Azərbaycan Bəstəkarlar İttifaqının açılışı oldu
Sentyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqının, Xaqani küçəsi 27 ünvanında yerləşən binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə açılış mərasimi keçirilmişdir. Məlum səbəblərdən Azərbaycan Bəstəkarlar İttifaqının kollektivi öz doğma ünvanından uzaq düşmüş, 20 ilə yaxın müddət ərzində başqa-başqa ünvanlarda fəaliyyət göstərmişdir. Xalq artisti, professor Firəngiz xanım Əlizadənin ittifaqa sədr seçilməsindən sonra Azərbaycan Bəstəkarlar İttifaqının binasının sözügedən təşkilata qaytarılması məsələsi gündəmə gəlmiş və öz müsbət həllini tapmışdır. Bəstəkarlar İttifaqının binası təşkilata qaytarılandan sonra ölkə başçısının müvafiq sərəncamına əsasən, burada əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır. Bir il müddətində bina yenidən təmir edilmiş, Azərbaycan Bəstəkarlar İttifaqının kollektivi normal şəraitdə çalışmaq üçün müasir texniki avadanlıqlarla təmin edilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ərəfəsində binanın istismara verilməsi və onun təmirdən sonra açılış mərasimində ölkə prezidenti cənab İlham Əliyevin və xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın iştirak etməsi musiqi ictimaiyyəti üçün ikiqat bayram təəssüratı yaratmışdır.
Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin incəsənət xadimlərinə qayğısını əks etdirən fotostendlə tanış olmuşdur. Dövlətimizin başçısı binanın təmir və yenidənqurmadan əvvəlki görkəmini əks etdirən şəkillərə baxmışdır. Qeyd edək ki, binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, 1912-ci ildə inşa olunmuş bu üçmərtəbəli memarlıq abidəsi əsaslı şəkildə yenidən qurulmuşdur. SSRİ dönəmlərində bina dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı, sonralar isə pionerlər evi kimi fəaliyyət göstərmiş, 1964-cü ildə Bəstəkarlar İttifaqının istifadəsinə verilmişdir. 1991-ci ilin avqustundan burada əvvəlcə Türkiyə Respublikasının konsulluğu, sonra isə səfirliyi yerləşmişdir.
Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin 2008-ci il 14 aprel tarixli Sərəncamına əsasən bina Bəstəkarlar İttifaqının istifadəsinə verilmişdir. Prezident İlham Əliyevin «Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması haqqında» 2007-ci il 12 mart tarixli Sərəncamına uyğun olaraq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən burada yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Təmir və yenidənqurma işlərinə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, İttifaqa ayrılmış 1 milyon manat vəsait hesabına musiqi alətləri, müasir texniki avadanlıq alınmışdır.
Təmir işlərinə ötən il avqustun sonlarında başlanılmış, bu müddətdə bütün divarlar suvanmış, qapı-pəncərələr dəyişdirilmiş, kommunikasiya xətləri yenidən qurulmuşdur. Binanın fasadı təmir olunarkən buradakı heykəllər də bərpa edilmişdir. Yenidənqurma zamanı binanın əvvəlki memarlıq üslubu qorunub saxlanılmış, eyni zamanda müasir dizayn elementlərindən istifadə olunmuşdur.
Binada yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, əsaslı təmir və yenidənqurmadan sonra burada 40-a yaxın müxtəlif təyinatlı otaq, müasir konsert salonu, konfrans zalı, kitabxana, musiqi fondu və inzibati otaqlar istifadəyə verilmişdir. Təmir və yenidənqurma zamanı yerli və xarici tikinti materiallarından istifadə olunmuşdur. Binanın müasir havalandırma sistemi vardır. Otaqların tavanı, döşəmə yenidən qurulmuş, qapı və pəncərələr yeniləri ilə əvəz edilmişdir. İkinci və üçüncü mərtəbələrin arasındakı pilləkən qəfəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli qoyulmuşdur. Binanın üçüncü mərtəbəsində 120 nəfərlik kamera musiqisi salonu fəaliyyət göstərəcəkdir. Müasir avadanlıqla təchiz olunmuş salonda yaradıcılıq gecələri, müəllif konsertləri, beynəlxalq tədbirlər təşkil ediləcək, sənət adamları ilə görüşlər keçiriləcəkdir. Burada İttifaqın yeni yaradılmış beynəlxalq əlaqələr bölməsi və region şöbələri üçün otaqlar ayrılmışdır.
