Dünyanin müxtəlif ölkələrindən gələn, dəvət olunmuş tanınmış, görkəmli bəstəkar, ifaçı və musiqi kollektivlərin görüş məkanına çevrilən qədim şəhərimiz Şəkidə VI Beynəlxalq Musiqi Festivalı möhtəşəm bir bayramı xatırlatdı. Festivalın dinamikası, emosional təsiri onun masştablığı, yüksək professionallığı və dəyərindədir. Xarici ölkələrdən – Türkiyədən, Yaponiyadan, Polşadan və digər ölkələrin musiqi kollektivləri maraqlı konsert proqramları ilə bu möhtəşəm Festivalda zövqlə, həvəslə və inamla çıxış etdilər.
Hər dəfə çap olunan bukletlərdə nəinki proqram, həmçinin rəngarəng illüstrasiyalar, fotoşəkillər, maraqlı məlumatlar dərc olunmuşdur. Həmin bukletdə “İpək Yolu” Festivalının bədii rəhbəri Firəngiz xanımın musiqiçilərə, qonaqlara olduqca səmimi və mənalı müraciəti çap edilib: “Hər dəfə Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə Festivalımızın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə bir il əvvəl 2014-cü ildə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin qorunması ilə bağlı mühüm işlər görür. Dövlətimiz tərəfindən böyük önəm verilən multikulturalizm və tolerantlıq prinsiplərini Birinci Avropa Oyunlarının açılış mərasimində Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva çox dəqiq ifadə etmişdir: “Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir”. Bu fikir bizim Festivalımızın da məramına uyğunudur və bizi ilhamlandırır. Fəxrlə deyə bilərəm ki, mən də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüyəm və bu təşkilatın Azərbaycan Bəstəkarlar İttifaqı ilə əməkdaşlığının uğurlu bəhrələrini Siz Festivalın konsertlərində görəcəksiniz”.
Hörmətli Firəngiz xanımın ümidləri gerçəkləndi. Bütün azsaylı xalqların nümayəndələri zövqlə yüksək səviyyədə çıxış etdilər. Xüsusi olaraq qeyd etməliyik ki, Firəngiz xanım hər bir kollektivlə ayrı-ayrıca böyük iş aparır, bir neçə dəfə onlara qulaq asır, öz tövsiyələrini təklif edirdi, faktiki olaraq rejissorluq işini aparırdı. Onların konsertlərinə məqaləmizdə hələ qayıdacağıq.
Festivalın birinci günü Yaponiyadan dəvət olunmuş Kamiqata Sumiyoşi Kai ansamblının konserti diqqəti cəlb etdi. Builki Beynəlxalq Festivalında Yaponiyanın sənətçiləri Kamiqata rakudo sənət növünü ustalıqla, məharətlə ifa etdilər. Bu ansamblın hət bir ifaçısı müxtəlif rəqs növləri, poetik formaları, bir sözlə bütün növlərini nümayiş etdirirlər. Açığını deyək ki, bu maraqlı kompozisiyanı qurmaq heç də asand deyil. İfaçı çevik, dinamik, fəal olmalıdır. Belə ki, qarşımızda kiçik teatr səhnələri canlandı. Onların ifasında Daikaqura rəqsi canlandı. Maraqlıdır ki, daikaqura rəqsi keçmişdə tanrıya ithaf olunurdu. Əkinçilik ilə məşğul olan bir zəhmətkeş xalq kimi yaponlar ifadəli və enerjili rəqs vasitəsilə böyük məhsula görə allaha şükr öz istəklərini bildirirdilər. Ümumiyyətlə, rəqs zamanı yaponlar improvizasiya elementlərinə üstünlük verirlər. Dinlədiyimiz və böyük ehtiramla tamaşa etdiyimiz bu səhnələşdirilmiş rəngarəng epizodlar hamımızı heyran etdi.
