“İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı

Professor Firəngiz Əlizadə
“İpək yolu” Festivalının bədii rəhbəri,
YUNESKO-nun “Sülh artisti”
Aga Khan Music Award -2019” mükafatı laureatı
Azərbaycan Bəstəkarlar İttifaqının sədri.

Şəki Azərbaycanın şəhərləri arasında elə nadiq incidir ki, özündə qiymətli tariximizi, 85 memarlıq abidəsini cəmləşdirir. Bundan əlavə, Şəkidə bu gün də öz gözəlliyi və yüksək keyfiyyəti ilə insanları heyran edən təbii ipək istehsal olunur. Azərbaycanın bu ecazkar diyarının füsunkar landşaftını dağlar və meşələr, çaylar və körpülər, rahat meydanlar və qədim karvansaralar bəzəyir. Buna görə də təsadüfi deyil ki, “İpək yolu” Beynəlxalq Musiqi Festivalını təşkil etmək barədə düşünərkən, biz məhz Şəkini seçdik.

Biz Şəkidə “İpək yolu” Festivalını 10 dəfə (2010-2019) yüksək səviyyədə keçirməyə nail olmuşuq. Bu festival onlarla ölkədən musiqiçiləri öz ətrafında toplayaraq, şəkililərə və şəhərin qonaqlarına unudulmaz parlaq təəssürat aşılamışdır. Bunlar əsl incəsənət bayramları idi. Burada müxtəlif xalqların folklor ənənələrinin zəngin palitrası təqdim olunmuş, simfonik və kamera musiqisi konsertləri səslənmiş, opera və balet tamaşaları nümayiş olunmuş, elmi konfranslar keçirilmiş, yerli musiqi məktəblərinin və incəsənət kollecinin şagirdləri üçün ustad-dərsləri təşkil olunmuşdur. Bundan əlavə, festival çərçivəsində rəssamların sərgisi, milli geyimlərin defilesi, çoxsaylı görüşlər, bu qədim şəhərin tarixinə və mədəniyyətinə həsr olunmuş yeni nəşrlərin təqdimatı keçirilmişdir.  

Bizim festivalımızın daha bir əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, bütün tədbirlər açıq havada, tarixi abidələr fonunda keçirilir və bunlar səslənən musiqi, nümayiş olunan tamaşalar üçün gözəl dekorasiyalara çevrilir. Onu da qeyd edək ki, Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi 2019-cu ildə YUNESKO-nun qərarı ilə bəşəriyyətin ümumdünya irsi siyahısına salınmışdır. Bu fakt Vətənimizin gözəl guşəsinin unikallığının və beynəlxalq səviyyədə tanınmasının təsdiqidir.    

Bütün dünyada, bütün qitələrdə – Amerikadan Yaponiyaya qədər bizim festivalımızın sədaqətli dostları vardır ki, biz onlardan dəfələrlə minnətdarlıq və heyranlıq bildirən ürək sözləri ilə dolu məktublar almışıq. Onlar yenidən bizim tədbirlərdə iştirak etmək arzularını bildirirlər. Lakin həyat öz dəyişikliklərini etdi.   

Bu il biz artıq 11-ci festivalımızı keçirməyi planlaşdırırdıq, yeni konsert proqramları və maraqlı layihələr düşünmüşdük. Lakin bütün dünyanı əhatə edən pandemiya, təəssüf ki, tədbirlərimizi həyata keçirməyə imkan vermədi. Əlbəttə ki, bizim üçün musiqiçilərin və tamaşaçıların, festivalın qonaqlarının və təşkilatçılarının sağlamlığı və təhlükəsizliyi hər şeydən vacibdir. Buna görə də biz bu ilki festivalı yeni, qeyri-adi formatda keçirmək qərarına gəldik.

Biz çox ümid edirik ki, bütün dünyanın alimləri və həkimləri bu təhlükəli virusa qarşı çarə tapacaqlar və insanlar yenidən normal həyata qayıda biləcək, bir-birilə ünsiyyət quracaqlar. O zaman biz yenidən Şəki şəhərində öz festival fəaliyyətimizi davam etdirəcəyik. “İpək yolu” – müxtəlif ölkələrin rəngarəng mədəniyyətini cəmləşdirən festival olaraq, dostluq və incəsənət bayramı kimi yenidən canlanacaq, Biz buna inanırıq!