“İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)


Firəngiz Əlizadə

Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun Sülh artisti

Əziz musiqisevərlər, hörmətli festival iştirakçıları!


Artıq gözəl bir ənənəyə çevrilən “İpəkYolu” Beynəlxalq Musiqi Festivalı indiyə qədər yalnız Bakı və Şəki şəhərlərində keçirilirdi. Bu il isə festivalımız ilk dəfə olaraq öz coğrafiyasını genişləndirir və qapılarını qədim mədəniyyət beşiyimiz olan Gəncə şəhərində açır. İnanıram ki, 1, 2 və 3 iyul tarixlərində baş tutacaq builki festival Gəncənin bənzərsiz mühitində özünə məxsus iz qoyacaqdır.

 

Bu ilin festival proqramı Azərbaycan Bəstəkarlar İttifaqı, Gəncə Şəhər İcra Hakimiyyəti və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdir. Filarmoniyanın direktoru, Xalq artisti Aygün Səmədzadənin rəhbərliyi ilə göstərilən yüksək təşkilati dəstək və ev sahibliyi festivalın uğurla reallaşmasında mühüm rol oynayır.

1 iyul tarixində festivalın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Böyük zalında Xəyal Qəhrəmanovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestrinin möhtəşəm konserti və təntənəli açılış mərasimi ilə start götürməsi bu musiqi bayramına xüsusi bir rövnəq verəcəkdir.

Bu ilki proqramımız bədii baxımdan həmişəki kimi zəngindir.
Tamaşaçılarımız festival çərçivəsində Mir Cəlal Paşayev Ev Muzeyində Gəncə şəhərinin ziyalıları və musiqisevərləri ilə təşkil olunacaq səmimi görüşlərdə iştirak edə biləcək, həmçinin Çin Xalq Respublikasından gəlmiş Zhejiang (Çjetszyan) Opera sənəti an samblının unikal çıxışları, Qırğızıstan Respublikasının“Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblının və Türkiyənin Trabzon Xalq Rəqsləri Ansamblının zəngin irsi ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Proqramın ən maraqlı məqamlarından biri, Qaqauziya (Moldova) vokalçısı Natali Dənizin
Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblı ilə eyni səhnəni bölüşməsidir.

Festivalın təntənəli bağlanış mərasimi isə xüsusilə yadda qalan olacaqdır. Belə ki, Gəncə Dövlət Filarmoniyasının Yay zalında keçiriləcək bağlanış günündə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı səhnədə yer alaraq, sənətsevərlərə unudulmaz anlar yaşadacaqdır. Ümumilikdə, beynəlxalq statuslu xarici musiqiçilərin çıxışları ilə yanaşı, Gəncə Dövlət Filarmoniyasının öz musiqiçilərinin, Xalq Çalğı Alətləri Orkestrinin və yaradıcı kollektivlərinin təqdim edəcəyi xüsusi konsertlər festivala ayrı bir rəng qatacaqdır.

Bu musiqi şöləsi, qədim Gəncənin tarixi ruhu ilə sənətin sehrini birləşdirərək hər birimizin qəlbində unudulmaz izlər buraxacaq. Gəlin, qəlbləri dostluq və mədəniyyətlə birləşdirən bu möhtəşəm musiqi bayramının sədaları altında eyni həyəcanı, eyni sevinci birlikdə paylaşaq!