"İpək Yolu” lll Beynəlxalq Musiqi Festivalının proqramı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı başa çatmışdır.

AzərTAc xəbər verir ki, iyulun 4-də “Aşağı Karvansaray” tarixi-memarlıq kompleksində festivalın bağlanış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri geniş konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış etmişdir. Orkestrin bədii rəhbəri və baş dirijoru əməkdar incəsənət xadimi Azad Əliyev, solistlər əməkdar artist Gülnaz İsmayılova, İlahə Əfəndiyeva və Ramil Qasımovdur.

Proqrama Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Fikrət Əmirovun “Azərbaycan elləri”, “Azərbaycan kapriççiosu”, Səid Rüstəmovun “İntizar”, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Musa Mirzəyevin “Bayram atəşfəşanlığı” və Niyazinin “Qaytağı” əsərləri daxil edilmişdir.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək “İpək Yolu” III Beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olduğunu bildirmiş, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiklərinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Sonda bayram atəşfəşanlığı olmuşdur.

Firəngiz Əlizadə: “Şəki belə bir festival üçün əvəzsiz məkandır”

Şəki Xan Sarayının 250 illiyi çərçivəsində keçirilən 3-cü “İpək yolu” Beynəlxalq Musiqi Festivalı başa çatıb. 5 gün davam edən möhtəşəm tədbirin yekun konserti “Aşağı karvansaray” binasında keçirilib.

5 gün davam edən bu möhtəşəm tədbirin sonuncu günü “Xan saray”ının 250 illik yubileyi də möhtəşəm şəkildə qeyd olundu. Xarici dövlətləri təmsil edən qonaqlar bu musiqi bayramının məkan olaraq Şəkinin qoruq ərazisində olan tarixi abidələr və onların həyətlərində keçirilməsini xüsusi ilə vurğuladılar.

Festivalın əsas təşkilatçısı olan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə “İpək yolu” Beynəlxal Musiqi Festivalının artıq özünə həyat qazandığını bildirdi. Firəngiz Əlizadə hesab edir ki, Şəki belə bir festival üçün əvəzsiz məkandır.

Şəki, 4 iyul (AzərTAc). Iyulun 4-də Şəki şəhərində Şərq memarlığının ən nadir incilərindən hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi -Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunmuşdur.

Yubiley tədbirində Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın xarici ölkə səfirliyi və beynəlxalq təşkilatların nümayəndə heyətləri, respublikamızın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, Milli Məclisin deputatları, xarici qonaqlar, bədii kollektivlər iştirak etmişlər.

AzərTAc xəbər verir ki, yubiley tədbiri XVIII-XIX əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində başlamışdır. Tədbirin keçirildiyi məkan Şəki xanları sarayının divar rəsmlərini əks etdirən fraqmentlərlə, eləcə də həmin dövr sənətkarlarının bayraqları ilə bəzədilmişdir.

Yubiley tədbirinin iştirakçıları əvvəlcə meyvə və giləmeyvələrdən hazırlanmış 30-a yaxın şərbət və sərinləşdirici içkiyə qonaq edilmişlər.

Fikrət Əmirov adına Dövlət mahnı və rəqs ansamblının şən və oynaq rəqsləri, “Natiq” ritm qrupunun ifasında bənzərsiz ritmlər tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Yubiley mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək 1762-ci ildə çox istedadlı bir memarın fəaliyyəti nəticəsində yaranan Şəki xanları sarayının 250 illik yubileyinin Azərbaycanın tarixində, mədəni həyatında son dərəcə əlamətdar hadisə olduğunu xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, artıq 250 ildir bu saray bənzərsiz gözəlliyi ilə dünyanın müxtəlif ölkələrindən gələn qonaqları özünə cəlb edir.

Nazir bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tarixi abidələrimizin qorunub saxlanmasına, bərpasına, bu təkrarsız milli memarlıq nümunələrinin xaricdə daha geniş təbliğ olunması işinə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, dövlətimizin başçısının imzaladığı sərəncamlara əsasən, həm Bakı şəhərində, həm də bölgələrdə yerləşən tarixi abidələrimiz yenidən həyata qaytarılır, öz qapılarını insanların üzünə açır. Şəki xanlarının sarayı demək olar ki, həmişə Azərbaycan xalqının fəxr etdiyi bir memarlıq abidəsi kimi yaşamaqdadır.

Nazir vurğulamışdır ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycanın tarixi abidələrinin dünya ictimaiyyəti arasında tanıdılması ilə yanaşı, onları bəşəriyyətin mədəni irs siyahısına daxil etməkdən ibarətdir. Bu sahədə mühüm addımların atıldığını vurğulayan nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın səyi nəticəsində artıq “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun, Qobustan qayalarının UNESCO-nun mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırmışdır.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bu gün ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına böyük diqqət yetirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Şərq memarlığının nadir incisi olan Şəki xanlarının sarayı xalqımıza məxsus yüksək mədəniyyətin, böyük inkişaf yolu keçən xalq tətbiqi sənətimizin canlı nümunəsidir. Şəkinin məşhur sənətkarlarının əldə etdikləri təcrübə, vərdiş, bilik və bacarıq daim zənginləşmiş, bugünümüzə gəlib çatmışdır. Bildirilmişdir ki, əslində bu bayram, həm də xalq tətbiqi sənətimizin keçdiyi tarixi inkişaf yoluna bir daha nəzər salmaqdır.

Sonra tədbir iştirakçıları “Natiq” ritm qrupu üzvlərinin ifa etdiyi Azərbaycan ritmlərinin müşayiəti ilə “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğuna yola düşmüşlər. Qonaqlar XVIII əsrə aid memarlıq abidəsi olan “Qala divarları”nın önündə təşkil edilmiş Şəki xanlığının tarixini özündə əks etdirən səhnəyə baxmışlar. Burada qonaqları “xanın əyanları” qarşılamışlar.

Qoruğun ərazisində təşkil edilmiş “Şərq bazarı” ilə tanışlıq qonaqların ürəyincə olmuşdur. Şəki sənətkarlarının əl işləri, pəhləvanların çıxışları xarici qonaqlarda böyük maraq oyatmışdır. Tədbir iştirakçıları burada atüstü milli oyunlarımızdan olan “Çövkən” və atüstü güləş yarışlarını da izləmişlər.

