Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayı keçirilmişdir

Müstəqillik dövrünün ən möhtəşəm və mühüm musiqi hadisəsi — Azərbaycan bəstəkarlarının VIII qurultayı oldu. 7 gün ərzində (2007-ci il 11-16 iyun və 20 iyun — hesabat seçki yığıncağı) respublikamızın paytaxtı Bakı şəhərinin ən mötəbər və nüfuzlu musiqi meydançaları — M.Maqomayev adına Azərbaycan Dövlət Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Kamera və Orqan Musiqisi Zalı, Bakı Musiqi Akademiyasının Böyük Zalı, Şəhriyar adına Mədəniyyət Mərkəzi, «Xəzər» Universitetinin «Dünya» musiqi salonu, Muzey Mərkəzinin Konfrans zalı bəstəkarların ixtiyarına verilmişdi. Qurultayın 6 günlük konsert proqramında 65 bəstəkarın 100-dən çox əsəri səsləndi. Dinləyicilərin mühakiməsinə simfoniya, balet, musiqili komediya, xor musiqisi nümunələrindən tutmuş kamera əsərlərinə, mahnı və romanslara kimi ən müxtəlif janrlarda və üslublarda yazılmış rəngarəng əsərlər təqdim edildi.

Bu əsərlərin ifa edilməsi üçün respublikanın əksər kollektivləri — Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor Kollektivi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, «Con tempo» və estrada-instrumental ansamblları cəlb edilmişdi.
Belə bir möhtəşəm tədbirin keçirilməsi mədəniyyətin bu sahəsinə ilk növbədə, dövlət qayğısının ən parlaq nümunəsi kimi dəyərləndirilməlidir. Bu fikir qurultaya təşrif buyurmuş xarici ölkə nümayəndələrinin çıxışlarında da dəfələrlə önə çəkildi. Onlar öz ölkələrinin yeni tarixində bu miqyasda, bu səviyyədə qurultayın keçirilmədiyini və hətta, belə ehtimalın olmadığını da dilə gətirdilər. Qurultayın tədbirləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirildi.

Qeyd etmək lazımdır ki, bütün bu nəhəng işin arxasında bir neçə ay davam etmiş çox böyük hazırlıq işləri durmuşdu.

İlk növbədə, qurultay konsertlərinə əsər seçmək üçün Bəstəkarlar İttifaqında janrlar üzrə xüsusi komissiyalar yaradıldı. Simfonik və vokal-simfonik janrda işləyən komissiyaya 40-dan çox ərizə daxil olmuş və nəticədə qurultayın 3 simfonik konsertində səslənmək üçün iri formalı 28 əsər seçilmişdi. Kamera musiqisi komissiyası 31 əsəri, mahnı komissiyası isə 23 müəllifin 53 mahnısından 24 mahnısını konsertlərə layiq görmüşdü. Nəticədə, komissiyalara təqdim olunmuş əsərlərin böyük hissəsi qurultay konsertlərində səsləndirilmişdi.

VIII Qurultayın ilk günü — iyunun 11-i, günorta saatlarında Fəxri Xiyabanın ziyarəti ilə başlandı. Bəstəkar və musiqişünaslar, 7 xarici ölkədən gəlmiş qonaqlar — bəstəkar, professor Əhmət Yürür (Türkiyə), Ukrayna Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar, professor, Kiyev Bəstəkarlar Təşkilatının Sədri — İqor Şerbakov (Ukrayna), Özbəkistanın əməkdar incəsənət xadimi, musiqişünas, professor Feyzulla Kərəmətov (Özbəkistan), Tacikistan Bəstəkarlar İttifaqının Sədri, Əməkdar incəsənət xadimi, bəstəkar Qüdrətullo Hikmətov (Tacikistan), Gürcüstan Bəstəkarlar İttifaqının Sədri, xalq artisti, Dövlət mükafatı laureatı, professor Vaja Azaraşvili (Gürcüstan), Qazaxıstan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, bəstəkar Həbibullah Sedekov, musiqi ictimaiyyəti və media nümayəndələri ulu öndər Heydər Əliyevin, dahi bəstəkarlarımızın məzarına əklil və gül dəstələrini qoyaraq, əziz xatirələrini yad etdilər. Həmin gün axşam, Azərbaycan Dövlət Filarmoniyasında Qurultayın təntənəli açılışı oldu. Qurultay nümayəndələri və iştirakçılarını Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev salamladı. Bəstəkarlar İttifaqının Katibi Ramiz Zöhrabovun, habelə qonaqların qısa çıxışından sonra qurultayın ilk konsert proqramı dinləyicilərin diqqətinə təqdim olundu. Konsert Üzeyir Hacıbəylinin «Koroğlu» operasından Uvertüra ilə açıldı. Daha sonra Aqşin Əlizadənin «Ana torpaq» və Rauf Əliyevin «Ata yurdum Azərbaycan» odaları, Musa Mirzəyevin «Doğma Azərbaycan» oratoriyasından iki hissə, Arif Məlikovun Heydər Əliyevə həsr olunmuş 8 saylı «Əbədiyyət» simfoniyası, Azər Dadaşovun 10 saylı «Katarsis» adlı Simfoniyası, Oqtay Zülfüqarovun Fleyta və simfonik orkestr üçün Konserti, Vasif Allahverdiyevin «Heydər Əliyev — «Ömür yolu» simfonik poeması, Tofiq Bakıxanovun Ü.Hacıbəylinin xatirəsinə həsr olunmuş tar ilə simfonik orkestr üçün 8 saylı «Azərbaycan» simfoniyası səsləndi. Konsert proqramı Firəngiz Əlizadənin Heydər Əliyevə həsr olunmuş «İthaf» əsəri ilə tamamlandı. Bu əsərləri xalq artisti Rauf Abdullayevin idarəsilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası, solistlər — xalq artisti Ramiz Quliyev (tar), beynəlxalq müsabiqə laureatı Fəridə Məmmədova (soprano), Səbinə Əsədova (metso-soprano), Babək Niftəliyev (xanəndə) və Əminə Zülfüqarova (fleyta) ifa etdilər.

İyunun 12-də Bakı Musiqi Akademiyasının Böyük Zalında kamera-instrumental və kamera-vokal musiqisindən ibarət gündüz konserti oldu. Konsertin I hissəsində Faiq Sücəddinovun piano üçün «Skertso», «Etüd», Adilə Yusifovanın instrumental kvartet üçün «Qadın obrazlarının siluetləri», Ruhəngiz Qasımovanın iki romansı («Sevmişəm», «Niyə susurdun»), Nərgiz Şəfiyevanın bariton, metso-soprano və piano üçün «David Oystraxa məktubumdur» vokal dialoqu, Kamal Əhmədovun piano üçün «Mövzu və variasiyaları», Məmməd Cəfərovun iki romansı, Arzu Məmmədovanın üç romansı, Rüfət Xəlilovun piano üçün Sonatinası səsləndirildi. II hissədə Şəmsəddin Qasımovun «Dəyişmərəm» romansı, Rüfət Ramazanovun viola üçün «İnduksiyası», Vasif Allahverdiyevin solo tar üçün «Qarabağ balladası», Yusif Mirişlinin violonçel və piano üçün «İmpression» əsəri, Arif Mirzəyevin violino və orqan üçün «Dahi prezidentə xatirə duaları» ifa olundu.

Həmin gün axşam Bakı Musiqi Akademiyasında Xor musiqisindən və Xalq Çalğı Alətləri Orkestri üçün bəstələnmiş əsərlərdən ibarət konsert qurultay iştirakçılarına təqdim olundu. Xor musiqisi konsertinin proqramına Azər Dadaşovun «Həmd-Səna», Rauf Əliyevin «Ballada», Elnarə Dadaşovanın «Diptix», Faiq Nağıyevin Q.Qarayevin xatirəsinə ithaf olunmuş a’capella xoru üçün Konserti, Məmməd Cəfərovun «Yuxulama, oğuz oğlu» kantatası daxil idi. Xalq Çalğı Alətləri Orkestri üçün əsərlərdən ibarət konsertdə isə həm bəstəkarlarımızın orkestr pyesləri, həm də mahnıları dinləyicilərin mühakiməsinə verildi. Birinci qəbildən olan əsərlər siyahısına Dadaş Dadaşovun Konsert marşı, Tofiq Bakıxanovun «Şərq poeması» baletindən «İran qızlarının rəqsi», Oqtay Kazıminin orkestr üçün Konserti, Yaşar Xəlilovun «Muğam dastanı», Ramiz Mirişlinin «Gənclik süitası», Firəngiz Babayevanın «Sözsüz mahnısı» daxil idi. Mahnı janrında isə bəstəkarlardan Nazim Quliyev, Şəmsəddin Qasımov, Faiq Nağıyev və Həsən Adıgözəlzadə təmsil olundular. Bütün bu əsərlər əməkdar artist Ağaverdi Paşayevin idarəsilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında və müşayiətilə səsləndi.