Həmin gün Polşadan gələn “AcCELLO Duo” instrumental duetin konsertini dinlədik. “AcCELLO Duo” instrumental dueti akkardeon ifaçısı Pyotr Qah tərəfindən 2011-ci ildı təşkil edilib. Bu gözəl diet bir çox dəyərli Beynəlxalq Festival və müsabiqələrin iştirakçısı olmuş, mükafat və diplomlarla təltif rdilmişdir. Konsertdə həm ciddi klassik və həmçinin populyar əsərlər səsləndi.
Axşam, yəni iyulun 1-də gözəl və möhtəşəm Yay Teatrında Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı oldu. Təntənəli gecəni Türkiyənin Adana şəhərinin Çukurova Dövlət Simfonik Orkestri açdı. Həmin axşam bizim Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, tanınmış dirijor Fəxrəddin Kərimov idarə edirdi.
Konsert türk bəstəkarı Ülvi Cemal Erkinin “Koçekçe” əsəri ilə başladı. Orkestr ustalıqla bu dinamik və ifadəli əsəri ifa etdi. Keçmiş və müasirlik, arxaika və bu gün – əsərdə sıx vəhdət halında çıxış edir. Digər türk bəstəkarı Eray İnal geniş yayılmiş Azərbaycan xalq incisini – “Sarı gəlin” mahnısını məharətlə işləmiş, rəngarəng boyalarla zənginləşdirmişdi.
F.Kərimov böyük bir proqram hazırlamışdır və burada azərbaycan, türk və qərb bəstəkarların əsərləri öz əksini tapmışdır. Daha çox həmin gecə xalq tərəfindən sevilən populyar kinomusiqisi proqramda əsas yer tuturdu. Həmin gecə tanınmış violin ifaçısı Toğrul Qəniyev Antonio Vivaldinin “İlin fəsilləri” əsərini orkestrin müşayiəti ilə məharətlə dinləyici və tamaşaçılara çatdırdı. Xalq artisti İlahə Əfəndiyeva, əməkdar incəsənət xadimi Afaq Abbasova çıxış etdilər.
Fəxrəddin müəllimdəb xahiş etdik orkestr haqqında öz fikirlərini desin: “Çukurova Dövlət Simfonik Orkestri ilə bizim çoxdan dostluq və yaradıcılıq əlaqələrimiz mövcuddur – səmimi söhbətə qoşulan F.Kərimov xüsusi vurğuladı. Bu orkestr Prezident, İstanbul və İzmir simfonik orkestrləri ilə yanaşı, Türkiyənin sayca dördüncü Dövlət Simfonik Orkestridir.
Bu ilin fevral ayında İstambulda xalq artisti, professor Firəngiz Əlizadənin müəllif konserti keçirildi. Çukurova Dövlət Simfonik Orkestrinin ifasında F.Əlizadənin “İntizar” operasından bir çox gözəl və ifadəli nömrələr səsləndi (ariyalar, II pərdəyə giriş və s.). Orkestri mən idarə edirdim. Bu konsertə orkestr çox ciddi hazırlaşmışdır. Həmin gecə Firəngiz xanımın digər dəyərli əsərləri də “Şüştər” simfonik orkestr üçün (“Metamorfozı”) səsləndi.
Ümumiyyətlə, bu orkestr ilə mən Azərbaycan bəstəkarlarının bir çox əsərlərini yazmışam, o cümlədən, Q.Qaaryevin “Don-Kixot”, F.Əmirovun “Kürd Ovşarı”, A.Rzayevin Skripka və orkestr üçün Konsertini və s.
VI Beynəlxalq Musiqi Festivalına da biz məhsuliyyətlə yanaşdıq. Mən Türkiyədə bir neçə repetisiya keçirtdim və orkestri Şəkidə çıxış etməyə hazırladım. Bu orkestr bir çox xarici ölkələrdə müvəffəqiyyətlə çıxış edib”. Çox sağ olun Fəxrəddin müəllim, Siz həmişə Bəstəkarlar İttifaqına kömək edirsiniz, bütün tədbirlərdə fəal iştirak edirsiniz.
