi bir-birinə ötürülürdü. Namiq Mənanın milli musiqi aləitimiz olan sazın müşayəti ilə iştirakçıları meyxana ilə səhnəyə dəvət etməsi böyük tarixə malik Azərbaycan folklorunun, mədəniyyətinin göstəricisi kimi daha orijinal alınmışdı. Tədbir həm də  Novruz bayramına təsadüf etdiyinə görə iştirakçılar səhnəyə əllərində bayram xonçaları ilə çıxmışdılar. Kompozisiyada  dahi Üzeyir bəyin musiqiləri də səslənmişdi.

2011-ci ildə keçirilən II muğam festivalında da Firəngiz Əlizadənin yeni ideyaları, yeni kompozisiyaları ilə  tamamilə fərqli bir şəkildə təqdim olunmuşdur.

Bü gun də  Firəngiz Əlizadə yorulmadan öz işini davam etdirir, yeni ideyalar, yeni konsepsiyalar axtarışındadır.

Hər bir əsərin yaradıcısı ilk növbədə layiqli vətəndaş olmalıdır ki, o, öz xalqının yaşantılarını sənətin dili ilə ifadə edə bilsin. Çünki sənət əsəri tarixin yaddaşına yazılır. Görkəmli bəstəkar, dünya musiqi aləmində təşkilatçı, bədii rəhbər, ifaçı-pianoçu, dirijor, dünya musiqi xəzinəsinə ən müxtəlif janrlarda forma və məzmun yeniliyi gətirən, musiqi təfəkkürünün mədəni mühitinə yeni ideyalar aşılayan, dünyada keyfiyyətcə yeni mədəniyyət fəlsəfəsi formlaşdıran Firəngiz Əlizadə şəxsiyyəti bu gün hər yerdə və hər zaman özünü bakılı Azərbaycan bəstəkarı kimi təqdim edir. Bir bəstəkar, yaradıcı fərd kimi FIirəngiz Əlizadəni içində yaşadığı xalqdan, dövlətdən ayırmaq mümkün deyildir. Bəstəkar öz zamanını, öz dövrünü yaratmaqdadır. Və deməli, aurasında olduğu musiqi təfəkkürünün mədəniyyət fəlsəfəsini də elə onun özü ərsəyə gətirir. Bu yazıda Firəngiz Əlizadənin sənət dünyasına səyahət edərək onun yaradıcılığının bəzi məziyyətlərindən söhbət açdıq. Əminik ki, bu zəngin yaradıcılığa hələ neçə-neçə yeni səhifələr əlavə olunacaq. “Şöhrət” ordenli, “Dünya artisti” titullu (YUNESKO-nun təltifi) Firəngiz Əlizadə haqqında Şərqdə və Qərbdə hələ çox kitablar yazılacaq, çox kitablar nəşr olunacaq. Çünki o, buna layiqdir, gördüyü böyük işlərə, əməllərə, yaratdığı təkrarsız musiqiyə görə!

Məqaləmi bu böyük sənətkarın öz fikirləri ilə yekunlaşdırmaq istəyirəm:  «Mən öz qarşıma məqsəd qoymuşam ki, dünya insanlarına bizim musiqimizi tanıdım. Və bu sözlərə sübut doğrudan da bizim musiqimizi dünyanın profesionalları dinləyəndə ən yüksək qiymət verirlər…  Məqsədim gənclərdə sənət aləminin hüdudsuzluğu və rəngarəngliyi təsəvvürü yaratmaqdır. Axı, dünyada eyni vaxtda estetik dünyagörüşü cəhətdən bir-birindən fərqlənən sənətçilər fəaliyyət göstərir. Bəzi əsərlər asan anlaşıldığı halda, digərləri böyük daxili mədəniyyət, intellekt tələb edir. Bax belə dinləyicilərə ünvanlanan elitar musiqi mütləq mövcud olmalıdır. Zənnimcə məhz o, incəsənəti irəli aparır, inkişaf etdirir….».

Firəngiz xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona həyat və yaradıcılıq yollarında uğurlar arzulayırıq.

 

Qulamova Jalə

Azərbaycan Milli  Konservatoriyasının
dosenti,  sənətşünaslıq namizədi