MUSİQİŞÜNAS ÖMRÜ – İMRUZ ƏFƏNDİYEVA –85

Hər bir insanın bir “ömür kitabı” var və o biz dünyaya gəlməzdən  öncə yazılır. Biz isə doğulduqdan sonra həm o “ömür kitabı”nda yazılanları yaşayır, həm də öz əməllərimizlə həmin kitabın yeni səhifələrini  yazırıq. Amma, bizim yazdıqlarımız da bizim üçün  yazılanlardan rişələnir. Odur ki, “ömür kitabı” oxunaqlı olanlar Tanrının sevib-seçdiyi insanlardır. O insanlar ki, onların “ömür kitabı”nda özlərinin də kitab yazmaq qabiliyyəti təcəssüm olunub. Elə biz də həm maraqlı “ömür kitabı”ndan, həm də neçə-neçə kitablar yazan bir musiqişünas ömrünün bəzi səhifələrinə nəzər salacayıq. Belə ki, sənətşünaslıq üzrə elmlər doktoru, əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyevanın  “ömür kitabı”ndan bəzi səhifələri vərəqləyəcəyik.                                             

Əfəndiyeva İmruz Məmməd Sadıx qızı 1935-ci il, dekabrın 16-da Bakıda anadan olub. Atası əslən Şəkili olan Məmməd Sadıx müəllim tanınmış elm və incəsənət xadimlərindən olub. Belə ki, o, görkəmli teatrşünas-alim, maarifçi və dövlət xadimi kimi mühüm işlər görmüşdür. O, “Literaturnıy Azerbayjan” qəzetinin baş redaktoru, Filarmoniyanın direktoru, Azərbaycan Opera və Balet Teatrında direktor müavini vəzifələrində çalışıb. Məmməd Sadıx müəllim 1941-45-ci Böyük Vətən müharibəsinə çağrılıb və həmin müharibədə həlak olub. İmruz xanım və qardaşı anası Müsalat xanımın himayəsində böyüyüblər. Uşaq həkimi olan  Müsalat xanım övladlarına mükəmməl təhsil və tərbiyə vermək üçün daim onların üzərində xüsusi diqqət və qayğı nümayiş etdirib. O, həyat yoldaşının incəsənətə olan marağını da övladlarına aşılayıb. Çünki Məmməd Sadıx müəllim həqiqətən incəsənətə xüsusən də musiqiyə böyük maraq göstərib. O, hətta Üzeyir Hacıbəylinin “Koroğlu” operasının premyerasından sonra əsər haqqında ilk resenziyanı yazmışdır ki, həmin yazıda əsərin musiqi xarakteristikasını da açmağa və təhlil etməyə nail olmuşdur. Görünür musiqiyə maraq və sevgi də İmruz xanıma elə atasından keçib.

Beləliklə, İmruz xanım da lap erkən yaşlarından musiqi sənətinə qədəm qoyur. Belə ki, 1951-ci ildə Bakı şəhər 189 saylı məktəbi bitirdikdən sonra təhsilini A.Zeynallı adına  orta ixtisas musiqi texnikumunda davam etdirərək 1955-ci ildə oranı Fərqlənmə diplomu ilə bitirir. Öz həyatının uğurlarını musiqi sənətində tapmaq niyyəti və musiqiyə olan sevgisi onu Ü.Hacıbəyov adına  Azərbaycan Dövlət Konservatoriyasına gətirir. Bəli, indiki Ü.Hacıbəyli adına  BMA — 1955-ci ildən İmruz xanımın  evinə, ocağına çevrilir. Bəlkə də bir vaxtlar atası Məmməd Sadıx müəllimin Üzeyir bəylə  yaxından tanışlığı ruhən İmruz xanımı bu ocağa bağlayıb. Bəlkə də “ömür kitabı”nın yazısı olan musiqişünaslıq sənəti onu bu məkanda məskunlaşdırıb. Bu bəlkələrin fövqündə duran bir amil var. İmruz xanımın müdhiş musiqi  sevgisi. O, illər ərzində musiqidə keçən mənalı ömrünü də məhz bu sevgi ilə yaşayıb və yaşayır. Görünür sənət seçimi də insanın “ömür kitabı”na yazılırmış. Əgər belə olmasaydı İmruz xanım da belə çətin bir sənətə yiyələnməzdi, bu sənətə qarşı içində belə sonsuz sevgi olmazdı. Çünki musiqişünaslıq heç də asan peşə deyil. Musiqişünaslıq musiqi ilə bahəm, elmin, zəkanın, fəlsəfənin, məntiqin, təfəkkürün birgə vəhdətinin yazıda təzahürüdür. Musiqişünaslıq musiqi haqqında elmdir. Elm isə daimi axtarışlar sayəsində dərin biliklərə yiyələnməyi, onların məntiqi təhlilini və dürüst nəticəsini tələb edir. Bu istiqamətlər də musiqinin tarixi və nəzəriyyəsi, musiqi estetikası, musiqi tənqidi, folklorşünaslıq, etnomusiqişünaslıq və bu kimi sahələrdə öz əksini tapır. Bu sahələrin hər biri musiqişünaslığın mühüm tədqiqat obyektidir. Odur ki, insanlara xoş təsir bağışlayıb, onların ruhuna mənəvi qida verən musiqinin dərin köklərə malik olan zəngin elmi var. Bu elmin araşdırılması da hələ 13-cü əsrdən Səfiəddin Ürməvinin yaradıcılığından başlayıb. Məhz bununla da Şərq musiqişünaslığının əsası qoyulub. 20-ci əsrin müasir musiqişünaslığı isə dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz Üzeyir bəydən sonra böyük bir musiqişünas nəsli yetişmişdir ki, İmruz xanım da həmin nəslin görkəmli nümayəndələrindəndir.

