“İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)
Firəngiz Əlizadə
Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun Sülh artisti
Çox şadam ki, Sizləri gözəl Şəkidə yenədə salamlamaq səadəti mənə nəsib oldu. Bildiyiniz kimi, biz artıq 11 festivalı böyük ugurla keçirmişik və dünyanın 40-a qədər ölkəsindən Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı na məşhur kollektivlər, görkəmli musiqiçilər, musiqi şü nas-alimlər təşrif buyurmuşdur.
Müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenədə Azərbaycan və dünya musiqi
sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim edilərək, musiqisevərlərə xoş bayram ovqatı bəxş ediləcək.
Məlum olduğu kimi bu il Ulu Öndərimiz – Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Heydər Əliyevin xatirəsinə ithaf olaraq Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları, F.Əmirov adına əməkdar kollektiv mahnı və rəqs ansamblının və “Zəfər” muğam qrupunun iştirakı ilə konsert proqramları festivala xüsusi rəng qatacaq.
Xatırladaq ki, ötən illərdə keçirilən festivalların çox zəngin proqramı olub. Ü.Hacıbəylinin “Leyli və Məcnun”,“Əsli və Kərəm”, M.Maqomayevin “Şah İsmayıl”, F.Əmirovun “Sevil” operaları, Q.Qarayevin “Yeddi gözəl” baleti və habelə simfonik, kamera və vokal janrlarında digər klassik musiqi əsərləri böyük rəgbətlə qarşılanıb. Bu ilki, festivalda isə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistlərinin ifasında mənim vətənpərvərlik mövzusunda və bizim qələbəmizi tərənnüm edən “İntizar” operası nümayiş olunacaq.
İyulun 3-dən 7-nə qədər keçiriləcək XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi festivalına Türkiyədən, Çindən, Özbəkistandan, Qazaxıstandan təşrif buyuran musiqiçilər zəngin repertuarları ilə sənətsevərlərin zövqünü oxşayacaqlar. Festivalda türk xalqlarının geniş şəkildə iştirakı TÜRKSOY un yaxından dəstəyi ilə həyata keçirilir.
Festivalın bağlanış mərasiminin iyulun 7-də keçirilməsinin də mühüm əhəmiyyəti var. 2019-cu il 7 iyul tarixində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Şəki Xan sarayı ilə birgə şəhərin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilmişdir.
İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək XII Şəki “İpək yolu” Beynəlxalq Musiqi festivalı yenədə insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq.
Elxan Usubov
Şəki şəhər,
İcra Hakimiyyətinin başçısı
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Bəstəkarlar İttifaqının və Şəki şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Hər ilin yayında şəhərimizdə keçiri lən, artıq ənənə şəklini alan və bu il 12-ci dəfə keçirilən festivalda dünyanın tanınmış musiqi kollek tivləri iştirak edəcək, şəhərimizin sakin ləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi olacaq.
Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilmiş, 2012ci ildə türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuş, 2017-ci ildə YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmişdir. 2019-cu ildə ölkəmizin və şəhərimizin həyatında çox əlamətdar hadisə baş vermiş – Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Qeyd etmək lazımdır ki, Şəki Azərbaycanda Festivallar şəhəri kimi tanınır. Hər il bu şəhərdə keçirilən “İpək Yolu“ Beynəlxaq Musiqi, şirniyyat və teatr festivalları şəhərin qeyri-maddi irsinin qorunub saxlanmasına imkan yaratmış, eyni zamanda, turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynamışdır.
Şəhərimizdə olarkən cənab Prezidentimiz İlham Əliyev demişdir: ”Şəki böyük mədəniyyət mərkəzidir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır.”
Şübhəsiz ki, Şəki “İpək yolu” XII Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin , şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Hörmətli festival iştirakçıları!
İnanıram ki, Şəki “İpək yolu” XII Beynəlxalq Musiqi Festivalının konsertləri yenə də böyük maraq doğuracaq, şəhər sakinlərinə, çoxsaylı qonaqlara unudulmaz anlar bəxş edəcək və yaddaşımızda xoş xatirə kimi qalacaqdır.
Bütün şəkililər adından Şəki “İpək yolu” XII Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır və festivalın işinə uğurlar arzulayıram.