Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş mahnı müsabiqəsi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş ən yaxşı mahnı müsabiqəsi keçirilmişdir.
Dünyanı əhatə edən pandemiya səbəbindən ölkəmizdəki karantin dövründə, yaşadığımız bu çətin vaxtda bəstəkarlarımız elan edilmiş müsabiqədə çox fəal surətdə iştirak etmişlər. Azərbaycanın xalq artisti, professor Firəngiz Əlizadənin sədrlik etdiyi nüfuzlu münsiflər heyətinin tərkibi bəstəkarlar Cəlal Abbasov, Elnara Dadaşova, Gövhər Həsənzadə, musiqişünas Həcər Babayeva, həmçinin koordinator Lətifəxanım Əliyevadan ibarət olmuşdur. On-layn rejimdə işləyən münsiflər heyətinin ünvanına 30-a yaxın mahnı göndərilmişdir. Mahnılar müxtəlif yaradıcılıq üslubunda bəstələnsə də, onların hamısında vətənpərvərlik və Qələbəyə inam ruhu öz əksini tapmışdır. Xatırladaq ki, mahnıların səs yazısı bəstəkarlar tərəfindən ev şəraitində, öz qüvvələri ilə həyata keçirilmişdir. Lakin şübhə etmirik ki, yaxın zamanda, ən yaxşı nümunələr solistlər və ifaçılıq kollektivləri tərəfindən səsləndirilərək, geniş dinləyici auditoriyasına təqdim olunacaq.
Müsabiqənin laureatları olan bəstəkarlar:
I yer – Tural Məmmədli
II yer – İlahə İsrafilova, Lalə Cəfərova
III yer – Fərid Fətullayev, Nərminə Nağıyeva.
Azərbaycan Bəstəkarlar İttifaqının Fəxri diplomlarına bəstəkarlar Sevinc Əliyeva, Yalçın Məlikov və Ağa Əliyev layiq görülmuşlər.