"İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalının proqramı

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə iyunun 27-də başlanan Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı uğurla başa çatıb.
Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər bir sıra xarici ölkələrin musiqi və rəqs kollektivləri ilə tanış olub, Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
AZƏRTAC xəbər verir ki, iyulun 1-də Şəki şəhərindəki Yay teatrında festivalın təntənəli bağlanış mərasimi olub.
Tədbirdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Kollektivin bədii rəhbəri və baş dirijoru Xalq Artisti, professor Ağaverdi Paşayevdir.
Festivalın yekun konsertinin proqramına Üzeyir Hacıbəylinin “Çahargah fantaziyası”, “Koroğlu” operasından “Qızlar rəqsi”, “Cəngi”, Tofiq Quliyevin “Qaytağı”, Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamından fraqment, Hacı Xanməmmədovun Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Yenə o bağ olaydı” və digər bəstəkar mahnıları, rəqslər daxil edilib.
Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə çıxış edərək festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə şəhər rəhbərliyinə, şəkililərə təşəkkürünü bildirib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov “İpək yolu” Beynəlxalq musiqi festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda kollektivin bədii rəhbəri və dirijoru, Xalq Artisti Ağaverdi Paşayevə və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub.
Bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

İyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başlanıb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Yaponiya, Türkiyə, İran və türkdilli ölkələrdən gəlmiş musiqi və rəqs kollektivləri, sənətçilər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, festivalın təntənəli açılış mərasimi iyunun 27-də Şəki şəhərindəki Yay teatrında keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Mərasimi festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə açaraq möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq 7-ci dəfədir keçirilən Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını vurğulayıb. Firəngiz Əlizadə deyib: “Bugünkü təntənəli açılışda TÜRKSOY-un səyi ilə 11 türkdilli ölkənin nümayəndələri unudulmaz musiqi bayramında iştirak etməklə, bizim birlik və qardaşlığımızı bir daha musiqi dili ilə dünyaya bəyan edəcəklər. İpək yolunun rəmzi olan incə, həssas, eyni zamanda, möhkəm ipək bağlarla birləşən Yaponiya, Türkiyə, Monqolustan, Qazaxıstan, İran, Rusiya, Azərbaycan və digər ölkələrin musiqiçilərinin ifasında heyrətamiz, rəngarəng və unudulmaz musiqi sədaları festivalımızı bəzəyəcək, Şəkidə özünəməxsus ab-hava yaradacaq”.
TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov Şəkidə ənənəvi olaraq keçirilən “İpək yolu” Beynəlxalq musiqi festivalında iştirak etməyin bu təşkilat üçün çox önəmli olduğunu bildirib. Builki festivalın açılışı kimi fəxri missiyanın TÜRKSOY-a həvalə olunduğunu diqqətə çatdıran qurumun rəhbəri 11 türkdilli ölkənin musiqiçilərini özündə cəmləşdirən xalq çalğı alətləri orkestrinin çıxışının Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının tarixində dərin iz buraxacağını vurğulayıb.
Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının əlamətdar bir dövrə təsadüf etdiyini vurğulayıb. Qeyd olunub ki, ötən il Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət və qayğı göstərildiyini vurğulayan Elxan Usubov cari ilin yanvarında Prezident İlham Əliyev tərəfindən Şəkinin tarixi hissəsinin qorunması ilə bağlı imzalanan Sərəncamın əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda şəhərin bir hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində də lazımi iş aparılır.
İcra hakimiyyətinin başçısı vurğulayıb ki, şübhəsiz Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini daha da artıracaq, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq istiqamətində mühüm rol oynayacaq.
Rəsmi hissədən sonra TÜRKSOY-un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestri və türkdilli ölkələrin solistləri geniş konsert proqramı ilə çıxış ediblər.
Orkestrin bədii rəhbəri və dirijoru Qazaxıstanın tanınmış musiqiçisi Marat Jalbirovdur.
TÜRKSOY-un Baş Katibliyinin təşəbbüsü ilə yaranan və üzv ölkələrin musiqiçiləri ilə təmsil olunan bu Orkestrin heyəti Türk Dünyası etnik xalq çalğı alətlərinin ifaçılarından ibarətdir. Türk xalqlarına məxsus ənənəvi musiqini dombra, bağlama, kobiz, tar, kuray, ney, qaval, ağız qopuzu, yetigen və qanun kimi alətlərdə ifa edən orkestr ilk dəfə 2016-cı ilin martında beynəlxalq Novruz bayramı tədbirləri çərçivəsində Ankara, İstanbul, Nyu-York və Vaşinqtonda konsertlər verib.
Orkestrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Qaqauz (Moldova), Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikaları və Monqolustan kimi ölkələrdən peşəkar musiqiçilər, müğənnilər və rəqqaslar yer alıb.
Orkestrin çıxışı və solistlərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi – festivalın simvolu təqdim olunub.

TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı İçəri şəhərdə qonaqlara bələdçilik edir. Bir azdan Bakıdan çıxıb üzü Şəkiyə yola düşəcəyik. “İpək yolu” Musiqi Festivalının açılış mərasiminə. İndilikdə isə məndən ötrü maraqlı olan qonaqların reaksiyasıdı. Elçin bəy türk dünyasının hər tərəfindən gəlmiş musiqiçi qonaqlarla məni tanış etdikcə, qələm adamı olduğumu söylədikcə hamısı öz təəssüratını bölüşmək istəyir. Və bu türk dilinin müxtəlif ləhcələrində danışılanların, bəzən hər sözünü anlamadığım fikirlərin hamısı bir-birinə bənzəyir.

İçərişəhərə heyranlıq, Qız qalasının möhtəşəmliyi qarşısında “gözəldi”, “möcüzədi” nidaları… Qazaxıstandan gələn qrup “tarix sizin bu qədim şəhərin hər daşından, hər küçəsindən hiss olunur” – deyir. Bir-birinə imkan vermədən, bir-birinin sözünü kəsə-kəsə danışırlar, gördüklərini uşaq kimi nəql edirlər. Hay-küylərindən, şən-şux ovqatlarından başa düşürəm ki, səfərimiz sakit keçməyəcək. Belə də olur… İndiyə kimi müxtəlif xarakterli adamlarla səfərə çıxdığım olub. Kimsə yolboyu özündən deyib, uğurlarından danışıb, kimsə dünyanın gəlişindən-gedişindən narazılığını bildirib, kimsə heç danışmayıb, sakitcə düşünüb özü üçün, birisiylə səfər çox rahat olub, başqasının yanında belə durmaq istəməmişəm… Amma qəlbimin və beynimin bütün dərinliklərindən gələn bir etiraf edim ki, belə yol yoldaşlarım heç vaxt olmayıb.

Bakıdan çıxmamış başlanır “konsert”… Avtobusun arxa tərəfində çalırlar, oxuyurlar, rəqs edirlər, bildikləri və bilmədikləri bütün oyunları oynayırlar, gördükləri işlərə emosiyaları, məmnunluqları, qəhqəhəli gülüşləri, söhbətləriylə səs-küy qatırlar. Neçə illərdi alimlərin düşünüb “icad” etmək istədikləri ortaq dil-filan söhbəti də maraqsız görünür bu sənətçilərin ünsiyyətini görəndə; hərəsi öz bildiyi kimi danışır, hamı da bir-birini anlayır. Artıq Qobustana çatanda düşünürəm, çox çəkməz yorularlar, amma yox… Şamaxını, İsmayıllını da keçirik – fasilə vermirlər, Qəbələni arxada qoyuruq – dayanıb-durmaq bilmirlər, Şəkiyə çatırıq – yenə davam edirlər. Və otelin önündə avtobusdan enəndə “axşam yeməyindən sonra oteldə davam edərik” – demələrindən mat qalıram sadəcə. Düşünürəm ki, incəsənət adamına bəxş edilmiş ən böyük vergi – enerjidi… Sadəcə, incəsənətin hər növü bir cür ifadə edir bu enerjini… Yazıçı səhərəcən düşünüb, əzab çəkib, öz içində gəzib sözə çevirir enerjisini, musiqiçi isə səsinə… Sənətinlə məşğul olmadığın vaxtlarda isə bu enerji ayrı istiqamətə yönəlir. Elə bu fövqəladə enerji də gecənin bir aləmi Şəkinin istirahət mərkəzlərindən birinin qonaqlarını təəccübləndirmişdi. Musiqiçilərimiz “heç kəs yatmayacaq” şüarı ilə az qala səhərə kimi çalıb oxudular. Bu da elə bir növ məşq idi… Sabah keçiriləcək, VII “İpək yolu” Musiqi Festivalının açılış mərasiminə hazırlıq idi!
Türk Dünyası Mədəniyyət paytaxtı – Şəki
Artıq bir neçə ildir ki, TÜRKSOY Türk dünyasının müxtəlif şəhərlərini bir illik mədəniyyət paytaxtı elan edir. Bir il ərzində həmin o mədəniyyət paytaxtı seçilmiş şəhərdə müxtəlif tədbirlər, təqdimatlar, kitab sərgiləri, konsertlər keçirilir. 2012-ci ildə Astanada Avrasiya Yazarlar Birliyinin TÜRKSOY-la bərabər düzənlədiyi Ədəbiyyat Dərgiləri Konqresində iştirak etdik. Həmin il Astana mədəniyyət paytaxtı elan olunmuşdu. Və o tədbirlərdən yaddaşımda qalan xatirələrdən biri də qazaxların bu hadisəylə necə qürur duyması, şəhərlərini bizlərə necə təqdim etməsidi. Sonrakı il Türkiyənin Əskişəhəri mədəniyyət paytaxtı seçildi və biz yenə də bu şəhərdə bir neçə tədbirdə, kitab sərgisində iştirak etdik. Elə Əskişəhərdəcə növbəti ilin mədəniyyət paytaxtı Kazan şəhəri olacağı elan edildi.
Bu il, 2016-cı ildə Türk Dünyası Mədəniyyət paytaxtı Şəki oldu. Mirzə Fətəlinin, Bəxtiyar Vahabzadənin, Sabit Rəhmanın, Emin Sabitoğlunun Şəkisi Xan Sarayı, tarixi abidələri, gözəl təbiəti, koloriti ilə bu statusa layiqdi.
Şəki Yay teatrında açılış mərasimi
Beləliklə, iyunun 27-də Şəki şəhəri Yay teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, TÜRKSOY-un, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” VII Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi başlayır.
Şəkinin mərkəzindəki Yay teatrı belə mərasimlər üçün tam uyğun bir məkandır. Tərtəmiz dağ havası udub, sakitlik, hüzur içərisində musiqi dinləməkdən, sənətin ecazkarlığından zövq almaqdan gözəl nə ola bilər?
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın bədii rəhbəridir. Hələ konsert başlamamış Firəngiz xanımın ruh yüksəkliyi hiss olunur. Festivalla bağlı söhbət edirik bir az, “İpək yolu” Musiqi festivalının həyatının ayrılmaz hissəsinə çevrildiyini deyir: “Yay girəndən Şəkini, “İpək yolu” festivalını düşünürük. Elə bil nəsə çatmır. Bu festival həyatımın parçasına çevrilib.” Açılış mərasimində çıxışında da Firəngiz xanım “İpək yolu”nun musiqi həyatımızda, mədəni sferada böyük hadisə olduğunu vurğulayır: “Artıq yeddinci dəfə Şəkidə keçirilən bu festivalın öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb. Bu illər ərzində biz Şəkinin nə qədər gözəlləşdiyinin, qədim tarixi abidələrin bərpa edildiyinin, yeni konsert məkanlarının tikildiyinin, musiqiçi nəsillərinin yetişdiyinin şahidi oluruq. Hər dəfə Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə isə TÜRKSOY Xalq Çalğı alətlərinin konserti bizlər üçün əsl böyük bayram olacaq. Buna görə TÜRKSOY sədri Düsen bəyə öz təşəkkürlərimi bildirirəm.”
Düsen Kaseinov da öz növbəsində mərasim iştirakçılarını salamlayır və Şəkiyə aid təəssüratlarını bölüşür: “Şəkinin özünəməxsusluğu, koloriti, qədimliyi hər kəsin diqqətini cəlb edir, məni də çox təsirləndirdi bu şəhər. Aprel ayında Şəki şəhərinin Türk Dünyasının Mədəniyyət paytaxtı elan olunmasını dörd bir yanımızdan təşrif buyurmuş incəsənət ustalarının iştirakı ilə möhtəşəm bir bayram kimi qeyd etdik. Silsilə proqramlarımız davam edəcək, lakin bu gün “İpək yolu” Musiqi festivalının açılışının bizə həvalə olunmasından qürurluyuq.”
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov zəngin tarixə və yüksək mədəniyyətə malik olan Şəkinin qapılarını yenidən möhtəşəm musiqi bayramına “İpək Yolu” VII Beynəlxalq musiqi festivalına açdığını deyir: “Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün əlverişli məkandır, artıq Şəki festivallar şəhəri kimi də tanınır. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramlarının yer aldığı, gözəl ifaçıların qatıldığı Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı isə bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu dəfə isə bayram bayrama qarışıb. Mən Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi səbəbindən TÜRKSOYun Daimi Şurasına, başda Düsen Kaseinov olmaqla hər kəsə təşəkkür edirəm”.
Beləliklə qarşılıqlı bayramlaşmalar, təşəkkürlər, minnətdarlıqlardan sonra… “Hitlerlərin”, “Stalinlərin”, birliyimizi istəməyən, bunu əngəlləməyə çalışan bütün düşmənlərin acığına konsertimizə başlayırıq.

Şəkidə, Bəxtiyar Vahabzadənin dünyaya göz açdığı şəhərdə bu musiqiləri dinləmək, türklərin müxtəlif, amma həm də eyni, bənzər mədəniyyətlərindən zövq almaq tamam başqadı. Bakıda bu nömrələrin bir neçəsini dinləmiş olsam da, yenə hər şey yenidi
sanki. Əslində də elədir. Axı ruh hər zaman yenilənir, əsl sənət isə ruhdan keçib gəlir, ona görə o da təzələnir şübhəsiz.
Konsert sona doğru yaxınlaşdıqca düşünürəm ki, bu böyük bayramı, onun ifadə elədiyi mənanı bütövlükdə yenə Bəxtiyar Vahabzadənin məşhur şeiri ilə sözə çevirmək olar:
Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!

Uğurla davam edən Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının ikinci günü axşam saatlarında musiqisevərlər Türkiyədən gəlmiş daha bir kollektivin – İstanbul Şəhər Bələdiyyəsinin Anadolu Türk Xalq Mahnı və Rəqs Ansamblının çıxışını izləyiblər.
AZƏRTAC xəbər verir ki, Yay teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının və TÜRKSOY-un rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində Anadolu Türk Xalq Mahnı və Rəqs Ansamblının festivaldakı iştirakını təşkil edən “Türk Ocaqları” Dərnəyi İstanbul Şöbəsinin rəhbəri Cezmi Bayram çıxış edərək, təşkilatın və ansamblın fəaliyyəti barədə qısa məlumat verib. Diqqətə çatdırılıb ki, “Türk Ocaqları” 1912-ci ildə Osmanlı dövlətinin o zamankı böyük dövlətlərlə iqtisadi və mədəni əlaqələrinin, eləcə də türk millətinin yüksəlməsi, türkdilli xalqların yaxınlaşması nəticəsində yaranıb. Təşkilatın təsisçiləri arasında Azərbaycandan Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu və başqalarının adlarına rast gəlmək olar. Bildirilib ki, “Türk Ocaqları” bir təşkilat kimi, artıq 104 ildir ki, fəaliyyətini davam etdirir və türk dünyasında mədəni əlaqələrin inkişafına xidmət edir.
Diqqətə çatdırılıb ki, 1986-cı ildə bu dərnəyin nəzdində Türk Xalq Musiqisi İcması, sonralar isə İstanbul Böyükşəhər Bələdiyyəsinin Orkestri və Anadolu Yuva İcması yaradılıb. Hər iki təşkilat Türkiyənin mədəni həyatında, türkdilli xalqların mədəni əlaqələrinin qurulmasında, etnik musiqi festivallarının, maarifləndirici konsertlərin, sərgilərin təşkilində, həmçinin müxtəlif təqdimat mərasimlərində, ənənəvi folklor bayramlarında fəal iştirak edir.
“İpək yolu” Beynəlxalq musiqi festivalında ilk dəfə iştirak edən türk xalq mahnı ansamblının solistlərinin türk və Azərbaycan dillərində ifa etdikləri bəstəkar və xalq mahnıları, rəqs ansamblı üzvlərinin təqdim etdikləri şux və oynaq rəqslər Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.
Festivalın üçüncü günü, iyunun 29-da musiqisevərlər günorta saatlarında Şəki xanlarının sarayının həyətində Yaponiyanın “Vas-Liqa” musiqi ansamblının, axşam saat 20.00-da isə Yay teatrında Gəncə Dövlət Filarmoniyasının konsertini izləmək imkanı əldə edəcəklər.

Şəkidə uğurla davam edən “İpək yolu” VII Beynəlxalq musiqi festivalının üçüncü günündə axşam tamaşaçılara Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblının və Kamera Orkestrinin konserti təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Yay teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının, TÜRKSOY-un rəsmiləri, musiqisevərlər iştirak ediblər.
Konsertə başlamazdan əvvəl iyunun 28-də İstanbulun Atatürk Hava Limanında dəhşətli terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diqqətə çatdırılıb ki, qardaş ölkədə baş vermiş faciə ilə əlaqədar bugünkü konsert bütünlüklə faciədə həlak olanların xatirəsinə həsr olunub. Konsertin proqramına yalnız lirik və vətənpərvərlik ruhunda mahnılar daxil edilib.
Festivalın dördüncü günü, iyunun 30-da günorta saatlarında Şəki xanları sarayının həyətində Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı, həmçinin “Zirvə” ansamblının konserti olacaq. Axşam saatlarında isə “Yuxarı Karvansaray” mehmanxana kompleksində musiqisevərlər qarşısında “Təbriz” instrumental ansamblı çıxış edəcək.

Şəkidə keçirilən “İpək yolu” festivalına ilk dəfədir qatılırıq. Bugünkü konsertdə Yaponiyanın vadaiko, şinobue və şamisen kimi ənənəvi musiqi alətlərində ifalar təqdim etdik. Eyni zamanda, konsertdə Yaponiyanın ənənəvi minyo musiqisi də səsləndi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının iştirakçısı, Yaponiyanın “Va-Liqa” ansamblının prodüseri Takaku Terutaşi deyib.
“Biz çox şadıq ki, “İpək yolu” festivalında Yaponiyanı təmsil edirik. İstərdik ki, bu konsert vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəmizi verək”, – deyə Takaku Terutaşi qeyd edib.
Şəkinin çox gözəl təbiətə malik olduğunu vurğulayan ansamblın prodüseri şəhərin gözəlliyinin onları valeh etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfərləri çərçivəsində İsmayıllıda və Bakı şəhərində də konsertlərlə çıxış edəcəklər.

Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir. Festivalın əvvəlki günlərində tamaşaçılar TURKSOY-un xalq çalğı alətləri orkestrinin, Türkiyənin “Şimdi” ansamblının, Anadolu Türk Xalq Mahnı və Rəqs kollektivinin çıxışlarını izləyiblər.
AZƏRTAC xəbər verir ki, iyunun 29-da günorta saatlarında Şəki xanları sarayının həyətində Yaponiyanın “Va-Liqa” musiqi ansamblının konserti olub. Konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının, TÜRKSOY-un, Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmiləri, musiqisevərlər iştirak ediblər.
Konsertə başlamazdan əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi çıxış edərək, Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Vurğulanıb ki, Azərbaycanın qədim tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayında yapon musiqiçilərinin konsertinin gerçəkləşməsi çox əlamətdardır.
Diqqətə çatdırılıb ki, tamaşaçılar qarşısında çıxış edəcək “Va-Liqa” ansamblı Yaponiyanın ənənəvi musiqi və mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Ansamblın 2014-cü və 2015-ci illərdə Bakı və İsmayıllı şəhərlərindəki konsertləri Azərbaycan tamaşaçıları tərəfindən yüksək qiymətləndirilib.
Yaponiya səfiri iki ölkə arasında mədəni əlaqələrin musiqi və incəsənət vasitəsi ilə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Sonra “Va-Liqa” musiqi ansamblının üzvləri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Ansamblın üzvləri Hanavaçie, Omodaka Akiko, Yamada Miçiko və Kasai Hiroyukinin ənənəvi yapon musiqi alətləri olan tsuqaru şamisen, şinobue, vadaiko və zərb alətlərində təqdim etdikləri ifalar, həmçinin Azərbaycan muğamının ifa tərzinə bənzər Yaponiyanın minyo musiqisi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsertin sonunda ansamblın üzvlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
Festivalın proqramına uyğun olaraq, iyunun 29-da axşam Yay teatrında Gəncə Dövlət Filarmoniyasının konserti olacaq.

Uğurla davam edən Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı artıq dördüncü gündür tamaşaçıları maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində iyunun 30-da axşam qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində İranın “Təbriz” İnstrumental ansamblının konserti olub.
Konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində məlumat verilib ki, “İpək yolu” festivalında ilk dəfədir iştirak edən “Təbriz” instrumental ansamblı 15 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində ansambl İran İslam Respublikasının müxtəlif bölgələrində uğurla çıxış edib, tamaşaçı rəğbətini qazanıb. Ansambl uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvi ilə əməkdaşlıq edir. İranda keçirilən müxtəlif festivalların və müsabiqələrin laureatı olan Ramin Qəznəvi instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Danimarka, Türkiyədə konsert proqramları ilə çıxış edib.
“Sizə salam gətirmişəm” mahnısı ilə başlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalına iyulun 1-də yekun vurulacaq. Festivalın sonuncu günü günorta saatlarında Şəki xanları sarayının həyətində Azərbaycan Respublikasının Xalq Artisti, professor Ağaverdi Paşayevlə görüş keçiriləcək. Axşam saatlarında isə Yay teatrında festivalın təntənəli bağlanış mərasimi olacaq. Mərasimdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Xalq Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edəcək.

Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı çərçivəsində iyunun 30-da Şəki xanları sarayının həyətində “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı və “Zirvə” instrumental ansamblının konserti olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunmuş qonaqlar və musiqisevərlər iştirak ediblər.
Tədbiri festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açaraq “İpək yolu” Beynəlxalq musiqi festivalı tarixində ilk dəfə yeni kitabların təqdimatının keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Səadət Təhmirazqızının müəllifi olduğu “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarında Şəkinin tarixi, mədəniyyəti, folkloru və ifaçıları haqqında ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, Səadət Təhmirazqızı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. O, musiqişünas kimi milli və professional musiqinin təbliği və tədqiqi ilə məşğuldur.
Təqdimat mərasimində çıxış edən TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı artıq yeddinci dəfədir keçirilən Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının proqramının ildən-ilə zənginləşdiyini, daha da maraqlı olduğunu vurğulayıb.
Müəllif Səadət Təhmirazqızı çıxış edərək, belə bir mötəbər musiqi bayramında kitablarının təqdimatının keçirilməsinə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları Şəkinin “Zirvə” instrumental ansamblının konsertini izləyiblər.
Respublikamızın tanınmış musiqi kollektivlərindən olan bu ansambl 1972-ci ildə yaradılıb. Kollektiv ötən əsrin 70-ci illərindən başlayaraq respublikamızın şəhər və rayonlarında, həmçinin keçmiş sovet respublikalarının müxtəlif şəhərlərində konsertlər verib, nüfuzlu festivalların iştirakçısı olub. Televiziya və xalq yaradıcılığına həsr olunmuş müsabiqələrin laureatı olan “Zirvə” ansamblı 1996-cı ildə Türkiyənin Eşmə şəhərində keçirilən “Sənət və kilim” festivalında respublikamızı layiqincə təmsil edib.
