"İpək Yolu" X Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)

Firəngiz Əlizadə

Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun Sülh artisti

Əziz dostlar!

“Bu il artıq Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı öz 10 illik yubileyini qeyd edir. Əsrarəngiz sənət aləmi ilə dinləyiciləri daim valeh edən, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək. Azərbaycan Bəstəkarlar İttifaqı bu il ikiqat yubiley sevinci yaşayır. Bəstəkarlarımız və musiqişünaslarımız böyük ruh yüksəkliyi ilə təşkilatımızın yaranmasının 85 illiyinə hazırlaşırlar”, – deyə Firəngiz Əlizadə vurğulayıb.

Qeyd edilib ki, 2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlamətdardır. Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verib. Bununla əlaqədar olaraq festival günlərində “Nəsimiyə ithaf” vokal-xoreoqrafik kompozisiyası nümayiş olunacaq və Şəki Musiqi Kollecində “Nəsimi mövzusunun Azərbaycan bəstəkarlarının əsərlərində təcəssümü”nə həsr edilmiş dəyirmi masa keçiriləcək.

Ötən illər ərzində festivalın əks-sədasının müxtəlif ölkələrə yayılaraq ildən–ilə daha çox pərəstişkarları cəlb etdiyini bildirən F.Əlizadə deyib ki, bu musiqi bayramının coğrafiyası xeyli genişlənib: “Həmişə olduğu kimi yenə də qardaş Türkiyənin və TÜRKSOY-a daxil olan ölkələrin musiqi kollektivləri qonağımız olacaq. Bu dəfə Qazaxıstanın estrada-simfonik orkestri maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirəcək. Rusiyadan və Macarıstandan dəvət olunmuş kollektivlər festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirəcəklər”.


Əbülfəs Qarayev

Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Naziri

 

Əziz dostlar!

Azərbaycanda keçirilən musiqi festivalları içərisində ən parlaq və rəngarəng festivallardan biri də sözsüz ki, Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalıdır. Bu il onuncu dəfə keçiriləcək Festival ildən-ilə daha böyük vüsət qazanır. Hər il Festivalın proqramında iştirak etmək istəyən ölkələrin sayı artır. Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının unikallığı ondan ibarətdir ki, onun konsertləri və tamaşaları açıq havada, tarixi memarlıq abidələri qarşısında – Azərbaycanın qədim və gözəl guşələrindən birində keçirilir.

“İpək Yolu” Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük hadisədir. Hesab edirəm ki, Festival bizim xalqımıza xas olan zəngin tarixi, mədəni irsin təbliğ edilməsi və bölgənin turizm potensialının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

İnanıram ki, son illərdə ölkəmizdə keçirilən müxtəlif beynəlxalq əhəmiyyətli festivallar sırasında Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı öz layiqli yerini tutacaq və hər il olduğu kimi, bu il də parlaq mədəniyyət və xalqlararası dostluq bayramı kimi xoş təəssüratlarla hafizələrdə yaşayacaq.


Elxan Usubov

Şəki şəhər,
İcra Hakimiyyətinin başçısı

 

Əziz şəkililər və şəhərimizin qonaqları!

Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Cənab Prezidentimiz İlham Əliyevin, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanımın bu sahədə gördüyü işlərin əhəmiyyəti böyükdür. Qədim sənət və mədəniyyət mərkəzlərindən biri olan Şəki beynəlxalq festivalların keçirilməsi üçün gözəl bir məkandır. Artıq Şəki Azərbaycanda Festivallar şəhəri kimi tanınır. Hər il şəhərimizdə keçirilən festivallarda bir çox xarici ölkələrdən çoxlu iştirakçılar qatılır. Şəki “İpək Yolu“ Beynəlxalq Musiqi Festivalı isə bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Fürsətdən istifadə edib Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, şəxsən cənab nazir Əbülfəs Qarayevə və Azərbaycan Bəstəkarlar İttifaqına, hörmətli Firəngiz xanıma festivalın keçirilməsində verdiyi dəstəyə görə dərin təşəkkürümü bildirirəm.

Bu festivalda dünyanın tanınmış musiqi kolllektivləri iştirak etmiş, şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi olmuşdur. İyunun 27-də başlanan və beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları musiqisevərlər Yaponiya, Türkiyə, İran, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən gələn ifaçıların, eləcə də Azərbaycanın musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı konsert proqramlarını izləmişlər.

Şübhəsiz ki, Şəki “İpək yolu” X Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Fürsətdən istifadə edib xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanıma minnətdarlığımı bildirir, tədbirin yüksək səviyyədə keçirilməsində yaxından iştirak edən hər bir kəsə təşəkkür edirəm.

İnanıram ki, Şəki “İpək yolu” X Beynəlxalq Musiqi Festivalının konsertləri yenə də böyük maraq doğuracaq, şəhər sakinlərinə, çoxsaylı qonaqlara unudulmaz anlar bəxş edəcək və yaddaşımızda xoş xatirə kimi qalacaqdır.

Bütün şəkililər adından Şəki “İpək yolu” X Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır və festivalın işinə uğurlar arzulayıram.

“İPƏK YOLU” – XI BEYNƏLXALQ MUSİQİ FESTİVALINA GEYDİYYAT BAŞLANDI