2017 il
Yanvarın 18-də Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında 20 Yanvar Faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Əvvəlcə 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının Katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov ön sözlə çıxış edərək, Azərbaycan bəstəkarlarının 20 Yanvar Faciəsinə həsr olunmuş əsərləri haqqında geniş məlumat verdi, bu mövzunun aktuallığından bəhs etdi və yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi yönündə onun xüsusi rolu olduğunu vurğuladı. Tədbirdə Azərbaycan bəstkarlarının 20 Yanvar faciəsinə həsr olunmuş yüksək bədii əhəmiyyət kəsb edən əsərlər sırasında Əməkdar incəsənət xadimi Azər Dadaşovun solistlər, xor və simfonik orkestr üçün 9 saylı “20 Yanvar” Simfoniyası və Əməkdar incəsənət xadimi Rauf Əliyevin Fikrət Qocanın sözlərinə xor və simfonik orkestr üçün “Azadlığa gedən yollar” Odası səsləndirildi. Hər iki əsər Azərbaycan Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında lentə yazılmışdır.
Həmçinin, bəstəkar Sərdar Fərəcovun “Vətən dara düşəndə” Marşı, Azad Zahidin Abdulla Qurbaninin sözlərinə bəstələdiyi “Şəhidlər”, “Vətən, sənin şəhidlərin”, “Bayraqtəpə qartalları” və “Çağırış” mahnılarına çəkilmiş yeni klipləri nümayiş etdirildi. Əməkdar artist Elza Seyidcahanın Məryəm Aslanın sözlərinə bəstələdiyi yeni teatrlaşdırılmış vokal kompozisiya — “Şəhidlər” Balladası solistlərin və Pantomima Teatrının aktyorlarının ifasında təqdim edildi və tədbir iştirakçılarınını böyük marağına səbəb oldu.
Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti üzvlərinin, tanınmış musiqi-ictimai xadimlərin və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə musiqişünaslar — sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva, həmçinin bəstəkarlar – Xalq artisti Sevda İbrahimova, Nərgiz Şəfiyeva, Rəna Qədimova və müəlliflər çıxış edərək, təqdim olunan əsərlər, o cümlədən Azərbaycan bəstəkarlarının yaradıcılığında 20 Yanvar faciəsinin geni. əks olunması barədə danışdılar.
*****
Fevral «Drezden Simfonietta”-nın musiqiçiləri öz doğma Drezden şəhərində Amerika və Avropa ənənələrinə söykənən maraqlı repertuarla çıxış ediblər. Konsertdən əvvəl çıxış edən F.Əlizadə tamaşaçıların suallarını cavablandıraraq, öz yaradıcılıq üslubu haqqında və ifa olunan əsərin yaranma tarixçəsi barədə danışıb. Konsertdə iştirak edən Almaniyanın məşhur musiqişünası Silviya Metsgerin təəssüratlarını təqdim edirik: “Alman musiqiçilər konsertdə İ.S.Baxın, A.Vebernin və amerikalı bəstəkar Çarlz Ayvz kimi dünya bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələri ilə yanaşı F.Alizadənin də əsərini ifa etdilər.
Böyük məmnuniyyətlə qeyd etmək lazımdır ki, F.Alizadənin musiqisi bu konteksdə özündə müasir Avropa musiqisinin bütün müxtəlifliyini təcəssüm etdirir. Çox gözəl əsər olan «Crossing-II «-də (Çarpazlaşma-II) bəstəkar öz parlaq fərdi intonasiyasıyla ən mürəkkəb bəstəkar texnikasını birləşdirməklə müxtəlif mədəniyyətlərin kəsişmələrinin əsas tendensiyalarını əks etdirir”. Orkestrinin dirijoru Mixail Hortsmann bəstəkarın əsəri haqqında öz fikirlərini belə ifadə edib: “Hələ ötən əsrin 90 illlərində mən «BIS” İsveç səsyazma firmasının F. Alizadənin əsərlərindən ibarət diskinə qulaq asmışam. Mən Azərbaycanın görkəmli qadın-bəstəkarının yüksək peşəkarlıığına, təzə, qeyri-adi, sehrli üslubuna valeh olmuşdum. O vaxtdan mən «Crossing-II » əsərini öz orkestrimlə ifa etməyi arzulayırdım və bu da mənə 2017-ci ildə qismət oldu. Əvvəl Polşa şəhərlərindəki qastrollarımızda və indi də Drezdendə… »
Drezdendəki konsertin aparıcısı Olaf Georq isə təəssüratlarını bu sözlərlə bölüşüb: “Biz xoşbəxtik ki, bizim konsertimizdə müəllif özü – artıq müasir musiqinin simvoluna çevrilmiş Firəngiz Əlizadə də iştirak edir. Ona görə də bu gün bizim musiqiçilərimiz onun gözəl musiqisini xüsusi ilhamla və ruhla ifa ediblər…” Konsert müasir musqinin ən görkəmli nümayəndəsi olan Firəngiz Əlizadənin möhtəşəm əsərinin səslənməsi ilə davam edib.
*****
Fevralın 9-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, pedaqoq, Əməkdar Müəllim Natiq Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək unudulmaz musiqişünas pedaqoqun həyat və yaradıcılığından danışıb.
Vurğulanıb ki, N.Vəliyev musiqi sənətinə töhfələr verməklə yanaşı, hər zaman yeni-yeni yaradıcılıq axtarışlarında olub, öz pedaqoji fəaliyyəti ilə bir sıra nailiyyətlərə imza atıb. Musiqişünasın maarifçilik və təşkilatçılıq istedadından söz açan F.Əlizadə qeyd edib ki, o, yenilikçi iş üslubu ilə örnək olan sənətkarlarımızdan idi. Rəhbərlik etdiyi 22 nömrəli musiqi məktəbində tez-tez bəstəkar və musiqişünas həmkarlarının görüşlərini təşkil edirdi.
Diqqətə çatdırılıb ki, N.Vəliyevin uşaq musiqi məktəbləri üçün tərtib olunan tədris proqramlarının hazırlanmasında göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Onun xatirəsinin hər zaman qəlblərdə yaşayacağını söyləyən natiq N.Vəliyevin yaradıcılıq yolunun gələcək nəsillərə örnək olacağını bildirib. Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov, Zemfira Qafarova və Kamilə Dadaşzadə çıxış edərək unudulmaz pedaqoqun həyat və yaradıcılığından danışıblar, onunla bağlı xatirələrini bölüşüblər. Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının da əsərlərinə müraciət olunub.
*****
Fevralın 23-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunan anım tədbiri təşkil olunub. Mərasimin əvvəlində görkəmli bəstəkar, Xalq artisti Cövdət Haciyevin “Matəm” marşı“ səsləndirilib və tədbir iştirakçıları ”Xocalı faciəsinin qurbanlarının xatirəsinə bir dəqiqəlk sükütla yad ediblər.
Daha sonra çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqrımının xalqımıza və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan F.Əlizadə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini bir daha diqqətə çatdırıb.