Festivalın səhəri gün Şəki Musiqi Kollecində müəllim və tələbələrin Bakıdan gələn qonaqlarla yüksək səviyyədə görüş keçirildi. Azərbaycan bəstəkar və musiqişünasları haqqında yazılan kitabların təqdimatı oldu. Bu sətirlərin müəllifi bu haqda xüsusi məqalə hazırlayır, çünki indiki məqaləmizin çərçivəsinə sığmır.
Yuxarıda qeyd etdiyimiz kimi, bu Festivalın yeniliyi ilk növbədə Azərbaycanda yaşayan azsaylı xalqların iştirakı olmuşdur, o cümlədən, iyulun 2-si və 3-də ləzgilərin, tatarların, Axısqa türklərinin, tatların, kürdlərin, İvanovka, Nikolayevka və digər rayonlarda yaşayan rusların, daha sonra udinlərin yaratdığı müxtəlif kollektivlərin ifasında onların mahnılarını, rəqslərini eşitdik, gördük. Kiçik teatr səhnəcikləri qarşımızda canlanırdı. Onlar öz doğma folklorunun ən qədim janrlarına müraciət edərək, sözün əsl mənasında kompozisiyalar yaradırdı. Bunların bir çoxu, məhz azərbaycanlıların keçirtdiyi toy mərasimində, daha doğrusu toya təxminən 1 ay qalmış müddətində “Xınayaxdı” mərasimi keçirilir. Eyniadlı kollektivin ifasında qədim xalq mahnılarını eşitdik. Nə yaxşı olardı bu mahnı-rəqslərin musiqisi nota yazılsın və çap edilsin. Folklor təfəkkürünü canlandırmadan, folklor yaddaşını oyatmadan Azərbaycan irsinin təbii – tarixi inkişaf kontekstini bütün genişliyi ilə bərpa etmək mümkün deyil. Musiqi, incəsənət o zaman böyükdür ki, o, güclü etnik – mədəni əsaslar üzərində dayanır, inkişaf edir, zənginləşir.
Fikrimizcə, gələcəkdə bu haqda ümumiləşdirilmiş elmi işlər yazılmalıdır, azsaylı xalqların musiqisi dərindən öyrənilməli və tədqiqat işləri aparılmalıdır. “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalında Şəkinin “Zirvə” ansamblının konserti Yay teatrında keçirildi. Şəkinin xalq instrumental ansamblı yetmişinci illərdə yaranıb və o vaxtdan onun fəaliyyəti getdikcə genişlənir, yeni solistlər, yeni qüvvələr gəlir.
“Zirvə” xalq instrumental ansamblının bir çox xarici ölkələrdə öz məharətini, professionallığını nümayiş etdirir.
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı hər gün Festivalın işini işıqlandırırdı.
Səadət Təhmiraz qızı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Radio musiqi Verilişləri Redaksiyasının redaktoru: “Artıq 6-cı ildir Şəkidə “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu dünya əhəmiyyətli Festivaldır, çünki hər il Festivalda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər iştirak etmişlər. Məhz bu cəhəti festivalın adına daha uyğundur, belə ki, Qədim dövrlərdə Şəki “İpək Yolu” ticarət mərkəzi kimi tanınmışdı, bu gün isə “İpək Yolu” sanki musiqi karvanına çevrilib. Mən də xoşbəxtəm ki, Festivalın musiqi karvanına qoşulub artıq 3-cü ildir ki, burada iştirak edirəm. Bir musiqişünas olaraq Festivalın əhəmiyyətini çox böyük dəyərləndirirəm. Çünki burada musiqinin təbliği, maarifləndirici xüsusiyyəti və insanların musiqi zövqünün inkişafı mühüm rol oynayır. Bütün bunlar üçün də Festivalın bədii rəhbəri Firəngiz xanım Əlizadəyə minnətdaram.
