“NAĞILLAR” Amerika qitəsini fəth edir
Bu yaxınlarda görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESKO-nun “Sülh artisti”, Ağa Xan Fondu mükafatının laureatı Firəngiz Əlizadənin simfonik orkestr üçün “Nağıllar” əsəri Fransanın Monpelye şəhərində böyük uğurla səsləndirilmişdir. Bu əsər “Opera Berlioz” zalında Mosart və Çaykovskinin musiqisi ilə yanaşı təqdim olunmuşdur. İndi bir aydan az bir müddətdən sonra, martın 5 və 6-da bu parlaq simfonik lövhə Amerikanın Minneapolis şəhərində (Minnesota ştatı) maestro Kirill Karabitsin rəhbərliyi altında Minnesota Orkestrinin ifasında səsləndi. Konsertlərin bukletlərində qeyd olunur ki, Firəngiz Əlizadə təkcə öz Vətənində deyil, həmçinin SSRİ məkanında bəstəkarlıq yazı texnikası sahəsində bir çox novator üsulların “pioneri”dir. Onun musiqisini məşhur amerikalı musiqiçilər Yo-Yo Ma və “Kronos Quartet” öz konsertlərində böyük müvəffəqiyyətlə ifa edirlər. Minneapolisdə hər iki filarmonik konsert çox möhtəşəm keçdi. Resenziyalarda bu konsertlər “Musiqili Avropanın Amerikaya yaddaqalan eskortu” adlandırılmışdı.
Bu da təsadüfi deyil, belə ki, proqrama virtuoz alman violin ifaçısı Christian Tetzlaffın ifasında Dmitri Şostakoviçin Skripka konserti, həmçinin, Sergey Prokofyevin 5 saylı Simfoniyası daxil idi. Göründüyü kimi, Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin əsəri müasir simfonik musiqinin şedevrləri ilə bır sırada səslənərək, amerikalı dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.
Maestro K.Karabits Minnesota Orkestrini Amerikanın ən yaxşı simfonik kollektivlərindən biri kimi dəyərləndirərək, onun “yüksək ifaçılıq səviyyəsini, düşünülmüş repertuar siyasətini, yeni əsərlərin mənimsənilməsində və təfsirində böyük fəallığını” qeyd etmişdir. Bu haqda tanınmış dirijor “The Quardian” qəzetində müsahibə verərkən danışmışdır. O, Firəngiz Əlizadənin “Nağıllar” əsərinə xüsusi diqqət yetirərək vurğulayır ki, “Azərbaycandan olan bu bəstəkar qadın ən çox ifa edilən müəllif kimi aparıcı mövqeyə malikdir. O, Avropa simfonizminin avanqard nailiyyətlərini Şərqin heyranedici melodik gözəlliyi ilə qovuşduraraq, özünəməxsus unikal musiqi üslubunu yaratmağa nail olmuşdur”.
6 mart tarixində keçirilən konsert isə Amerika radio kanalı vasitəsilə birbaşa yayımlanmışdır ki, bu da həmin musiqi hadisəsinin böyük ictimai rezonans doğurmasına səbəb olmuşdur.
Firəngiz Əlizadənin əsərləri daxil edilən konsertlər haqqında danışarkən, “Kronos Quartet”in Amerika turnesini də qeyd etməliyik ki, bu turne çərçivəsində bəstəkarın “Dance”, “Muğam Sayağı”, “Oasis” əsərləri dəfələrlə ifa olunmuşdur. San-Fransiskodan olan bu tanınmış simli kvartetin konsertləri “Center of Performing Arts” (Pensilvaniya) və “San Francisco Concert Hall” (Kaliforniya) kimi nüfuzlu konsert zallarında keçirilmişdir. 2020-ci il martın 21-də isə Kembricdə məşhur “Sanders Theatre” zalında olacaq konsert çox maraqla gözlənilir. Burada Firəngiz Əlizadənin “Dance” və “Muğam Sayağı” əsərləri Amerikanın rəqs truppasının müşayiəti ilə ifa olunacaq.