Üzeyir festivalı 2021
Sentyabrın 18-dən 24-dək Respublikamızda “Üzeyir Hacibəyli XIII Beynəlxalq Musiqi Festivalı” keçirilmişdir. 18 sentyabr tarixində görkəmli mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin və digər görkəmli bəstəkarlarımızın məzarlarını ziyarət edərək, əklillər qoymuşlar.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi çıxış etmişlər.
Əlamətdar haldır ki, “Üzeyir Hacibəyli XIII Beynəlxalq Musiqi Festivalı”nın açılış konsertlərindən biri artıq azad Şuşada keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndə heyətinin – o cümlədən, ABİ-nın katibləri, Əməkdar incəsənət xadimləri, professorlar Zemfira Qafarovanın və Cəlal Abbasovun, İdarə Heyətinin üzvləri, bəstəkarlar — Xalq artisti Azər Dadaşovun, Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın qatıldığı bu tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (Bədii rəhbər – Xalq artisti A.Paşayev) ifasında əslən Şuşalı olan bəstəkarların əsərləri ifa edilmişdir.
“Üzeyir Hacibəyli XIII Beynəlxalq Musiqi Festivalı” çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının tədbirləri sırasında sentyabrın 22-də Üzeyir Hacıbəyli adına Konsert Salonunda “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda Elmi konfrans və sentyabrın 24-də isə görkəmli musiqişünas-alim, akademik, Əməkdar incəsənət xadimi və Əməkdar elm xadimi, professor Zemfira Səfərovanın yeni kitablarının təqdimatı keçirilmişdir.
Sentyabrın 22-də keçirilən Elmi Konfransda ABİ-nın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ön sözlə çıxış edərək, qeyd etmişdir ki, bu ilki Festival xüsusi əhəmiyyət kəsb edir. Çünki bu musiqi bayramı xalqımızın Vətən Müharibəsində Böyük Qələbəsinin ildönümü ərəfəsində, paytaxt Bakı ilə yanaşı işğaldan azad olunmuş müqəddəs Qarabağ torpağında — qədim Şuşada keçirilir.
Elmi Konfransda respublikanın tanınmış musiqişünasları professional musiqimizin banisi dahi Üzeyir Hacıbəyli və onun məsləkdaşı görkəmli bəstəkar Müslüm Maqomayevin yaradıcılığına dair məruzələri təqdim edilmişdir. ABİ-nın məsul katibi, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanın “Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin Azərbaycan etnomusiqişünaslığında rolu”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyevanın “Məmməd Sadıq Əfəndiyevin Üzeyir Hacıbəylinin “Koroğlu” operası haqqında ilk elmi-tədqiqat məqaləsinə dair fikirlər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmailovanın “Üzeyir Hacıbəylinin yaradıcılığında milli məfkurə və türkçülük ideyalarının təcəssümü”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın “Müslüm Maqomayevin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində”, Bakı Musiqi Kollecinin və Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasovanın “Üzeyir Hacıbəyli ənənələri Əşrəf Abbasovun yaradıcılığında və rəhbərlik fəaliyyətində” mövzularında məruzələri konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.
Elmi konfransda həmçinin, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə, Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi məqsədilə, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilmiş “Nizami Gəncəvi ili”nə həsr olunmuş Qəzəl-Romans müsabiqəsi laureatlarının əsərləri – o cümlədən, Lalə Cəfərovanın “Səbr et” (solist — Əməkdar artist Fərid Əliyev) və Azər Dadaşovun “Sevqi qanaddır” (solist — Nigar Cəlilova) Qəzəl-romansları ifa olunmuşdur.
24 sentyabr tarixində Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə akademik Zemfira Səfərovanın yeni kitabları – o cümlədən, layihənin rəhbəri və elmi redaktoru, bir çox oçerklərin, ön söz və şərhlərin müəllifi olduğu “Azərbaycan musiqi tarixi” çoxcildliyinin V cildi, “Şuşa Azərbaycanın musiqi qalasıdır” (azərbaycan və rus dillərində), habelə, “Türk Dünyasının Müzik Yıldızı – Üzeyir Hacıbeyli” kitabları musiqi ictimaiyyətinə təqdim edilmişdir.
ABİ-nın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə təqdimat mərasimini açıq elan edərək, akademik Zemfira Səfərovanın çoxşaxəli elmi fəaliyyətindən bəhs etmiş, milli musiqişünaslıqda onun “Üzeyirşünas” kimi rolunu və Azərbaycan professional musiqisinin banisi Ü.Hacıbəylinin yaradıcılığına həsr olunmuş müxtəlif xarici dillərdə nəşr olunan monoqrafiyalarını vurğulamışdır.
Tədbirdə F.Əlizadə akademik Z.Səfərovanın Azərbaycan klassik musiqisinin korifeyi dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin tədqiq və təbliğ edilməsi sahəsindəki xidmətlərini nəzərə alaraq, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacəbəyli Medalı”nı Zemfira Səfərovaya təqdim etmişdir.
Respublikanın tanınmış elm və mədəniyyət xadimləri — o cümlədən, AMEA-nın Vitse-Prezidenti, akademik İsa Həbibbəyli; AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ertəkin Salamzadə; Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tariyel Məmmədov; Əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə; Bakı Musiqi Kollecinin və Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasova təqdimat mərasimində çıxış etmişlər.
Tədbirdə Qədim Musiqi Alətləri Dövlət Ansamblı (Bədii rəhbər — Xalq artisti Munis Şərifov), Xalq artisti Gülnaz İsmayılova (soprano) və Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli (piano) Azərbaycanın klassik bəstəkarlarının əsərlərini ifa etmişlər.