Bayram tədbiri daha sonra “Xan Sarayı”nın həyətində davam etdirilmişdir.

Sarayın həyətində qonaqları “xan”ın özü qarşılayaraq onlara xoş istirahət arzulamışdır. “Xan”ın adından qonaqlara ənam paylanılmışdır.

Qonaqlar Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsi ətrafında rəqs ansamblının ifasında dünya xalqlarının rəqslərini izləmiş, xanəndələrin, tanınmış müğənnilərin ifalarını dinləmişlər.

Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək bildirmişdir ki, bu gözəl mərasim, bu təntənələr bəşər sivilizasiyasının, Yer kürəsində bizim qovuşduğumuz müasir mədəniyyətin yarandığı yerdə, 5 min illik dövlətçilik tarixi olan dünyanın ən qədim diyarlarından biri olan Azərbaycanda keçirilir. Bu bayram dünya mədəniyyətinin yaranmasında çox böyük rolu olan bütün Azərbaycan xalqının bayramıdır.

Bayram tədbiri bir neçə saat davam etmişdir.

Sonda qonaqlar “saray xanı” və onun əyanları ilə xatirə şəkli çəkdirmişlər.

Şəki, 3 iyul (AzərTAc). Azərbaycan musiqisini çox sevirəm. Müğənni Alim Qasımovun ifasına isə xüsusilə heyranam.

AzərTAc xəbər verir ki, bu sözləri Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalının iştirakçısı, Türkiyənin “Əl-Kindi” instrumental ansamblının rəhbəri, virtouz fransız ifaçısı Jülyen Bernard Cəlaləddin Vayss demişdir.

Konsertdə Azərbaycana da yaxın olan XV əsrə aid çox qədim bir Osmanlı musiqisini, Sultan Bəyazidin əsərini ifa etdiklərini vurğulayan Jülyen Vayss Azərbaycan, türk və ərəb musiqilərini birləşdirməyi çox sevdiyini bildirmişdir. O, türk saray musiqisi əsasında türk, azərbaycanlı və ərəb musiqiçiləri ilə “Ottoman Perfumes” adlı musiqili kompozisiya hazırladığını, proqramda Azərbaycandan olan tar ifaçısı Malik Mansurovun da iştirak etdiyini diqqətə çatdırmışdır.

Şəki, 3 iyul (AzərTAc). “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 3-də XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində İranın “Acəmlər” instrumental qrupunun konserti olmuşdur.

AzərTAc xəbər verir ki, konsertdən əvvəl Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə instrumental qrupun fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, “Acəmlər” adlandırılan İran musiqiçiləri Osmanlı sultanları I Sultan Səlim və IV Sultan Murad tərəfindən XIV-XV əsrlərdə Tehran, Bağdad və digər şəhərlərdən İstanbula gətirilmişlər. Acəmlər vasitəsi ilə musiqilər, o cümlədən Səfəvi dövrünə aid bəstəkarlıq üslubunun bəzi xüsusiyyətləri Osmanlı paytaxtına ötürülmüş və həmin musiqi burada uzun müddət yaşamışdır.

“Acəmlər” ansamblı 2011-ci ildə Araş Mohafez tərəfindən keçmiş acəmlərin fars musiqi estetikasına əsaslanan repertuarını ifa etmək və lentə almaq məqsədilə yaradılmışdır. Bu layihənin əsas məramı musiqinin yalnız vaxtilə ifa olunduğu tərzdə bərpası deyil, həmçinin qədim musiqinin bədii dilini fars klassik musiqi dilinə çevirməkdən ibarətdir. Buna görə də ansambl həmin musiqinin bugünkü iranlı dinləyicilər tərəfindən dərk edilməsinə və qədim əsərlərin müasir fars klassik musiqisi repertuarına inteqrasiyasına xidmət edir.

Ansamblın rəhbəri Araş Mohafez 2011-ci ildə Bakıda keçirilən “Muğam aləmi” II Beynəlxalq muğam simpoziumunun iştirakçısı olmuşdur.

Ansamblın üzvlərindən Araş Mohafezin santur musiqi alətində, Fərid Xaradməndin bəndir və tömbək alətlərində, Behnaz Behnamnianın udda, Farşad Tavakolinin setarda, Şiva Abadinin kamançada ifa etdikləri bir-birindən maraqlı musiqi nömrələri tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Şəki, 3 iyul (AzərTAc). İyulun 3-də Şəki şəhərində “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xorunun konserti olmuşdur.

AzərTAc xəbər verir ki, Şəki xanları sarayının həyətində təşkil olunan konsertin tamaşaçıları arasında Milli Məclisin deputatları, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, habelə festivalda iştirak edən xarici ölkələrin musiqi kollektivlərinin üzvləri də olmuşlar.

Kollektivin bədii rəhbəri və dirijoru Şəhla Ələkbərovadır. Solistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, bədii rəhbər Əməkdar Artist Zərinə Allahverdiyevadır.

Konsertdə ilk dəfə olaraq tamaşaçılara Cəlal Abbasovun qaboy, zərb alətləri və qarışıq xor üçün “Bahar mərasimi” kantatası və Məmməd Cəfərovun Yunus İmrənin və Hüseyn Cavidin sözlərinə xor, solist və orkestr üçün yazılmış 3 nömrəli kantatası təqdim olunmuşdur.

Proqrama, həmçinin Frensis Leyin “Kişi və qadın” kinofilmindən musiqi, Asəf Zeynallının “Ölkəm”, Aqşin Əlizadənin “Al çuxa”, “Bayatılar”, Frans Şubertin “Ave Mariya”, Səid Rüstəmovun “Alagöz”, Üzeyir Hacıbəylinin “Ey, Vətən!”, habelə “Aman ovçu” və “Güləbatın” xalq mahnıları daxil idi.

Azərbaycan Televiziyası və Radiosunun Xoru 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmışdır. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olmuşdur. İlk dövrlərdə kollektivin repertuarı xalq mahnılarının xor üçün işləmələrindən ibarət idi. İndi isə xorun repertuarı Azərbaycan bəstəkarları və dünya klassiklərinin əsərləri ilə zənginləşmişdir.

