“İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı - Məqalələr

Şəki, 4 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının son akkordları çalındı və yubiley festivalı demək olar ki, tarixə qovuşdu. Festivalımız bu dəfə də yüksək səviyyədə keçdi. Yubiley festivalına dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operası ilə başladıq və yekun konsertində TÜRKSOY-a daxil olan ölkələrin musiqiçiləri öz məharətlərini yüksək səviyyədə nümayiş etdirdilər. Onları Qazaxıstandan gələn estrada simfonik orkestri müşayiət etdi. Konsertdə mahnılar da səsləndi, solo ifalar və rəqslər də oldu. Konsert türk xalqlarının mədəniyyətinin zənginliyini bir daha nümayiş etdirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun Sülh artisti Firəngiz Əlizadə festivalın bağlanış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Festivalın yüksək səviyyədə keçməsinə görə şəkililərə, bu işdə əməyi olan insanlara minnətdarlığını bildirən F.Əlizadə deyib: “10 il ardıcıl belə gözəl festivalı keçirmək yüksəksəviyyəli təşkilatçılıq tələb edir. Biz bunların hamısını – yüksək qonaqpərvərliyi, mədəniyyəti Şəkidə gördük. Bütün şəkililərə təşəkkür edirəm və ümidvaram ki, biz yenə görüşəcəyik”.

İyunun 29-dan iyulun 3-dək Şəkidə “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında təşkil edilmiş mətbuat konfransında festivalın bədii rəhbəri, ittifaqın sədri, Xalq artisti, UNESKO-nun Sülh artisti, professor Firəngiz Əlizadə festivala hazırlıqla bağlı geniş məlumat verib.
Bildirib ki, Mədəniyyət Nazirliyinin və habelə Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda çoxsaylı qonaqların iştirakı gözlənilir. Festivalda Azərbaycanı və digər ölkələri təmsil edən istedadlı musiqiçilər çıxış edəcəklər.
“Bu il artıq Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı öz 10 illik yubileyini qeyd edir. Əsrarəngiz sənət aləmi ilə dinləyiciləri daim valeh edən, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək. Azərbaycan Bəstəkarlar İttifaqı bu il ikiqat yubiley sevinci yaşayır. Bəstəkarlarımız və musiqişünaslarımız böyük ruh yüksəkliyi ilə təşkilatımızın yaranmasının 85 illiyinə hazırlaşırlar”, – deyə Firəngiz Əlizadə vurğulayıb.
Qeyd edilib ki, 2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlamətdardır. Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verib. Bununla əlaqədar olaraq festival günlərində “Nəsimiyə ithaf” vokal-xoreoqrafik kompozisiyası nümayiş olunacaq və Şəki Musiqi Kollecində “Nəsimi mövzusunun Azərbaycan bəstəkarlarının əsərlərində təcəssümü”nə həsr edilmiş dəyirmi masa keçiriləcək.
Ötən illər ərzində festivalın əks-sədasının müxtəlif ölkələrə yayılaraq ildən–ilə daha çox pərəstişkarları cəlb etdiyini bildirən F.Əlizadə deyib ki, bu musiqi bayramının coğrafiyası xeyli genişlənib: “Həmişə olduğu kimi yenə də qardaş Türkiyənin və TÜRKSOY-a daxil olan ölkələrin musiqi kollektivləri qonağımız olacaq. Bu dəfə Qazaxıstanın estrada-simfonik orkestri maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirəcək. Rusiyadan və Macarıstandan dəvət olunmuş kollektivlər festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirəcəklər”.
Xalq artisti məlumat verib ki, ilk festivalda olduğu kimi ənənəvi olaraq 10-cu yubiley proqramı da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının məşhur Yuxarı Karvansaray tarixi memarlıq abidəsi fonunda tamaşası ilə bağlayacaq. Azərbaycan musiqisi – muğam operasından tutmuş kamera-instrumental əsərlərədək ən müxtəlif janrlarda təmsil olunacaq.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın yüksək səviyyədə keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Macarıstanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Mixalu Qruber, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin və Xalq rəssamı Arif Hüseynov “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının ən yüksək səviyyədə keçəcəyinə əminliklərini ifadə ediblər.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu gün, həmçinin Bəstəkarlar İttifaqında “Nəsimiyə ithaf” layihəsi üzrə Nəsiminin qəzəllərinə yazılmış musiqi əsərlərindən ibarət konsert və Xalq rəssamı Arif Hüseynov rəsm əsərlərinin sərgisi də təşkil ediləcək.