İyulun 4-də Yay teatrında Azərbaycan Bəstəjkarlar İttifaqının Sədri, professor, xalq artisti, YUNESKO-nun “Sülh artisti”, xalqımızın sevimli bəstəkarı Firəngiz Əlizadə ilə görüş keçirildi. Açığını deyək ki, belə yüksək səviyyədə görüş biz görməmişik, yadımıza gəlmir. Burada bir çox amillər, bu yüksəkliyin sübutudur. Zalda əyləşən hər bir insanın simasında – ziyalılıq və musiqi sənətinə sevgi var idi. Şəkidə 5 gün olaraq, bir maraqlı hadisəni müşayiət etdim. Məhz Festival günlərində daha çox xaricdən qonaqlar müxtəlif sahələrin mütəxəssisləri Şəkiyə təşrif buyururlar. Onlar Azərbaycan musiqi mədəniyyətini öyrənmək məqsədilə bütün konsertlərə gəlirdilər. Onlar mütləq Firəngiz xanıma yaxınlaşaraq, həmişə onu təbrik edir, yeni əsərlər haqqında məlumat toplayırdılar, müsahibələr götürürdülər və s.
Görüşdən əvvəl, Firəngiz xanım haqqında kinofilm nümayiş olundu. Burada onun əsərləri səsləndikcə zalda alqışlar səslənir və insanların üzündə təbəssüm, sevinc hissləri aydın görünür. Zalda ideal sakitlik və hamı diqqətlə, fəxrlə qulaq asır. Yazılı şəkildə (yəni Firəngiz xanımın elektron ünvanına onlarla suallar gəlir, o, bu suallara operativ şəklində cavab verirdi).
Millət vəkili, akademik Yaqub Mahmudov çox gözəl çıxış etdi. Ümumiyyətlə, bu görkəmli şəxsiyyət musiqidə gedən bütün cərəyanları, tendensiyaları tədqiq edərək, dəyərli ümumiləşdirilmələr verir. Müasir Azərbaycan musiqisinin fəlsəfi dünyasını, konseptuallığını akademik Firəngiz xanımın əsərlərinə əsaslanaraq açdı və hamı üçün aydın oldu ki, dünya şöhrətini, xalqın məhəbbətini məhz böyük nailiyyətlərə görə qazanıb.
Xatırladım ki, filmdə F.Əlizadənin “Habilsayağı” əsəri səslənəndə, sürəkli alqışlar zalı bürüdü. Bu xalqımızın bəstəkara olan səmimi məhəbbəti idi.
Yaxşı olardı bu görüş və çıxışlar Azərbaycan Televiziyasında bütövlükdə göstərilsin. Firəngiz xanım gündə ən azı 11-15 müsahibə verirdi. Şəki televiziyası bütün konsertləri, çıxışları yüksək səviyyədə yazdı və hər gün işəqlandırırdı.
İyulun 5-də “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalın qonaqları bizim hamımızın sevdiyi kollektiv – muğam instrumental ansambl (onun rəhbəri – əməkdar incəsənət xadimi Sahib Paşazadə) Şəki Xan Sarayında yüksək bədii zövqlə həmin çıxış etdilər. Arzu Əliyeva “Muğam” müsabiqəsinin diplomantı, Azərbaycan Dövlət Akademik Opera və Baletr Teatrının solisti, ansamblın tərkibində istedadlı musiqiçilər – Toğrul Əsədullayev (kamança), Mehman Nuriyev (balaban), Emin Cəbrayılov (nağara), Gülşən Eyvazova-Nəsibova (qanun).
“İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının bağlanışı Yay Teatrında təntənəli və yüksək səviyyədə keçirildi. Həmin gün Azərbaycan Bəstəkarlar İttifaqının “Bakı Sinfoniyetta” orkestri uğurla çıxış etdi. Bu orkestr 2014-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, professor, xalq artisti Firəngiz Əlizadə və Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin təşəbbüsü ilə yaradılmışdı. Konsertdə rəngarəng və maraqlı əsərlər ifa olundu.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çox gözəl çıxış etdi. Sonra hörmətli Firəngiz xanım olduqca səmimi çıxış edərək Festivalın yüksək səviyyəsində keçməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və şəkililərə təşəkkür etdi. Qeyri-adi, dəyərli çıxış ilə hamını akademik Yaqub Mahmudov valeh etdi.