Qurultayın 3-cü günü, günorta saatlarında, «Xəzər» Universitetinin «Dünya» musiqi salonunda bəstəkar Cahangir Zülfüqarovun musiqisi — Kukla Teatrının «Ələddin» tamaşası ilə başlandı. Həmin gün Kamera və Orqan musiqisi Zalında növbəti simfonik konsert oldu. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin iştirakı ilə (bədii rəhbər və baş dirijor — əməkdar incəsənət xadimi Azad Əliyev) Lalə Cəfərovanın «Rüstəm və Zöhrab» baletindən süita, Dadaş Dadaşovun simli orkestr üçün simfoniyası, Nəriman Məmmədovun Fleyta və simfonik orkestr üçün Konserti, Yaşar Xəlilovun piano və simfonik orkestr üçün Konserti, Azad Zahidin piano və simli orkestr üçün «Rekviyem»i, Fərhəng Hüseynovun «Şahzadə Aba» baletindən süitası, Tahir Əkbərin «Ya Rəbb» vokal-simfonik poeması, Oqtay Rəcəbovun «Xocalı avazları» oratoriyasından hissələr səsləndi. İyunun 13-də axşam isə Azərbaycan Dövlət Opera və Balet Teatrında Qara Qarayevin «Don Kixot» və Aqşin Əlizadənin «Qafqaza səyahət» baletlərinin tamaşası göstərildi.
Qurultayın növbəti günü — iyunun 14-ü Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı ilə açıldı. Konfransda xaricdən gələn qonaqlar, habelə media nümayəndələri qurultayın gedişatı ilə bağlı öz təəssüratlarını, fikirlərini bildirdilər. Axşam Kamera və Orqan Musiqisi Zalında Kamera Orkestrinin ifasında Ceyhun Allahverdiyevin «Misri», İsmayıl Hacıyevin Cövdət Hacıyevə həsr olunmuş Simfoniyasından II hissəsi — «Elegiya», Ədviyyə Rəhmətovanın soprano və kamera orkestri üçün Konsertinin II hissəsi, Elnarə Dadaşovanın 3 romansı, Məmmədağa Umudovun Simfoniyasından IV hissə, Rəhilə Həsənovanın «Ulduzların laylası» kompozisiyası, İlham Abdullayevin «Aşıqsayağı» və «Sarkazm» pyesləri, Sevda İbrahimovanın Ramiz Quliyevə həsr olunmuş tar və kamera orkestri üçün «Qarabağnamə» konserti ifa olundu.

İyunun 15-də Kamera və Orqan musiqisi zalında «Con tempo» ansamblı (bədii rəhbər — Nizami Zeynalov, dirijor — respublikanın xalq artisti Cavanşir Cəfərov) aşağıdakı əsərləri təqdim etdi: Firəngiz Əlizadə — «Atəş», Cavanşir Quliyev — ağac nəfəsli alətlər üçün Kvartet, Fərəc Qarayev «Baqatel», Rəhilə Həsənova «Zərrə», Arzu Məmmədova — 10 ifaçı üçün Musiqi, Rüfət Xəlilov — soprano və ansambl üçün İki fraqment, Firudin Allahverdi — «Con tempo», İsmayıl Hacıbəyov — «Divertisment».

İyunun 15-də həmçinin Şəhriyar adına Mədəniyyət Mərkəzində Vüqar Camalzadənin rəhbərlik etdiyi estrada-instrumental ansamblının iştirakı ilə R.Mirişli, S.İbrahimova, O.Rəcəbov, R.Qasımova, T.Əkbər, Ə.Rəhmətova, M.Babayev, R.Qədimova, M.Əhmədova, N.Əzimov, A.Səmədzadə, L.Cəfərova, V.Camalzadə, Y.Məlikovun mahnılarından ibarət böyük mahnı konserti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında isə Ramiz Mirişlinin «Qısqanc ürəklər» operettasının nümayişi keçirildi.

Qurultayın konsert proqramlarının son günündə iyunun 16-da Azərbaycan Dövlət Filarmoniyasında simfonik konsert, Musiqili Komediya Teatrının səhnəsində isə Ramiz Mustafayevin «Məsmə xanım dayımdır» operettasının tamaşası oldu.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə keçirilən konsertdə (dirijor — Fəxrəddin Kərimov, Yaşar İmanov, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov) Sərdar Fərəcovun «Şah Xətai» simfoniyası, Yaşar İmanovun «Vals-kapriççio»su, Cəlal Abbasovun 15 ifaçı üçün 4 saylı Simfoniyası, Aydın Əzimovun «Bayrağım» odası, Vasif Adıgözəlovun «Çanaqqala» oratoriyasından hissələr, Mobil Babayevin «Məmləkətim» kantatası, Faiq Sücəddinovun Skertsosu, Elmir Mirzəyevin «7 dəqiqə» əsəri, Ceyhun Allahverdiyevin piano ilə orkestr üçün Konserti, İlyas Mirzəyevin «Üç dəniz» simfoniyası səsləndi.

2007-ci il iyunun 20-də Muzey Mərkəzində VIII Qurultayın hesabat-seçki yığıncağı keçirildi. Hesabat məruzəsi ilə Bəstəkarlar İttifaqının Birinci Katibi əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov çıxış etdi. İlk öncə Azərbaycan Bəstəkarlar İttifaqının VII qurultayından ötən dövr — 1990-2007-ci illər ərzində dünyasını dəyişmiş Ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan torpaqlarının suverenliyi və azadlığı uğrunda şəhid olanların və Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin: Cahangir Cahangirov, Rauf Hacıyev, Bayram Hüseynli, Məmmədsaleh İsmayılov, Zakir Bağırov, Əşrəf Abbasov, Telman Hacıyev, İbrahim Məmmədov, Süleyman Ələsgərov, Cövdət Hacıyev, Əziz Əzizli, Xanlar Məlikov, Nərminə Əliyeva, Leonid Vaynşteyn, Məmməd Cavadov, Hökümə Nəcəfova, Rəna Fərhadova, Ədilə Hüseynzadə, Əfsər Cavanşirov, Emin Sabitoğlu, Məmməd Quliyev, Hacı Xanməmmədov, Rafiq Babayev, Tamilla Məmmədzadə, Həsən Rzayev, Tofiq Quliyev, Elxan Babayev, Vasif Adıgözəlov, İsmayıl Hacıbəyov, Əhməd İsazadə, Çingiz Almaszadənin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təftiş komissiyasının hesabatı bəstəkar Faiq Nağıyev tərəfindən məruzə olundu. Yığıncaqda Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və Azərbaycan Respublikası Prezidenti Apparatının Humanitar Siyasət şöbəsinin müdiri Fatma Abdullazadə iştirak etdilər.

Hesabat məruzəsinin müzakirəsi ətrafında Musa Mirzəyev, Ramiz Mustafayev, Zemfira Səfərova, Xəyyam Mirzəzadə, Tariyel Məmmədov, Həsən Adıgözəlzadə, Faiq Sücəddinov, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Prezident Apparatı Humanitar Siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Arif Məlikov, Tofiq Bakıxanov, Sənubər Bağırova, Rəşid Şəfəq, Aida Hüseynova, İlham Azmanlı, Elnarə Dadaşova, Eldar Mansurov, Nəriman Məmmədov, Elmir Mirzəyev öz fikir və münasibətlərini söylədilər.

Çıxışlardan sonra gizli səsvermə yolu ilə İdarə Heyətinə seçkilər keçirildi və yeni İdarə Heyətinə gizli səsvermə yolu ilə xalq artisti, professor Firəngiz Əlizadə sədr seçildi.

İyunun 22-də Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin sədrliyi ilə İdarə Heyətinin ilk iclası oldu. Sədrin təqdimatı ilə İttifaqın katibliyinə xalq artisti, professor Aqşin Əlizadə, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, əməkdar incəsənət xadimi Eldar Mansurov, məsul katib Lalə Hüseynova seçildilər.