Azərbaycan Bəstəkarlar İttifaqı pandemiya dövründə

2020-ci ilin mart ayından bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində baş verən dəyişikliklər – koronavirusla mübarizə, insanların qorunması məqsədilə həyata keçirilən ciddi karantin rejimi həyatımızın yeni bir dönəmdə davamını şərtləndirdi. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər ölkəmizin vətəndaşları tərəfindən dəstəklənir, inanırıq ki, biz birlikdə bu çətinliyin öhdəsindən gələcəyik.

Pandemiya dövründə Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri “Evdə qal – evdə yarat!” devizinə əsaslanaraq öz yaradıcılığını davam etdirib. Onu da deyək ki, bu dövr bəstəkar və musiqişünaslarımız üçün səmərəli olub.

2020-ci ilin aprel ayında Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş ən yaxşı mahnı müsabiqəsi keçirilmişdir. On-line şəklində keçirilən müsabiqədə nüfuzlu münsiflər heyətini Azərbaycanın xalq artisti, professor Firəngiz Əlizadənin sədrliyi ilə bəstəkarlar Cəlal Abbasov, Elnara Dadaşova, Gövhər Həsənzadə, musiqişünas Həcər Babayeva, həmçinin koordinator Lətifəxanım Əliyeva təmsil etmişdir.

Münsiflər heyətinin elektron ünvanına 30-a yaxın mahnı göndərilmişdir. Əlbəttə ki, münsiflər heyətinə mahnıların notları və səsyazısı təqdim olunmuşdur. Bir cəhəti də qeyd etmək lazımdır ki, mahnıların səs yazısı bəstəkarlar tərəfindən ev şəraitində, öz qüvvələri ilə həyata keçirilmişdir. Bu mahnılar müxtəlif üslublu olmasına baxmayaraq, onlarda vətənpərvərlik mövzusu və Qələbəyə inam ruhu qabarıqdı və bu da qoyulan mövzuya tam cavab verirdi.

Müsabiqənin mükafatçılarını da qeyd etmək istərdik. Bəstəkarlar Tural Məmmədli – I yerə, İlahə İsrafilova və Lalə Cəfərova – II yerə. Fərid Fətullayev və Nərminə Nağıyeva – III yerə layiq görüldülər. Sevinc Əliyeva, Yalçın Məlikov və Ağa Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının Fəxri diplomları ilə təltif olundular.

Müsabiqənin laureatlarını çətin şəraitdə yaradıcılıq əzmi göstərərək bəstələdikləri vətənpərvərlik ruhlu mahnılara görə təbrik edirik və ümid edirik ki, biz tezliklə onları gözəl müğənnilərimizin və musiqi kollektivlərimizin ifasında dinləyəcəyik. Bu mahnılar bizim qəhrəmanlıq tariximizi tərənnüm edərək, insanlara qürur və mübarizlik aşılayacaq.

Karantin ayları ərzində Azərbaycan Bəstəkarlar İttifaqı digər layihələrini də həyata keçirir. Bu baxımdan on-line əlaqə rejimində çalışmaqla çoxillik bir layihənin davam etdirilməsini qeyd etməliyik ki, bu da “Azərbaycan bəstəkarları və musiqişünasları” seriyasından elmi-piblisistik səpkili broşürlərin yazılması ilə bağlıdır. Adı çəkilən layihə özlüyündə maraqlı olub, ilk dəfə olaraq, bəstəkarlarımızın və musiqişünaslarımızın yaradıcılıq portretinin işıqlandırılmasına xidmət edir. Layihənin bir neçə mərhələsi artıq həyata keçirilib, çap olunmuş broşürlər musiqi ictimaiyyətinə təqdim olunaraq rəğbətlə qarşılanıb. Əlbəttə ki, bu səpkidə kitabçaların nəşri musiqi mədəniyyətimizin geniş təbliği üçün çox vacibdir. Pandemiya dövründə də musiqişünaslarımız bu layihə çərçivəsində bir sıra broşürlər yazmışlar.

Bununla yanaşı, musiqişünaslarımız tərəfindən məqalələrin yazılaraq, dövri mətbuatda və elmi jurnallarda çap olunmasını da qeyd etməliyik. Bu, bir daha təsdiq edir ki, karantin rejimi yaradıcı insanların fəaliyyətinə təsir etməmişdir.

Bu sözləri bəstəkarlarımız üçün də deyə bilərik, çünki onların da yaradıcılığı evdə davam edir. Evdə qalmaq bəstəkar üçün fikrini cəmləşdirməyə, maraqlı mövzular tapmağa, yeni layihələr üzərində düşünməyə imkan verir. Bu baxımdan, bəstəkarların yeni yaranan əsərlərindən Azər Dadaşovun “Simfonik poema”sını, Firəngiz Əlizadənin simfonik orkestr üçün “Kosmoqoniya” əsərini, Vüqar Camalzadənin “Dədə Qorqud” baletini, Ceyhun Allahverdiyevin “Tac Mahal” baletini qeyd edə bilərik. Son vaxtlar yaranmış yeni əsərlərdən Nazim Quliyevin Azərbaycan xalq çalğı alətləri orkestri üçün pyeslərini, Rəna Qədimovanın ansambl üçün “Prelüd”, xor və simfonik orkestr üçün “Səfərbər olaq” əsərlərini, Tural Məmmədlinin fortepiano pyeslərini, Aygün Səmədzadənin, Nailə Mirməmmədlinin, Pikə Axundovanın mahnılarını və yaradıcılıq prosesində olan bir sıra əsərləri də əlavə edə bilərik. Digər bəstəkarlar da fəal yaradıcılıqla məşğul olurlar və yaratdıqları əsərlər haqqında bizi məlumatlandırırlar.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öz tədbirləri ilə həmişə fəal surətdə iştirak edən bir təşkilatdır. Mütəmadi olaraq, müxtəlif mövzulu konsertlərin, konfransların, təqdimat mərasimlərinin keçirilməsi bu qəbildəndir.

2020-ci ilin birinci yarımilində planlaşdırılmış tədbirlərin bir qismi həyata keçirilsə də, təəssüf ki, bəzi tədbirlər təxirə düşmüşdür. Bunlardan görkəmli bəstəkarımız Əşrəf Abbasovun 100 illiyi ilə bağlı yubiley tədbirləri Azərbaycan Opera və Balet Teatrında “Qaraca qız” baletinin tamaşası, Azərbaycan Dövlət Filarmoniyasında simfonik konsert, Azərbaycan Bəstəkarlar İttifaqında kamera konserti və konfransdan ibarət olaraq planlaşdırılmışdı. Həmçinin, musiqişünaslar Kamilə Dadaşzadənin 60 illiyi, Səadət Təhmirazqızının 50 illiyinin qeyd olunması tədbirlər planına daxildi və bu münasibətlə K.Dadaşzadınin “Aşıq-ozan ensiklopediyası” (2 cilddə), S.Təhmirazqızının “Nəsimi musiqidə” nəşrlərinin təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulmuşdu. Lakin ümid edirik ki, bütün bunları yeni mövsümdə həyata keçirəcəyik.

Sonda yaşadığımız bu karantin vəziyyətində xalqımıza qüvvətli olmağı arzulayırıq və inanırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə biz bütün qüvvələrimizi səfərbər edərək, pandemiyaya qalib gələcəyik.

 

Cəmilə Həsənova

Sənətşünaslıq üzrə elmlər doktoru, professor,

Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi