Üzeyir Hacibəyliyə həsr olunmuş musiqi bayramı
Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində hər il keçirilən Üzeyir Musiqi günlərində və son illərdə Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında iştirakı önəmlidir. Müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir Hacıbəylinin xatirəsi Azərbaycan Bəstəkarlar İttifaqında daim yad edilir. 18 sentyabr Üzeyir Musiqi günündə bəstəkar və musiqişünaslar Fəxri xiyabana gələrək, Üzeyir Hacıbəylinin məzarını ziyarət edir, xatirəsini ehtiramla yad edir, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında — dahi bəstəkarın abidəsi önünə gül dəstələri düzür, Üzeyir Hacıbəylinin anadan olduğu gündə keçirlən Milli Musiqi Gününə həsr olunmuş tədbirlərdə fəal iştirak edirlər. Həmin gün ərəfəsində konfransların, təqdimat mərasimlərinin, konsertlərin, premyeraların keçirilməsi də ənənəvi olmuşdur. Hamı Üzeyir Musiqi Gününə öz töhfəsilə gəlir. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda da tədbirlər silsiləsi davam etdirilir.
***
Azərbaycan Bəstəkarlar İttifaqında (2010-cu il sentyabrın 23-də) “Üzeyir Hacıbəyli-125” Beynəlxalq musiqi festivalı çərçivəsində İsveçrənin “Amaltea” ansamblının konserti olmuşdur. ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr edilmiş beynəlxalq festivalın tarixi əhəmiyyətindən danışmış və vurğulamışdır ki, festivalda iştirak edən müxtəlif ölkələrin musiqi kollektivləri Azərbaycan musiqisini, mədəniyyətini daha yaxından öyrənmək imkanı qazanmışlar.
***
Sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Sinqapurun “T’ang” simli kvartetinin konserti ilə “Üzeyir Hacıbəyli-125” Beynəlxalq musiqi festivalına yekun vurulmuşdur. Konsertin proqramında Bethovenin “Böyük fuqa”, Firəngiz Əlizadənin “Oazis” və “Muğamsayağı”, S.Barberin “Simli kvartet” əsərləri yer alıb.“TANG” kvarteti Sinqapurun ilk klassik simli kvartetidir. 1992-ci ildə yaradılan kvartet 1999-cu ildən geniş konsert fəaliyyətinə başlayıb. İfaçıların soyadlarının əksi olan “TANG” adı Tanq sülaləsi mədəniyyətinin qızıl dövrünü simvolizə edir. Dünyanın bir çox ölkələrində uğurla çıxış edən kvartet bir sıra beynəlxalq müsabiqələrin laureatı olub.
***
Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı çərçivəsində Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş elmi-praktik konfranslar, kitab təqdimatları olmuşdur.