F.Əlizadə qeyd edib ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti olduqca böyükdür. Bu istiqamətdə aparılan təbliğat sayəsində bir sıra dünya dövlətləri, o cümlədən ABŞ-ın 20-dək ştatı bu faciəni tanıyır.
Bəstəkarlar İttifaqının sədri qeyd edib ki, xalqımızın yaşadığı Xocalı soyqırımı milli musiqimiz vasitəsilə də dünyaya çatdırılır. “Bu baxımdan “Xocalı”, “Xocalı laylası”, “Xocalı uşaqlarına lay-lay”, “Xocalı avazları”, “Xocalı-613”, “Xocalı naləsi” və başqa milli musiqi əsərləri dünyanın bir sıra ölkələrində ifa olunaraq müəyyən təbliğat vasitəsinə çevrilib. Xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin bütün dünya dövlətləri tərəfindən tanınmasında hər bir təbliğat vasitəsindən istifadə olunmalıdır. Bu baxımdan mövzu ilə əlaqədar yaranan milli musiqi əsərləri böyük əhəmiyyət kəsb edir”, deyə F.Əlizadə bildirib.
Tanınmış şair , Əməkdar incəsənət xadimi Abdulla Qurbani də çıxışında Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu və bu hadisənin tariximizə erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin növbəti mərhələsi kimi düşdüyünü qeyd edib. Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı haqqında fikirlərini, Prezident İlham Əliyevin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” müvafiq Sərəncamını diqqətə çatdıran A.Qurbani Xocalı həqiqətlərinin dünyada yayılması istiqamətində dövlətimizin həyata keçirdiyi işlərin miqyasını xatırladıb. Hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, erməni təcavüzünün gələcək nəsillərə ötürülməsi və bu faciənin xalqımıza qarşı soyqırımı hadisəsi olaraq tanınması naminə bu cür tədbirlərin vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı isə Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətlədirilməsi üzrə işçi qrupunun üzvü kimi Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Tədbirdə kürsüyə qalxan digər natiqlər çıxışlarında Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyindən vurğulayaraq bildiriblər ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması hər birimizin borcudur. Çıxışlardan sonra Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan , tanınş şair, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbaninin “Kül altından boy atacaq Xocalı” rekviyem-poeması nümayiş olunub. Əsərin bəstəkarı Azad Zahid, rejissoru isə Hikmət Əlisgəndəroğludur.
*****
Martın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında “Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib. Xalq Artisti, professor Firəngiz Əlizadə çixiş edərək konfransın mövzusunun aktuallığından danışıb. Uşaq musiqisinin problemlərinə toxunan F.Əlizadə bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Görülən işlərin uşaqların estetik tərbiyəsinə, habelə professional musiqiçi kimi yetişmələrinə kömək edəcəyini bildirən bəstəkar, uşaq musiqi əsərlərinin yazılmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyini vurğulayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi İmruz Əfəndiyeva “Müasir dövrdə uşaq musiqisinin problemləri” mövzusunda məruzə ilə çıxış edib. Elmi-praktik konfransda “Uşaq ədəbiyyatının problemləri”, “Əşrəf Abbasovun “Qaraca qız” baletinin yeni quruluşu haqqında” və “Azərbaycan Televiziyası və Radiosunun “Bənövşə” uşaq xoru haqqında” məruzələr dinlənilib. Tədbir C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin “Cırtdan” uşaq xoru və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
*****
Martın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar İncəsənət Xadimi, professor Məmmədağa Umudovun “Alətşünaslıq” kitabının təqdimatı keçirilib. tədbirə müəllifin “Düşüncələr” — Simli orkestr üçün Simfoniyasının videotəqdimatı ilə başlanılıb. Xalq Artisti Teymur Göyçayevin bədii rəhbər və dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin ifasında təqdim edilən musiqi əsəri böyük maraqla qarşılanıb. Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə deyib ki, bu gün M.Umudovun həm müəllif konsertinin, həm də yeni kitabının təqdimatıdır.
Məmmədağa Umudovun yaradıcılığını yüksək qiymətləndirən Xalq Artisti bildirib ki, o, bəstəkarlıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, musiqinin bütün janrlarında bir-birindən gözəl əsərlər yaradıb və bu əsər yerli və beynəlxalq tədbirlərdə səsləndirir.
Müəllifin yeni kitabını yüksək qiymətləndirən Firəngiz Əlizadə bildirib ki, simli alətlərin harmoniyasında rəngarəng musiqi tablosu yaradan M.Umudovun “Alətşünaslıq” əsəri musiqi təmayüllü ali və orta ixtisas məktəbləri üçün Azərbaycan xalq çalğı və simfonik alətlər üzrə dərslikdir. Bu dərslik müasir dövrdə ölkəmizdə bu və ya digər formada istifadə edilən musiqi alətlərinin tarixi, quruluşu, səslənməsi və ifa üslubları haqqında bilgilərin tələbələrə çatdırılmasında dəyərli mənbə olacaq.
Vurğulanıb ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə dərslik kimi təsdiqlənmiş bu kitabın məsləhətçisi Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, elmi redaktoru sənətşünaslıq elmləri doktoru, professoru Abbasqulu Nəcəfzadədir. Tədbirdə musiqişünas, sənətşünaslıq namizədi, dosent Jalə Qulamova və sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə çıxış edərək M.Umudovun həyat və yaradıcılığından danışıblar, yeni dərs vəsaiti ilə bağlı fikirlərini bölüşüblər. Sonra müəllifin musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
*****
Martın 30-da Azərbaycan Bəstəkarlar İttifaqında 31 mart — Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çixiş edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə bildirib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımılar, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımı nəticəsində on minlərlə günahsız insan qətlə yetirilib.
F.Əlizadə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işi uğurla aparılır. F.Əliadə çıxışında həmçinin onu da bildirib etdi ki, Azərbaycan bəstəkarları xalqımızın başına gətirilən faciələrə biganə qalmayıb, öz yaradıcılıqlarında bu mövzulara yer ayırıblar.
Tədbirdə Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, İmruz Əfəndiyeva və başqaları 31 mart soyqırımının həm də bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləyiblər, tarixən ermənilərin azərbaycanlılara qarşı yönəlmiş təxribatlarından bəhs ediblər. Tədbirdə Elza Seyidcahanın “Şəhidlər” balladası, Aytən İbrahimovanın “Xocalı” kompozisiyası və İlham Azmanlının simli orkestr üçün yazdığı “Ağı”, “Dədəmin qopuzu”, “Qədim türkün bir günü” və digər əsərlər səsləndirilib.
*****
Aprelin 7-də və 9-da Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub. Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, “Amsterdam Royal Concertgebouw” tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus (pravoslav, katolik, iudaizm, buddizm) «Passions» — “İlahilər” layihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib. Bu iri həcmli musiqi əsərlərinin ifası bütün Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurub.
