ABİ-nin İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) İdarə Heyətinin növbəti iclası keçirilib.

Iclasda çıxış edən İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bu ilin son rübündə görülən işlər barədə məlumat verib. O, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən musiqi ictimaiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb.

Qurumun təşkilatçılığı ilə sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.

Konsertdə F. Əlizadə ilə yanaşı, digər Azərbaycan bəstəkarlarının – Aliyə Məmmədova, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi, Cəlal Abbasovun böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin şeir və qəzəllərinin əsasında hazırlanmış əsərləri ifa olunub. Xanəndələr, Qədim Musiqi Alətləri Dövlət Ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, eləcə də opera və balet teatrının solisti Mütəllim Dəmirov və soprano — Afaq Abbasova tərəfindən əsərlər ifa edilib. İmadəddin Nəsimi obrazını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

Sona Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Əməkdar elm xadimi, akademik Zemfira Səfərovanın layihəsi və elmi redaktorluğu ilə hazırlanan “Azərbaycan musiqi tarixi” (IV cild) kitabının təqdimatı olub.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbir Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Həmçinin Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli Azərbaycan bəstəkarları Soltan Hacıbəyovun anadan olmasının 100 illiyinə və İsmayıl Hacıbəyovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Bəstəkarlar İttifaqının “Müasirlərlə dialoq” layihəsi çərçivəsində ölkəmizdə, eləcə də Gürcüstan, Rusiya, İtaliya, Yaponiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrin gənc musiqiçilərinin qatıldığı beynəlxalq müsabiqələrdə Azərbaycanı ləyaqətlə təmsil edən, həmişə Vətənə qələbə ilə qayıdan Vurğun Vəkilovla görüş olub. Tədbirdə Vurğun Vəkilov Azərbaycan və dünya klassiklərinin əsərlərini ifa edib.

Sentyabrın 28-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Amerikanın Nyu-York şəhərində görkəmli Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilmişdir. Tədbirin açılışında “Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyət”inin sədri, Amerikada yaşayan pianoçumuz, Əməkdar artist Nərgiz Əliyarova çıxış edərək tədbirin əhəmiyyəti, İ. Nəsimi dühası haqqında və “Nəsimi ili” mövzusunda çıxış edib. Konsert proqramı çərçivəsində Jeffrey Werbockun Azərbaycanın milli tar və kamança alətlərində muğam ifa etməsi böyük maraqla qarşılanıb.

Azərbaycanın istedadlı pianoçusu, respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin solo ifasında Ü. Hacıbəyli “Cəngi”, F. Əlizadə “Sonata”, İ. İsrafilova “The world of Nasimi” əsərləri səslənib. Amerikada premyerası baş tutan bəstəkar İlahə İsrafilovanın “The world of Nasimi” kompozisiyası dinləyicilər tərəfindən fasiləsiz alqışlanıb.

Oktyabrın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyevanın anadan olmasının 50, yaradıcılığının 30 illiyi münasibətilə tədbir keçirilib.

Oktyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, professor Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə, həmçinin musiqişünas-alimin “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” adlı kitabı da təqdim olunub.

Sonra tədbir məruzələrin dinlənilməsi ilə davam edib.

Oktyabrın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında istedadlı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) dosenti Seyran Qafarovun anadan olmasının 50 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir çərçivəsində Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova və musiqişünas Nərgiz Qulamovanın tərtibçiliyi ilə işıq üzü görən kitabın da təqdimatı olub.

Oktyabrın 25-dən 28-dək Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festival keçirilib. Festival çərçivəsində müxtəlif janrlar üzrə çoxsaylı konsertlər və konfranslar təşkil edilib.

Oktyabrın 28-də Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının

Heydər Əliyev Sarayında təşkil olunan bağlanış mərasiminə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – F.Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – G.İmanova) və Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun (bədii rəhbər və dirijor Ş.Ələkbərova) iştirak etdiyi konsert proqramı ilə yekun vurulub.

Bu ilin oktyabr ayının 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti — X qurultayı keçirilib.

Sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. 21 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası müəyyənləşib. Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə növbəti müddətə İttifaqın sədri seçiblər. Eyni zamanda, noyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış publisist Səadət Qarabağlının dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatının 71-ci ildönümünə həsr etdiyi “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” adlı kitabının təqdimatı olub.

Noyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Milli Kitabxananın birgə təşkilatçılıği ilə görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş kitab sərgisi açılıb.

Dekabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun döyüş yoldaşları ilə görüş olub. Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan Bəstəkarlıq İttifaqı” mövzusunda konfrans keçirilib. Həmin gün Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə 12 cilddən ibarət “Azərbaycanın qeyri maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitablarının və “Sözləri Hüseyn Cavidindir”- Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimatı olub.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının 2020-ci ilin birinci yarımili üçün nəzərdə tutulmuş tədbirlər planını müzakirə edilərək qəbul olunub.