Ansamblın solistlərinin təqdim etdikləri bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.
Festival çərçivəsində iyunun 30-da axşam “Yuxarı Karvansaray” mehmanxana-kompleksində İranın “Təbriz” instrumental ansamblının konserti olacaq.

XXI əsrdə müasir həyatımızın müxtəlif sahələrini əhatə edən qloballaşma şəraitində hər bir millət özünü böyük Dünyanın bir parçası kimi dərk edir. Bu mürəkkəb inteqrasiya prosesində bir tərəfdən müxtəlif millətlərin mədəniyyətlərinin sintezi, digər tərəfdən isə özünəməxsus milli xüsusiyyətlərin qabarıq şəkildə üzə çıxması baş verir. Çox qədim tarixi köklərə və zəngin mənəvi dəyərlərə malik olan Azərbaycan bu gün dünya miqyasında öz milli mənliyini təsdiq etmək üçün fəal şəkildə bu prosesə qoşulmuşdur. Hələ qədim zamanlardan, “Böyük İpək Yolu”nun keçdiyi əlverişli tarixi-coğrafi mühitdə yerləşən ölkəmiz mədəniyyətlərin qovuşduğu, mühüm iqtisadi-siyasi proseslərin baş verdiyi məkana çevrilmişdir.
Təsadüfi deyil ki, bu gün pespublikamızda həyata keçirilən bir çox iqtisadi, siyasi, sosial və mədəni layihələr bilavasitə “İpək Yolu” adı ilə gerçəkləşir. “Böyük İpək Yolu”nun musiqi təcəssümü kimi bu deviz ilk dəfə olaraq 2010-cu ildə dünya şöhrətli bəstəkar, UNESCO-nun “Sulh naminə incəsənət xadimi”, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin təşəbbüsü ilə reallaşdı. Artıq yeddi ildir ki, ənənəvi olaraq Azərbaycanın ən səfalı guşələrindən biri olan qədim Şəki şəhərində keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı geniş şöhrət qazanmışdır. Bu festivalın məhz Şəkidə – Böyük İpək Yolunun qırılmaz halqası olan, zəngin ipəkçilik ənənlərini yaşadan, elm, mədəniyyət məbədgahı kimi tanınan diyarda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Şəkinin bu mövqeyini dəyərləndirərək, burada beynəlxalq musiqi festivallarının, muğam müsabiqələrinin, mədəniyyətlərarası dialoq-forumların keçirilməsini tövsiyə etmişdir. Əlamətdar haldır ki, 2012-ci ildə TÜRKSOY-un qərarı ilə Şəki şəhəri “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilmişdir.
Bu festivallarda hər il Azərbaycanın tanınmış kollektivləri və solistləri ilə yanaşı, müxtəlif ölkələrdən dəvət olunmuş məşhur ansamblların və musiqiçilərin ifasında geniş konsert proqramları təqdim olunur. Həmin konsert proqramlarında bir sıra yeni bədii ideyalar gerçəkləşmişdir: ilk dəfə olaraq klassik muğam operaları (Ü.Hacıbəyli – “Leyli və Məcnun”, M. Maqomayev – “Şah İsmayıl”) və baletlər (Q.Qarayev – “Yeddi gözəl”, Niyazi – “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet tamaşası) açıq səma altında və orijinal bir quruluşda qədim Karvansarayda, həmçinin Bakıdakı tarixi-memarlıq abidəsi olan Şirvanşahlar sarayında (Ü.Hacıbəyli – “Əsli və Kərəm”) nümayiş etdirilmişdir. XVIII əsrin tarixi-memarlıq abidəsi olan məşhur Şəki Xan Sarayının qarşısındakı bağda simfonik və xor musiqisi səslənmiş, V əsrin unikal Kiş Alban məbədində kamera musiqisi ifa olunmuşdur. Festivalın konsertləri AzTV tərəfindən və son illərdə həmçinin TRT AVAZ proqramı tərəfindən yayımlanaraq geniş kütlələrə bu tədbirləri izləmək imkanı vermişdir.
Son illərdə TÜRKSOY Beynəlxalq Türk Mədəniyyət Təşkilatının bu Festivala qatılması xüsusilə təqdirəlayiqdir. Bu təşkilat tərəfindən 2014-cü ildə təqdim olunan türkdilli ölkələrin milli geyimləri və musiqisindən ibarət “Defile” böyük rəğbət qazanmışdır.
Festivalın uğurları respublikamızda, habelə onun hüdudlarından uzaqlarda böyük əks-səda yaratmışdır. Festivalın bədii rəhbəri F.Əlizadə mədəni həyatımızda mühüm hadisə olan bu festivalların milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliğ edilməsində, müxtəlif xalqların mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmişdir. Müxtəlif xarici ölkələrdən dəvət olunmuş musiqiçilərin Festivalda iştirak etməsi bir daha musiqinin bütün millətlər arasında ən anlaşıqlı ünsiyyət dili olduğunu sübut edir.
Bu il növbəti VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı 27 iyun – 1 iyul tarixlərində gerçəkləşəcəkdir. Festivalda iştirak etmək üçün müxtəlif ölkələrdən – o cümlədən, Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistandan ifaçılar dəvət olunmuşlar. Xarici ifaçılarla yanaşı fesrivalda həmçinin Azərbaycanın görkəmli musiqi kollektivlərindən biri – bu günlərdə yaradılmasının 80 illiyini qeyd edən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri iştirak edəcəkdir.
Yüksək peşəkarlıq səviyyəsində təşkil olunmuş festivalın proqramı geniş və rəngarəngdir. Burada müxtəlif xalqların musiqisinin üzvü surətdə qovuşaraq vahid harmoniya yaratması öz əksini tapmışdır.
Festivalın açılış günündə Şəki Yay Teatrının möhtəşəm zalında TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti təqdim olunacaq. Azərbaycan, Türkiyə, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistan ifaçılarının birgə layihəsi kimi hazırlanmış bu konsert proqramına müxtəlif xalqların musiqisi daxil edilmişdir.
Festivalın ikinci günü bütünlükdə Türkiyənin musiqi kollektivlərinin çıxışlarına həsr edilmişdir. Şəki Xan Sarayında gerçəkləşəcək gündüz konsertində İstanbulun “Şimdi” ansamblının (bədii rəhbər – Şirin Pancaroğlu), Şəki Yay Teatrında isə İstanbul Şəhər Bələdiyyəsinin Anadolu Türk xalq mahnı və rəqs ansamblının geniş konsert proqramı təqdim olunacaq.
Festivalın konsert proqramında Yaponiyanın “Vas-Liqa” musiqi ansamblı və İran İslam Respublikasının “Təbriz” musiqi ansamblı da təmsil olunmuşlar.
Festival günlərində həmçinin, Şəki Musiqi Kollecində musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı keçiriləcəkdir.
Festivalın sonuncu günündə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Respublikanın xalq artisti, professor Ağaverdi Paşayevlə görüş keçiriləcək və həmin kollektivlərin ifasında Festivalın yekun konserti təqdim olunacaqdır.
Beləliklə, rəngarəng sənət aləmini əks etdirən, müxtəlif millətləri bir araya gətirən, qardaşlıq və humanizm ideyalarını aşılayan Şəki “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalı tezliklə öz qonaqlarını qarşılayacaq və onları əsrarəngiz sənət aləminə aparacaq. Festivalın təşkilatçılarına və iştirakçılarına bu möhtəşəm musiq bayramını gerçəkləşdirməkdə uğurlar diləyirik.
İnanırıq ki, Azərbaycanın və müxtəlif xalqların mədəniyyətlərini qovuşduran Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının “sənət karvanı” daima irəliləyəcək və yeni-yeni maraqlı bədii ideyaları bütün dünyaya çatdıracaq.