Nəhayət, 2015-ci ildə İslam dininə aid olan ilahilərin də bəstələnməsi gündəmə gəlib. Xüsusilə vurğulamaq lazımdır ki, bu iş müsəlman mədəniyyətinə məxsus olan Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi — Firəngiz Əlizadəyə həvalə olunmuşdur. Beləliklə, “NASİMİ Passion” əsəri yaranmışdır və bu möhtəşəm əsərin (35 dəqiqəlik) məşqləri artıq bir neçə aydır ki, dünyaca şöhrətli ingilis dirijor Martins Brabbinsin idarəsi ilə Hollandiyanın Kral simfonik orkestri, xoru və solistləri tərəfindən aparılırdı…
Əsərin premyerasından əvvəl həmin sarayda bəstəkarla görüş keçirilib. Görüşdə musiqişünas Thea Derks “Nasimi passion” əsəri haqqında məlumat verib. Daha sonra çıxış üçün səhnəyə dəvət olunan Firəngiz Əlizadə seçdiyi mövzudan- Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb, dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb.
Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib. Seçilmiş mövzunun layihənin tələblərinə cavab verdiyi, eləcə də Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunulub. Bəstəkar iştirakçıların əsərlə bağlı suallarını cavablandırıb. Konsert zamanı əsərin sözləri tərcümə edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm də əsərin sözlərini başa düşməyə, onu dərindən anlamağa imkan verib.
Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub. Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edib.
Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla özünə xas fərqli ifası ilə tamaşaçıların ruhunu oxşayıb. Ə.Abdullanın ifası məhz sufi zikrlərindəki əsas ab-havanı və dinləyicidə vizual təəssürat yaratmağa imkan verib. Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb.
Bəstəkarın Şərq və Qərbin konsepsiyası əsasındakı sintezi maraq doğurub. Milli xalq musiqi alətləri ilə yanaşı, violonçel, eyni zamanda, səsin qarşılıqlı müştərək istifadəsi bilavasitə bəstəkarın aparıcı ideya kimi götürdüyü obraza xidmət edir. Əsərdə mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil edib. Əsər tamaşaçıların alqışları ilə qarşılanıb. Konsertdən sonra musiqiçilər və solistlər əsərdən söz açaraq fikir mübadiləsi aparıb, hisslərini bölüşüblər. Onlar əsərin möhtəşəm olduğunu bildiriblər.
Bəstəkar və musiqi meneceri Gabriel Teschner vurğulayıb ki, Firəngiz Əlizadə Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edib. Bəstəkarın kamança ilə Sebastyan Baxın əsərini birləşdirdiyi məqamlar bunu aydın göstərir. O, deyib: “Biz iki fərqli musiqi mədəniyyətinin bəstəkar tərəfindən incəliklə birləşdirilməsinin şahidi olduq. Firəngiz Əlizadə 600 il əvvəl yazıb yaratmış Nəsiminin qəzəllərini tamaşaçıya yüksək səviyyədə təqdim etdi. Mən Firəngiz Əlizadənin əsərinə valeh oldum. Çox maraqlı, möhtəşəm əsər idi və orkestrləşdirilmə də incəliklə qurulmuşdu. Musiqi nəşriyyatı olaraq Firəngiz Əlizadə ilə əməkdaşlıq etməkdən çox məmnunuq”.
İngiltərəli dirijor Martin Brabbins isə diqqətə çatdırıb ki, bu, fövqəladə əsər idi. “Firəngiz Əlizadənin əsərinə dirijorluq etməyə şadam. Bəstəkar əsərdə öz hisslərini yüksək səviyyədə təqdim edib. Orkestr musiqisi çox zəngin, xor partiyası möhtəşəm idi. Xüsusilə də əsərdə istifadə olunan metodlar — pıçıltı, qışqırıq çox incəliklə ifadə edilib. “Ənəlhəq” cümləsini çox sevirəm. Solistimiz də əla idi. Əvəz Abdullanın baritonunun keyfiyyəti çox yüksəkdir. Emosiyaları göstərirdi ki, o, Firəngiz Əlizadənin musiqisini dərindən anlayır və onunla yaşayır. Amsterdamdakı bu konsert, bu gecə möhtəşəm idi”, — deyə o, bildirib.
Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla bildirib ki, əsərdə muğamla Sebastyan Baxın musiqisinin birləşdirildiyi məqam skripkada ifa olunmağa başlayanda insan valeh olur, bunun üçün böyük ustalıq tələb olunur. O deyib : “Firəngiz Əlizadə fövqəladə bir əsər yaradıb. Nəsiminin qəzəllərini, onunla bağlı çəkilən filmi uşaqlıqdan sevirəm. Bu gün Firəngiz xanımın əsərini ifa etməkdən çox razıyam. Dünyada məşhur olan bəstəkarın musiqisini ifa etdim. Qəlbim emosiyalarla doludur. Bir neçə ay əvvəl təklif alanda Firəngiz xanım mənə dedi ki, bu, musiqidir, amma təkcə sözləri ifa etməklə kifayətlənməməlisən. Canlı obraz yaratmalısan. Mən də güzgü qarşısında repetisiya edirdim. Düşünürdüm ki, bu obrazı necə canlandırım. Amma bu gün gördüm ki, istədiyimizə nail ola bilmişik. İfa zamanı tamaşaçılara, xüsusilə onların baxışlarına diqqət yetirirdim. Hiss edirdim ki, mən istədiyimə nail olmuşam. Tamaşaçılar ilk dəfə belə bir obrazı tanıdılar. Konsert olmasına baxmayaraq, tamaşaçılar qarşılarında canlı obraz görürdülər. Dirijor məndən soruşurdu ki, “ənəlhəq” nə deməkdir? Elə qəşəng sözdür ki, bütün gün evdə bu sözü deyirik. Qeyd etdi ki, Nəsiminin qəzəllərini şəxsən özü oxuyacaq”.
Əsər haqqında Almaniyanın məşhur “H.Sikorski” musiqi dərgisində Firəngiz xanımın düşüncələrinə də yer ayrılmışdır: «Düz altı əsr bundan əvvəl 1417-ci ildə böyük Azəarbaycan mütəfəkkiri, sufi- şair İmadəddin Nəsimi Suriyanın Hələb şəhərində edam edilir. Tarixdən də bizə məlumdur ki, hər dövrün ən seçilmiş insanları öz ölümlərini edam məkanlarında tapmışlar. Bununla bağlı çoxlu sübutlar var. Bu gün isə insanları edama məhkum etməyə də ehtiyac yoxdur, Hələb şəhəri hər gün bombalanır, orda hər gün günahsız insanlar- böyük mütəfəkkirlərlə yanaşı uşaqlar və qocalar öldürülür. Mən «İlahilər» əsəri üzərində işləyərkən, Hələb şəhərində vəziyyət gündən-günə pişləşirdi və bu vəziyyət mənim əsərimə təsir etmədən ötüşmədi.
Bir məsələni də vurğulamaq yerinə vacibdir ki, Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması bu mühüm mədəni hadisənin əhəmiyyətini daha da artırır. Bu premyeranın mədəniyyətlərarası dialoqun qurulmasına bir töhfə olacağına inanırıq.
