Bəstəkar Azər Dadaşov – 75
Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Azərbaycanın xalq artisti, “Humay” milli mükafatı laureatı, professor Azər Dadaşovun 75 illiyi 2021-ci il dekabrın 3-də elmi konfrans və konsert proqramı ilə qeyd olunmuşdur.
Azər Dadaşov 1946-cı il dekabrın 1-də Bakıda anadan olmuşdur. O, Azərbaycan Dövlət Konservatoriyasının məzunu olub, böyük bəstəkarımız Qara Qarayevin tələbəsi olmuşdur. A.Dadaşov xüsusilə simfonik, kamera-instrumental və xor musiqisi sahəsində Azərbaycan musiqisinə böyük töhfələr vermişdir. O, 14 simfoniyanın, müxtəlif janrlı simfonik və kamera-instrumental əsərlərin müəllifidir. Onu da qeyd etmək lazımdır ki, A.Dadaşov müasir dövrdə yeganə bəstəkardır ki, onun böyük miqdarda fortepiano əsərləri musiqi təhsili ocaqlarında tədris proqramlarında mühüm yer tutaraq, dönə-dönə konsertlərdə ifa olunur. Təsadüfi deyil ki, mütəmadi olaraq, respublikanın musiqi məktəbləri arasında A.Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçılarının müsabiqəsi keçirilir.
Həmçinin, 2021-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən A.Dadaşovun Vətənpərvərlik mövzusunda xor əsərlərinin ifaçılarının on-line müsabiqə-festivalı da təşkil olunmuşdur. Həmin festivala məhz bəstəkarın yubileyi günündə yekun vuruldu. Xor kollektivlərinə Azərbaycan Bəstəkarlar İttifaqının Fəxri diplomları təqdim olundu.
Tədbiri ön sözlə Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq, Azər Dadaşovu 75 illik yubileyi münasibətilə təbrik etdi və yubilyara Azərbaycan Bəstəkarlar İttifaqının Fəxri fərmanını təqdim etdi.
Tədbirdə “Qafqaz-Media” İctimai Birliyinin “İlhamlı Azərbaycan” medalı yubilyara təqdim olundu.
A.Dadaşovun 75 illiyinə həsr olunmuş yubiley tədbirində xor kollektivləri — Azərbaycan Dövlət Televiziyası və Radiosunun Əfsər Cavanşirov adına “Bənövşə” Uşaq Xoru (Bədii rəhbər və xormeyster: Zülfiyyə İbrahimova, konsertmeyster: Nərgiz Ağayeva); Beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineux” vokal ansamblı (Bədii rəhbər və xormeyster: Əməkdar artist Naala Barateliya, konsertmeyster: müəllif), Cövdət Hacıyev adına 3 saylı 11 illik Musiqi Məktəbinin “Renessans” Xoru (Xormeyster: Aytən Cəfərova, Konsertmeyster: Səadət Məmmədova), Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Xoru (Xormeyster: Pedaqogika üzrə fəlsəfə doktoru Maralxanım Əliyeva, Konsertmeyster: Mehri Əliyeva), Azərbaycan Milli Konservatoriyasının Tələbə Xoru (Bədii rəhbər və xormeyster: Əməkdar müəllim Təranə Yusifova, Konsertmeyster: Əməkdar artist Nərgiz Əliyeva) A.Dadaşovun Vətənpərvərlik mövzusunda xor əsərlərini ifa etdilər.
Konsertdə A.Dadaşovun kamera-instrumental əsərləri ifaçılar: Beynəlxalq müsabiqələr laureatı Nərgiz Kəngərli, Orxan Hüseynov (violonçel), Arzu Səfərova (piano), Əməkdar artist Rza Abbasquliyev, Prezident təqaüdçüsü Zərrin Əliyeva (violin), Azərbaycan Dövlət Xor Kapellasının solisti Ərəstun Quliyev, Nuranə Zeynalova tərəfindən səsləndirildi.
Eyni zamanda, tədbirdə musiqişünasların — Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovanın, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Minaxanım Babayevanın, musiqişünas Nərgiz Qulamovanın, pianoçu Nuranə Zeynalovanın bəstəkarın yaradıcılığı haqqında müxtəlif səpkili məruzələri təqdim olundu.