Qəzəl-romans janrında bəstəkarlıq müsabiqəsi
Azərbaycan Bəstəkarlar İttifaqı XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş qəzəl-romans janrında bəstəkarlıq müsabiqəsini yekunlaşdırdı. Müsabiqə görkəmli şairin anadan olmasının 880 illiyi münasibətilə Respublika Prezidentinin 2021-ci ili “Nizami ili” elan etməsi ilə əlaqədar olaraq keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan bəstəkarı, musiqişünas-alim, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl — romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi, Nizami Gəncəvinin zəngin yaradıcılığının müasir dövrdə vokal əsərlərdə musiqi və mətnlərin vəhdəti ilə ədəbi-bədii meyarlara cavab verən yeni qəzəl-romansların aşkar edilməsidir.
Müsabiqənin şərtlərinə uyğun olaraq, müsabiqəyə peşəkar bəstəkarlar tərəfindən heç yerdə ifa edilməmiş və səslənməmiş yeni qəzəl-romanslar təqdim olunmuşdur.
Müsabiqənin Münsiflər Heyətinin — Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə (sədr), Bəstəkarlar İttifaqının katibləri, Əməkdar incəsənət xadimləri, professor Zemfira Qafarova və Cəlal Abbasov, Əməkdar mədəniyyət işçiləri Səadət Təhmirazqızı və Xanlar Novruzovun iştirakı ilə keçən iclasın yekun qərarına əsasən müsabiqənin nəticələri elan olunmuşdur:
Birinci dərəcəli mükafata – Xalq artisti, professor Dadaş Dadaşov (“Aşiqəm” qəzəl-romansına görə),
İkinci dərəcəli mükafata – Lalə Cəfərova (“Səbr et”),
Üçüncü dərəcəli mükafata – Xalq artisti, professor Azər Dadaşov (“Sevgi qanaddır”) və
Fəxri Diploma 3 gənc bəstəkar – Tahir İbişov (“Gül surətə nəzər sal”), Fərid Fətullayev (“Ay üzlü nigarım”), Kəmalə Əlizadə (“Nizaminin monoloqu) layiq görülmüşlər.
Bu gün ABİ-nın Ü.Hacıbəyli adına Konsert Salonunda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə ABİ-nın sədri F.Əlizadə, ABİ-nın katibləri – Z.Qafarova və C.Abbasov, musiqişünas Səadət Təhmirazqızı çıxış edərək laureatları təbrik etmişlər. Laureatlar çıxış edərək Azərbaycan Bəstəkarlar İttifaqına bu gözəl təşəbbüsə görə minnətdarlıqlarını bildirərək, dahi Nizaminin adı ilə bağlı yeni əsərlərin yaranmasını alqışlamışlar.