Görkəmli bəstəkar Qara Qarayevin xatirəsi Fəxri xiyabanda yad olunub
Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin xatirəsi Fəxri xiyabanda yad olunub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə ictimaiyyət nümayəndələrinin iştirak etdiyi anım tədbirində əvvəlcə görkəmli sənətkarın məzarı önünə tər güllər düzülüb.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb. Bildirib ki, Qara Qarayev yaradıcılığı Azərbaycan musiqi mədəniyyəti tarixində parlaq səhifələri özündə ehtiva edir. Nazir deyib ki, milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin ənənələrini yeni səviyyədə davam etdirən Qara Qarayev, öz yaradıcılığı ilə əsl sənət məktəbi yarada bilib. Qara Qarayev XX əsrin elə parlaq simalarındandır ki, onun istedad və sənətkarlığı Azərbaycan musiqi sənətinin inkişaf mərhələlərini müəyyən edib. Vurğulayıb ki, Qara Qarayev qırx illik yaradıcılıq dövründə demək olar ki, bütün janrlarda əsərlər yaradıb: “O, üç simfoniya, simfonik janrda 20-dən çox əsər, 50-dən çox kamera əsəri, o cümlədən fortepiano üçün 24 prelüd bəstələyib, iki opera, iki balet, bir müzikl, Bakı, Moskva, və Leninqradın çoxsaylı teatr tamaşası və kinofilmləri üçün musiqi yazıb. Qara Qarayev yaradıcılığının tarixi əhəmiyyəti bundadır ki, o, Azərbaycan xalq musiqisini ümumbəşəri musiqi nailiyyətləri ilə qarşılaşdırıb, onun sintezini yaradıb və bunu parlaq şəkildə nümayiş etdirib. Qara Qarayev onlarca görkəmli bəstəkar yetirib «Qarayev bəstəkarlıq məktəbini» yaradıb. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri olan Rauf Hacıyev, Arif Məlikov, Xəyam Mirzəzadə, Vasif Adıgözəlov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Polad Bülbüloğlu, Fərəc Qarayev, Elnarə Dadaşova Qarayev məktəbinin davamçılarıdır. Çox sevindirici haldır ki, Nazirliyin təşkilati və maliyyə dəstəyi ilə 2018-ci ildən başlayaraq Fransanın məşhur “Mezzo” kanalında Qara Qarayevin simfonik və kamera-instrumental əsərləri böyük uğurla səslənir. Qara Qarayev eyni zamanda sabahın musiqiçisidir. Onun parlaq yaradıcılığı artıq dünya musiqisinin ayrılmaz bir parçasıdır. Biz hələ neçə illər sonra da bu ölməz musiqinin sədasını eşidəcəyik və bundan qürur duyacağıq”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən sənətkarlardandır.
“Qara Qarayev yaradıcılığı böyük məktəbdir, mən onun tələbəsi olduğum üçün hər zaman qürur duymuşam. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb”, — deyə F.Əlizadə söyləyib.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli isə Qara Qarayev yaradıcılığının dünyada yenidən aktuallaşdığını diqqətə çatdırıb: “Mən düşünürəm ki, onun əsərləri dünyanın ən möhtəşəm səhnələrində səsləndirilməli, ideyaları yayılmalıdır, çünki dünyanın buna ehtiyacı var. Bir də Qara Qarayev beynəlxalq festivalının bərpa edilməsini arzulayıram. Bu Azərbaycan musiqisinin dünyada daha da tanıdılmasına xidmət edəcək”.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Qara Qarayev musiqisinin daim yaşayacağını diqqətə çatdıraraq, onun yaradıcılığının mədəniyyətimizdə hər zaman xüsusi yerə malik olduğunu vurğulayıb. O, Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir. Görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir.