“İpək yolu” Beynəlxalq Musiqi Festivalı

Azərbaycan Bəstəkarlar İttifaqı musiqi ictimaiyyətinin ma­raqlarına cavab verən bir sıra beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və təşkilatçısıdır ki, onlardan da ən önəmlisi son iki-üç ildə reallaşan “İpək yolu” Beynəlxalq Musiqi Festivalıdır. Bu festivalın əsas məqsədi qədim dövrlərdən Azərbaycan şəhərlərindən keçən tarixi “İpək yolu”nun əhatə etdiyi Şərq və Qərb dünyasının bir çox xalqlarının arasında musiqi vasitəsilə dialoq quraraq, qarşılıqlı mədəni əlaqələri genişləndirməkdən ibarətdir. Festivalın özəlliyi ondan ibarətdir ki, rəngarəng və zəngin proqramlı kon­sertlər əsasən tarixi məkanlarda keçirilir, milli mədəniyyətlərin və tarixiliyin qovuşması musiqiyə yeni səslənmə aşılayaraq, onun bəşəri mənasının daha dərindən dərk olunmasına yol açır. Bu festivalda yaxın və uzaq xarici ölkələrdən bir çox qonaqlar və musiqiçilər iştirak edir.

“İpək yolu” I Beynəlxalq Musiqi Festivalı 2010-cu ildə Şəkidə, II festival 2011-ci ildə Bakıda, III festival yenidən Şəkidə böyük müvəffəqiyyətlə baş tutmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirdiyimiz bu festivallar Televiziya və radio kanallarında, mətbuatda geniş işıqlandırılmış və beynəlxalq musiqi ictimaiyyətinin müsbət rəyini qazanmışdır.