Hər il Şəkidə məkan alan “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı bu il yubileyini qeyd etməyə hazırlaşır. İyunun 29–dan iyulun 3-dək keçiriləcək festivala qardaş Türkiyənin və TÜRKSOY-a daxil olan dövlətlərin, Rusiya və Macarıstanın heyətləri dəvət alıb. Bu il festival ərəfəsində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Nəsimiyə ithaf” layihəsinin birinci tədbiri olan gözəl bir musiqi axşamı təşkil edildi.

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu il ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilib. Azərbaycan Bəstəkarlar İttifaqı da “Nəsimi ili”nə öz maraqlı yaradıcılıq töhfəsini verərək uğurlu layihələr gerçəkləşdirməkdədir. “Nəsimiyə ithaf” da bu qəbildən olan layihələrdəndir.

Musiqisevərlərin və professionalların Üzeyir Hacıbəyli adına konsert salonunda kamera mühitində həzin yaradıcı ab-havada gənc bəstəkarların Nəsimiyə musiqi ithaflarını dinləməsi hər kəsə xüsusi zövq verirdi. Belə ki, XIII əsr Şərq klassikinin əsasən vokal və kamera musiqi aləmində çözülmüş fərqli surətləri ən yetkin klassik musiqi ifaçılarımızın və ittifaqın nəzdində simli kvintetin ifasında ilkin səslənməsində öz ifadəsini tapdı.

Konsert Azərbaycan klassik musiqisinin şah əsərləri – Niyazinin “Rast” simfonik muğamının violin ilə fortepiano dueti üçün işlənməsi (beynəlxalq müsabiqə laureatları pianoçu Fəqan Həsənli, violinçi Süleyman Əyyubovun ifasında) və Ü.Hacıbəylinin “Cəngi” miniatürü (F.Həsənlinin ifasında) ilə haşiyələnmişdi. Bu kimi klassik körpü arasında gənc bəstəkarların Nəsimi qəzəllərinə olan musiqi ithafları məmnuniyyətlə dinlənildi.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin tələbəsi Vüqar Məmmədzadənin (bəstəkar Aydın Əzimovun sinfi) bariton və fortepiano üçün bəstələdiyi “Hardasan” vokal əsəri dahi şairin qəzəlinin ənənəvi şüştər-çahargah məqamlarına əsaslanan ehtiraslı lirik obrazda və müəyyən opera-deklamatik çalarlarla həzin ifası ilə (beynəlxalq müsabiqə laureatları vokalçı Rza Xosrovzadənin ifası və pianoçu Fuad Əlizadənin müşayiətilə) yadda qaldı.

Eyni formanı – yəni bariton-fortepiano duetini təqdim edən növbəti vokal ithaf Aysel Əzizovanın “Dünya duracaq yer deyil…” əsəri oldu. Əsər Rza Xosrovzadə və beynəlxalq müsabiqələr laureatı Firuzə Nəcəflinin ifalarında səsləndi.

Kəmalə Əlizadənin “Nəsimi-qəzəl” bəstəsində Əməkdar artist Fəridə Məmmədova (soprano), beynəlxalq müsabiqələr laureatları – Ümidə Abbasova (I violin), Süleyman Əyyubov (II violin), Humay Hacızadə (viola), Nicat Bağırov (kontrabas) və Əməkdar artist Əyyub Əliyevin ifasında simli kvintet, eləcə də Əməkdar artistlərdən ibarət muğam üçlüyü – Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança) və Soltan Əliyev (nağara) səhnəyə buyurub, mürəkkəb bəstə təqdim etdilər. Müəllifin özü fortepiano arxasında müşayiət edərək, əvvəl neoklassik ünsürlü müqəddimə ifa edib, sonra sözü məharətli soprano-müğənni Fəridə Məmmədovanın ifasında geniş melodik partiyaya verərək, qəzəlin sətirlərini şur modal əsaslı ekspressiv vokal ifada ahəngləşdirdi.