Prezident İlham Əliyevin İttifaqın maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı imzaladığı Sərəncama əsasən bina müasir tələblərə cavab verən zəruri avadanlıqla təmin olunmuşdur. Yeni yaradılan böyük konsert salonu üçün əsasən Almaniya istehsalı olan musiqi alətləri alınmışdır. Burada ilk dəfə olaraq rəqəmsal kompyuter musiqi sistemi ilə təchiz olunmuş səsyazma studiyası da yaradılmışdır.
Bu, musiqişünasların yeni layihələr həyata keçirmələrinə, müxtəlif yaradıcı qurumlarla mütəmadi görüşlər təşkil etmələrinə və səmərəli əməkdaşlıq əlaqələri qurmalarına yaxşı imkan yaradacaqdır. Təşkilatın fondunda Azərbaycan bəstəkarlarının 750-yə yaxın nadir əlyazmasının və 500-dən artıq nəşrin qorunub saxlandığı kitabxana otaqları da yenidən qurulmuşdur. Yeni üslubda yaradıcılıq mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyan Bəstəkarlar İttifaqında sənətlə bağlı fikirlərin müzakirəsinə geniş yer veriləcəkdir. Burada xüsusi istedada malik uşaqların potensialının inkişaf etdirilməsi ilə bağlı müasir avadanlıq və musiqi alətləri ilə təchiz edilən dərs otaqları fəaliyyət göstərəcəkdir. Bəstəkarlar İttifaqında gənc bəstəkarların və istedadların dövlətimizin qayğısından yararlanması, onların əsərlərinin dinlənilməsi və nümayişi üçün hər cür şərait vardır.
Prezident İlham Əliyev kamera musiqisi salonunda Bəstəkarlar İttifaqı katibliyinin üzvləri — Aqşin Əlizadə, Ramiz Zöhrabov, Eldar Mansurov və Lalə Hüseynova ilə görüşdü. Gənc bəstəkarlar Əli Məmmədov və Vurğun Vəkilov öz əsərlərini fortepianoda məharətlə ifa etdilər.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə tarixi binanın yenidən onların istifadəsinə verilməsini və yüksək səviyyəli təmir-bərpa işlərinin aparılmasını bəstəkarların dərin razılıq hissi ilə qarşıladıqlarını bildirdi. Bu binanın bir çox tarixi hadisələrlə əlamətdar olduğunu qeyd edən F.Əlizadə Bəstəkarlar İttifaqının 1979-cu ildə keçirilən V qurultayını xatırlayaraq, həmin qurultayda iştirak edən ulu öndər Heydər Əliyevin söylədiyi müdrik fikirlərin və verdiyi tövsiyələrin bu gün də dəyərini qoruyub saxladığını qeyd etdi: «Möhtərəm cənab Prezident! Əziz və hörmətli Mehriban xanım! Bu gün Azərbaycan paytaxtının mədəni, musiqi ictimai həyatında əlamatdar bir gündür. Sizin tarixi sərəncamlarınızdan sonra, gərgin və səmərəli işlər aparılmışdır və nəhayət Azərbaycan Bəstəkarlar İttifaqı uzun keşməkeşli illərdən sonra öz doğma evinə, ocağına qayıtmışdır. Bizim bütün bəstəkarlarımız və musiqişünaslarımız, bütün musiqisevərlər Sizə dərin minnətdarlıqlarını ifadə etmək istəyirlər. Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü, şəxsən Mehriban xanımın səyləri ilə Azərbaycan muğamı daim dünya səhnələrini fəth edir. Buna mart ayında keçirilmiş Birinci Beynəlxalq Muğam Festivalı parlaq bir nümunədir.»
