“Bəstəkar Faiq Nağıyevin yaradıcılıq portreti” (Faiq Nağıyev -75)
Bu günlərdə dahi bəstəkar Qara Qarayevin yetirməsi, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının professoru, təcrübəli pedaqoq, gözəl və nəcib insan Faiq Nağıyevin 75 yaşı tamam olur. Yaradıcılığı daima musiqi ictimaiyyətinin marağına səbəb olan, geniş dinləyici kütlələrinin rəğbətini qazanan F.Nağıyevin əsərləri özünəməxsus fərdi musiqi dili, yüksək peşəkar yazı üslubu ilə fərqlənir. Azərbaycan xalq musiqisini dərindən bilən, müasir bəstəkarlıq texnikasına yaxından bələd olan, daima yeni ifadə üsulları axtaran bəstəkarın hər bir əsəri maraqlı yaradıcılıq ideyalarının bədii təcəssümüdür.
Zəmanəsinin ictimai-siyasi problemlərinə həssaslıqla yanaşan, həyatın müxtəlif təzadlarını dərk etməyə çalışan bəstəkarın yaradıcılığının əsas qayəsini yüksək bəşəri ideyaların bədii inikası təşkil edir. Əsil vətəndaşlıq mövqeyindən çıxış edən F.Nağıyev ölkəmizin həyatında baş verən tarixi hadisələrə heç bir zaman biganə qalmamışdır. Onun əsərlərində Vətənin tərənnümü, böyük müəllimə məhəbbət, xalqın azadlıq mübarizəsi, qəhrəman-şəhidlərin xatirəsi kimi mövzular parlaq bədii əksini tapmışdır. F.Nağıyev milli musiqi mədəniyyətimizin önəmli səhifələrini təşkil edən bir sıra orijinal əsərlərə imza atmış bir bəstəkar kimi tanınır.
Ötən əsrin 70-ci illərində müstəqil yaradıcılıq yoluna qədəm qoyan bəstəkar musiqinin müxtəlif janrlarında əsərlər yazmışdır. O, 2 Simfoniya, 2 Simfonik poema, “Şəhidlərdən-Şəhidlərə” simfonik süitası (eyniadlı sənədli filmin musiqisi əsasında), vokal-simfonik əsərlər (“Ana torpaq” Kantatası, “Sumqayıt” və “Azadlıq” Odaları və s.), a ‘cappella xoru üçün “Qara Qarayevin xatirəsinə Konsert”, piano və simli orkestr üçün “Tokkata-poema”, simli kvartet, xor miniatürləri (“Şam”, “Aşiqəm”, “Əl üstə kimin əli” və s.), kamera-instrumental əsərlər, mahnı və romanslar, kino musiqisinin müəllifidir.
Bəstəkarın yaradıcılığında xor musiqisi xüsusi yer tutur. Məhz xor musiqisi sahəsində bəstəkarın üslubuna xas olan səciyyəvi xüsusiyyətlər daha parlaq şəkildə özünü büruzə vermişdir. Onun solist və a ‘cappella xoru üçün “Qara Qarayevin xatirəsinə Konsert”i Azərbaycanda xor konserti janrında yazılmış ilk əsərdir. Bəstəkarın xor miniatürləri Respublikamızın, eləcə də bir sıra xarici ölkələrin (Rusiya, Türkiyə) xor kollektivlərinin ifasında dəfələrlə səslənmiş, onların daimi repertuarında özünə möhkəm yer tutmuşdur. Bu əsərlər Bakı Musiqi Akademiyasının və respublikanın musiqi kolleclərinin tədris proqramına daxil edilmiş, müxtəlif respublika nəşriyyatlarında çap olunmuşdur.
Nağıyev Faiq Həbib oğlu 1946-cı il fevralın 13-də Gəncə şəhərində anadan olub. İlk musiqi təhsilini 1955-1960-cı illərdə Gəncə şəhər 1 saylı uşaq musiqi məktəbinin kamança sinfində alaraq, o, Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunun kamança sinfində təhsilini davam etdirmişdir. Lakin musiqi nəzəriyyəsinə və bəstəkarlığa olan meyli onun ali musiqi təhsilini iki ixtisas üzrə — musiqişünaslıq (1964-1969) və bəstəkarlıq (1969-1975) üzrə alması ilə nəticələnmişdir. 1969-cu ildə o, professor Məmmədsaleh İsmayılovun rəhbərliyi ilə yazdığı “Humayun vokal-instrumental muğamı” mövzusunda diplom işini təqdim edərək, konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirir. Bəstəkarlıq ilə ciddi şəkildə məşğul olmağı qərara alan F.Nağıyev həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının “Bəstəkarlıq” fakultəsinə daxil olur. Qəbul imtahanında dahi bəstəkar, professor Qara Qarayev gənc bəstəkarın təqdim etdiyi əsərləri yüksək qiymətləndirir və onun piano üçün Sonatasında Prokofyev musiqisinin təsiri olduğunu xüsysi qeyd edir. F.Nağıyev böyük pedaqoq Qara Qarayevin sinfində kompozisiya, musiqi forması, müasir bəstəkarlıq texnikası sahəsində mükəmməl biliklərə yiyələnərək müxtəlif musiqi janrlarında qələmini sınayır. Bu illərdə Q.Qarayevin sinfində F.Nağıyevlə yanaşı bir sıra bəstəkarlar – o cümlədən F.Əlizadə, İ.Hacıbəyov, A.Əzimov, E.Dadaşova və b. təhsil almışlar. Q.Qarayev hər bir tələbənin yaradıcılıq potensialını öncədən görür və onun müstəqil üslub xəttini istiqamətləndirirdi.
1975-ci ildə F.Nağıyev böyük simfonik orkestr üçün yazılmış 1 saylı Simfoniyanı diplom işi kimi təqdim edərək konservatoriyanı bitirir. Konservatoriyanı bitirdikdən sonra bəstəkar müxtəlif musiqi janrlarına müraciət edərək öz yaradıcılıq axtarışlarını davam etdirir. Bu dövrdə bəstəkarın yaradıcılığında əsasən xor musiqisi və vokal-simfonik janrlı əsərlər üstünlük təşkil etməyə başlayır. Artıq 1977-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan F.Nağıyevin xor musiqisi nəinki respublikamızda, habelə onun hüdudlarından kənarda da xüsusi rəğbət qazanmışdır.
1977-ci ildə Azərbaycan Xor Cəmiyyətinin nəzdində Kamera Xoru (bədii rəhbər — Ləman Atakişiyeva) yaradılır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, o dövrdə Kamera Xoru bir sıra gənc Azərbaycan bəstəkarlarının “yaradıcılıq laboratoriyası”na çevrilmişdi. F.Nağıyevlə yanaşı digər bəstəkarlar — A.Əzimov, C.Quliyev, A.Dadaşov və b. bu kollektiv üçün xor miniatürləri yazmışlar.
Xor miniatürü janrı F.Nağıyevin yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bəstəkarın orijinal musiqi dili ilə seçilən xor miniatürləri Azərbaycan xor sənətinin inkişafında mühüm rol oynamış yüksək peşəkar səviyyəli musiqi nümunələridir. Onun 1978-ci ildə yazılmış iki xor miniatürü — Məhsəti Gəncəvinin sözlərinə qarışıq a ‘cappella xoru üçün “Şam” və xalq bayatılarına yazılmış “Aşiqəm” Kamera Xorunun daimi repertuarına daxil edilmişdi.
Bu dövrdə Respublikanın uşaq xor kollektivlərinin repertuarında Azərbaycan bəstəkarlarının əsərləri azlıq təşkil edirdi. Xor rəhbərlərinin xüsusi müraciəti ilə F.Nağıyev a’cappella uşaq xoru üçün bir sıra mahnılarını — “Əl üstə kimin əli”(söz: X.Rza), “Nərgizin mahnısı” (söz: M.Dilbazi), “Xatırlayarsan məni” (söz: M.Seyidzadə) və s. yazmışdır. “Əl üstə kimin əli” əsəri 1979-cu ildə Kirov şəhərində keçirilən Ümumittifaq Uşaq Xor Festivalında (tərcümədə) müvəffəqiyyətlə ifa edilmişdir.
Bəstəkarın yaradıcılığında xüsusi yer tutan əsərlərdən biri də Xaqani Şirvaninin sözlərinə solist və a’cappella xoru üçün “Qara Qarayevin xatirəsinə Konsert”dir. Əsər ilk dəfə 1991-ci ildə Moskvada SSRİ Bəstəkarlar İttifaqının VIII Qurultayı günlərində P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Azərbaycan Dövlət Xor Kapellasının (dirijor – Elnarə Kərimova) ifasında səslənmişdir.
Azərbaycan xor musiqisi sahəsində yeni söz olan bu əsərdə bəstəkar ilk dəfə olaraq konsert janrına müraciət etmişdir. Bu əsəri həmçinin dahi bəstəkar, böyük müəllim Q.Qarayevin xatirəsinə həsr edilmiş Rekviyem də adlandırmaq olar. Xor musiqisində ilk dəfə olaraq dini mövzuya — islam motivlərinə müraciət edən bəstəkar Azərbaycan milli musiqi folklorunun ənənəvi janrları olan mərsiyyə və mədhiyyənin ifadə xüsusiyyətlərindən, matəm mərasimlərinə xas intonasiyalardan istifadə etmişdir.