Sara Dilrubanın “Heyran olmuşam” əsəri də qismən ənənəvi-klassik qavranılan poetik şərq vokal miniatürləri ovqatını daşıyırdı. Beynəlxalq müsabiqələr laureatları – Ruslan Persan (bariton), Nərmin İsgəndərova (piano), Seyid Talıbov (qaval) və Əyyub Əliyevin (violonçel) ifasında səslənən bu əsər də ənənəvi lirik əsərlər xəttini tamamladı.

Konsertin vizual effektli – dövrə mənsub geyim və milli tembrlər seçiminə əsaslanan və Nəsimi şeiriyyətinin ilhamlı obraz aləmini açan nömrəsi gənc bəstəkar İlahə İsrafilovanın – “Mədhi Əhəd” adlanan mürəkkəb heyət və musiqi inkişafına malik bəstəsi idi. Rza Xosrovzadə (tenor), Kamran Talıblı (fleyta), Şahin Məmmədov (klarnet), Mahmud Salah və Ağarəhim Salah (zərb alətləri), Fəqan Həsənli (piano), Ümidə Abbasova (violin), Əyyub Əliyev (violonçel) – bu milli üslub ilə müasir bəstəkar texnikasında yazılmış kompozisiyanın məharətli ifasını təqdim etdilər.

Nəsimi poeziyasının daha bir maraqlı, Qərb çalarlı çözməsi Tural Məmmədlinin “Məndə sığar iki cahan” əsərində – Ülkər Əliyeva (soprano), Kamran Talıblı (fleyta), Toğrul Məmmədli (valtorna), Tural Məmmədli (müəllif – piano) və adı çəkilən simli kvintetin ifasında öz yeni müasir çalarlı ifadəsini tapdı.

Nəsimi qəzəllərinə yazılmış musiqi və Xalq rəssamı Arif Hüseynovun “Nəsimi dünyası” rəsm silsiləsi konsertin obrazlılığını daha da artırır, onun gedişatını daha da yaddaqalan və həmahəng edirdi. Ümumiyyətlə, musiqi ilə rəngkarlıq, musiqi və heykəltəraşlıq kimi sənətlər vəhdəti “İpək Yolu” festivalında təşkilatçıların hər zaman istiqamətləndiyi bariz duyulan bədii təmayüllərdəndir. Belə bir kreativ ovqat “İpək Yolu” festivalının əlamətdar təqdimatına gözəl və ilhamlı, gənclik nəbzi ilə zəngin bir başlanğıc təşkil etdi.

İyunun 29-da Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı başlayıb.
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstanın, həmçinin Azərbaycanın tanınmış musiqi və teatr kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın təntənəli açılış mərasimi “Yuxarı Karvansaray” mehmanxana kompleksində keçirilib.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, onun artıq “festivallar şəhəri” kimi tanındığını bildirib. Qeyd edilib ki, hər il bu şəhərdə keçirilən beynəlxalq festivallarda dünyanın bir çox xarici ölkələrindən gəlmiş musiqi kollektivləri, sənətçilər iştirak edirlər. “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı isə Şəkinin mədəni həyatında çox böyük hadisədir. Festivallar Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır.
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq onuncu dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib. Firəngiz Əlizadə deyib: “Bu il Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı artıq 10 illik yubileyini qeyd edir. Əsrarəngiz sənət aləmi ilə dinləyiciləri daim valeh edən, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək”.
Bəstəkarlar İttifaqının sədri bildirib ki, ilk festivalda olduğu kimi, ənənəvi olaraq 10-cu yubiley festivalının proqramı da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Yuxarı Karvansaray” tarixi memarlıq abidəsinin fonunda tamaşası ilə başlanır. “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək bu festival yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq”, – deyə o bildirib.
Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası açıq havada nümayiş olunub. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tamaşada Leyli obrazını Rəvanə Əmiraslanlı, Məcnun obrazını isə Əməkdar artist Elnur Zeynalov canlandırıblar. Operada, həmçinin Dövlət Akademik Opera və Balet Teatrının xoru və solistləri iştirak ediblər.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan operanın sonunda Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə quruluşçu-rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyevə “Üzeyir Hacıbəyli” medalını, həmçinin kollektivə festivalın simvolunu təqdim edib.
Festival çərçivəsində iyunun 30-da günorta saatlarında Şəkinin folklor ansamblının konserti olacaq.

