Xatirəsi anılan sənətkarlarımız
Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkarların yubileylərinin qeyd olunması, onların xatirələrinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsi respublikamızın musiqi həyatında əlamətdar hadisələrdəndir. Dünyasını dəyişmiş ustad sənətkarlarımızın xatirəsi Azərbaycan Bəstəkarlar İttifaqında daim anılır və müxtəlif xarakterli tədbirlərlə, konsertlərlə, konfranslarla, anım mərasimlərilə qeyd olunur. Azərbaycan Bəstəkarlar İttifaqında hər il sentyabrın 18-də Üzeyir Hacıbəyli ilə yanaşı, Azərbaycan peşəkar musiqisinin banilərindən olan görkəmli bəstəkar, dirijor, əməkdar incəsənət xadimi Müslüm Maqomayevin də anadan olduğu tarix qeyd olunur, bu münasibətlə konfrans və konsert keçirilir.
Bəstəkarın125 illiyinə həsr olunmuş elmi konfransda (2010-cu il 11 noyabr) onun xatirəsi yad edilmiş, əsərləri səsləndirilmişdir. İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə görkəmli bəstəkarın həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinin inkişafındakı müstəsna xidmətlərindən söz açmış, ABİ-nin katibi, xalq artisti, professor Ramiz Zöhrabov “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev — məsləkdaşlar”, İttifaqın məsul katibi sənətşünaslıq namizədi Lalə Hüseynova “Şah İsmayıldan” “Nərgiz” operasına aparan yollar”, Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zemfira Qafarova “Müslüm Maqomayevin musiqi-ictimai fəaliyyəti”, sənətşünaslıq namizədi Səadət Səfərova “Müslüm Maqomayevin yaradıcılıq irsi tarixi sənədlərdə və arxiv materiallarında”, sənətşünaslıq namizədi Ülkər Talıbzadə “Müslüm Maqomayevin vokal yaradıcılığında musiqi ilə poeziyanın obraz uyğunluğu” mövzusunda geniş məruzələrləbəstəkarın şəxsiyyətini və yaradıcılığını səciyyələndirmişlər.
***
Görkəmli bəstəkar, milli romans janrının banisi Asəf Zeynallının 100 illiyinə həsr olunmuş yubiley gecəsi 2009-cu il mayın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının katibi, xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov ölməz bəstəkar A.Zeynallının qısa, mənalı ömür yolundan, yaradıcılığının məziyyətlərindən danışmışdır. Gecədə əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlər Simfonik Orkestrinin ifasında A.Zeynallının əsərləri səsləndirilmişdir. Ayrı-ayrı bəstəkarların xatirəsinin anılması ilə bağlı keçirilən müxtəlif tədbirlərdə bəstəkar və musiqişünaslarımızın iştirakı önəmlidir. Dahi bəstəkar Qara Qarayevin 90 illik yubileyi münasibətilə Beynəlxalq elmi konfrans (2008-ci il 17-18 mart) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə Gürcüstandan gəlmiş qonaqlar — bəstəkar, Gürcüstan Bəstəkarlar İttifaqının Sədri, xalq artisti Vaja Azaraşvili və əməkdar incəsənət xadimi, professor Qulbat Toradze iştirak etmişlər.
***
Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olmuş bəstəkarların xatirələrinin əbədiləşdirilməsi məqsədilə onların heykəlləri qoyulur, yaşadıqları evin qarşısında xatirə lövhələri açılır. Böyük bəstəkarımız Fikrət Əmirovun Bakıda heykəli açılmış (2011), xalq artistləri Süleyman Ələsgərovun (2008), Qənbər Hüseynlinin (2008), Emin Sabitoğlunun (2007) yaşadıqları binanın üstünə xatirə lövhəsi vurulmuşdur.
***
Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkarların yubileyləri ilə bağlı silsilə tədbirlər, festivallar, konsertlər, tamaşalar, konfranslar, sərgilər, filmlərin nümayişi və s. keçirilir.
***
2012-ci ilin noyabr ayında Azərbaycan Bəstəkarlar İttifaqında Fikrət Əmirovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmiş, bəstəkarın musiqisi səsləndirilmişdir. Fikrət Əmirovun adı ilə bağlı tədbirlər silsiləsində Azərbaycan Bəstəkarlar İttifaqında “Fikrət Əmirov” sənədli televiziya filminin təqdimatı keçirilmişdir. Filmin ssenari müəllifi Səadət Təhmiraz qızı, məsləhətçisi Firəngiz Əlizadə, rejissoru Miri Rzayevdir.
Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin Ev Muzeyində dahi dirijor, görkəmli bəstəkar, SSRİ xalq artisti Maestro Niyazinin 95 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilmişdir (22 oktyabr 2007). 2012-ci il fevralın 17-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin anadan olmasının 100 illiyi münasibətilə Bakı şəhəri Musiqi Məktəbləri müəllimlərinin konserti maraqla qarşılanmışdır.
***
Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində görkəmli bəstəkarımız, xalq artisti Tofiq Quliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar elmi-praktik konfrans olmuşdur (19 dekabr 2007).
***
Görkəmli bəstəkar, xalq artisti Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş Musiqi Festivalı 2010-cu il oktyabrın 27-31-də Azərbaycan Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
***
2011-ci il oktyabr ayının ilk günlərində görkəmli bəstəkar Azərbaycanın xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Cahangir Cahangirovun anadan olmasının 90 illik yubileyi silsilə tədbirlərlə, yüksək səviyyədə qeyd edildi. 2012-ci ildə görkəmli bəstəkar və ictimai xadim, xalq artisti Rauf Hacıyevin xatirəsinin anım mərasimi bir sıra tədbirlərlə qeyd olunmuşdur.
Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun anadan olmasının 85 illiyi ilə bağlı xatirə gecəsi 2009-cu il fevralın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasinda keçirilmişdir. Tədbirdə çıxış edənlər Süleyman Ələsgərovla bağlı xatirələrini bölüşmüş, bəstəkarın yaradıcılığından və pedaqoji fəaliyyətindən bəhs olunmuşdur. Bəstəkarın əsərləri Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin (bədii rəhbər Ağaverdi Paşayev) ifasında səsləndirilmişdir.
***
2010-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Telman Hacıyevin 80 illik yubileyinə, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsi təşkil olunmuşdur.
***
2011-ci ildə isə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Gecədə bəstəkarla bağlı xatirələr dinlənilmiş, əsərləri ifa olunmuşdur.
***
Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar Məmməd Quliyevin xatirəsi anılmışdır. Azərbaycan Bəstəkarlar İttifaqında xalq artisti Emin Sabit oğlunun 75 illik yubileyinə həsr olunan xatirəsini anma mərasimi keçirilmişdir (2012-ci il, oktyabr). Tədbirdə bəstəkarın həyat və yaradıcılıq yolunu işıqlandıran film (ssenari müəllifi Ceyran Mahmudova) nümayiş olunmuş, bəstəkarın romansları ilk dəfə olaraq səsləndirilmişdir.
***
2008-ci ildə əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, bəstəkar Elza İbrahimovanın anadan olmasının 70 illiyi münasibətilə Muğam Teatrında gecə keçirilmişdir. 2012-ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqında xalq artisti Elza İbrahimovanın anım mərasimi keçirilmişdir.
***
Görkəmli müğənni, SSRİ-nin və Azərbaycanın xalq artisti görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illiyi ilə bağlı xatirə anım mərasimi və elmi-praktik konfrans (2012-ci il, 19 noyabr) keçirilmişdir. “Müslüm Maqomayev Azərbaycan və dünya musiqi sənəti kontekstində” mövzusuna həsr olunmuş konfransda dünya şöhrətli sənətkarın Azərbaycanın müasir musiqi sənəti tarixində silinməz izlər qoyduğu vurğulanmışdır. Müslüm Maqomayevin möhtəşəm “Azərbaycan” mahnısı respublikamızı dünyada tərənnüm edən himnə çevrilmişdir. O, həmçinin istedadlı rəssam, heykəltəraş olmuş, kitablar yazmışdır. Çıxış edənlər M.Maqomayevi çoxcəhətli istedada malik sənətkar kimi səciyyələndirmişlər.
***
2012-ci ilin dekabr ayında tanınmış bəstəkar Məmməd Cavadovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında tədbir keçirilmişdir. Naxçıvanda yaşayıb-yaradan bəstəkarın həyat yolu xatırlanmış, yaratdığı mahnılar səsləndirilmişdir.
***
Musiqişünaslarımıza həsr olunmuş elmi-praktik konfranslarda alimlərin elmi yaradıcılığına nəzər salınmaqla yanaşı, xüsusilə musiqi elminin bir sıra problemlərinin önə çəkilməsi diqqəti cəlb edir. Görkəmli etnomusiqişünas alim, Əməkdar incəsənət xadimi, professor Məmmədsaleh İsmayılovun xatirəsinə həsr edilmiş elmi konfransda (17 may 2010-cu il) Bəstəkarlar İttifaqının etnomusiqişünaslıq bölməsinin sədri, sənətşünaslıq namizədi, professor Səadət Seyidovanın, sənətşünaslıq doktorları, professorlar Sədaqət Abdullayevanın, Rəna Məmmədovanın, sənətşünaslıq namizədləri Cəmilə Həsənovanın, Ellada Hüseynovanın, Fəttah Xalıqzadənin Məmmədsaleh İsmayılovun Azərbaycan musiqişünaslığı tarixindəki yeri barədə elmi məruzələri dinlənilmişdir. Natiqlər görkəmli alimin 1930-cu ildən 1980-ci ilədək olan dövrü əhatə edən yaradıcılıq fəaliyyətinin geniş elmi təhlilini vermiş, həmçinin görkəmli alimin müəllim kimi öz tələbələrinə diqqət və qayğı ilə yanaşması barədə xatirələrini bölüşmüşlər.
***
Görkəmli musiqişünas alim, Əməkdar İncəsənət Xadimi, professor Elmira Abasovanın 80 illiyinə həsr edilmiş elmi-praktiki konfransda (5 may 2012-ci il) Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə mərhum musiqişünas alimin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışmışdır.