Bəstəkarlar İttifaqında “İlham Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimatı olub

Dekabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “İlham Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın məsləhətçi və rəyçisi Xalq artisti, UNESKO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, tərtibçi müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızıdır.

Tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq ittifaqın Üzeyir Hacıbəyli adına konsert salonunda çox tədbirlərin keçirildiyini söyləyib. Onun sözlərinə görə, bugünkü tədbir xüsusi önəm daşıyır. Ona görə ki, bu gün 60 illiyini qeyd etdiyimiz ölkə başçısının musiqi mədəniyyətimizə qayğı və diqqətini əks etdirən tarixi faktlardan bəhs edən yeni kitabın təqdimatına toplaşmışıq.

Firəngiz Əlizadə deyib: “Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin, milli mənəvi dəyərlərinin qoruyucusu və daimi hamisi olaraq musiqimizin dünya miqyasında layiqincə təmsil edilməsi üçün hər zaman bəstəkar, ifaçı və musiqişünaslarımıza dəstək olur. Ümummilli liderimiz Heydər Əliyevdən miras qalan bir çox ənənələrlə yanaşı, məhz elm və incəsənət xadimlərinə Prezidentimizin, eləcə də ölkəmizin birinci xanımı Mehriban Əliyevanın qayğı və diqqəti sanki varislik timsalında davam olunmaqdadır. Vaxtilə Heydər Əliyevin böyük dəyər verdiyi musiqi mədəniyyətinə bu gün göstərilən qayğı və diqqət buna əyani misaldır”.

Xalq artisti vurğulayıb ki, bu qayğı və diqqət bəstəkarlarımızı daha da ruhlandırır. Onlar musiqinin müxtəlif janrlarında əsərlər yazırlar. Bu əsərlərin içərisində Prezident İlham Əliyevin torpaqlarımızın azad edilməsində qazandığı böyük Zəfər də mühüm yer tutur. Bəstəkarlarımız bu Zəfəri musiqidə tərənnüm edir və bu şanlı tarixi yaradan Ali Baş Komandana əsərlər həsr olunur. Bu ilin noyabrında Heydər Əliyev Sarayında keçirilən “Zəfər çələngi” adlı konsertdə bəstəkarlarımızın tarixi Qələbəmizə həsr olunan əsərləri sələndi.

“İlham Əliyev və musiqi mədəniyyəti” kitabının əhəmiyyətindən danışan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bu işdə əməyi keçənlərə minnətdarlığını bildirib. O, Azərbaycan bəstəkarları və musiqişünasları adından Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib və yeni çap olunan kitabın ölkə başçısının yubileyinə musiqi müjdəsi olduğunu bildirib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bu ilin yubileylərlə zəngin olduğunu söyləyib və vurğulayıb ki, ilin ən böyük yubileyini bu gün qeyd edirik. Azərbaycan mədəniyyətinin qədim və zəngin olduğunu bildirən natiq deyib ki, biz bu mədəniyyətə sahib çıxmalı, onu yaşatmalı, təbliğ etməliyik. Ölkəmizdə bəstəkarlıq məktəbinin qədim ənənələrindən söz açan Elnur Əliyev diqqətə çatdırıb ki, gərək müasir gənclik bəstəkarlarımızın əsərlərinə həssas yanaşıb onunla böyüsünlər.

Ölkəmizdə Vətən anlayışının böyük məna yükü olduğunu söyləyən E.Əliyev deyib ki, bu məfhum ədəbiyyatımıza, musiqimizə elə hopub ki, məhz onun gücü bizi qələbən-qələbəyə apardı.

Kitabın çapını yüksək dəyərləndirən mədəniyyət nazirinin birinci müavini bildirib ki, belə kitabların nəşri mədəni irsimizin, bəstəkarlarımızın tanınmasına və yeni-yeni musiqi əsərlərinin yaranmasına zəmin olacaq.

Mərasimdə Prezident İlham Əliyevi həsr olunmuş əsərlər səsləndirilib.

Tədbirdə kitabın tərtibçi müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxış edərək deyib ki, təqdim olunan kitab ölkə başçısının musiqi mədəniyyətinə göstərdiyi qayğı və diqqətdən bəhs edir. Qeyd edib ki, nəfis şəkildə hazırlanmış 10 bölmədən və 346 səhifədən ibarət kitab musiqişünaslar üçün dəyərli bir mənbə olacaq.

Sonra tədbirdə iştirak edən qonaqlar kitabın məziyyətlərindən danışıblar.