F.Nağıyevin əsərləri özünəməxsus fərdi musiqi dili ilə daima musiqi ictimaiyyətinin marağına səbəb olur. Onun əsərləri mütəmadi olaraq Azərbaycan Bəstəkarlar İttifaqının Qurultay, Plenum, Festival və s. konsert proqramına daxil edilərək, Respublikanın aparıcı kollektivləri və görkəmli ifaçıları tərəfindən ifa edilir. Bəstəkarın Xəlil Rzanın sözlərinə metso-soprano, qiraətçi, qarışıq xor və böyük simfonik orkestr üçün “Ana torpaq” Kantatası (1979) ilk dəfə 1986-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının “Gənc bəstəkarların əsərlərindən ibarət Plenumu”nda böyük uğurla ifa edilmişdir. Onun görkəmli violin ifaçısı Bəyazit Axundova həsr olunmuş solo violin üçün Sonatası ilk dəfə 1983-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının konsert salonunda B.Axundovun ifasında səslənmiş, sonralar Türkiyənin Ankara şəhərində dəfələrlə ifa edilmişdir. 2012-ci ildə isə bu əsər bəstəkarın yeni redaktəsi ilə Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayının konsert proqramına daxil edilərək, gənc violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin təfsirində səslənmişdir.
Ölkəmizin tarixinə qanlı hərflərlə yazılmış “20 Yanvar” faciəsi, “Xocalı” soyqırımı, xalqımızın başına gətirilən digər müsibətlər doğma Vətənini hədsiz dərəcədə sevən əsil vətənpərvər insan kimi F.Nağıyevin də qəlbində təlatüm yaratmışdır. O, bu illərdə yazılmış əsərlərində Azərbaycana qarşı aparılan təcavüzkarlıq siyasətinə qarşı öz etiraz səsini ucaltmışdır. Bəstəkarın 1991-ci ildə rejissor Xamiz Muradov tərəfindən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Salnamə” studiyasında çəkilmiş “Şəhidlərdən-şəhidlərə” adlı sənədli filmə yazdığı musiqidə bu faciəvi hadisələr öz əksini tapmışdır.
Bəstəkarın memorial səciyyə daşıyan əsərlərindən biri də 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümü münasibəti ilə yazılmış, qarışıq xor və böyük simfonik orkestr üçün Rekviyem – “Xocalı harayı” əsəridir. Bu əsərdə bəstəkar Xocalı faciəsində həlak olmuş insanların o dəhşətli gecədə keçdiyi iztirablı yolların maraqlı ifa üsulları ilə bədii əksini yaratmağa çalışmışdır.
F.Nağıyev bəstəkarlıqla yanaşı geniş pedaqoji fəaliyyət göstərir. O, müxtəlif illərdə Gəncə şəhər 2 saylı uşaq musiqi məktəbində, Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunda, Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda, Lənkəran Dövlət Universitetində, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fəaliyyət göstərmişdir. Hazırda o, Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının professorudur.
Öz pedaqoji fəaliyyətində həmişə böyük müəllimindən əxz etdiyi metodikanı əlində rəhbər tutan F.Nağıyev Azərbaycan professional musiqi ənənələrini davam etdirərək, gənc musiqiçilər nəslinin hazırlanması sahəsində yorulmadan çalışır. Hazırda F.Nağıyevin yetirmələri Respublikanın müxtəlif musiqi müəssisələrində çalışaraq musiqi mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.
2007-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən F.Nağıyev həmçinin, fəal musiqi-ictimai xadimdir. O, Azərbaycan Bəstəkarlar İttifaqının VIII (2007) və IX (2012) Qurultaylarında ABİ-nın İdarə Heyətinin üzvü seçilmişdir. F.Nağıyev ABİ-nın “Xor musiqisi” bölməsinin sədri kimi təşkilatın işində yaxından iştirak edir.
Bu gün yaradıcılığının kamillik dövrünü yaşayan, yüksək peşəkarlıq prinsiplərinə sadiq qalaraq, milli musiqi mədəniyyətimizin tərəqqisi naminə yorulmadan çalışan bəstəkarı 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can-sağlığı, uzun ömür, yazıb-yaratmaq eşqi arzulayırıq!
Sevda Hüseynova
Musiqişünas, Azərbaycan Bəstəkarlar ittifaqının baş məsləhətçisi