Xor kollektivinin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Sonda kollektivə Şəki Şəhər İcra Hakimiyyətinin xatirə hədiyyəsi təqdim olunmuşdur.

Şəki, 2 iyul (AzərTAc). İyulun 2-də Şəki şəhərində keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində Türkiyənin “Əl-Kindi” instrumental ansamblının konserti olmuşdur.

AzərTAc xəbər verir ki, XIX əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil olunan konserti ansamblın yaradıcısı və rəhbəri, ərəb sitr (qanun) alətində çalan virtuoz fransız ifaçısı Jülyen Bernard Cəlaləddin Vayss açaraq ansamblın üzvləri və musiqi alətləri barədə məlumat vermişdir.

Qeyd edilmişdir ki, 1983 cü ildə yaradılan bu ansambl orta əsr ərəb filosofu, riyaziyyatçısı, astronomu, ərəb Şərqinin ensiklopedik biliyə malik alimi, həmçinin ərəb-müsəlman musiqi nəzəriyyəsi elminin banisi Əbu Yusif əl-Kindinin şərəfinə belə adlandırılmışdır. Ansamblın tərkibi ənənəvi Şərq “taxt-şarki” quruluşuna malik olmaqla, qanun, ud, ney, riqqa (tamburin) musiqi alətlərindən ibarətdir. Ansamblın çıxışlarında zikr mühüm ifa elementi olmaqla, ifaçının yüksək mənəvi kamillik səviyyəsinə çatmasını ifadə edir.

1953-cü ildə Parisdə anadan olmuş Jülyen Bernard Cəlaləddin Vayss öz ətrafına bir sıra görkəmli türk musiqiçilərini toplaya bilmişdir. Klassik gitara ifaçısı olan Jülyen ərəb musiqisini və qanun alətini öyrənmək üçün 1978-ci ildən Qahirə, Tunis, İstanbul, Bağdad, Beyrut, Hələb və Tehranda təhsil almışdır.

Jülyen Vayssın rəhbərliyi altında “Əl-Kindi” ansamblı 1990-cı ildən başlayaraq müxtəlif ölkələrdən olan tanınmış musiqiçilərlə birlikdə ərəb və türk dillərində dini və dünyəvi mövzularda maraqlı musiqi layihələri, kompozisiyalar hazırlayır. Jülyen Vayss öz konsert layihələrində Tunis, Dəməşq, Hələb, İstanbuldan olan məşhur ney, riqq, ud, tanbur, rübab, kamança ifaçıları ilə, o cümlədən Azərbaycandan olan tar ifaçısı Malik Mansurovla əməkdaşlıq edir.

“Əl-Kindi” ansamblı Hyu-Yorkda “Carnegia Hall” və Londonda “Kraliça Elizabet Hall” kimi dünyanın ən nüfuzlu salonlarında çıxış etmişdir.

Konsert zamanı ansamblın təqdim etdiyi dini və dünyəvi musiqi nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Sonda şəhər icra hakimiyyəti tərəfindən ansamblın üzvlərinə xatirə hədiyyəsi təqdim edilmişdir.

Şəki, 2 iyul (AzərTAc). Şəkidə “İpək Yolu” III Beynəlxalq musiqi festivalı uğurla davam edir.

AzərTAc xəbər verir ki, festival çərçivəsində iyulun 2-də XIX əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun şəhər bələdiyyəsi konservatoriyasının rəqs qrupunun konserti olmuşdur.

Kollektivin ifa etdiyi bir-birindən maraqlı folklor və rəqs nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Artıq 12 ildir ki, fəaliyyət göstərən bu kollektivin müxtəlif yaş qrupları üzrə 140-a yaxın üzvü vardır. Kollektiv dəfələrlə xarici ölkələrdə keçirilən festivallarda iştirak etmişdir. Şəki festivalından sonra rəqs qrupunun Rumıniyaya səfəri gözlənilir.

Konsertdən sonra Giresun bələdiyyəsinin nümayəndəsi Ömər Cinər çıxış edərək Şəki şəhəri ilə dostluq və qardaşlıq əlaqələrinin on ildən artıqdır ki, uğurla davam etdiyini bildirmişdir. Festivalın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Ömər Cinər, Şəki şəhəri rəhbərliyini və musiqi kollektivlərini 2013-cü ildə Giresun şəhərində keçiriləcək festivala dəvət etmişdir.

Şəki Şəhər İcra Hakimiyyəti və Giresun bələdiyyəsi tərəfindən qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunmuşdur.

Şəki, 1 iyul (AzərTAc). Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 1-də Koreya Respublikasının “Buyoqun Cunqnam” milli alətlər ansamblının konserti olmuşdur.

AzərTAc xəbər verir ki, “Çələbixan” sarayında keçirilən tədbirdə festivalın təşkilat komitəsinin rəhbərləri, üzvləri, ziyalılar, sənət adamları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak etmişlər.

Ansamblın rəhbəri Lee Guq Do əvvəlcə konsertdə ifa olunacaq milli musiqi alətləri barədə məlumat vermişdir.

Lee Guq Donun piri (nəfəs aləti), Oh Younq Jinin isə zərb alətlərində ifa etdikləri melodiyalar, “kayaqim” milli musiqi alətinin ifaçısı və vokalçı Ko Ae-Limin məlahətli səsi, rəqqasə Kim Bo Younqun milli rəqsləri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanmışdır.

Qeyd edək ki, Koreya Respublikasının Cunqnam şəhər əhalisinin geniş rəğbətini qazanmış bu ansambl 1994-cü ildə yaradılmışdır. “Buyoqun Cunqnam” ansamblının iştirakı ilə hər il yüzdən artıq yüksək səviyyəli konsertlər təşkil olunur. Bu konsertlərdə Koreya milli musiqisinin nümunələri təqdim olunur. Cunqnam şəhərində qədim dövrlərə aid milli musiqi ənənələri bu gün də qorunub saxlanmaqdadır. Kollektiv milliliyi özündə əks etdirərək bütün dünyada tamaşaçıları heyran edəcək fərqli musiqi təqdim edir. Ansamblın ifaçılarının qəlbi və ruhu yeni musiqinin yaradılmasına, bu musiqini yeni tərzdə ifa etməklə onu dünya səviyyəsinə yüksəltməyə yönəlmişdir.