*****
Mayın 11-də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirildi. Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov tədbiri açaraq bildirdi ki, muzeyimizdə görkəmli rəssam Vəcihə Səmədovanın “Ü.Hacıbəyli və tələbələr” adlı bir əsəri var: “Hər dəfə bu əsəri görəndə düşünürəm ki, biz hamımız dahi bəstəkarın tələbələriyik. Bu gün “Müasirlərimizlə görüş” silsilə tədbirləri çərçivəsində Ü.Hacıbəyli məktəbinin layiqli davamçısı Firəngiz Əlizadə ilə görüşə toplaşmışıq”. Sonra o, görkəmli sənətkarın həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq və istedadlı nümayəndələrindən biridir, gözəl bəstəkar, virtuoz pianoçu, dərin düşüncəli nəzəriyyəçi, təcrübəli pedaqoq və ictimai xadim kimi nəinki öz doğma vətənində, həmçinin ondan çox-çox uzaqlarda şöhrət qazanmış sənətkardır. Azərbaycan musiqi mədəniyyətini dünya miqyasında layiqincə təmsil edir. Firəngiz Əlizadənin Fransa və Almaniyanın böyük konsert salonlarında səsləndirilən əsərlərinin video-klipi göstərildi. AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxışında Firəngiz Əlizadəni akademiyanın müxbir üzvü seçilməsi münasibətilə təbrik etdi. Bildirdi ki, bu seçimlə çox şad olduq. Görkəmli sənətkarın qarşıdan ad günü gəldiyini xatırladan R.Əliyev ona yeni-yeni nailiyyətlər arzu etdi. Professor Telman Ağdamski qeyd etdi ki, Azərbaycanın ictimai fikir, sənət tarixində elə sənətkarlar var ki, onların əsərləri Azərbaycan hüdudlarını aşaraq dünyaya yayılıb. Həmin sənətkarlardan biri də Firəngiz Əlizadədir. Bu görkəmli sənətkarımızı təbrik edir və yeni-yeni uğurlar arzu edirəm. Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Milli Konservatoriyanın professoru Akif Quliyev və başqaları çıxış edərək Firəngiz Əlizadənin yaradıcılıq yolundan, musiqi mədəniyyətinə verdiyi töhfələrdən söz açdılar. Qeyd etdilər ki, F.Əlizadənin minlərlə insanın qəlbini fəth edən və məhz milli qaynaqlardan, xalq musiqisinin dərin qatlarından qidalanan əsərləri artıq dünya musiqi xəzinəsinin sərvətinə çevrilib. Çıxışlardan sonra F.Əlizadənin “Eşq havası” və simli kvartet üçün yazdığı “Muğamsayağı” əsərləri səsləndirildi.
*****
Mayın 18-də Fransanın paytaxti Paris şəhərində UNESCO-nun baş qərargahında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, UNESCO baş direktorunun ictimai informasiya və xarici əlaqələr üzrə müavini Erik Falt, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan danışıb, bütün bəşəriyyəti öz əsərlərində ifadə etdiyini qeyd ediblər.
Konsert zalının qarşısındakı foyedə şair İmadəddin Nəsimiyə həsr olunan sərgi nümayiş olunub. Sərgidə dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitablar, müxtəlif rəssamlar tərəfindən çəkilmiş rəsmlər təqdim olunub.
Tədbirin bədii hissəsində xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin dünyaca məşhur “Kronos” kvartetinin sifarişi ilə 1993-cü ildə qələmə aldığı “Muğam sayağı” və Yo- Yo Manın rəhbərliyi altında həyata keçirilən transcontinental “Silk road” (İpək Yolu) layihəsi çərçivəsində Çindən ABŞ-a qədər dünyanın çeşidli ölkələrinin məşhur konsert salonlarında ifa olunan- “Dərviş” əsərləri əsasında hazırlanan balet-tamaşası nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin rol aldığı xoreoqrafik səhnələr milli və müasir musiqinin çarpazlaşması ilə təqdim olunub. Qərb və Şərq musiqisinin vəhdətindən ibarət baletdə tamaşaçılara Nəsiminin mistik və sirli aləmi, onun şər qüvvələrə qarşı mübarizəsi nümayiş etdirilib.
“Dərviş” əsərini tanınmış xanəndə, Respublikanın Əməkdar artisti Teyyub Aslanov ifa edib. Bundan başqa istedadlı skripkaçılar, bir sıra Beynəlxalq Müsabiqələrin qalibləri Elvin Qəniyev, Elina Drux, violençel ifaçıları Orxan Hüseynov, Denis Utkin, violada İlqar Rzayevlə Səbuhi Axundov, zərb alətlərində Allahyar Vəzirovun iştirakı ilə hazırlanan musiqili kompozisiya tamaşaçıların sürəkli alqışları ilə müşayət olunub. Tanınmış xoeoqraf Nailə Məmmədzadənin quruluşunda hazırlanan kompozisiyada səhnəyə çıxan Anar Mikayılov “İmadəddin Nəsimi”ni, Anar Tahirovla Eduard Arazov şər qüvvələri, Cəmilə Kərimova ilə Tamilla Məmmədzadə isə xeyirxah mələkləri canlandırıblar.
Konsertlə bağlı bir maraqlı məqamı xatırlatmaq yerinə düşər ki, kanon ifaçısı Təranə Əliyeva və ney ifaçısı İlham Nəcəfov “Dərviş” əsərinin ilk ifaçılarından olublar və onlar ötən 20 il ərzində Yo-Yo Ma ilə bərabər “İpək yolu” layihəsi çərçivəsində dünyanın bir çox ölkəsində konsertlərdə çıxış ediblər. Azərbaycanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünə həsr oluna balet-tamaşa tamaşaçıların böyük marağına səbəb olub və onlar Firəngiz Əlizadənin ecazkar musiqisini ayaqüstə alqışlayıblar.
*****
Mayın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin yubileyi münasibətilə “İntizar” operası nümayiş olundu. Qeyd edək ki, operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa etdilər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edirdi.
Məlumat üçün bildirək ki, “İntizar” operası (“Qarabağnamə” adı ilə) ilk dəfə 2007-ci ildə M.Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalı çərçivəsində xalq artisti Cənnət Səlimovanın qruluşunda və dünya şöhrətli dirijor Arkadi Ştеynluхtun idarəsi ilə nümayiş olunub. 2009-cu ildə isə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı günlərində Heydər Əliyev Sarayının səhnəsində tanınmış dirijor xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi orkestrin konsert ifasında səsləndirilib.