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 30-da axşam saatlarında Səki Dövlət Dram Teatrında sənətsevərlərə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Nəsimiyə ithaf” musiqili tamaşası təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertin əvvəlində bu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar əlamətdar olduğu qeyd edilib. Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verdiyi vurğulanıb.
Qeyd edilib ki, Firəngiz Əlizadənin İmadəddin Nəsimiyə həsr etdiyi musiqili tamaşası xüsusi olaraq UNESKO-nun Tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin yubileyləri Proqramı üçün hazırlanıb. Tamaşa 2017-ci ilin mayında təşkilatın Parisdəki Baş Qərargahında şairin ölümünün 600 illiyinə həsr olunan tədbirdə böyük uğurla təqdim olunub.
Bəstəkarın “Dərviş” və “Muğamsayağı” instrumental əsərlərinin musiqisinə əsaslanan, klassik Avropa və milli Azərbaycan musiqi alətlərinin səsləndirilməsi ilə müşayiət olunan əsərdə xanəndənin ifası ilə tamaşaçılara çatdırılan Nəsiminin səsi onun ən məşhur şeirləri vasitəsilə insanı, onun qüdrətini və mənəvi gözəlliyini vəsf edir. Parlaq və mənzərəli tamaşa Xeyir və Şərin mübarizəsini, yüksək humanist prinsiplərin bərqərar olunmasını nümayiş etdirir. Firəngiz Əlizadənin musiqili teatr kompozisiyası muğam və müasir bəstəkarlıq vasitələrinin uzlaşması, xanəndənin ifası və rəqslərin sintezini ustalıqla təcəssüm edir.
“Nəsimiyə ithaf” səhnə əsəri 2018-ci ildə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı və həmin il VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində də təqdim olunub.
Səhnədə Nəsiminin surəti görünür. Sufi şair və mütəfəkkir Nəsimi mələklərlə əhatə olunub. Sanki gözəlliyi, işıqlı və saf qüvvələri təcəssüm etdirən bu obrazlar onlara qarşı çıxan qaranlıq və zalım qüvvələrlə mübarizə aparırlar. Bu qarşıdurmaya Şair də cəlb olunur və nəticədə qeyri-bərabər mübarizə Nəsiminin faciəvi ölümü ilə bitir.
Tamaşada nüfuzlu beynəlxalq festival və konsertlərdə iştirak edən ifaçılar, Prezident təqaüdçüləri, beynəlxalq müsabiqələrin laureatları çıxış ediblər.
Tamaşanın xoreoqrafiya quruluşu Əməkdar artist, baletmeyster Nailə Məmmədzadənindir. Nəsimi obrazını Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Prezident təqaüdçüsü Anar Mikayılov canlandırıb. Xoreoqrafik səhnələrdə Əməkdar artist Alsu Gimadiyeva və Dinarə Yenəliyeva “mələklər”i, Əməkdar artist Fərid İbrahimov və Rüfət Şəfiyev “qara gücün qüvvələri”ni oynayıblar. Tamaşada Nəsiminin səsini Xalq artisti, xanəndə Teyyub Aslanov ifa edib.
Uğurla başa çatan tamaşanın sonunda Bəstəkarlar İttifaqının sədri, tamaşanın müəllifi Firəngiz Əlizadə kollektivə festivalın rəmzi simvolunu təqdim edib.
Festivalın proqramına uyğun olaraq iyulun 1-də axşam Heydər Əliyev Mərkəzində Macarıstanın “Kerekes band” instrumental qrupunun konserti olacaq.

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 30-da Heydər Əliyev Mərkəzində Şəki Folklor Ansamblının konserti olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl məlumat verilib ki, Şəki Folklor Ansamblı 2017-ci ildə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun təşəbbüsü ilə yaranıb. Ansamblın üzvləri müxtəlif qədim milli xalq çalğı alətlərində – tar, ud, çəqanə, kamança, topuz, baş tar, qanun, nağara, balaban və digər alətlərdə ifa edirlər. Ansambl ilk dəfə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edib. Kollektiv daha sonra İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş yubiley tədbirində, həmçinin dövlət əhəmiyyətli bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.
Konsertin sonunda ansambla festivalın rəmzi simvolu təqdim olunub.
Festivalın proqramına uyğun olaraq, iyunun 30-da axşam Şəki Dövlət Dram Teatrında Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” vokal-xoreoqrafik kompozisiyası nümayiş olunacaq.

