Azərbaycan bəstəkarlarının X qurultayı başa çatıb

Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti — X qurultayı keçirilib.

Xalq artisti Firəngiz Əlizadə növbəti dəfə Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib.

Qurultayda ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadənin hesabatı dinlənilib.

O, son illərdə qazanılan uğurlardan, həyata keçirilmiş layihələrdən, gənc istedadlara göstərilən dövlət qayğısından danışıb.

Qeyd edilib ki, 2013-2019-cu illəri əhatə edən hesabat dövründə bəstəkar və musiqişünaslar öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirib, yeni əsərlərlə milli bəstəkarlıq məktəbinin ənənələrini layiqincə qoruyub saxlayıb.

Vurğulanıb ki, müasir Azərbaycan musiqi mədəniyyəti çox zəngin bir bəstəkarlıq məktəbi üzərində qurulub. Ulu öndərimiz Heydər Əliyev bəstəkarlara və musiqiçilərə daim diqqət və qayğı göstərib. Bu yüksək qayğı hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan bəstəkarlarının əsərləri ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi və təşəbbüsü ilə həyata keçirilən beynəlxalq musiqi festivallarında hər zaman maraqla qarşılanıb.

Firəngiz Əlizadə deyib: “Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində Azərbaycan bəstəkarlarını və musiqişünaslarını öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır”.

Diqqətə çatdırılıb ki, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi və geniş vüsət aldığı “İpək yolu” Beynəlxalq Musiqi Festivalı qədim tarixə və zəngin musiqi ənənələrinə malik Şəki şəhərində artıq ardıcıl olaraq böyük müvəffəqiyyətlə keçirilir.

Mövcud problemlərdən də danışan ABİ-nin sədri son illər irihəcmli əsərlərə çox az müraciət edildiyini söyləyib və bəstəkarlarımızın bu sahəyə diqqət ayırmasını tövsiyə edib. O, bəstəkarlarımız haqqında internetdə məlumatların az olduğunu qeyd edərək alman, ingilis, fransız bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarları haqqında məlumatların da internetdə geniş şəkildə yer almasının zəruriliyini söyləyib.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bəstəkarlıq məktəbinin inkişafından, ölkəmizdə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb.

O bildirib ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan musiqisinə göstərdikləri qayğı göz önündədir: «Bir çox ölkələrdə sənət adamlarına fəxri adlar, təqaüdlər, mənzillər verilmir. O ölkələrdə yaradıcılıq biznes mühitinə çevrilib. Azərbaycanda isə yaradıcılığa verilən dəstək məlumdur. Sirr deyil ki, həm yaradıcılıq ittifaqlarının fəaliyyətinə diqqət edilir, həm də fərdi şəkildə yaradıcı şəxslərə dəstək göstərilir».

Artıq Azərbaycanda bir sıra dünya səviyyəli festivallar təşkil olunduğunu bildirən nazir deyib ki, yaranan hər yeni əsər təkcə hansısa bəstəkar üçün deyil, bütövlükdə xalqımız üçün də əhəmiyyətli hadisədir.

Bildirilib ki, ötən dövrdə bu təşkilat peşəkar bəstəkarlar və musiqişünasların yaradıcılığının formalaşmasında mühüm rol oynayıb. Bu ittifaqa Azərbaycanın görkəmli bəstəkarları rəhbərlik ediblər. Bu gün Bəstəkarlar İttifaqı Azərbaycanda ən nüfuzlu təşkilatlardan biridir. Bu nüfuzu yüksəltmək üçün ittifaq tərəfindən mühüm işlər görülür və bir sıra layihələr həyata keçirilir. Azərbaycan musiqisini beynəlxalq miqyasda tanıtmaq, onu dünya səhnələrində səsləndirmək və zəngin mədəniyyətimizi təbliğ etmək istiqamətində görülmüş işlər bunu bir daha sübut edir.

Nazir qeyd edib ki, Ağa Xan Fondu (“Aga Khan Foundation”) bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan Music Award”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın ilk laureatının azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESKO-nun “Sülh artisti” (“Artist for Peace”) adına layiq görülmüş Firəngiz Əlizadə olması hamımızı sevindirib.

Nazir ölkədə Üzeyir Hacıbəyli, Mstislav Rastopoviç, Qara Qarayev adına, eləcə də başqa nüfuzlu musiqi festivallarının keçirildiyini vurğulayaraq bəstəkarlarımızın bu işə laqeyd münasibətini təəssüf hissi ilə qeyd edib. Bildirib ki, ölkədə ümumi mədəni mühitin formalaşdırılmasında bəstəkarlarımız da yaxından iştirak etməlidirlər. O, bəstəkarları bu kimi tədbirlərdə aktiv iştirak etməyə çağırıb.

Ə. Qarayev, eyni zamanda, son illər filmlərimizdə qorxunc, heç bir ümid verməyən fon musiqilərinin səsləndiyini vurğulayıb. Qeyd edib ki, əgər belə davam edərsə filmlərimizdə, seriallarda texniki musiqidən başqa musiqi dinləməyəcəyik. Nazir bəstəkarların bu məsələlərə ciddi yanaşmasının vacibliyini söyləyib.

Mədəniyyət naziri Bəstəkarlar İttifaqına Azərbaycan musiqisinin növbəti 5-10 il ərazində hansı meyarlara doğru inkişaf edəcəyini müəyyənləşdirməyi tövsiyə edib. Bir sıra mövcud problemlərin aradan qaldırılması üçün Bəstəkarlar İttifaqı üzvlərinin səy göstərməli olduğunu bildirib.

Sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. 21 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası müəyyənləşib.

Nəzarət-təftiş komissiyasının üzvü Elnarə Dadaşovanın məruzəsi dinlənilib.

Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.