2010-cu ildə opera Heydər Əliyev Fondunun təşəbbüsü və Nərgiz Paşayevanın prodüser layihəsi əsasında hazırlanaraq, Heydər Əliyev Sarayında göstərilib. Bu dəfə operanın quruluşçu rejissoru Moskva “Helikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanova idi. Operanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr (hərəkətli səhnə, video-instalyasiya, mürəkkəb işıq partiturası) geniş tətbiq edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da həmin gün operaya tamaşa ediblər. 2014-cü il mayın 4-də Azərbaycan Opera və Balet Teatrının səhnəsində bu dəfə teatrın baş rejissoru Əməkdar İncəsənət xadimi Hafiz Quiliyevin quruluşunda yenidən səhnəyə qoyuldu.
Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan opera sənəti ənənəsini layiqincə davam etdirən sevimli bəstəkarımız Firəngiz Əlizadənin akademik Nərgiz Paşayevanın librettosu əsasında qələmə aldığı “İntizar” operası 21-ci yüzilin əvvəlində yaranan, vətən mövzusunu parlaq əks etdirən səhnə əsərində Azərbaycan xalqının ağrı-acıları, xeyirlə-şərin mübarizəsi, günahsız insanların ölümü, yadellilərin azərbaycanlı ailələrini amansızcasına qətlə yetirməsi əsas mövzu kimi götürülüb. Deməli, əsərin məzmununda xalqımızın Qarabağ dərdi əsas motiv mövqeyindədir. Tamaşanın səhnə tərtibatında video görüntülərdə Qarabağın gözəl təbiət mənzərələri, dəhşət saçan müharibə təsvirləri, rənglərin dəyişməsi, günəşli, işıqlı rənglərin getdikcə tündləşməsi, qaralması və nəhayət, finalda yenidən parlaq rənglərin canlandırılması, ekranda sanki göyün dərinliklərindən “Ağ atlı” xilaskarın peyda olması əsərin ideya-bədii həllinin təzahürü kimi dəyərləndirilə bilər.
Tərəddüdsüz deyə bilərik ki, həm vətənpərvərlik ruhuna, həm də sənətkarlıq baxımından bu əsər müasir dövrdə böyük önəm kəsb edir. Qeyd edək ki, operanın obrazları, ifadə tərzi yüksək səviyyədədir. Musiqi məzmunu çox zəngin, orkestr səslənməsi olduqca dolğundur. Orkestrin tərkibinə xalq çalqı alətlərinin daxil edilməsi, muğam və müasir bəstəkarlıq üslubunun qovuşdurulması zəngin bir musiqi əsəri yaradıb. Eyni zamanda operada elektron musiqidən də istifadə olunmağı diqqətəlayiqdir. “İntizar” opesında Qarabağ uğrunda şəhid olan əsgərlərin məcazi olaraq dirilməyi, “Ağ at”ın sujet xəttində diqqətçəkən detal kimi yer almağı gözəl bir mesajın ifadəsidir. O mesajı belə mənalandıra bilərik ki, biz haqqa inanan bir millətik. Qələbəyə olan inamımız böyükdür. Bu intizar heç də uzun çəkməyəcək. Haqq günəşi qarala bilməz, bu gün olmasa da, sabah mütləq o günəş doğacaqdır.
Bununla da son dövrdə Azərbaycanda vətənpərvərlik ruhlu əsərlərlə bağlı mənəvi tələbatı ödəyən “İntizar” operası kimi yüksək bədii keyfiyyətlərə, böyük bədii təsir qüvvəsinə malik, librettonun və musiqi dramaturgiyasının dərin vəhdəti ilə diqqəti cəlb edən müasir bir əsər meydana çıxıb. “İntizar” operasının dərin mənalı ədəbi və musiqi məzmunu əsərin hər dəfə yeni bir baxışla oxunmasına və yozumuna yol açır. Bəlkə də operanın yarandığı nisbətən bir müddət ərzində artıq dördüncü dəfə yeni quruluşda səhnələşdirilməsi bundan irəli gəlir. Zaman keçdikcə əsərin səhnə həllinin təfsiri dəyişir, zəngin məna çalarları kəsb edir. Əminik ki, “İntizar” operası Azərbaycan Opera və Balet Teatrının repertuarında daimi yer tutacaq və tariximizi canlandıran bir əsər kimi insanları haqq-ədalətin təntənəsinə, xalqımızı düşmənə qarşı birgə mübarizəyə səsləyəcək.
İyunun 2-dən 5-dək Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçirilib. Festival çərçivəsində iyunun 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festival çərçivəsində ilk tədbir -F.Əlizadənin simfonik əsələrindən ibarət konsert olub. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Yubilyarı təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. Müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadə yaradıcılığına xas olan cəhətdir. Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Nazir vurğulayıb ki, F.Əlizadə «Muğam aləmi» və «İpək Yolu» Beynəlxalq Musiqi festivallarının bədii rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasında da öz töhfəsini verir.
Diqqətə çatdırılıb ki, onun “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Qraniza” baletləri, müxtəlif ansambl tərkibi üçün “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron”, “Silk road”, violonçel və orkestr üçün konsert və digər əsərləri Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir. Nazir deyib ki, həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz xanım ömrünün 70-ci baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Yubilyarı bir daha təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin Sərəncamına əsasən təltif edilən Xalq Artisti Firəngiz Əlizadəyə “Şərəf” ordenini təqdim edib.
Firəngiz Əlizadə çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bu ordeni bütövlükdə Azərbaycan bəstəkarlıq məktəbinə və bu məktəbin böyük simalarının zəhmətinə verilən qiymət kimi dəyərləndirib. Xalq Artisti Azərbaycan mədəniyyətinin təbliği istiqamətində reallaşdırılan böyük layihələrə görə Heydər Əliyev Fonduna və hər zaman yaradıcı insanlara xüsusi diqqət və qayğı göstərən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Yubilyar Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da böyük əzmlə çalışacağını vurğulayıb.
Daha sonra səhnəyə çıxan TÜRKSOY-n baş katibi Düsen Kaseinov da yubilyarı təbrik edərərk , onun təkcə Azərbaycan xalqının deyil bütün türk dünyasınını fəxri olduğunu vurğulayıb. O. TÜRKSOY-un «Onur»(Şərəf) medalını Firəngiz xanıma təqdim edib. Tədbir konsert proqramı ilə davam edib. Konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə bəstəkarın müxtəlif illərdə yazdığı Fortepiano və orkestr üçün konsert, “İntizar” operasından Əslinin ariyası, xor, orkestr və solistlər üçün – “Nasimi Passion” əsərləri səsləndirilib. Orkestrə Xalq Artisti Fəxrəddin Kərimov dirijorluq edib.