Konsertin sonunda Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci Ha çıxış edərək festivalın xalqlar arasında dostluq və mədəni əlaqələrin genişlənməsində mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Səfir qeyd etmişdir ki, Koreya Respublikası Azərbaycandan məsafə baxımından uzaq olsa da, xalqlarımızı dərin köklər birləşdirir.

Sonda şəhər icra hakimiyyəti adından ansamblın üzvlərinə xatirə hədiyyələri təqdim olunmuşdur.

(AzərTAc). Azərbaycanın dilbər guşələrindən olan Şəkiyə ilk dəfədir ki, gəlirəm. Burada özümü çox rahat hiss edirəm. Çünki insanlar çox səmimi və mehribandırlar. İpək Yolu” III Beynəlxalq musiqi festivalında iştirak etməyimdən çox məmnunam. AzərTAc xəbər verir ki, bu sözləri Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalının iştirakçısı, Koreya Respublikasından gəlmiş rəqqasə Kim Bo Younq demişdir. Konsertdə Koreya milli musiqisinin, Şərq rəqsinin elementlərini təqdim etdiyini vurğulayan Kim Bo Younq daha sonra demişdir: “Bilirəm ki, azərbaycanlı rəqqaslar da milli rəqslərə üstünlük verirlər. Güman edirəm ki, tamaşaçılar çıxışımı bəyəndilər. Bunu alqışlardan hiss etdim. Ölkəniz çox gözəldir. Azərbaycana yenə gəlmək arzusundayam”.

Şəki, 1 iyul (AzərTAc). AzərTAc xəbər verir ki, Cabbar Qaryağdı oğlu adına Azərbaycan muğam üçlüyü “İpək Yolu” III Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 1-də Şəki şəhərindəki “Çələbixan” sarayında maraqlı konsert proqramı ilə çıxış etmişdir.

Konsertdə Xalq Artisti Mələkxanım Əyyubovanın Möhlət Müslümov və Fəxrəddin Dadaşovun müşayiəti ilə ifa etdiyi muğam və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.

Qeyd edək ki, 1984-cü ildə birinci muğam müsabiqəsinin qalibi olmuş C. Qaryağdı oğlu adına muğam üçlüyü fəaliyyətini bu gündə uğurla davam etdirir. Üçlüyün yaradıcıları Xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) Azərbaycanın tanınmış ustad və gənc xanəndələri ilə birlikdə respublikamızda, eləcə də bir çox xarici ölkələrdə konsert proqramları ilə çıxış etmiş, muğamımızı, xalq mahnılarını təbliğ etmişlər. Müxtəlif illərdə üçlüyün tərkibində xanəndələr Zahid Quliyev, Zabit Nəbizadə, Elçin Cəlilov, İrşad İbişov, Mənsum İbrahimov, Babək Niftəliyev, qadın xanəndələr Qəndab Quliyeva, Səkinə İsmayılova, Mələkxanım Əyyubova çalışmışlar.

Konsertin sonunda muğam üçlüyünə şəhər icra hakimiyyəti tərəfindən xatirə hədiyyələri təqdim olunmuşdur.

Bakı, 27 iyun (AzərTAc). İyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) təşkil edilmiş mətbuat konfransında Şəkidə keçiriləcək “İpək Yolu” III Beynəlxalq musiqi festivalı haqqında geniş məlumat verilmişdir.

AzərTAc xəbər verir ki, iyunun 30-dan iyulun 4-dək davam edəcək festival Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir.

Festivalın bədii rəhbəri, ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə artıq ənənəvi olaraq keçirilən musiqi bayramının böyük əhəmiyyət daşıdığını söyləmişdir. Bildirmişdir ki, festivalımız yenidən öz yolunu Şəki şəhərindən salır. Bunun da çox mühüm səbəbləri vardır. Çünki 2012-ci il Azərbaycanın ən məşhur memarlıq abidələrindən biri – Şəki xanları sarayının yubiley ilidir. Tariximizi yaşadan bu möhtəşəm abidənin 250 illiyinin “İpək Yolu” III Beynəlxalq musiqi festivalı günlərində qeyd olunması respublikamız üçün əlamətdar hadisədir.

Festivalın bədii rəhbəri demişdir ki, bu dəfə də biz tədbirin əsas qayəsinə uyğun olaraq konsertimizi memarlıq abidələri fonunda, Şəki xanları sarayı, Yuxarı və Aşağı Karvansaray, “Cənnət bağı” kimi tarixi məkanlarda keçirəcəyik. Burada ayrı-ayrı ölkələrin milli musiqisi müxtəlif folklor nümunələrinin, milli geyimlərin, qədim ornamentlərin nümayişi ilə, rəngarəng melodiyaların sədaları tarixi memarlıq abidələrinin ecazkar ab-havası ilə qovuşacaqdır.

F.Əlizadə diqqətə çatdırmışdır ki, festivalın açılış mərasimində Şəki xanları sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin iştirakı ilə “Arşın malçı İpək Yolunda” tamaşası nümayiş olunacaqdır. Tamaşa dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmışdır.

Bildirilmişdir ki, festivalın coğrafiyası ilbəil genişlənir və dünyanın aparıcı musiqi kollektivləri bu mədəniyyət bayramında iştirak etməyə səy göstərirlər. Budəfəki musiqi bayramına Gürcüstandan “Erisioni”, İrandan “Acəmlər”, Koreya Respublikasından “Buyoqun Cunqnam”, Türkiyənin “Əl-Kindi” ansamblları, eləcə də Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun şəhərinin folklor ansamblı gəlmişlər. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan musiqiçilərinin çıxışları festivalı bəzəyəcəkdir.

Tədbirdə digər çıxış edənlər də ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğinə göstərilən diqqət və qayğıdan danışmış, festivalın işinə uğurlar arzulamışlar.

Sonda ABİ-nin sədri jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

“Azərbaycan musiqisini çox sevirəm. Müğənni Alim Qasımovun ifasına isə xüsusilə heyranam”.

AzərTAc xəbər verir ki, bu sözləri Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalının iştirakçısı, Türkiyənin “Əl-Kindi” instrumental ansamblının rəhbəri, virtuoz fransız ifaçısı Jülyen Bernard Cəlaləddin Vayss demişdir.

Konsertdə Azərbaycana da yaxın olan XV əsrə aid çox qədim bir Osmanlı musiqisini, Sultan Bəyazidin əsərini ifa etdiklərini vurğulayan Jülyen Vayss Azərbaycan, türk və ərəb musiqilərini birləşdirməyi çox sevdiyini bildirmişdir. O, türk saray musiqisi əsasında türk, azərbaycanlı və ərəb musiqiçiləri ilə “Ottoman Perfumes” adlı musiqili kompozisiya hazırladığını, proqramda Azərbaycandan olan tar ifaçısı Malik Mansurovun da iştirak etdiyini diqqətə çatdırmışdır.

Arəş Mühafiz: “Azərbaycanlıların mədəniyyəti və Şəki əhalisinin mehribanlığı bizdə xoş təəssüratlar yaradıb”

İrana şeir festivalına gedib həbs edilən iki azərbaycanlı şairdən fərqli olaraq, Şəkidə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak edən iranlılar vətənlərinə məmnun və sağ-salamat qayıdıblar. Şəkidə Xan Sarayının 250 illiyinə həsr olunmuş “III İpək Yolu” festivalında iranlı nümayəndələr geniş nümayəndə heyəti ilə təmsil olunub. Onlardan bəziləri Azərbaycanda dəfələrlə mədəni tədbirlərdə iştirak etsələr də, bir qismi ölkəmizə ilk dəfə səfər edib. İncəsənət xadimləri deyir ki, onlar əvvəlcə Bakıya, daha sonra Şəkiyə heyran olub.

“Acəmilər” musiqi qrupunun çıxışı 5 gün davam edən festivalda ötən gündən başlayıb. Amma Şəkidə artıq bir neçə gündür ki, gəzməyə də vaxt tapıblar. Azərbaycanda 3-cü dəfə olduğunu deyən “Acəmilər” qrupunun rəhbəri Arəş Mühafiz deyir ki, azərbaycanlıların mədəniyyəti və Şəki əhalisinin mehribanlığı onlarda xoş təəssüratlar yaradıb.

Festivalda iranlıların təqdim etdiyi kompozisiyalar da beynəlxalq tədbirin iştirakçıları tərəfindən maraqla dinlənilib. İranlı incəsənət xadimləri də deyir ki, Şəkinin ab-havası, festivala maraq onları bura daha tez-tez gəlməyə vadar edəcək.

Şəki, 2 iyul (AzərTAc). Zənn edirəm ki, “İpək Yolu” festivalı gözəl bir musiqi bayramı olacaqdır.

Bu sözləri Şəkidə keçirilən “İpək Yolu” İİİ Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO–nun sülh naminə incəsənət xadimi Firəngiz Əlizadə demişdir.

F.Əlizadə bildirmişdir ki, festivalın yenidən öz yolunu Şəki şəhərindən salması sevindirici haldır. Festivalın açılışı üçün xüsusi layihə hazırlanmışdır. Şəki xanları sarayının qoynunda maraqlı musiqili kompozisiyanı – dahi Azərbaycan bəstəkarı üzeyir Hacıbəylinin bütün dünyada məşhurlaşmış əsəri əsasında hazırlanmış “Arşın malçı İpək Yolunda” tamaşasını izlədik. ümidvarıq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının, Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Dövlət mahnı və rəqs ansamblının, habelə xalq çalğı alətləri orkestrinin iştirakı ilə baş tutan bu qeyri–adi tamaşa parlaq təəssüratlarla yadda qalacaqdır.

Festivalın bədii rəhbəri demişdir: “Biz dünyanın bir çox ölkələrindən qonaqlar gözləyirik. Festivala məşhur musiqi kollektivləri təşrif buyuracaqlar. Gürcüstandan “Erisioni”, İrandan “Acəmlər”, Koreya Respublikasından “Buyoqun Cunqnam”, Türkiyədən “Əl–Kindi” ansambllarının, eləcə də Türkiyənin Şəki ilə qardaşlaşmış Giresun şəhərindən folklor ansamblının konsertləri tamaşaçılara böyük zövq verəcəkdir.

Həmişə olduğu kimi, bu dəfə də azərbaycanlı musiqiçilərin çıxışları festivalı bəzəyəcəkdir. Cabbar Qaryağdı adına muğam üçlüyünün, Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestrinin və Cahangir Cahangirov adına xor kollektivlərinin konsertləri, habelə Şəki Musiqi Kollecinin tələbələri üçün görkəmli musiqiçilərin ustad dərsləri təşkil olunacaqdır. Festival çərçivəsində, həmçinin Azərbaycan bəstəkarlarının iki yeni əsərinin premyerası da gözlənilir”

Şəki, 2 iyul (AzərTAc). İyulun 2–də Şəki Musiqi Kollecinin konsert zalında “İpək Yolu” İİİ Beynəlxalq musiqi festivalı çərçivəsində Cabbar Qaryağdıoğlu adına Azərbaycan muğam üçlüyünün üzvləri–Xalq Artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov və Mələkxanım Əyyubova kollecin şagirdlərinə ustad dərsləri keçmişlər.

Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) üzvlərinin və festivala qatılmış xarici ölkə musiqiçilərinin də iştirak etdikləri tədbirdə əvvəlcə kollecin kollektivi konsert proqramı ilə çıxış etmişdir. Orkestr və xorun ifasında üzeyir Hacıbəylinin “Koroğlu” operasından “üvertura”, “Çənlibel xoru” və digər əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə 2010–cu ildə keçirilmiş birinci festivaldan ötən dövr ərzində kollecin şagirdlərinin musiqi bacarığı və qabiliyyətlərinin xeyli artdığını vurğulamışdır. ABİ–nin sədri respublikanın tanınmış xalq artistlərinin iştirakı ilə keçirilən ustad dərslərinin şagirdlərin gələcək inkişafına mühüm təkan verəcəyinə əminliyini bildirmişdir.

Sonra kollecin birinci kurs tələbəsi Leyla Əliheydərli kamançada H.Rzayevin “Çahargah” rapsodiyasını, birinci kurs tələbələri Allahverdi Abdurəhimov və Xəyal Bəkirov tarda A. Dvorjakın “Slavyan rəqsi” əsərini, xanəndəlik sinfinin tələbələri Salatın Qəhrəmanova və Məlahət Mahmudova isə muğam parçaları ifa etmişlər.

İfaçıları diqqətlə dinləyən muğam üçlüyünün üzvləri şagirdlərə tövsiyələrini bildirmişlər.

İyunun 30-dan iyulun 4-dək Şəki şəhərində “İpək Yolu” III Beynəlxalq musiqi festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən sənət bayramında Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran və Cənubi Koreyanın musiqi, folklor və teatr kollektivləri iştirak edib.

“Festival qonaqların yaddaşında xoş hadisə kimi qalacaq”

“İpək Yolu” festivalı Şəki şəhəri sakinlərinin və xarici qonaqların yaddaşında xoş hadisə kimi qalacaqdır. İnanıram ki, dünyanın bir sıra ölkələrindən Azərbaycana gələn tanınmış musiqiçilər festivaldan xoş təəssüratla ayrılacaqlar”. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində festival barədə fikirlərini belə ifadə edib. Nazir bildirib ki, 2010-cu ildə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə irəli sürülən bu ideya artıq üçüncü dəfədir ki, gerçəkləşir. Festival artıq nazirliyin tədbirlər planında da özünəməxsus yer tutub: “İpək Yolu” festivalı ölkənin mədəni həyatında mühüm hadisəyə çevrilib. Fərəhli haldır ki, festival iştirakçılarının sayı ildən-ilə artır, bu musiqi bayramında təmsil olunan ölkələrin coğrafiyası genişlənir. Ən əsası odur ki, festivala gələn tamaşaçıların marağı da artmaqdadır”. Nazir festivalın Şəki Xan Sarayının 250 illik yubiley tədbirləri ilə bir vaxta təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib. Festival konsertlərinin gerçəkləşdiyi XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksinin dövlət başçısının göstərişi ilə gözəl şəkildə təmir-bərpa olunduğunu nəzərə çatdıran Ə.Qarayev “Bu, bizi çox sevindirir. Bundan sonra burada mədəni-kütləvi tədbirlərin, konsertlərin keçirilməsi mümkün olacaq”, – deyə bildirib. Nazir karvansarayda aparılan bərpa işlərinin hələ davam edəcəyini, burada müasir hotelin yerləşdirilməsi üçün müvafiq iş aparılacağını deyib.

“Erisioni” ansamblı şux rəqsləri ilə tamaşaçıları valeh edib

Festival çərçivəsində yaddaqalan konsert proqramlarından biri iyulun 3-də “Aşağı Karvansaray” kompleksində Gürcüstanın məşhur “Erisioni” akademik folklor mahnı və rəqs ansamblı tərəfindən təqdim olunub. Əsası 1885-ci ildə görkəmli gürcü ədibi, maarifçisi və mütəfəkkiri İlya Çavçavadzenin təşəbbüsü ilə qoyulmuş “Erisioni” ansamblını “folklor muzeyi” də adlandırırlar. Ansambl mövcud olduğu müddətdə dünyanın bir çox ölkəsində gürcü folklorunu böyük uğurla nümayiş etdirib. 1999-cu ildə amerikalı prodüser Cim Lou və fransız Paskal Jordan gürcü ansamblı ilə maraqlanaraq bu musiqi kollektivinin iştirakı ilə unikal şounun yaradılmasına nail olublar. Ansambl “Gürcü əfsanəsi”, “Günəşli Gürcüstan haqqında nağıl” və s. adlı şou proqramını ABŞ, Fransa, Belçika, İsveçrə, Rusiya, Ukrayna və s. ölkələrdə təqdim edib. Hazırda ansamblın heyətində müxtəlif nəsillərdən olan yüzə yaxın artist çalışır. Ansamblın bədii rəhbəri Gürcüstanın Xalq artisti, Dövlət və Şota Rustaveli mükafatları laureatı Camal Çkuaşeli, baş xoreoqrafı Xalq artisti, Dövlət və Ş.Rustaveli mükafatları laureatı Revaz Çoxonelidzedir. Kollektivin yüksək peşəkarlıqla ifa etdiyi şux və oynaq rəqslər, çoxsəsli gürcü xorunun bənzərsiz ifası, balaca nağaraçalanların məharəti, teatrlaşdırılmış musiqili kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Azərbaycan Televiziyası və Radiosu Xorunun konserti

Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru da maraqlı konsert proqramı ilə çıxış edib. Şəki Xan Sarayının həyətində təşkil olunan konsertin tamaşaçıları arasında Milli Məclisin deputatları, incəsənət xadimləri olublar. Azərbaycan Televiziyası və Radiosunun Xoru 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olub. İlk dövrlərdə kollektivin repertuarı xalq mahnılarının xor üçün işləmələrindən ibarət idi. İndi isə xorun repertuarı Azərbaycan bəstəkarları və dünya klassiklərinin əsərləri ilə zənginləşib. Kollektivin bədii rəhbəri və dirijoru Şəhla Ələkbərovadır. Konsertdə ilk dəfə olaraq tamaşaçılara Cəlal Abbasovun qaboy, zərb alətləri və qarışıq xor üçün “Bahar mərasimi” kantatası və Məmməd Cəfərovun Yunus İmrənin və Hüseyn Cavidin sözlərinə xor, solist və orkestr üçün yazılmış 3 nömrəli kantatası təqdim olunub. Proqrama həmçinin Frensis Leyin “Kişi və qadın” kinofilmindən musiqi, Asəf Zeynallının “Ölkəm”, Aqşin Əlizadənin “Al çuxa”, “Bayatılar”, Frans Şubertin “Ave Mariya”, Səid Rüstəmovun “Alagöz”, Üzeyir Hacıbəylinin “Ey, Vətən!”, habelə “Aman ovçu” və “Güləbatın” xalq mahnıları daxil idi. Sonda kollektivə Şəki Şəhər İcra Hakimiyyətinin xatirə hədiyyəsi təqdim olunub.