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının üçüncü günü axşam tamaşaçılara Macarıstanın “Kerekes Band” instrumental qrupunun konsert proqramı təqdim olunub.
Heydər Əliyev Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, tədbirin qonaqları, eləcə də musiqisevərlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertin əvvəlində qrupun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, “Kerekes Band” Macarıstanın özünəməxsus innovativ janr üslubunda çıxışları ilə seçilən musiqi qrupudur. Pop musiqinin müxtəlif cərəyanlarını – caz, rok, fank, psixodelik və elektron janrları öz ifalarında əks etdirən qrup onları Macarıstanın xalq musiqisi və qədim ənənələri ilə ustalıqla birləşdirir. Qrup öz ifalarında müasir elektron musiqi aləti və vasitələri ilə yanaşı, ənənəvi macar xalq çalğı alətlərindən də istifadə edir. Belə ki, qrupun əsas musiqi nömrələrini udun “kiçik qardaşı” sayılan koboz ifa edir.
Diqqətə çatdırılıb ki, “Kerekes Band” qrupunun yaranması Jombor (fleyta, furulya, enek) və Viktor Feher (zərb alətləri) qardaşlarının adları ilə bağlıdır. Folklor nümunələrini toplamaq məqsədilə 1995-ci ildə Macarıstanın bölgələrini gəzən bu gənc musiqiçilər ölkələrinin qədim və zəngin ənənəvi xalq musiqisinə əsaslanaraq ansambl yaradıblar. Sonralar instrumental qrup öz tərkibinə yeni musiqiçilər cəlb etməklə konsert repertuarını daha da zənginləşdirməyə və təkmilləşdirməyə müvəffəq olub.
Parlaq və dinamik çıxışları ilə fərqlənən bu instrumental kollektiv 2003-cü ildə Macarıstanın “Birinci qrupu” adına layiq görülüb. Kollektiv bir sıra xarici ölkələrdə Macarıstanın musiqi sənətini uğurla təcəssüm etdirib. Nüfuzlu beynəlxalq festivalların iştirakçısı olan “Kerekes Band” qrupunun indiyədək 8 musiqi albomu işıq üzü görüb.
“Kerekes Band” instrumental qrupunun təqdim etdiyi musiqilər tamaşaçıların ürəyincə olub. Qrup üzvlərinin Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbovla (ud) birlikdə ifa etdikləri “Sarı gəlin” xalq mahnısı isə musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Konsertin sonunda kollektivə festivalın simvolu təqdim edilib.
Festivalın proqramına uyğun olaraq, iyulun 2-də axşam saatlarında Marxal gölünün kənarında Rusiyanın “No İndifference” instrumental kvintetinin konserti olacaq.

Şəkidə davam edən “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 2-də axşam saatlarında musiqisevərlərə Rusiyadan gəlmiş “No Indifference” instrumental kvintetinin konserti təqdim olunub.
Təbiət qoynunda füsunkar bir guşədə, Marxal gölünün kənarında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, musiqisevərlər, həmçinin “Marxal” istirahət kompleksində dincələn yerli və xarici qonaqlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertin əvvəlində qrupun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, “No Indifference” instrumental kvinteti 2008-ci ildə Rusiyanın Tver Akademik Filarmoniyasının solistləri Maksim Salnikov (bayan), Yelena Jdanova (violin), Tatyana Nikolayenko (gitara), Vitali Barmenkov (kontrabas) və Aleksandr İppolitov (zərb alətləri) tərəfindən yaradılıb. Kvintetin yaradılmasında əsas məqsəd Tver şəhərinin sakini, bayan ifaçısı Boris Tixonovun ifaçılıq ənənələrini saxlamaq və yaradıcılığını təbliğ etmək olub.
Hazırda kvintetin repertuarı rus və Avropa bəstəkarlarının müxtəlif musiqi janrlarından ibarət klassik əsərləri, caz improvizasiyaları, həmçinin sovet estrada mahnıları, rəqslər və dünya xalqlarının melodiyaları ilə zəngindir. Kollektivin ifa etdiyi musiqi nömrələrinin aranjemanını musiqiçilər özləri tərtib edirlər. Parlaq tembrlər, yüksək peşəkarlıq, geniş repertuar tamaşaçıları daim “No Indifference” kvintetinin konsertlərinə cəlb edir. Kollektivin bir sıra estrada proqramları Tver Filarmoniyasının vokalçıları ilə birgə hazırlanıb. İnsanlara sevinc və gözəl əhval-ruhiyyə bəxş etmək instrumental kvintetin yaradıcılıq kredosudur. Son vaxtlar kvintetin yeni layihələrinə peşəkar rəqqaslar da dəvət olunur və bu, konsertləri daha da rəngarəng edir.
Kvintetin bədii rəhbəri bayan ifaçısı Maksim Salnikovdur.
Konsert zamanı “No Indifference” instrumental qrupunun üzvlərinin təqdim etdikləri şən musiqi nömrələri tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş edib. Kollektivin ifa etdiyi vətənpərvərlik ruhunda yazılmış mahnılar, Piatsolonun məşhur “Tanqo”su, həmçinin görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək rəngarəng konsert proqramına görə kollektivə təşkilatçılar adından minnətdarlığını bildirib.
Musiqi qrupuna festivalın simvolu təqdim olunub.

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 3-də Şəki Dövlət Regional Kollecində “Nəsimi mövzusu Azərbaycan bəstəkarlarının əsərlərində” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə kollecin pedaqoji kollektivi, Azərbaycan bəstəkarları və musiqişünaslar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kollecin tələbələrinin Nəsimi yaradıcılığına həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan dəyirmi masada şairin həyatı, onun əsərlərində əks olunan fəlsəfi düşüncələr, Azərbaycan bəstəkarlarının müxtəlif vaxtlarda Nəsimi mövzusuna müraciət etmələri barədə müzakirələr aparılıb.
Dəyirmi masanı kollecin direktoru Sərdar Şərifov açaraq, Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının tədbirlərindən birinin bu təhsil ocağında keçirilməsinin artıq bir ənənəyə çevrildiyini bildirib.
Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək, 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlamətdar olduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verib. Bununla əlaqədar olaraq builki festivalın proqramına Nəsimi mövzusuna həsr olunan tədbirlər də daxil edilib.
Dəyirmi masada Bəstəkarlar İttifaqının baş məsləhətçisi, musiqişünas Sevda Hüseynovanın “Nəsimi ili” ilə əlaqədar Bəstəkarlar İttifaqında keçirilən tədbirlər haqqında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lətifəxanım Əliyevanın “Firəngiz Əlizadənin “Nəsimi Passion” əsəri”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Şirinovanın Fikrət Əmirovun yaradıcılığında Nəsimi mövzusu”, Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi mövzusu”nda məruzələri dinlənilib.
Bildirilib ki, Azərbaycan Bəstəkarlar İttifaqı “Nəsimi ili”nə öz töhfəsini verərək, bu il bir sıra uğurlu layihələr həyata keçirir. Ötən ilin sonlarından etibarən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə “Nəsimiyə ithaf” adlı yeni layihəyə start verilib. Gənc bəstəkarlarda Nəsimi irsinə maraq oyadaraq, onlara şairin qəzəllərindən istifadə etməklə müxtəlif alətlər üçün yeni kamera-instrumental əsərlərin yazılması təklif olunub. “Nəsimi ili” ilə əlaqədar apreldə Bəstəkarlar İttifaqında iki günlük elmi konfrans keçirilib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Nəsimi-romans” müsabiqəsi təşkil edilib.
Qeyd olunub ki, Bəstəkarlar İttifaqının “Nəsimi ili” ilə əlaqədar tədbirləri bu ilin sonunadək davam edəcək.
Dəyirmi masanın sonunda kollecin tələbələrinin ifasında Nəsiminin qəzəllərinin yer aldığı konsert proqramı təqdim olunub.

Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 29-da başlanan Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.
Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 3-də axşam “Marxal” istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, həmçinin TÜRKSOY-un rəsmiləri, musiqisevərlər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində TÜRKSOY ölkələrindən olan musiqiçilərin iştirakı ilə Qazaxıstan estrada-simfonik orkestri konsert proqramı ilə çıxış edib. Dirijor Qazaxıstanın Əməkdar artisti Kanat Axmetovdur.
Məlumat verilib ki, Qazaxıstanın qərb bölgəsini təmsil edən estrada-simfonik orkestri 2010-cu ildən fəaliyyət göstərir. Orkestrdə ölkənin bir çox musiqi təhsili ocaqlarının – Kurmanqazi adına Qazaxıstan Milli Konservatoriyası, T.Jurgenev adına Musiqi Akademiyası, A.Jubanova adına Respublika Musiqi Məktəbi, M.Ütemisov adına Qərbi Qazaxıstan Dövlət Universiteti, Kurmanqazi adına Ural Musiqi Kollecinin məzunları çıxış edirlər.
Orkestrin formalaşması və inkişafına Qazaxıstanın Əməkdar incəsənət xadimi, simfonik orkestrin baş dirijoru A.Şevelev böyük töhfə verib. Hazırda bu kollektivə Ş.Qazqaliyev adına III Respublika Dirijorları müsabiqəsinin laureatı Asxat Xasanov rəhbərlik edir.
Bildirilib ki, orkestrin repertuarına Qazaxıstan bəstəkarlarının, həmçinin rus və dünya klassik musiqi əsərlərindən ibarət 280-dək əsər daxildir. Orkestr ölkədaxili və xarici sənətkarlarla sıx əlaqə qurub və birgə konsert proqramlarında uğurla çıxış edir. Mütəxəssislərin ixtisaslarını artırmaq məqsədilə hər il tanınmış dirijorların iştirakı ilə ustad dərsləri keçirilir, sonda konsert proqramları təşkil olunur.
Konsertdə orkestrin solistləri Qazaxıstanın Əməkdar incəsənət xadimi Janılsın Xasanova, dombra ifaçısı Akılbek Bektaşov, kobız ifaçıları Aksamal Kanatkaliyeva, Ernar Ömirəli, Qırğızıstandan Aksaibek Mukambet Uulu, Türkiyədən Yılmaz Demirtaş, Azərbaycandan Rüstəm Müslümov və Ərəstun Quliyevin təqdim etdikləri musiqi nömrələri, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun “Sülh artisti” Firəngiz Əlizadəyə, festivalın bağlanış konsertinin təşkilinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un baş katibi Düsen Kaseinova minnətdarlığını bildirib.
Qazaxıstan estrada-simfonik orkestrinin dirijoru Kanat Axmetova, həmçinin Firəngiz Əlizadə və Düsen Kaseinova şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu təqdim olunub.
Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

“Böyük İpək Yolu” bizim türk mədəniyyətinin paytaxtları elan etdiyimiz qədim tarixi şəhərlərdən keçir. Bu şəhərlər arasında mirvariyə bənzəyən sevimli Şəkimiz də var. Yüksək notlarla başa vurduğumuz Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı yalnız türk dünyasına deyil, bütün dünyaya bu gözəl şəhəri, onun sakinlərini, ümumilikdə, Azərbaycanı yaxından tanımaq imkanı verdi. Biz TÜRKSOY olaraq, hələ 2016-cı ildə Şəkini “Türk dünyasının mədəniyyət paytaxtı” elan etməklə bu gözəl şəhərin tanıdılmasına öz töhfəmizi vermişik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri TÜRKSOY-un Baş katibi Düsen Kaseinov festivalın bağlanış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Baş katib bildirib ki, Şəki özünəməxsus xüsusiyyətlərə, yüksək mədəniyyətə, ecazkar təbiətə, qonaqpərvərliyə, dadlı mətbəxə və digər keyfiyyətlərə malikdir. “Şəki beynəlxalq tədbirlərin, festivalların keçirilməsi üçün çox gözəl məkandır. Mən bütün şəkililəri, eləcə də Azərbaycan xalqını bu gözəl mədəniyyət bayramı münasibətilə bir daha təbrik edirəm”, – deyə Düsen Kaseinov bildirib.