*****
İyunun 3-də Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyi çərçivəsində bəstəkarın əsərlərindən ibarət kamera konserti keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertdə əvvəlcə bəstəkarın məşhur violonçel ifaçısı İvan Monigettinin 50 illik yubileyinə həsr etdiyi “Aşk havası” əsəri, tələbəlik illərində yazdığı “Piano üçün sonata” və yubilyarın 2014-cü ildə məşhur amerikalı meqastar, skripkaçı Hillari Hanın sifarişi ilə bəstələdiyi “İmpuls” əsəri səsləndirilib. Konsertin ikinci hissəsində dünya şöhrətli bəstəkarın 1991-ci ildə məşhur İsveçrə klarnet ifaçısı Fransiska Hirtzekinin sifarişi ilə klarnet, klavesin və vibrafon üçün yazdığı “Crossing-I” (Çarpazlaşma-I) əsəri, habelə 1990-cı ildə soprano, fleyta, fortepiano, çelesta və vibrafon üçün bəstələdiyi “From Yapanes Poetrie” (Yapon poeziyasından), 2005-ci ildə Amsterdamda ifa edilmiş “İn search of..” (Axtarışda) əsəri və ilk dəfə Amerikada “Icebreak-III” festivalında ifa edilmiş “Atəş” əsərləri səsləndirilib.
*****
İyunun 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) elmi konfrans keçirilib. Konfrans İttifaqın Sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində təşkil edilib. Konfransda ABİ-nin katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Firəngiz Əlizadənin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, müxtəlif adlara və titullara layiq görülən Firəngiz Əlizadə Azərbaycan musiqisini dünyada tanıdan bəstəkarlardan biridir. Onun əsərləri bir çox ifaçıların repertuarını bəzəyir. O, ilk əsərlərindən başlayaraq son illərdə yazdığı əsərlərə qədər fitri istedadını göstərib və hər bir əsərdə öz sözünü deyir.
Diqqətə çatdırılıb ki, F.Əlizadə görkəmli bəstəkar və musiqişünas olmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Firəngiz Əlizadənin ictimai fəaliyyəti barədə danışan Z.Qafarova bildirib ki, o, hər zaman gənc bəstəkarlara diqqət və qayğı göstərir. Konfransda çıxış edən Əməkdar İncəsənət Xadimi, Türkiyənin Qazi Universitetinin professoru Əflatun Nemətzadə Firəngiz Əlizadənin Türkiyədəki fəaliyyət dövründən danışıb. Bildirib ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan üç pərdəli bu əsər böyük uğur qazanıb. Vurğulayıb ki, Firəngiz Əlizadə Türkiyədə ilk professional balet yazan bəstəkardır.
Diqqətə çatdırılıb ki, Türkiyə hökumətinin xahişi ilə Firəngiz Əlizadə qardaş ölkədə bir neçə il fəaliyyət göstərib. 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışıb. Əflatun Nemətzadə qeyd edib ki, Firəngiz Əlizadənin əsərlərinin mayasında muğam ruhu var.
Elmi konfransda “Firəngiz Əlizadənin violençel üçün yazılmış əsərlərinin milli mənbələri haqqında”, “Firəngiz Əlizadənin yaradıcılığında etnospesifik konseptlərin təzahürünə dair”, “Firəngiz Əlizadə: yaradıcılığının konseptuallığı və onun yaradıcılığında konseptuallıq”, “Firəngiz Əlizadə beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi”, “Firəngiz Əlizadə yaradıcılığında Nəsimi mövzusu Şərq-Qərb problemi kontekstində” və digər mövzularda dinlənilən məruzələr böyük maraq doğurub.
*****
İyunun 8-də Rusiyanın “Kultura” telekanalında yayimlanan “Eniqma” verilişi dünya şöhrətli bəstəkarımız, Azərbaycan Bəstəkarlar Ittifaqinini sədri, Xalq artisti, AMEA-nın müxbir üzvi, professor, “Şöhrət” və “Şərəf” ordenli,UNESCO-nun “Sülh naminə artist”i Firəngiz Əlizadənin yaradıcılığına həsr olunub. Anonslarından da göründüyü kimi verilişdə müasir akademik klassik musqidən, onun parlaq nümayəndələrindən bəhs olunur. Verilişin müəllifi və aparıcısı «Музыкальный Олимп» Fondunun prezidenti İrina Nikitinadır.
*****
İyunun 14-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Tədbirdə çıxış edən, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova görkəmli bəstəkar Cövdət Hacıyevin yaradıcılığından söhbət açıb, onun füsunkar musiqisinin Azərbaycan mədəniyyətinə töhfə olduğunu bildirib. Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi incilərdən və əvəzolunmaz şəxsiyyətindən danışaraq, onun tələbəsi olduğu üçün özünü xoşbəxt sandığını söyləyib.
Tədbirdə Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına xoru, bəstəkarın adını daşıyan 3 nömrəli onbirillik musiqi məktəbinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Cövdət Hacıyevin əsərlərini səsləndiriblər. Konsertdə, həmçinin bəstəkarın xatirəsinə həsr edilmiş əsərlər ifa olunub.
*****
İyunun 27-dən iyulun 1-dək ölkəmizin ən dilbər guşələrindən olan qədim Şəki şəhərində “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçirilib. İsti yay günlərində Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalında Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.
İyunun 27-də axşam saatlarında “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər. Tədbirin bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq səkkizinci dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib. Bu festivalın özəlliyi ondan ibarətdir ki, tədbir çərçivəsində keçirilən konsertlər Şəkinin tarixi məkanlarında, memarlıq abidələrinin önündə təşkil edilir. Bununla da “festivallar şəhəri” Şəkinin tarixi, memarlığı, sənətkarlığı, folkloru geniş şəkildə təbliğ olunur.
Bildirilib ki, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar builki festivalda müsəlman ölkələrindən olan iştirakçılara üstünlük verilib. Festivalın proqramında, həmçinin Azərbaycan musiqi mədəniyyəti də geniş təmsil olunduğunu bildirən Firəngiz Əlizadə deyib: “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək Şəki “İpək Yolu” VIII Beynəlxalq Festivalı yenə də insanların qəlbində gözəl duyğular, silinməz izlər buraxacaq”.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, onun artıq “festivallar şəhəri” kimi tanındığını vurğulayıb. Bildirilib ki, hər il bu şəhərdə keçirilən beynəlxalq festivallarda dünyanın bir çox xarici ölkələrindən gəlmiş musiqi kollektivləri, sənətçilər iştirak edirlər. “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı isə Şəkinin mədəni həyatında çox böyük hadisədir. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Bildirilib ki, 2016-cı ildə Şəkinin TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması və “paytaxt ili” çərçivəsində keçirilən Şəki “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalı Şəki şəhərinin, eyni zamanda, nadir Azərbaycan mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayıb. Diqqətə çatdırılıb ki, Şəkinin mədəni inkişafının sürətləndirilməsinə göstərdiyi böyük dəstəyə, şəhərin zəngin mədəni irsinin dünya səviyyəsində tanıdılması və təbliği sahəsində xidmətlərinə görə Firəngiz Əlizadə “Şəkinin fəxri vətəndaşı” adına layiq görülüb.
Rəsmi hissədən sonra musiqisevərlərə festivalın ilk konserti — Əməkdar İncəsənət Xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi təqdim olunub. Gecədə solistlər – Xalq Artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artistlər İlqar Muradov, Elnur Əhmədov (kamança), Aygün Bəylər, Nurlan Növrəsli, müğənnilər Leyla İdrisova, Vüsal Hacıyev və başqaları bəstəkarın əsərlərini səsləndiriblər. Onları Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib. Uğurla başa çatan konsertin sonunda Aygün Səmədzadəyə və orkestrin bədii rəhbəri Teymur Göyçayevə xatirə hədiyyəsi – festivalın simvolu təqdim olunub.
