Xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir
Hər il ənənəvi olaraq Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə, İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin bədii rəhbəri olduğu “Şəki İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu Festival çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri dəfələrlə iştirak etmiş, yüksək peşəkarlıq nümayiş etdirərək, Festivalın qonaqlarının və turistlərin böyük rəğbətini qazanmışdır. Orkestrin zəngin və maraqlı konsert proqramını Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı klassik musiqi nümunələri və gözəl aranjimanlar bəzəyir. Artıq uzun illərdir Azərbaycan Bəstəkarlar İttifaqının bu kollekriv ilə əməkdaşlığı sayəsində yeni-yeni musiqi əsərləri ərsəyə gəlmişdir.
Milli musiqi mədəniyyətimizin hərbi-vətənpərvərlik istiqamətində inkişaf etdirilməsi sahəsində geniş fəaliyyətinə görə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin bədii rəhbəri və dirijoru Səməd Vəkilov medalı təqdim edərək, rəhbərlik etdiyi kollektivin Azərbaycan Bəstəkarlar İttifaqı ilə sıx əməkdaşlığını xüsusi olaraq vurğulamışdır.
F.Əlizadə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yüksək etimadını qiymətləndirərək, öz dərin minnətdarlığını bildirmişdir. Bu il Pandemiya səbəbindən “Şəki İpək Yolu” Beynəlxalq Musiqi Festivalının keçirilməsi qeyri-mümkün olsa da, F.Əlizadə qeyd etmişdir ki, gələcəkdə də Bəstəkarlar İttifaqının orkestr ilə əməkdaşlığı uğurla davam etdiriləcək və bu gözəl kollektivin yeni-yeni çıxışları bizi sevindirəcək.