Ədilə Hüseynzadə – 95

Aprelin 28 Azərbaycan Bəstəkarlar İttifaqının Üz.Hacıbəyli adına konsert salonunda Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, respublikanın ilk qadın bəstəkarı olan Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Konsertə tanınmış incəsənət, elm və mədəniyyət xadimləri təşrif buyurmuşdur.

Ədilə Hüseynzadə Bül-bülün sinifində ifaçılıq dərsləri almış, Ü.Hacıbəylinin sonuncu və ən sevimli tələbələrindən olmuş və Ən əsası Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk Azərbaycanlı qadınıdır. Ü.Hacıbəylinin təşəbbüsü ilə «Arşın mal alan» operettası əsasında çəkilmiş bədii filmdə (1945) Asya rolunu ifa etmişdir. Bir qadın olaraq Ə.Hüseynzadə bütün bunları özündə məharətcəsinə ehtiva etmişdir.

Ədilə Hüseynzadənin yaradıcılıq yoluna nəzər salsaq görərik ki, o bir çox janrlarda əsərlər yaratmış simfonik poema simli kvartet, xor miniatürların müəllifidir. Lakin bəstəkarın yaradıcılığında kamera vokal əsərləri və xüsusən romans janrı ana xətt olaraq keçir. Məhz romanslarda bəstəkar özünü bütünlüklə realizə etmiş və o dövr Azərbaycan musiqisində bu janra az yer verilməsinə baxmayaraq özünəxas bir üslub yaradaraq Ə.Hüseynzadənin romansları professional musiqimizdə iz qoymuşdur. Bu romanslarda bəstəkar çəkinmədən həm klassik, həm də müasir şairlərin poeziyasına müraciət etmişdir. Biz onun yaradıcılığında Nizami, Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin sözlərinqə yazılmış gözəl romans və mahnılara rast gəlirik. Bəstəkarın öz vokal janrında belə zəngin poeziya nümunələrinə müraciət etməsi onun peşəkar bir ifaçı olaraq mahnı janrının sirrlərinə dərindən yiyələnərək onun incəliklərinə varmaq imkanı ilə əlaqədardır. Bəstəkar öz romanslarını incə bir zövqlə və əsl sənətkar qələmi ilə bəstələmişdir.

Ədilə Hüseynzadə bəstəkarlıq yaradıcılığı ilə paralel olaraq həm də gözəl səs malik olan vokal ustası kimi də musiqi tariximizdə iz qoymuşdur.

Pedaqoji fəaliyyətinə gəldikdə isə Ədilə xanım uzun illər Bül-bül adına orta ixtisas musiqi məktəbində «bəstəkarlıq» fənnindən dərs demişdir.

Bir qadın simasında həm rofessional bəstəkar, həm də gözəl vokal ifaçısı, həm də istedadlı pedaqoq cəmlənmişdir.

Bu qadın bəstəkar siması indiyədək davam edir. Bizim Adı çəkilən bir çox qadın bəstəkarlarımız var. Lakin bunun bariz nümunəsi olan ilk bəstəkarlıq addımlarında Ə.Hüseynzadədən dərs alan və Azərbaycan musiqisini dünyaya tanıdan Azərbaycan xalq artisti F.Əlizadədir. Məhz F.Əlizadənin rəhbərliyi altında Ə.Hüseynzadənin 95 illik yubileyinin onun sədr olduğu Azərbaycan Bəstəkarlar İttifaqında keçirilməsi təsadüfi deyil. Məhz F.Əlizadə Azərbaycan musiqisinin keçmişini qoruyub saxlayır və gələcəyə doğru addımlamasını təmin edir. F.Əlizadə yeni bir bəstəkar qadın simasını yaratmışdır o həm də ictimai xadimdir.

 

Əliyeva Lətifəxanım
Sənətşünaslıq üzrə fəlsəfə doktoru