I Beynəlxalq Muğam Festivalı keçirilmişdir

Martın 18-dən 25-dək Bakıda Heydər Əliyev Fondunun möhtəşəm «Muğam dünyası» layihəsi çərçivəsində Birinci Beynəlxalq Muğam Festivalı keçirilmişdir. İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində dunya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrilmiş, bir həftə ərzində Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltmişdir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək, festival proqramını həm rəngarəng, həm də yaddaqalan etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan bu irimiqyaslı tədbir paytaxtımızın bu il İslam ölkələrinin paytaxtı elan olunmasının heç də təsadüfi olmadığını göstərmişdir. Muğamla bağlı möhtəşəm tədbirin keçirilməsi muğam sənətinin tarixində yeni bir mərhələnin başlanmasına rəvac vermişdir. Eyni zamanda muğam sənətinə həsr olunmuş və belə yüksək səviyyədə keçirilən beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı olduğunu göstərmişdir. Qərblə Şərq arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbaycanda, sivilizasiyaların qovuşduğu bir məkanda «Muğam aləmi» Beynəlxalq Muğam Festivalının keçirilməsi bir daha subut etdi ki, xalqımızın min illərin o tayında qoruyub saxladığı, daha da təkmilləşdirdiyi muğam sənəti dünyanın mədəni irs siyahısına daxil olan ən layiqli nümunələrindəndir.

Azərbaycan Bəstəkarlar İttifaqı təşkilatın sədri xalq artisti, professor Firəngiz Əlizadə başda olmaqla festivalın təşkilində, keçirilməsində yaxın iştirak etmişdir. Festivalın bədii tərtibatı məhz Firəgiz xanımın əməyinin məhsulu idi. Qeyd etdiyimiz kimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri «Muğam aləmi» Beynəlxalq Muğam Festivalının ilk günündən öz zəhmətlərini əsirgəməmişlər. Festivalda iştirak edən 47 ölkənin nümayəndəsi Bəstəkarlar İttifaqının dəvəti ilə ölkəmizə təşrif buyurmuşlar. Martın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində «Muğam aləmi» Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpoziumun açılışı olmuşdur.
Simpoziumun açılış mərasimində çıxış edən YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq Bakıda belə bir beynəlxalq festivalın keçirilməsini yüksək qiymətləndirmişdir. O demişdir ki, Fransa muğamla ilk tanışlıqdan bu musiqiyə valeh olmuşdur. Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Vim Van Zanten muğamın incəliklərindən, bu sahədə aparılan tədqiqatlardan danışmışdır. Qonaq demişdir ki, musiqi festivalının və simpoziumun keçirilməsinin səbəbi odur ki, Azərbaycanın ən böyük dəyərlərindən biri olan muğam bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına düşmüşdür. İnanırıq ki, Azərbaycan musiqisi, mədəniyyəti bundan sonra digər xalqlar tərəfindən daha da yaxından öyrənilərək seviləcəkdir. Martın 20-dək davam edən simpoziumun iclaslarında Almaniya, Çin, Özbəkistan, Kanada və Tacikistandan olan tanınmış alimlər ilə yanaşı Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin də məruzələri dinlənilmişdir. Dünyanın müxtəlif ölkələrindən ənənəvi Şərq musiqisini tədqiq edən 30-dək alimin, musiqi xadiminin iştirak etdiyi beynəlxalq simpozium xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə, inkişafına təkan vermişdir. Simpoziumun materialları müxtəlif dillərə tərcümə edilərək çap olunmuşdur.
Martın 20-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində muğam üzrə beynəlxalq elmi simpoziumun yekunlarına həsr olunmuş «dəyirmi masa» keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bütün iştirakçıları salamlamış və bölmə iclaslarında dinlənilən məruzələri yüksək qiymətləndirmişdir. F.Əlizadə bildirmişdir ki, muğamla bağlı keçirilən simpoziumlar, festivallar mədəniyyət sahəsində dünya alimlərinin ən gözəl işbirliyinə bariz nümunədir. «Biz «Muğam aləmi» Beynəlxalq festivalın çərçivəsində muğamı təbliğ etməklə yanaşı, həm də bu musiqinin nəyə qadir olduğunu, hansı kökə, tarixə məxsusluğunu göstərəcəyik. Festival iştirakçıları bir daha Azərbaycan muğamlarının və bütövlükdə musiqimizin özəlliklərini, oricinallığını dərk edəcək və bu tədbirlərdən xüsusi zövq alacaqlar. Simpozium bu istiqamətdə yeni beynəlxalq tədbirlərə yol açdı.» Təklif edilmişdir ki, növbəti simpoziumlarda, beynəlxalq festivallarda müəllif musiqisi və muğam sənəti, müxtəlif xalqların ənənəvi musiqisində muğamın rolu, onun mənbəyi və digər bu kimi mövzulara daha geniş yer ayrılsın. Bildirilmişdir ki, «Muğam aləmi» Beynəlxalq festivalı çərçivəsində keçirilən beynəlxalq elmi simpoziumda 20-dək ölkəni təmsil edən alimlərin 80-ə yaxın məruzəsi dinlənilmişdir.
Tədbirdə Almaniyadan, Rusiyadan, Niderlanddan, Parisdən, Tunisdən gələn nümayəndələr, Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, akademik Vasim Məmmədəliyev və başqaları çıxış etmişlər. Birmənalı olaraq vurğulanmışdır ki, simpozium çərçivəsində dinlənilən məruzələr muğamın öyrənilməsi, tədqiqi baxımından olduqca vacibdir.
Martın 22-də Azərbaycan Dövlət Muğam Teatrında «Muğam aləmi» Beynəlxalq festivalı çərçivəsində Azərbaycan muğamının dostları ilə görüş keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Beynəlxalq muğam müsabiqəsinin 11 dövləti təmsil edən musiqiçilərini salamlayaraq bildirmişdir ki, bu müsabiqə onlara özlərini tanıtmaq, nəyə qadir olduqlarını sübut etmək imkanı yaratmışdır: «İnanıram ki, beynəlxalq simpoziumda olduğu kimi bu dəfə də iştirakçılar bir-birindən maraqlı görüşlərin, ifaların, musiqilərin şahidi olacaqlar.» Daha sonra Azərbaycan Dövlət Kukla Teatrında beynəlxalq muğam müsabiqəsinin açılışı olmuşdur.
Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kəriminin rəhbərlik etdiyi, xalq artisti Arif Babayevlə, YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti, niderlandlı Vim Van Zanten, türkiyəli musiqişünas Fikrət Qaraqaya və Beynəlxalq Musiqi Sülh Mükafatı laureatı, almaniyalı Mixael Dreyerin daxil olduğu münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti, professor Ramiz Zöhrabov da təmsil olunurdu. Müsabiqəyə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 20 iştirakçı qatılmışdır. Azərbaycanı yarışmada beş ifaçı — Təyyar Bayramov, Vəfa Orucova, Babək Niftəliyev, Arzu Əliyeva və Səbuhi İbayev təmsil edirdi. Bakıda keçirilən «Muğam aləmi» Beynəlxalq festival çərçivəsində muğam müsabiqəsinə martın 24-də yekun vurulmuşdur. Azərbaycan xanəndəsi Təyyar Bayramov münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı — «Qran-pri»yə layiq görülmüşdür. Ona fəxri fərman, 20 min avro pul mükafatı və festivalın emblemi təqdim edilmişdir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan müsabiqədə Özbəkistan təmsilçisi Yulduz Turdıyeva birinci yeri qazanmış, fəxri fərman, 15 min avro və müsabiqənin emblemi ilə mükafatlandırılmışdır. İkinci yerə İran musiqiçisi Məhəmməd Motamedi, üçüncü yerə isə misirli Mustafa Səid layiq görülmüşlər. Onlara da fəxri fərman, müfafiq olaraq 10 min və 5 min avro pul mükafatı və müsabiqənin emblemi təqdim olunmuşdur. Müsabiqədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş müsiqiçilər də mükafatlandırılmışlar.
Təhsil Naziriliyinin təsis etdiyi «Ən yaxşı müsiqi ifaçısı» mükatatını nazir Misir Mərdanov əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədova, Mədəniyyət və Turizn Nazirliyinin «Qarabağ şikəstəsi»nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatını nazir Əbülfəs Qarayev tacikistanlı Xurşed İbrohimova, Azərbaycan Bəstəkarlar İttifaqının «Ən gənc ifaçı» mükafatını isə ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə Arzu Əliyevaya təqdim etmişlər. Fərqlənmiş musiqiçilərin hər birinə fəxri fərman və min avro pul verilmişdir.
Martın 25-də Heydər Əliyev Sarayında Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasiminə həsr edilən konsert olmuşdur.
Festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konserti Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri açmışdır. Orkestrin bədii rəhbəri Rauf Abdullayevin diricorluğu ilə Fikrət Əmirovun «Şur» simfonik muğamı ifa olunmuşdur. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Mövlamova «Şur» təsnifini ifa etmişlər. Tamaşaçılar Azərbaycan musiqisinin ən gözəl incilərini dinləmişlər. «Muğam aləmi» Beynəlxalq festivalının bağlanış mərasiminə həsr edilən konsert proqramı zənginliyi ilə fərqlənmişdir. Hər bir ifa sürəkli alqışlarla qarşılanmışdır.
Tədbirdə nitq söyləyən Prezident İlham Əliyev ölkəmizdə keçirilən birinci Beynəlxalq Muğam Festivalını yüksək qiymətləndirərək demişdir: «Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir.»
«Muğam aləmi» Beynəlxalq Muğam Festivalının bağlanışına həsr olunan qala-konsert öz oricinallığı və rəngarəngliyi ilə indiyədək təşkil olunan bu kimi konsertlərdən tamamilə fərqlənmişdir. Xalq artisti Firəngiz Əlizadənin bədii quruluş verdiyi konsertdə Azərbaycan musiqisinin əzəməti səhnədə əks olunan vizual görüntülərlə təmasa girərək möcüzəli muğam dünyası barədə real təəssürat yaratmışdır. Bu zaman səhnədə avropa üslublu Azərbaycan musiqisi ilə milli musiqi harmonik kadensiyalarla bir-birinə ötürülürdü. Namiq Mənanın milli musiqi aləitimiz olan sazın müşayəti ilə iştirakçıları meyxana ilə səhnəyə dəvət etməsi böyük tarixə malik Azərbaycan folklorunun, mədəniyyətinin göstəricisi kimi daha oricinal alınmışdı.
Bütövlükdə «Muğam aləmi» Beynəlxalq Festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq etmiş, xalqların daha da yaxınlaşmasına mühüm bir töfhə olmuşdur. «Muğam aləmi» Beynəlxalq Muğam Festivalı indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun muğamın qorunub saxlanması, gələcək nəsillərə çatdırılması sahəsində atdığı daha böyük bir addımdır. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut etmişdir. Bir həftəlik möhtəşəm muğam bayramından sonra çoxsaylı qonaqlar islam mədəniyyətinin paytaxtı olan, Şərq və Qərb mədəniyyətini özündə sintez edən gözəl Bakıdan festivalın bir daha təkrarlanacağı arzusu ilə ayrılmışlar.