Əlamətdar mədəni hadisə münasibətilə bəstəkarları təbrik edən Prezident İlham Əliyev Azərbaycan klassik musiqi sənətinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirərək demişdir:
— Mən sizi Bəstəkarlar İttifaqının binasının əsaslı təmirdən sonra açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu, doğrudan da böyük hadisədir. Biz tarixi ədaləti bərpa etdik. Təxminən 20 ildən sonra bəstəkarlar öz doğma evinə qayıdıblar. Bina əlbəttə ki, çox böyük tarixi məna daşıyır. Siz qeyd etdiniz, Azərbaycanın dahi bəstəkarları və musiqi aləmində dünyamiqyaslı şöhrətə sahib olan insanlar bu binada yaşayıblar, çalışıblar, yaradıblar, burada konsertlər, qurultaylar keçirilib və indi binaya yeni həyat verilir. Bina tam əsaslı təmir olunub. Xarici gözəlliyini saxlamaqla, əlbəttə ki, daxili dizayn ən müasir standartlara cavab verir. Əminəm ki, bəstəkarlar bu binada səmərəli işləyəcəklər, çalışacaqlar, yeni gözəl əsərlərini yaradacaqlar və Azərbaycanın musiqi sənətini daha sürətlə inkişaf etdirəcəklər. Bu yaxınlarda Rəssamlar İttifaqının binası təmir olunaraq təhvil verildi. Bu bina ilə yanaşı yerləşən Yazıçılar Birliyinin binasını da təmir etdik. Beləliklə, Bakı gözəlləşir, Bakının bütün gözəl binaları öz tarixi simasını saxlamaqla yeniləşir, müasirləşir. Bax, bu binanın isə xüsusi taleyi olmuşdur. Yenə də qeyd etmək istəyirəm ki, təxminən 20 il ərzində bəstəkarlar başqa yerdə məskunlaşmışlar. Ancaq biz tarixi ədaləti bərpa etdik, bina yenidən bəstəkarlara qayıdır və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bütövlükdə Bakının bu tarixi ərazisində çox abadlıq işləri aparılıb. Sahil bağı yenidən qurulub. Sahil bağı tarixi bir yerdir, böyük tarixi vardır və bu yenidənqurma, abadlıq işləri nəticəsində bir tərəfdən Azərbaycan xalqına yad olan, bizim milli şüurumuza zidd olan vaxtilə qoyulmuş abidə buradan götürüldü və gözəl fəvvarələr kompleksi yaradıldı. Yəni bu həm gözəllikdir, həm bizim tarixə olan ədalətli münasibətimizdir, Azərbaycan xalqının iradəsidir və tarixi ədalətin bərpasıdır. Bax bu binanın yenidən bəstəkarlara verilməsi və ətrafda yerləşən bütün binaların bərpası bu mənanı daşıyır. Mən bir daha sizi ürəkdən təbrik edirəm, cansağlığı, yeni uğurlar arzulayıram.
Sonra dövlətimizin başçısı binanın birinci mərtəbəsində yerləşən konfrans zalı ilə tanış oldu. Burada quraşdırılmış monitorda Bəstəkarlar İttifaqının sədrləri haqqında videofilmə baxdı. Bildirildi ki, binada yaradılmış hərtərəfli şərait bəstəkarların səmərəli yaradıcılıq fəaliyyəti ilə məşğul olmalarına imkan verəcəkdir.
Yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən tanınmış musiqi xadimləri, bəstəkarlar bunu, dövlətimizin başçısının Azərbaycan musiqisinə və incəsənətinə qayğısının növbəti nümunəsi kimi qiymətləndirdilər. Prezident İlham Əliyev Bəstəkarlar İttifaqının üzvlərinə, tanınmış incəsənət və musiqi xadimlərinə yeni yaradıcılıq uğurları arzuladı.