"İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının proqramı

Bakı, 25 iyun, Flora Şükürova, AZƏRTAC İyunun 25-də Azərbaycan Bəstəkarlar İttifaqında Şəki “İpək yolu” IX Beynəlxalq Musiqi Festivalının (iyunun 27-dən iyulun 1-dək) “müqəddiməsi” olaraq kamera-konserti keçirilib və sərgi nümayiş etdirilib. AZƏRTAC xəbər verir ki, festivalda təmsil olunacaq xarici ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə qonaqlar əvvəlcə gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu qəbildən olan Şəki “İpək yolu” IX Beynəlxalq Musiqi Festivalı ölkəmizin mədəni həyatında əlamətdar hadisədir. “Festivalın tarixində ilk dəfə olaraq, bu il Beynəlxalq Elmi Simpozium keçirəcəyik ki, burada 10 ölkənin, o cümlədən Azərbaycanın görkəmli alimləri iştirak edəcəklər. Məruzələrdə qədim Şəki şəhərinin tarixi, mədəniyyəti, sənətkarlığı ilə yanaşı, bir çox ölkələrin ənənəvi musiqisi, onun tədqiqi və gələcək inkişafı məsələləri ilə tanış ola biləcəyik. Bu il bütün türkdilli xalqların mədəniyyət xadimlərini öz ətrafında toplayan TÜRKSOY-un 25 illiyinin Şəkidə qeyd olunması da mühüm hadisələrdən biridir. Festivalda Türkiyə, Qazaxıstan, Rusiya və Macarıstandan olan böyük kollektivlərin və ansamblların musiqiçiləri bizi öz gözəl çıxışları ilə sevindirəcək. Azərbaycan musiqisinin janrları müxtəlif orkestrlərin ifalarında səsləndiriləcək”, – deyə F.Əlizadə söyləyib. Tədbir Azərbaycanın gənc bəstəkarlarının əsərlərindən ibarət kamera-konserti ilə davam edib.

Şəki, 28 iyun, Mustafa Dadaşov,AZƏRTAC Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 28-də axşam saatlarında “Marxal” istirahət kompleksinin yay teatrında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert təşkil edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin təqdim etdiyi konsert proqramında festivalın təşkilatçı qurumlarının rəsmiləri, musiqisevərlər iştirak ediblər. Kollektivin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Teymur Göyçayevdir. Konsertdən əvvəl məlumat verilib ki, Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq Artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnələrində çıxış edib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub. Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. Diqqətə çatdırılıb ki, Teymur Göyçayev 1998-ci ildən Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin, 2006-cı ildən isə Dövlət Gənclər simfonik orkestrinin bədii rəhbəri və baş dirijorudur. O, Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı laureatıdır. Kollektiv dəfələrlə xarici ölkələrdə – İngiltərə, Fransa, Belçika, İsveç, İsveçrə, Almaniya, Avstriya, Misir, Koreya, Yaponiya, Çin, Türkiyədə qastrol səfərlərində olub. Konsertdə Qara Qarayev, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, xalq mahnıları ifa olunub. Orkestrin çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın simvolu təqdim olunub. Festivalın proqramına uyğun olaraq, iyunun 29-da günün birinci yarısında “Marxal” otelinin konfrans zalında UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurası”nın (İCTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq simpoziumu işə başlayacaq.

Şəki, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının üçüncü günü “Marxal” otelinin konfrans zalında UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Simpoziumu öz işinə başlayıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək simpozium “Məqam/muğam ənənələri və müasir dünyada qlobal dəyişikliklər” mövzusuna həsr olunub. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, beynəlxalq musiqi festivalı çərçivəsində belə bir Simpoziumun keçirilməsinə göstərdiyi dəstəyə görə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə minnətdarlığını bildirib. Qeyd olunub ki, Şəkidə ənənəyə çevrilən “İpək Yolu” festivalı müxtəlif xalqların musiqisinin təbliğində böyük rol oynayır. Simpozium iştirakçılarının diqqətinə çatdırılıb ki, Şəki Azərbaycanın şimal-qərbində yerləşir və bu bölgənin mühüm siyasi, sosial-iqtisadi, mədəni mərkəzi hesab olunur. Şəkinin Azərbaycanın qədim mərkəzlərindən biri kimi şöhrət qazanması, həm də bu diyarda dünya və ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələrinin mövcudluğu ilə bağlıdır. Şəki şəhəri və rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş 84 arxeoloji və memarlıq abidəsi var. Onlardan Kiş alban məbədi və XVIII əsrə aid Şəki xan sarayı dünya əhəmiyyətli abidələr hesab olunur. 2012-ci ildə xan sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd edilib. Vurğulanıb ki, bu gün Şəki şəhərinin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi ən vacib vəzifələrdən biridir. Məqsəd Şəkinin özünəməxsus memarlıq ənənələrini qorumaq və regionun turizm potensialını daha da artırmaqdır. Şəhərin tarixi hissəsində mədəni irsin qorunması, ərazidə bərpa, yenidənqurma, konservasiya, yeni tikinti, abadlıq, bədii tərtibat işlərinə nəzarətin daha da gücləndirilməsi, memarlıq nümunələrinə zərər vurulmasının qarşısının alınması məqsədilə geniş iş aparılır. Diqqətə çatdırılıb ki, Şəki Azərbaycan elminə, mədəniyyətinə görkəmli şəxslər bəxş edib. Bu torpaq Mirzə Fətəli Axundzadənin, Sabit Rəhmanın, Fuad Əbdürəhmanovun, Bəxtiyar Vahabzadənin, Rasim Ocaqovun, Şəfiqə Axundovanın ana Vətəni hesab olunur. Qeyd olunub ki, Şəkidə bu gün bir çox sənət sahələri qorunub saxlanılıb. 2017-ci ildə Şəki UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olub. Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi istiqamətində iş aparılır. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə simpozium iştirakçılarına “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı barədə ətraflı məlumat verib. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza məxsus zəngin ənənələrin, o cümlədən muğam sənətinin təbliğ olunmasına böyük diqqət və qayğı göstərildiyini bildirən Firəngiz Əlizadə bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. UNESCO ICTM-in vitse-prezidenti, Böyük Britaniyadan gəlmiş Razia Sultanova çıxış edərək, belə bir mötəbər tədbirdə iştirakından məmnun qaldığını bildirib. Simpoziumun birinci günü AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın “Qarabağ xanəndəsi Cabbar Qaryağdıoğlunun yaradıcılığında innovasiyalar”, UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının “Maqam” elmi-tədqiqat qrupunun sədri, Özbəkistandan gəlmiş Aleksandr Cumayevin “Maqomat sənəti çağdaş Özbəkistan və Tacikistan şəraitində: itkilər və dəyişikliklər, konsepsiyalar və axtarışlar”, Ankara Musiqi Universitetindən Okan Murat Öztürkün “Maqam konsepsiyasına Qərb-mərkəzli yanaşmanın tənqidi” və digər mövzularda məruzələr dinlənilib. Simpozium iyunun 30-da öz işini davam etdirəcək. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şəki, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC Uğurla davam edən Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 29-da axşam “Yuxarı Karvansaray” mehmanxana-kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” muğam operası açıq havada nümayiş olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, dirijor və xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, konsertmeysteri Əməkdar Artist Elxan Mansurovdur (tar). Tamaşada Əsli obrazını Rəvanə Əmiraslanlı, Kərəm obrazını isə Əməkdar Artist Elnur Zeynalov canlandırıblar. Muğam operada, həmçinin Dövlət Akademik Opera və Balet Teatrının xoru və solistləri iştirak ediblər. Tamaşadan əvvəl məlumat verilib ki, “Əsli və Kərəm” dahi Üzeyir Hacıbəylinin beşinci muğam operasıdır. Əsərin librettosu bəstəkarın özünə məxsusdur. Qafqazda geniş yayılmış eyniadlı Azərbaycan xalq dastanının motivləri əsasında yazılan operada əsasən muğam və aşıq musiqisindən istifadə olunub. Üzeyir Hacıbəyli operaya yeni cizgilər – dastan əlamətləri daxil edib. Tamaşaya şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, teatrsevərlər baxıblar. Sonda təşkilatçılar adından kollektivin rəhbərinə festivalın rəmzi simvolu təqdim olunub. Festivalın proqramına uyğun olaraq, iyunun 30-da günün birinci yarısında “Marxal” otelinin konfrans zalında Beynəlxalq Simpozium öz işini davam etdirəcək. Axşam saatlarında isə Yay Teatrında Qazaxıstanın Atırau şəhəri Dövlət Filarmoniyasının “Murager” mahnı və rəqs ansamblının konserti olacaq.

Şəki, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının sonuncu günündə – iyulun 1-də günorta saatlarında tamaşaçılar Türkiyənin Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə festivalda iştirak edən TRT-nin Ankara və İstanbul Radiosunun solist və ansamblının konsertini izləyiblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki xanlarının sarayının həyətində təşkil edilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər, həmçinin Şəki ilə qardaşlaşmış Türkiyənin Konya şəhər Meram bələdiyyəsinin nümayəndə heyəti iştirak ediblər. Ansamblın solisti İmran Koçun türk və Azərbaycan dillərində ifa etdiyi xalq mahnılarından ibarət musiqi çələngi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə müğənni bağlama musiqi alətində Cumali Kalkan və Okyay Kosegil, kamanda Cafer Nazlıbaş, ritm alətində Cemal Kablan tərəfindən müşayiət olunub. Konsertin sonunda təşkilatçılar adından kollektivə festivalın rəmzi simvolu təqdim edilib. İyulun 1-də axşam “Marxal” istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olacaq. Mərasimdə TÜRKSOY ölkələrindən olan solistlərin iştirakı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri geniş konsert proqramı ilə çıxış edəcək. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır