TOFİQ BAKIXANOV – 90. SƏNƏTKAR ÖMRÜNÜN SƏHİFƏLƏRİ

Görkəmli bəstəkarımız, Azərbaycan Respublikasının xalq artisti, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanovun anadan olmasının 90 illiyi, yaradıcılıq fəaliyyətinin isə 70 illiyi tamam olur. Sənətkarlığın kamillik zirvəsində olan Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınmışdır.

T.Bakıxanovun həyat və yaradıcılıq yolunda onun nəsil şəcərəsinə və ənənələrə bağlılığı özünü qabarıq büruzə verir və bu bağlılıq əlamətdar hadisələrdə təzahür edir. T.Bakıxanov Azərbaycanın məşhur nəsillərindən biri kimi tarixə görkəmli şəxsiyyətlər vermiş Bakıxanovlar nəslinin nümayəndəsidir. Abbasqulu Ağa Bakıxanovun nəticəsi olan Tofiq Bakıxanov öz yaradıcılığında onun Qüdsi təxəllüsü ilə yazdığı şeirlərə müraciət etmiş, bu şeirləri öz musiqisi ilə rövnəqləndirmiş, “Qüdsinin musiqi dünyasını” yaratmışdır. Məhz bu vokal əsərlərinə görə o, dəfələrlə Abbasqulu Ağa Bakıxanov mükafatına layiq görülmüşdür.

Tofiq müəllim görkəmli tarzən-pedaqoq və muğam bilicisi Əhmədxan Bakıxanovun ailəsində dünyaya gəlmiş və muğam mühitində boya-başa çatmışdır.  Qan yaddaşı ilə ötürülmüş və hafizəsinə hopmuş muğamlar onun yaradıcılıq üslubunun bünövrəsinə çevrilmişdir. O, Əhmədxan Bakıxanovun ifaçılıq ənənələrini yaratdığı əsərlərdə əbədiləşdirmişdir: “Hümayun”, “Şahnaz”, “Dügah”, “Rəhab”, “Nəva” simfonik muğamlarını bəstələyərkən, o, məhz atasının ifa etdiyi muğamlardan bəhrələnmişdir. Ailə ənənələrinə bağlılıq onun yaradıcılığında tar alətinə maraq göstərməsində də təzahür edir. O, tar aləti üçün müxtəlif janrlarda əsərlər bəstələmişdir: bunlardan tar ilə simfonik orkestr üçün beş konsert solist tarzənlərin repertuarına daxil olmuşdur. Həmçinin, tar və violin ilə simfonik orkestr üçün ikili konsert, tar ilə simfonik orkestr üçün 8 saylı “Azərbaycan” simfoniyası da bu baxımdan böyük maraq kəsb edir və bu səpkidə ilk əsərlər kimi dəyərləndirilir.

T.Bakıxanovun sənət taleyində mühüm rol oynamış sənətkarlar olmuşdur. O, dahi bəstəkar və musiqişünas, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sənətinə gəlmiş və məhz onun məsləhəti ilə skripka alətini seçmişdir. O vaxt Üzeyir Hacıbəyli Əhmədxan Bakıxanovun muğam ifaçılığını yüksək dəyərləndirib, onu konservatoriyada muğam fənnindən dərs demək üçün dəvət etmişdi. Bununla belə, Üzeyir bəy Azərbaycan musiqisinin dünya müstəvisində gələcək yüksəlişini təmin etmək üçün milli ifaçılıq məktəbinin yetişməsini zəruri sayırdı və bu baxımdan Ə.Bakıxanova oğlanlarının skripka və violonçel ixtisası üzrə təhsil almasını tövsiyə etmişdi. Bununla da skripka aləti Tofiq Bakıxanovun “sirdaşı” olur. Məhz skripka ifaçısı kimi Üzeyir Hacıbəylinin qarşısında çıxış etməsi onun həyatının unudulmaz anları kimi yaddaşına həkk olunur. O, Üzeyir bəyin ənənələrinin davamçısına və təbliğatçısına çevrilməklə, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalının laureatı olur.

Vaxtilə dahi Üzeyir Hacıbəyli Tofiq Bakıxanovun hələ onillik musiqi məktəbində oxuduğu illərdə çalğısını dinlədikdən sonra onun böyük gələcəyi olacağını söyləmişdi. Uzaqgörənliklə deyilmiş bu sözlər çox tezliklə həyata keçməyə başladı. N.İ.Simberov, S.L.Bretanitski, A.N.Amiton kimi professorlardan dərs almış T.Bakıxanov skripkaçı kimi sənətini təkmilləşdirərək, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin mahir ifaçısı kimi tanındı.

T.Bakıxanov zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin tələbəsi olmuş və bu adı ömrü boyu fəxrlə daşımışdır. Q.Qarayevin sinfində əxz etdiyi bəstəkarlıq üsulları onun sənətdə öz yolunu tapması, öz dəst-xəttini yaratması üçün geniş imkanlar açmışdır. T.Bakıxanovun öz sözlərilə desək, o, Qara Qarayevdən musiqinin incəliklərini öyrənmiş, bəstəkarlığın necə çətin və şərəfli bir sənət olduğunu dərindən duymuşdur. T.Bakıxanovun sənət zövqü, dünyagörüşü, yaradıcılıq üslubu bilavasitə Q.Qarayevin təsiri altında formalaşmış, professional keyfiyyətlər kəsb etmişdir. Məhz bu səbəbdəndir ki, T.Bakıxanovun yaradıcılıq üslubunda milli musiqi ilə dərin bağlılıq müasir bəstəkarlıq yazı texnikası ilə üzvi vəhdət yaratmışdır. Bütün bunlar onun Azərbaycan bəstəkarlıq məktəbinin qabaqcıl nümayəndəsi kimi ad-san qazanmasına gətirib çıxarmışdır.

T.Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. O, operadan başqa, musiqinin demək olar ki, bütün janrlarına müraciət etmiş və maraqlı əsərləri ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdir. T.Bakıxanovun bədii irsinə nəzər salsaq, çox samballı bir siyahı ilə rastlaşarıq. Bəstəkar skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün iyirmidən artıq sonatanın, trio, kvartet, kvintetlərin, müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsertin müəllifidir. Qeyd etmək lazımdır ki, Azərbaycan musiqisində viola, violonçel, fleyta üçün sonata və konsert janrına, o cümlədən, qoboy, klarnet, truba alətləri üçün konsert janrına ilk dəfə olaraq Tofiq Bakıxanov müraciət etmişdir. T.Bakıxanov, eyni zamanda, üç balet, üç musiqili komediya, 100-ə qədər mahnı və romanslar bəstələmişdir. Simfonik musiqi sahəsi isə bəstəkarın yaradıcılıq irsində səkkiz simfoniya, beş simfonik muğam, beş simfonik poema, simfonik süitalar, uvertyuralar və s. əsərlərlə təmsil olunmuşdur.

Tofiq Bakıxanov öz yaradıcılıq fəaliyyətində bəstəkarlıqla skripka ifaçılığını əlaqələndirməyə nail olmuşdur. O, 1950-ci illərdən başlayaraq, Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki trioda skripkaçı kimi fəaliyyət göstərmişdir. O, həm Azərbaycan bəstəkarlarının bir sıra əsərlərinin ilk ifaçısı olmuş, həm də öz əsərlərinin mahir təfsirçisi kimi tanınmışdır. Xüsusilə müəllif konsertləri ilə keçmiş SSRİ-nin – Moskva, Daşkənd, Tbilisi, Ufa, Xabarovsk şəhərlərində, eləcə də xaricdə – Sofiyada, Kiprdə, İstanbulda və İzmirdə çıxış etmişdir. 1988-ci ildə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında və 1990-cı ildə SSRİ Bəstəkarlar Ittifaqının konsert zalında iki hissədən ibarət müəllif konsertləri bəstəkarın yaradıcılıq yolunun yaddaqalan hadisələrindən olmuşdur.

T.Bakıxanovun pedaqoji fəaliyyəti də bu sahə ilə bağlıdır. Belə ki, o, uzun illər boyu Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera ansamblı kafedrasında, A.Zeynallı adına Bakı Musiqi Kollecinin simli alətlər şöbəsində dərs demiş, skripka və kamera ansamblı ixtisası üzrə musiqiçi kadrlar hazırlamışdır.

Elə ifaçılıq və pedaqoji fəaliyyətini bəstəkarlıqla əlaqələndirməsi də T.Bakıxanovun instrumental əsərlərinin meydana gəlməsi üçün zəmin olmuş və bu sahə onun yaradıcılığının aparıcı xəttinə çevrilmişdir. Təsadüfi deyil ki, kamera-instrumental əsərlər T.Bakıxanovun irsində mühüm yer tutur.

Kamera-instrumental musiqi janrlarına müntəzəm müraciət edən bəstəkar bu sahədə öz üslubunu daha dolğunluqla reallaşdıra bilmişdir. Hər bir əsər onun yaradıcılıq simasının müxtəlif tərəflərini açıqlamaqla yanaşı, həm də onun musiqi üslubunu, musiqi dilini yeni keyfiyyətlərlə, yeni cizgilərlə zənginləşdirmişdir. Bu əsərlərdə müasir kamera musiqisinin əsas xüsusiyyətləri bəstəkarın sərbəst ruhlu, zəngin və milli səciyyəli musiqi dili ilə üzvi surətdə qovuşmuşdur. Bu səbəbdəndir ki, T.Bakıxanovun kamera əsərləri ifaçılıq praktikasında və tədris repertuarında möhkəm yer tutmuşdur. Xatırlatmaq yerinə düşərdi ki, 1995-ci ildə bəstəkarın kamera əsərləri Moskvada keçirilmiş beynəlxalq festivalın proqramına, 1998-ci və 2000-ci illərdə Kiprdə keçirilən II və IV beynəlxalq musiqi festivallarının proqramına daxil edilmişdir.

Xüsusilə T.Bakıxanovun ən çox sevdiyi və kiçik yaşlarından bütün qəlbi ilə bağlandığı skripka aləti üçün yazdığı əsərləri böyük maraq kəsb edir. Bəstəkar bütün yaradıcılığı boyu mütəmadi olaraq, bu alət üçün kiçik həcmli pyeslərdən tutmuş, konsertə kimi bütün janrlarda əsərlər, o cümlədən, ondan artıq sonata və sonatina bəstələmişdir. Bunlardan “Şərq sonataları silsiləsi” diqqətəlayiqdir. Bu silsiləyə “Türk sonatası”, “İran sonatası”, “Ərəb sonatası”, “Azərbaycan sonatası” və s. daxildir ki, həmin əsərlərdə bəstəkar Şərq xalqlarının milli musiqisinə müraciət etmiş, bu ölkələrdə yaradıcılıq ezamiyyətində olarkən topladığı materiallar əsasında bəstələmişdir. O, hər bir xalqa məxsus milli koloriti təbiət təsvirləri, lirik-dramatik obrazlar vasitəsilə özünə xas bir tərzdə əks etdirmiş, xalq musiqi elementlərindən bacarıqla faydalanmışdır. Bundan başqa, T.Bakıxanov viola, violonçel, fleyta və fortepiano üçün də sonatalar bəstələmişdir. Onu da deyək ki, Azərbaycan musiqisində viola üçün sonata janrının yaranması T.Bakıxanovun adı ilə bağlıdır.

T.Bakıxanovun kamera-instrumental əsərləri onun simfonik yaradıcılığı ilə yanaşı inkişaf etmiş, buna görə də bu iki sahənin bir-birinə qarşılıqlı təsiri olmuşdur. Əgər kamera musiqisi T.Bakıxanovun üslubunun formalaşması üçün, bir növ, yaradıcılıq laboratoriyası idisə, simfonik musiqi onun sənətkarlıq səviyyəsinin göstəricisinə çevrilmişdir.

Bəstəkarın simfonik əsərləri onun iri həcmli formaya bələdçiliyini, professionallığını parlaq surətdə nümayiş etdirir. Müxtəlif illərdə yazılmış simfoniyaların partiturası milli koloriti, musiqi obrazlarının aydınlığı, emosional mövzuları ilə yanaşı, həm də bəstəkarın ifadə vasitələrindən məharətlə istifadə etməsini göstərir. Simfonik yaradıcılığında da bəstəkarın ömür yolunun təsirli anları öz əksini tapmışdır. 5 saylı “Nigar” simfoniyası bəstəkarın vaxtsız həyatdan getmiş qızına həsr olunub, psixoloji təsir qüvvəsinə, qəlbləri riqqətə gətirən musiqisinə görə milli simfonizmin gözəl nümunələri ilə bir sırada durur. Böyük simfonik orkestr üçün 6 saylı “Türk simfoniyası”, eləcə də kamera orkestri üçün “Quzey Kıbrıs fasılları” (“Şimali Kipr lövhələri”), “Quzey Kıbrıs” süitası bəstəkarın Türkiyəyə səfərlərinin zəngin təəssüratlarını əks etdirir.

T.Bakıxanov, həmçinin, çox sayda instrumental konsertlərin müəllifidir. Bunlardan skripka, viola, violonçel, fleyta, qoboy, klarnet, truba və tar üçün konsertləri musiqimizdə bu janr sahəsini zənginləşdirən əsərlərdir. T.Bakıxanovun bu alətlər üçün yazdığı konsertləri özünəməxsus səs koloriti, simfonik təfəkkürün dərin qatlarına varması ilə diqqəti cəlb edir. Xüsusilə bəstəkarın violonçel üçün birinci Konserti musiqi dilinin parlaq boyaları, ehtiraslı melodik inkişafı və emosional dolğunluğu ilə yaddaşlara həkk olunmuşdur.

Həmin Konsert ilk dəfə Moskvada professor S.Knuşevitskinin ifasında, sonra isə Bakıda professor S.Əliyevin ifasında səslənərək, böyük müvəffəqiyyət qazanmışdır. Əlamətdardır ki, 1958-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti tərəfindən T.Bakıxanovun violonçel ilə simfonik orkestr üçün birinci Konsertinin ilk dinləyişindən sonra Qara Qarayev bəstəkarı təbrik edərək demişdir: “T.Bakıxanov fəxr edə bilər ki, Azərbaycan musiqi tarixində ilk violonçel konsertinin müəllifidir”. Müəlliminin yüksək rəyindən ruhlanan T.Bakıxanov sonrakı illərdə də Azərbaycan musiqisində hələ istifadə olunmamış janrlara müraciət etmişdir. Bu qəbildən onun fleyta, qoboy, klarnet, truba, viola üçün konsertləri Azərbaycan musiqisində bu alətlər üçün yazılmış ilk konsertlər kimi qeyd olunmalıdır.

T.Bakıxanovun instrumental yaradıcılığında ikili konsertlər də mühüm yer tutur. Ümumiyyətlə, bəstəkarlar tərəfindən çox az müraciət olunan bu janrda T.Bakıxanov 2 əsər yaratmışdır: skripka və violonçel ilə simfonik orkestr üçün İkili konsert, həmçinin, tar və skripka ilə simfonik orkestr üçün İkili konsert. Sonuncu adını çəkdiyimiz əsər bəstəkarın Azərbaycan xalq çalğı aləti tarın və Avropa musiqi aləti skripkanın səslənmə və ifaçılıq imkanlarının uzlaşdırılması baxımından maraqlıdır. Bu, Şərq və Qərb musiqi ənənələrinin qovuşdurulması yolunda bəstəkarın uğurlu nailiyyətlərindəndir. Həmin konsertin ilk ifaçıları tarzən, əməkdar artist Həmid Vəkilov və skripkaçı Əlimuxtar Babayev olmuşlar. Lakin 2010-cu ildə bəstəkar bu əsərə yenidən qayıdaraq, onun yeni redaktədə ifasını əməkdar artistlər tarzən Sahib Paşazadəyə və slripkaçı Töhfə Babayevaya həvalə etmişdir.

T.Bakıxanovun instrumental konsertlərinə xas olan xüsusiyyətlərdən biri ifaçı üçün sərbəst improvizasiya imkanlarının yaradılmasıdır. Bu da bəstəkarın konsert janrının əsas xüsusiyyətini – solist ilə orkestr arasında yarışmanı gözəl duymasından və alətin texniki imkanlarını nümayiş etdirmək bacarığından irəli gəlir. Bu baxımdan bəstəkarın ifaçılar ilə yaradıcılıq ünsiyyəti gözəl bəhrə verir.

Ümumiyyətlə, T.Bakıxanov əsərlərini yaradarkən, janrından asılı olmayaraq, çox zaman konkret ifaçıları nəzərdə tutur və əsərin yaranma prosesində bu ifaçılarla aparılan iş diqqətəlayiq nəticələrə gətirib çıxarır. Bu qəbildən Tofiq Bakıxanovun instrumental əsərlərinin ifaçılarını — violonçelçalan Sabir Əliyev, Eldar İsgəndərov, skripkaçılar Azad Əliyev, Əlimuxtar Babayev, Sərvər Qəniyev, fleytaçılar Ələkbər İsgəndərov, Telman Hacıyev, pianoçular Zöhrab Adıgözəlzadə, Validə Vəkilova, Səidə Behbudova və başqalarını qeyd etmək olar. Onun əsərləri nəinki respublikamızın tanınmış ifaçıları, eləcə də S.Knuşevitski, V.Simon, E.Altman, T.Priymenko (violonçel, Moskva), Q.Baykov (skripka, Bolqariya), K.Korneyev (fleyta, Moskva), V.Oqlobin (fleyta, Novosibirsk), R.Branovskaya (fortepiano, Moskva), E.Pudoviçkin (skripka, Belqorod) kimi xarici ifaçılar tərəfindən geniş dinləyici kütləsinə çatdırılmışdır. Bəstəkarın əsərlərinin səsləndirilməsinə Ç.Hacıbəyov, R.Abdullayev, R.Məlikaslanov, K.Əliverdibəyov, Ə.İsrafilzadə, Ə.Cavanşir, İ.Şpiller (Moskva), C.Dalqat, K.Eliasberq (Sankt-Peterburq), L.Viqner (Vilnüs) kimi dirijorlar rəhbərlik etmişlər.

Bu, əlbəttə ki, T.Bakıxanovun əsərlərinin ifaçılarının tam siyahısı deyil. Daim tədris və konsert repertuarlarını bəzəyən T.Bakıxanovun əsərləri yeni ifaçı nəsillərinin yetişməsinə rəvac verir.

Tofiq Bakıxanov yaradıcılığı boyu səhnə janrlarına da müraciət etmiş, üç balet bəstələmişdir. Qeyd etmək lazımdır ki, bəstəkar bu sahədə də öncül olaraq, bir pərdəli baletlərin ilk nümunəsini yaratmışdır. Onun Xəzər neftçilərinin əməyindən bəhs edən “Xəzər balladası”, rus şairi Sergey Yeseninin həyat və yarıdıcılığına həsr olunmuş “Şərq poeması”, Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında “Xeyir və Şər” baletləri Azərbaycan balet sənətini zənginləşdirmişdir.

Xüsusilə musiqi tarixində dəniz neftçilərinin çətin və rəşadətli əməyinə həsr olunmuş ilk balet olan “Xəzər balladası” müəllifinə ölkəmizdə də, onun hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir. Bu bir pərdəli balet 1968-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşaya qoyulduqdan sonra (baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov) tezlikdə Moskva, Sankt-Peterburq, Kiyev və keçmiş SSRİ-nin digər şəhərlərində, eləcə də Fransanın bir neçə şəhərlərində, Lüksemburqda və Monte-Karloda göstərilmişdir. Əlamətdardır ki, “Xəzər balladası” baleti Moskvanın Qurultaylar Sarayında oynanılmışdır. Xaricdə isə bu balet 30 dəfədən çox nümayiş etdirilmiş, Fransanın Amyen, Bezanson, Dijon, Le-Krezo, Nansi, Eks-Provans, Monpelye şəhərlərində tamaşaya qoyulmuşdur. Əsər Parisdə keçirilən VII Beynəlxalq rəqs festivalında “Şan Elize” teatrında oynanılaraq böyük uğur qazanmışdır.

Müsahibələrinin birində Qara Qarayev qürurla qeyd edirdi ki, “Paris Azərbaycan baletinin varlığını etiraf etdi”. Həmin festivalda Fərəc Qarayevin “Qobustan kölgələri” və Rauf Hacıyevin “Azərbaycan süitası” bir pərdəli baletləri də böyük uğurla nümayiş etdirilmişdi. Və buna işarə edərək, Q. Qarayev deyirdi: “Paris tamaşaçıları qarşısında sanki qısa şəkildə xaqımızın tarixi – qədim Qobustandan başlamış Neft Daşlarına kimi inkişaf dövrü canlanır”.

Tofiq Bakıxanov bəstəkar Nəriman Məmmədovda birlikdə üç musiqili komediya bəstələmişdir. Bunlar “Altı qızın biri pəri” (librettosu Ə.Əlizadənindir), “Məmmədəli kurorta gedir” (librettosu A.Babayevindir), “Qız görüşə tələsir” (librettosu A.Babayevindir) musiqili komediyalarıdır. Mövzusu gündəlik həyatımızdan götürülən bu əsərlərdə məişətimizdə kök salmış eybəcər cəhətlər, mənfi tiplər, fırıldaqçılar satirik planda tənqid atəşinə tutulur. Vaxtilə Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bu əsərlər böyük uğurla səhnəyə qoyulmuşdu.

T.Bakıxanov rəngarəng məzmunlu, gözəl mahnı və romansların da müəllifidir. Onun “Sevməyir qoy sevməsin”, “Gözəlliklər məskəni”, “Özbək bacım”, “Sevən könül” mahnıları xalqımızın sevə-sevə dinlədikləri mahnılardandır. Vokal yaradıcılığında bəstəkar klassik və müasir Azərbaycan şairlərinin şeirlərinə müraciət edir. Bəstəkarın yaratdığı vokal məcmuələr də diqqətəlayiqdir. Bunlardan “Firdovsini yad edərkən”, “Nigar”, “Ürək sözü”, “Qüdsidən söz düşərkən”, 2 dəftərdən ibarət “Qüdsi” romanslar məcmuələrində incə zövqlü vokal miniatürlər toplanmışdır.

Tofiq Bakıxanovun yaradıcılığının mövzu dairəsi çox genişdir. Onun  Azərbaycanın müasir tarixinə, ölkəmizin həyatında baş verən hadisələrə, insanların arzu və istəklərinə həsr olunmuş əsərləri vətənpərvər bir sənətkarın duyğularını, baxışlarını əks etdirir. Bu baxımdan T.Bakıxanovun yaradıcılığında Vətənimizin gözəlliklərinin tərənnümü, igid oğullarının vəsfi xüsusilə önəmlidir. T.Bakıxanovun “Qarabağ harayı” simfoniyası bəstəkarın vətəndaşlıq mövqeyinin təzahürü olub, müasir tariximizin qanlı səhifələrini canlandıraraq, bəstəkarın düşüncələrini əks etdirir. Onun “Azərbaycan” simfoniyası, “Naxçıvan” simfoniyettası Vətənimizin möhtəşəm musiqi tablosudur.

T.Bakıxanovun yaradıcılığında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərlər xüsusi yer tutur. “Dünya durduqca yaşa” – səs, xor və kamera orkestri üçün oda, “Həmişə bizimləsən” simfonik poeması, “Salam olsun” muğam-poeması Ulu Öndərin parlaq musiqi obrazını yaradan sənət əsərləridir.

Onu da deyək ki, millilik, insanpərvərlik, həyati mövzulara müraciət, lirik-dramatik səpkili obrazlar dairəsi T.Bakıxanovun yaradıcılıq dəst-xəttinin səciyyəvi xüsusiyyətləri kimi daim diqqəti cəlb edir. Bu da onun əsərlərinin ifaçılıq praktikasında və tədris repertuarında möhkəm yer tutmasını və Azərbaycandan kənarda da müvəffəqiyyətini təmin edən amildir.

T.Bakıxanov Azərbaycan musiqi sənətinin təbliği yolunda fəal çalışır. Onun Macarıstan, Rumıniya, Bolqariya, Türkiyə, İran, Avsriya, İsveçrə, Fransa, Almaniya, Belçika, İngiltərə, Şotlandiya və digər ölkələrə yaradıcılıq səfərləri sənət dostları ilə ünsiyyət qurmaqla yanaşı, həm də Azərbaycan musiqisini dünyaya tanıtmaq marağı ilə bağlı olmuş və o, musiqimizin layiqli təmsilçisi kimi tanınmışdır.

Bəstəkarın yaradıcılığı onun ömür yolu deməkdir. Biz bəstəkarın, ötəri də olsa, ömür yolunu vərəqlədik, yaradıcılıq mərhələlərini işıqlandırmağa çalışdıq.

Bu gün Tofiq Bakıxanov ömrünün kamil dövrünü yaşayır. Lakin o, əldə etdiyi uğurlarla qane olmayaraq, daim irəli getməyə çalışır, işgüzarcasına axtarışlar aparır, yaradıcılıq planları qurur. Azərbaycan Bəstəkarlar İttifaqının yığıncaqlarında, plenumlarında, respublikanın musiqi həyatında, keçirilən tədbirlərdə fəal iştirak edir.

Bu gün 90 yaşını qeyd edən sənətkarımıza uzun ömür, cansağlığı, Azərbaycan musiqi mədəniyyətinin yüksəlişi naminə yeni-yeni sənət uğurları arzulayırıq.

 

Cəmilə Həsənova

Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi,

Sənətşünaslıq üzrə elmlər doktoru, professor