Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 10-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunmuş anim tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda keçirilən tədbirə bütün ömrünü müstəqil Azərbaycanın tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin əziz xatirəsini yad etmək üçün respublikanın musiqi mədəniyyətinin tanınmış nümayəndələri, bəstəkarlar və musiqişünaslar toplaşıblar.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti professor Firəngiz Əlizadə ulu öndər Heydər Əliyevin fəaliyyətinin müasir Azərbaycan Respublikasının taleyində əvəzedilməz rol oynadığını xüsusilə qeyd edib. O, həmçinin respublikanın milli mədəniyyətinin “qızıl əsr”inin, musiqimizin korifeyləri – Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin və digərlərinin yazıb-yaratdığı dövrün məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Sonra ulu öndər, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videolent nümayiş olunub.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyi tərəfindən məruzələr təqdim edilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə ulu öndər, ümummilli lider Heydər Əliyevə həsr etdiyi “İthaf” əsərinin yaranma tarixi haqqında məlumat verib və həmin əsərin 2004-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının təmirdən sonra təntənəli açılış konsertində, zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında lent yazısının nümayiş edildiyini söyləyib.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi professor Zemfira Qafarovanın “Azərbaycan bəstəkarlarının Heydər Əliyevə həsr olunmuş simfonik əsərləri”, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi professor Cəlal Abbasovun “Son illərdə Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda yazılmış yeni əsərləri” və Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru professor Cəmilə Həsənovanın “Heydər Əliyev Fondunun musiqi layihələri və bu layihələrin gerçəkləşməsində Bəstəkarlar İttifaqının həlledici rolu” mövzusunda çıxışları dinlənilib.

Tədbirin sonunda bəstəkar, Əməkdar müəllim Lalə Cəfərovanın solistlər, xor və simfonik orkestr üçün “Əbədi yaşar Heydər” (söz: Ramiq Muxtar) əsərinin lent yazısı təqdim olunub. Əsəri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri və Xoru (dirijor Yulizana Kuxmazova) və solistlər — Xalq artisti Gülnaz İsmayılova və Fəxri Kazım Nicat ifa ediblər.