“Acəmlər”in çıxışı maraqla qarşılanıb

Festival iştirakçısı olan İranın “Acəmlər” instrumental qrupunun konserti də yaddaqalan olub. Konsertdən əvvəl Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə instrumental qrupun fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, “Acəmlər” adlandırılan İran musiqiçiləri Osmanlı sultanları tərəfindən XIV-XV əsrlərdə Tehran, Bağdad və digər şəhərlərdən İstanbula gətiriliblər. Acəmlər vasitəsi ilə musiqilər, o cümlədən Səfəvi dövrünə aid bəstəkarlıq üslubunun bəzi xüsusiyyətləri Osmanlı paytaxtında uzun müddət yaşayıb. “Acəmlər” ansamblı 2011-ci ildə Araş Mohafez tərəfindən keçmiş acəmlərin fars musiqi estetikasına əsaslanan repertuarını ifa etmək və lentə almaq məqsədilə yaradılıb. Bu layihənin əsas məramı musiqinin yalnız vaxtilə ifa olunduğu tərzdə bərpası deyil, həmçinin qədim musiqinin bədii dilini fars klassik musiqi dilinə çevirməkdən ibarətdir. Ansamblın üzvlərindən Araş Mohafezin santur musiqi alətində, Fərid Xaradməndin bəndir və tömbək alətlərində, Behnaz Behnamnianın udda, Farşad Tavakolinin setarda, Şiva Abadinin kamançada ifa etdikləri musiqi nömrələri tamaşaçıların böyük marağına səbəb olub.

Festivala Azərbaycan musiqi çələngi ilə yekun vurulub

İyulun 4-də “Aşağı Karvansaray” tarixi-memarlıq kompleksində festivalın bağlanış mərasimi olub. Mərasimdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri geniş konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar incəsənət xadimi Azad Əliyev, solistlər Əməkdar artist Gülnaz İsmayılova, İlahə Əfəndiyeva və Ramil Qasımovdur. Proqrama Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertüra, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Fikrət Əmirovun “Azərbaycan elləri”, “Azərbaycan kapriççiosu”, Səid Rüstəmovun “İntizar”, Musa Mirzəyevin “Bayram atəşfəşanlığı” və Niyazinin “Qaytağı” əsərləri daxil edilib. Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək “İpək Yolu” III Beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olduğunu bildirib, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiklərinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

06.07.2012

Doğrudan da bir məşhur mahnının sözlərində deyildiyi kimi Şəkinin gözəlliyini vəsf etməklə bitməyən, Azərbaycanımızın dilbər guşəsi olan bu tarixi məkan, son illər dünya musiqi arenasına çıxaraq, nüfuzlu bir festivala ev sahibliyi edir. Artıq üçüncü ildir ki, məşhur “ İpək yolu” beynəlxalq musiqi festivalı qədim Şəki şəhərində keçirilir.

Bir zamanlar “ Yumor” şəhəri kimi tanınan Şəki indi Şərq və Qərbi birləşdirən musiqi beşiyinə çevrilib. Dünyanın bir çox ölkələrinin kollektivləri burada görüşürlər.

Hər kəsə məlumdur ki, “İpək yolu” musiqi festivalının təşəbbüskarı və ilk təşkilatçısı Azərbaycan Bəstəkarlar İttifaqı və onun sədri Azərbaycanın xalq artisti F.X.Əlizadə olmuşdur. Bu ideya ortaya atılanda artıq məşhur Beynəlxalq Qəbələ musiqi festivalı fəaliyyət göstərirdi. Qəbələdən sonra II belə bir festivalın keçirilməsi nə qədər məqsədəuyğun, ictimaiyyətin marağına səbəb ola bilərdi? Əlbətdə bu suallar təşkilatçıları düşündürməyə bilməzdi. İşi elə qurmaq lazım idi ki, bir festival o birini təkrar etməsin. Əgər Qəbələ klassik musiqini təbliğ edirsə “İpək yolu” klassik musiqi ilə bərabər ənənəvi musiqini dinləyiciyə çatdırmalıydı. Lakin hər zamankı kimi çətinliklərdən çəkinməyən, ciddi musiqi sahəsində xalqın maariflənməsini düşünən Firəngiz xanım verdiyi təklifindən geri dönməyərək sözünün üstündə durmağı qərara aldı. İlk iki festivalı təkbaşına Bəstəkarlar İttifaqının İmkanları əsasında keçirməyə nail oldu. I festival Şəkidə, II İçəri şəhərin qəfim abidələri arasında, açıq havada baş tutdu. Nəhayət III festival artıq Mədəniyyət və Turizm Naziriyi və Şəki şəhər İcra hakimiyətinin dəstəyi ilə öz işinı başlaya bildi.

İlk festivaldan başlayaraq bu fikrin nə qədər doğru-düzgün olduğu özünü göstərdi. Xalqın konsertlərə həvəslə gəlməsi bunu birdaha sübut etdi.

Hər kəs bilir ki, Şəkidə bir çox bölgələri birləşdirən Şəki musiqi kolleci fəaliyyət göstərir və bu bölgələrdən musiqi kollecində təhsil alan tələbələr var. Elə ilk növbədə musiqi kollecinin mərkəzə , Bakıya gəlib musiqi kollektivlərinin konsertlərini dinləməyə hər zaman imkanları olmur. Beynəlxalq “ İpək yolu” festivalı isə bu kollektivləri zəngin musiqi proqramları ilə onların ayağına gətirir, musiqi maarifçiliyi ilə məşğul olur. Görkəmli sənətkarların “ustad dərsləri” ( master klass) Şəki musiqi kollecində həyata keçirilir. Bu ilki festivalda kollec tələbələriylə ustad dərsi Cabbar Qaryağdı adına muğam üçlüyünün solistləri olan Azərbaycanın Xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) aparırdılar. Bu üçlüyün konsertini isə mən ayrıca qeyd etmək istərdim. Konsertdə Respublikanın xalq artisti Mələk Xanım Əyyubovanın ifa etdiyi muğam və təsniflər böyük alqışlara səbəb oldu. Hər zamanki kimi muğamlarımız xarici qonaqları valeh etmışdi. Mələk Xanım Əyyubovanın da musiqi kollecinin muğam ifaçıları ilə ustad dərsləri keçdi.

Qeyd etmək lazımdır ki, kollecin kollektivi də hər festivala ciddi hazırlaşır, konsert proqramı ilə qonaqlar qarşısında çıxışlar edirlər. Eyni zamanda festival iştirakçılkarı ilə birlikdə səhnəni bölüşürlər. Elə ilk “İpək yolu” festivalında Şəki musiqi kollecində görüşdə olan Firəngiz xanım Əlizadə kollecdə alət çatışmazlığının olduğunu biləndə, kollektivə öz şəxsi royalını hədiyyə etmişdir.

Şəki şəhərində keçirilən bu ilki “ İpək yolu” festivalının xüsusi əhəmiyyəti var idi. Çünki Şəki şəhəri 2012-ci il TÜRKSOY-un qərarı ilə “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilmişdir. Eyni zamanda 2012-ci ildə Azərbaycan və dünya memarlığının möhtəşəm abidələrindən olan “Şəki Xan Sarayı”nın 250 illik yubileyi qeyd olunurdu və həmin hadisə də məhz festival günlərinə təsadüf etmişdir. Festival tədbirlərinin Şəkinin tarixi məkanlarında, Xan Sarayı, Karvansaray və Cənnət bağında açıq havada, təbiətin qoynunda keçirilməsi, musiqinin ecazkarlığını bir daha artırırdı.

Əlbəttə ki, III “ İpək yolu”Şəki festivalı 30 iyunda Ü. Hacıbəyli musiqisi ilə öz açılışını etdi. Bəstəkarın dahı “Arşın mal alan” operettasının maraqlı musiqili hekayəti “Arşın malçı İpək yolunda” adlanırdı.Əsəri Opera və Balet teatrının kollektivi, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansambl habelə Xalq çalğı alətləri orkestri hazırlamışdı. Şəki Xan Sarayının həyətində, açıq havada, geniş tamaşaçı qarşısında cərəyan edən hadisələr dinləyicini sanki həmin hadisələrin içində olaraq onun bilavasitə iştirakçısına çevirmişdi. Bundan başqa, Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xoru, Niyazi adına Simfonik orkestrinin konsertləri ilə yanaşı xaricdən gələn bir sıra kollektivlərin də bu festivaldakı çıxışları təqdirə layiq olmuşdur. “ Buyogun Cungman”- Cənubi Koreyanın milli alətlər ansamblının çıxışında, ölkəmizdə fəaliyyət göstərən Cənubi Koreya səfirliyinin işçiləri və səfirin özü də həmin konserti dinləməyə Şəkiyə gəlmişdilər. Daha sonra dünyada məşhur olan Türkiyənin “Əl-Kindi” instrumental ansamblı da festivalın qonağı idi. Ansambl orta əsrlərdə yaşayıb yaratmış ərəb-müsəlman musiqi nəzəriyyəçisi, filosof, astronom, riyaziyyatçı olan Əbu Yusif əl-Kindi şərəfinə belə adlandırılmışdır. Ansamblın çıxışlarında zikr mühüm ifa elementini təşkil edir. Şərq mistik musiqisi Sufi dərviş rituallarını müşayiət edən musiqi ansamblın repertuarında genış yer almışdır. Maraqlıdır ki, ansamblın rəhbəri fransız əsilli Jülyen Vayss türk musiqiçilərini başına toplayıb bu kollektivi yaratmışdır.

İldən-ilə festivalın coğrafi məkanınını genişlənməsi bir daha onu göstərir ki, bu tədbir artıq xarici ölkələrin musiqiçilərini də özünə cəlb edə bilmişdir.

Konsert proqramlarına gəlincə İranın “Acəmilər” ansamblını da xüsusilə qeyd etmək istərdim. Əsasən tərkibi gənc musiqiçilərdən ibarət olan bu ansambl, XIV- XV əsrlərdə yaranmış qədim musiqini müasir Fars klassik musiqisinə inteqrasiya etməyə can atır. “Acəmilər” – yəni İran musiqiçiləri Səfəvi dövrünün üslubunu Osmanlıya gətirən sənətkarlar idi. İndi isə Müasir zamanda Araş Mohafezin rəhbərliyi altında çıxış edən bu kollektiv, bir daha saray musiqisini dinləyicilərə təqdim etdilər.

Şəki şəhəri ,Türkiyənin Giresun şəhəriylə qardaşlaşmış şəhərlərdəndir. Hər iki şəhər arasında çox səmimi, işgüzar münasibətlər hökm sürür və “ İpək yolu” festivalının musiqiıi qonaqları arasında Girəsun şəhər bələdiyyəsi Konservatoriyasının “Rəqs qrupu” da dəvətli idilər. Tələbələrin konserti, Qara dəniz rəqsləri əlbəttə ki, festivala rəngarənglik gətirməyə bilməzdi.

Ən maraqlı konsertlərdən biri Gürcüstanın məşhur “Erisioni” folklor mahnı və rəqs ansambllının çıxışı oldu. Bu konsert yenicə bərpa və təmir olunmuş Aşağı Karvansarayda keçirildi. Kollektivin çıxışı üçün çox möhtəşəm, müasir texnikayla təmin olunmnuş açıq hava konsert səhnəsi quraşdırılmış idi. Aşağı Karvansaray Şəkinin digər makanları kimi xalqın milli sərvətidir. Əlbəttə ki, belə bir səhnədə və belə bir məkanda çıxış etmək onsuzda dünyada məşhur olan kollektivi bir daha vəcdə gətirmişdi. Həmin gün konsert, görünməmiş müvəffəqiyyətlə dinləyicilər tərəfindən qarşılandı.

Nəhayət festivalın son günü yenə də həmin səhnədə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestrinin möhtəşəm konserti ilə III “İpək yolu” beynəlxalq musiqi festivalı öz işini yekunlaşdırdı.

Mən bir az da təşkilati məsələlərə toxunmaq istərdim. Əlbətdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun festivalın təşkilində, keçirilməsində danılmaz əməyini xüsusi ilə qeyd etmək istərdim. Onun bütün tədbirlərdə iştirakı, qayğısı hər yerdə hiss olunurdu. Şəki camaatının qonaqpərvərliyi festivala öz rəngarəngliyini qatırdı.

Unutmaq olmaz ki, “İpək yolu” beynəlxalq musiqi festivalı ölkəmizin mədəni həyatında olduqca əhəmiyyətli bir hadisədir və bu festivalın hər il keçirilməsi ümidiylə gələn görüşlərədək deyirik.