İmruz xanım musiqişünas və pedaqoq kimi 1960-cı ildən başlayan fəaliyyəti ilə musiqi sənətinə və musiqi elminə bir çox dəyərli töhfələr verib. O, musiqişünas kimi musiqinin bir sıra janrları üzərində tədqiqatlar aparmış, öz elmi əsərləri və axtarışları sayəsində dəyərli elmi məqalələr, dərsliklər, monoqrafiya və kitablar yazmışdır. 1974-cü ildə Azərnəşrdə çapdan çıxan ilk kitabı “Новое в Азербайджанской песнe”  musiqişünasın gələcək uğurlarına sanki bir körpü oldu. Belə ki, o, 1982-ci ildə “Azərbaycan covet mahnısı” mövzusu əsasında sənətşünaslıq namizədi alimlik dərəcəsi almaq üçün Tbilisidə dissertasiya müdafiə edir. Amma, bu İmruz xanımın sadəcə elmi ad almaq üçün atdığı addım deyildi. O, özünün bütün şüurlu həyatını yalnız və yalnız musiqi elminə həsr edib. Bunun üçün də gecə-gündüz yorulmadan tədqiqatlar aparıb, məqalələr yazıb, elmi konfranslarda çıxışlar edib, bəstəkarların həyat və yaradıcılığına dair monoqrafiyalar yazıb, onların əsərlərinin təhlilinə öz yaradıcılığında geniş yer verib. Bir sözlə, İmruz Əfəndiyeva Azərbaycan musiqişünaslığında öz izini qoyub, öz üslubunu yaradıb. 2006-cı ildə sənətşünaslıq üzrə elmlər doktoru elmi adını alana qədər bəlkə də o, bir neçə doktorluq işinə bərabər mövzulara imza atmışdı. Musiqişünasın solfecio və harmoniya fənlərinə dair hazırladığı tədris proqramları, sekvensiyaları ali və orta ixtisas musiqi məktəbləri üçün dəyərli əyani vəsait olaraq tədris repertuarında geniş yer tutur. Onun Telman Hacıyev, Əşrəf Abbasov, Vasif Adıgözəlov, Rauf Hacıyev, Emin Sabitoğlu, Cövdət Hacıyev, Süleyman Ələsgərov, Arif Məlikov, Şəfiqə Axundova, Sevda İbrahimova, Firəngiz Əlizadə və daha neçə-neçə bəstəkarlarımıza həsr olunan kitab və məqalələri musiqi tariximiz üçün dəyərli mənbələrdir. İmruz xanımın qələmə aldığı çoxlu sayda məqalələr də var. Azərbaycan və rus dillərində yazılan  məqalələr müxtəlif başqa dillərə də  tərcümə edilib. Ümumiyyətlə, mətbuatla sıx əməkdaşlıq edən musiqişünasın yazıları həm ölkəmizin,  həm də digər ölkələrin mətbuat səhifələrində işıq üzü görüb. Hətta, onun məqalələrindən də tədrisdə geniş istifadə olunur. Bu da İmruz xanımın musiqişünas qələminin dərin elmi köklərə bağlı olmasından, elmi müddəalarla zənginliyindən irəli gəlir. Belə ki, musiqişünas öyrəndiklərini həm də öz təbirincə öyrədir. Bu yerdə İmruz xanımın pedaqoji fəaliyyətinə də nəzər salaq.

İmruz Əfəndiyeva Konservatoriyanı bitirdiyi 1960-cı ildən elə oradada müəllimlik fəaliyyətinə başlayıb. Baş müəllim, kafedra müdiri, dosent və professor elmi dərəcəsinə qədər yüksəlişi məhz pedaqoji fəaliyyəti ilə bağlıdır. Onun rəhbərliyi altında bir neçə alimlər yetişib. İmruz xanım pedaqoji xidmətlərinə görə 2005 və 2012-ci illərdə Azərbaycan RespublikasıTəhsil Nazirliyinin fəxri fərmanları ilə də təltif olunub. Ümumiyyətlə, özünün fəal elmi və ictimai fəaliyyətinə görə İmruz Əfəndiyeva daim yüksək diqqət və hörmətə layiq görülmüşdür. O, 2008-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, 2019-cu ildən isə Prezident təqaüdçüsüdür.

Bütün bu deyilənlərlə biz İmruz xanımın həyat və yaradıcılıq yoluna qısa bir nəzər saldıq. Amma, onu yaxından tanıyan, tövsiyyələrindən bəhrələnən bir tələbəsi kimi bir qədər şəxsi keyfiyyətlərindən də danışmaq istərdim. İmruz xanım çox səmimi, mehriban, diqqətli, qayğıkeş bir insandır. O, yaşından asılı olmayaraq ünsiyyətdə olduğu hər bir insanla səmimi münasibət qurmağı bacarır. Çox yaxşı yol yoldaşlığı da  var. Onunla səfərlərdə olarkən son dərəcə diqqətliliyinin şahidi olmuşam. Sanki yol yoldaşına özündən çox diqqət göstərir. Maraqlı həmsöhbətdir. Söhbətlərinin əsas məğzi də elm və sənətlə bağlıdır. Bu sahələri öz şəxsi həyatından da üstün tutan İmruz xanımı əsil elm və incəsənət fədaisi də adlandıra  bilərik. O, tələbkar insan və tələbkar müəllimdir. Məhz bu dəyərli keyfiyyətlərdir ki, onu hamıya sevdirib. Bu yerdə İmruz xanımın hal-hazırda da çalışdığı Ü.Hacıbəyli adına BMA-nın rektoru, xalq artisti, professor   Fərhad Bədəlbəylinin fikrlərini nəzərinizə çatdıraq:

“İmruz Əfəndiyeva gözəl alim, bacarıqlı müəllim, səmimi və təvazökar insan kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim və tələbə heyətinin hörmət və rəğbətini qazanmışdır”.

Novbəti fikir isə xalq artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin dediklərindən:

“İmruz Əfəndiyeva 1968-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Hal-hazırda o, təşkilatın fəal üzvlərindən biridir. Bir musiqişünas kimi İttifaqın tədbirlərini mətbuatda, habelə televiziya və radio efirində işıqlandırmış, təşkilati və gündəlik işlərdə səylərini  əsirgəməmişdir. O, İttifaqın Estetik tərbiyə bölməsinin rəhbəridir. Bu bölmənin səyi ilə Bəstəkarlar İttifaqında uşaq  və gənclərin estetik tərbiyəsinə həsr olunmuş elmi-praktik konfranslar, konsertlər keçirilir. Bu işlərin hər birində İmruz xanım çox fəal iştirak edərək hamının sevimlisinə çevrilib”.

Bu yerdə unudulmaz sənətkarımız Qulu Əsgərovun oxuduğu mahnıdan bir misra düşür yadıma: “Sev ki, sevən mərd olar”.

Doğrudan da əsil sevgi insanı istədiyi zirvəyə çatdırır. Elə İmruz  xanımın da mənalı musiqişünas ömrünün əsas qayəsi həyata və sənətə olan sonsuz sevgisidir. O sevgi ki, 85 yaşında da İmruz xanımın ömrünü, həyatını rövnəqləndirir. Bir də bu sevginin bitib-tükənməməsi arzusu ilə deyirik. İmruz xanım, 85 illik yubileyiniz mübarək. Sizin musiqişünas ömrünüz 60 ildən çox xidmət göstərdiyiniz Azərbaycan musiqişünaslığı üçün əsil örnəkdir.

SƏADƏT TƏHMİRAZQIZI

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

əməkdar mədəniyyət işçisi