Iyunun 28-də Şəkidə uğurla davam edən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının ikinci günü axşam Şəki xanlarının sarayının həyətində tamaşaçılara polyak müğənnisi Ania Broda və Macarıstanın “Guessous Mesi Trio” qrupunun konsert proqramı təqdim olunub. Festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertin birinci hissəsində polyak müğənnisi, sinc ifaçısı, eyni zamanda, bəstəkar və prodüser Ania Broda maraqlı konsert proqramı ilə çıxış edib.
Konsertin əvvəlində məlumat verilib ki, Ania Broda polyak musiqi səhnəsində nadir simalardan biridir. Etno, caz, xalq musiqisi və pop üslubunda ifa edən, eyni zamanda, uşaq musiqi əsərlərinin müəllifi olan Ania Broda səsinin dərin tonu, melodiyanın əsrarəngiz təsiri ilə dinləyicini valeh edir. O, eyni zamanda, “Vilensk sincləri” zərbli, simli musiqi alətlərində də ifa edir. 2011-ci ildən solo ifaçı kimi fəaliyyət göstərən Ania Broda 4 musiqi albomunun müəllifidir. Xalq ənənələrindən və müasir yaradıcılıqdan ilham alan polyak musiqiçi dəfələrlə xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Ania Broda Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin və Olştindəki Marşalkovski Aparatının təqaüdçüsüdür. Polşa musiqi mədəniyyətinin təbliğinə görə o, 2016-cı ildə Olştin şəhərinin prezident mükafatına layiq görülüb.
Konsertin ikinci hissəsində tamaşaçılar “Guessous Mesi Trio” qrupunun çıxışını izləyiblər. Ania Brodanın və “Guessous Mesi Trio” qrupunun ifa etdikləri ruh oxşayan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda təşkilatçılar adından Ania Broda və macar musiqi qrupuna festivalın rəmzi simvolu təqdim olunub.
*****
İyunun 28-də Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Marxal” istirahət kompleksinin Yay Teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun da konserti olub. Konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər. Konsertdən əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxış edərək Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Səfir qeyd edib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bununla əlaqədar olaraq 2017-ci ildə ölkəmizdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Şəkidə keçirilən festivalda Yaponiya musiqiçilərinin iştirakı bu baxımdan çox əlamətdardır.
Məlumat verilib ki, “Va-Liqa” musiqi qrupu Yaponiyanın ənənəvi musiqi və mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Qrupun repertuarına Yaponiyanın ənənəvi Kabuki və No teatrlarının rəqs səhnələri, “vadaiko” (yapon barabanları), “şamisen” (simli musiqi aləti), “minyo” kimi folklor musiqisi daxildir. Qrup indiyədək dünyanın müxtəlif ölkələrində üç yüzdən artıq konsert verib. “Va-Liqa” musiqi qrupunun 2014-cü ildə və sonrakı illərdə paytaxt Bakıda və respublikamızın digər şəhərlərindəki konsertləri tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
Təqdimatdan sonra musiqi qrupu tamaşaçılar qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib. Qrupun üzvləri Yamanaka Nobutonun, Sai Hidetoşinin və Takaku Teritoşinin ənənəvi yapon musiqi alətləri olan şamisen, vadaiko və zərb alətlərində təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşaçılar qrupun üzvlərinin konsertin sonunda ifa etdikləri Azərbaycan himnini ayaqüstdə alqışlarla qarşılayıblar. Konsertin sonunda ansambla festivalın rəmzi simvolu təqdim olunub.
*****
İyunun 29-da Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəki Dövlət Regional Kollecində görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Konsert proqramı Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun çıxışı ilə başlayıb. Kollektivin bədii rəhbəri və baş drijoru Şəhla Ələkbərovadır. Xorun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənib.
Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, Cövdət Hacıyevin yaradıcılığı barədə geniş məlumat verib. Bildirilib ki, görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi Azərbaycanın mədəni həyatında çox böyük hadisədir. Məlumat verilib ki, Azərbaycan Televiziya və Radiosunun Xoru 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olub. 1948-ci ildən isə xora respublikanın Xalq Artisti Ramiz Mustafayev bədii rəhbərlik edib. Xor fəaliyyət göstərdiyi illərdə Azərbaycanın bir çox tanınmış müğənniləri, o cümlədən SSRİ Xalq artistləri Zeynəb Xanlarova, Lütviyar İmanov, Firəngiz Əhmədova, respublikanın Xalq artistləri Gülağa Məmmədov, Mobil Əhmədov, Əməkdar artistlər Firudin Mehdiyev, Faiq Mustafayev, Yaşar Səfərov, İdris Mehdiyev, Anatolu Qəniyev, Nərminə Məmmədova kimi sənətçilər bu kollektivlə əməkdaşlıq edib.
Qara Qarayev, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Emin Sabitoğlu, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Ramiz Mirişli, Fikrət Əmirov, Firəngiz Əlizadə, Oqtay Rəcəbov, Aqşin Əlizadə və digər bəstəkarların oratoriyaları, kantataları, vokal-simfonik poemaları və əsərləri xor kollektivi tərəfindən yüksək məharətlə ifa olunaraq gələcək nəsillərə ötürülüb. Konsertdə beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev (bariton), Dilarə Kərimova (piano), həmçinin Şəki Dövlət Regional Kollecin xoru və kamera ansamblı, tələbələri geniş konsert proqramı ilə çıxış ediblər. Sonda Cövdət Hacıyevin oğlu musiqişünas İsmayıl Hacıyev tədbirin yüksək səviyyədə təşkilinə görə festivalın rəhbərliyinə minnətdarlığını bildirib.
*****
İyunun 29-da Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində axşam saatlarında “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında tamaşaçılara İran İslam Respublikasından gəlmiş “Təbriz” rəqs qrupunun konserti təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar və musiqisevərlər iştirak ediblər. Konsertin əvvəlində məlumat verilib ki, “Təbriz” rəqs qrupu uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvinin rəhbərliyi ilə çıxış edir. Qrupun rəhbəri İranda keçirilən bir çox festivalların və müsabiqələrin laureatıdır. Tərkibinə solist və rəqqasların daxil olduğu qrup instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Türkiyə və Danimarkada konsertlər verib, uğur qazanıb.
Ramin Qəznəvinin ifasında “Bizim yerdə” mahnısı ilə başlayan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə qrupun rəhbəri Ramin Qəznəviyə festivalın rəmzi simvolunu təqdim edib. Xatırladaq ki, festivalın dördüncü günü, iyunun 30-da günorta saatlarında “Yuxarı Karvansaray” mehmanxana-kompleksində “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu”nun, axşam saatlarında isə “Marxal” istirahət kompleksinin Yay Teatrında Gürcüstanın uşaq xoreoqrafik ansamblının konsertləri olacaq.
*****
İyunun 30-da Şəkidə davam edən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində axşam musiqisevərlərə Gürcüstanın “Tolige” uşaq xoreoqrafik ansamblının konserti təqdim olunub. “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, musiqisevərlər, həmçinin kompleksdə istirahət edən yerli və xarici qonaqlar iştirak ediblər.
Konsertin əvvəlində məlumat verilib ki, “Tolige” xoreoqrafik ansamblı 2012-ci ildə Diana Bliadze və David Pridonaşvili tərəfindən yaradılıb. Ansamblın tərkibi 12-15 yaşlı uşaqlardan ibarətdir. Kollektiv bir neçə dəfə Bolqarıstanda və Türkiyədə qastrol səfərlərində olub, bu ölkələrdə təşkil edilən beynəlxalq musiqi festivallarında Qran-pri mükafatına layiq görülüb. Ansambl, eyni zamanda, Gürcüstanda keçirilən tədbir və müsabiqələrdə də tez-tez iştirak edir. 2016-cı ildə bu ansambl Suxişvili adına mükafatla da təltif olunub. Konsert zamanı rəqs ansamblının təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux rəqslər, həmçinin Şəkinin gənc musiqiçilərinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalda fəal iştirak etdiklərinə görə Gürcüstan rəqs kollektivinin üzvlərinə təşkilatçılar adından minnətdarlıqlarını bildiriblər. Kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub. Xatırladaq ki, Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının sonuncu günü — iyulun 1-də musiqisevərlərə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının konsertləri təqdim olunacaq.
*****
İyunun 30-da Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının dördüncü günü, günorta saatlarında musiqisevərlər Türkiyədən gəlmiş “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu”nun çıxışını izləyiblər. XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində məlumat verilib ki, “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu” 2008-ci ildə Cəlal Vuralın rəhbərliyi ilə fəaliyyətə başlayıb, 2011-ci ildən Mehmet Alinin rəhbərliyi ilə fəaliyyətini davam etdirir. Türkdilli ölkələrin musiqisini ifa edən Topluluğun əsas məqsədi həmin ölkələrin səs, saz, rəqs sənətlərini təbliğ etməkdən ibarətdir. Kollektiv bu məqsədlə Anadolu, Mosul, Kərkük, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Krım, Başqırdıstan və digər türkdilli ölkələrin ənənəvi musiqi və rəqslərini araşdıraraq, zaman-zaman toplayaraq nota köçürüb. Kollektiv davamlı olaraq konsertlər, televiziya və radio proqramları, daxili və xarici konsert və qastrollar təşkil etməklə, türk dünyasının zəngin musiqi və rəqslərini fərqli ölkələrdə yaşayan türk xalqlarına və dünyaya tanıdır.
İzmir kollektivinin solisti Yusuf Bayırbeyin türk və Azərbaycan dilində ifa etdiyi bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib. Festival çərçivəsində iyunun 30-da axşam “Marxal” istirahət kompleksinin yay teatrinda musiqisevərlərə Gürcüstanın uşaq xoreoqrafik ansamblının konserti təqdim olunacaq.
*****
Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının sonuncu günü, iyulun 1-də günorta saatlarında tamaşaçılara Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin konserti təqdim olunub. “Marxal” müalicə-istirahət kompleksinin yay teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.
Məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestri ilk dəfə 2004-cü il iyunun 21-də Prezident İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış edib. Həmin vaxtdan Hərbi Orkestr Dövlət Sərhəd Xidmətində, eləcə də respublikamızda keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə seçilir. Kollektiv Sərhəd Xidmətinin hərbi qulluqçularının döyüş ruhunun yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə tez-tez hərbi hissələrdə sərhədçilər qarşısında konsertlər verir.
Orkestrin repertuarını müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi təşkil edir. Repertuarda vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına, o cümlədən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev və digər bəstəkarların əsərlərinə üstünlük verilir. Nümunəvi-Hərbi Orkestr dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, yüksək mükafatlara layiq görülüb.
Orkestrin bədii rəhbəri və dirijoru kapitan Səməd Vəkilovdur. Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının müqəddimə hissəsinin ifası ilə başlayıb. Orkestrin ifasında səslənən Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasından, “Arşın mal alan” musiqili komediyasından, Corc Bizenin “Karmen” operasından, Hans Zimmerin “Qladiator” filmindən musiqi parçaları, həmçinin solistlər Tural Ağayev və Fəxri Kazım Nicatın ifasında Müslüm Maqomayevin “Azərbaycan”, “Mavi əbədilik”, David Tuxmanovun “Qələbə günü”, Rauf Hacıyevin “Azərbaycan” və digər bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
*****
İyulun 1-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-də başlanan Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb. “Marxal” müalicə-istirahət kompleksinin yay teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Ansamblın bədii rəhbəri Xalq Artisti Munis Şərifovdur.
Konsertin əvvəlində məlumat verilib ki, Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildən ümummilli lider Heydər Əliyevin göstərişinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sərəncamına əsasən, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. Ansamblın bənzərsiz cəhəti onun tərkibinə daxil olan musiqi alətlərinin orta əsrlərdə Azərbaycanda istifadə olunan və sonralar tamamilə unudulan qədim musiqi alətlərindən – çəng, çəqanə, bərbət, səntur, rud, rübab, Şirvan tənburu, qopuz, nüzhə, dümbək, neydən ibarət olmasıdır. Musiqiçilər bu alətlərdə XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq və bəstəkar mahnılarını ustalıqla ifa edirlər.
Ansambl musiqi mədəniyyətimizi ölkəmizdə və beynəlxalq səviyyədə layiqincə təmsil və təbliğ edir. Dəfələrlə beynəlxalq festival və müsabiqələrdə iştirak edib, uğurlar qazanıb. Kollektiv Rusiya, Özbəkistan, Tacikistan, Macarıstan, Türkiyə, Almaniya, Fransa, İsveçrə, İordaniya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digər xarici ölkələrdə səfərlərdə olub. Konsertdə ansamblın və solistlər — Əməkdar Artist Nuriyyə Hüseynova və xanəndə Hüseyn Məlikovun ifa etdiyi qədim musiqilər, xalq mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək, Azərbaycanın qədim diyarı olan Şəkidə daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, şəkililərə təşəkkürünü bildirib. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını ifadə edib. Sonda Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, Xalq Artisti Munis Şərifova şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub.
Həmçinin festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, festivalın televiziya yayımının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin çəkiliş qrupu və festival çərçivəsində keçirilən tədbirlərin operativ işıqlandırılmasını təmin etdiyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın bölgə müxbiri xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.
*****
İyulun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) prorektoru Gülnaz Abdullazadəyə həsr edilmiş kitabın təqdimatı olub. “Na verşine nauki – Qyulnaz Abdullazade” (Elmin zirvəsində — Gülnaz Abdullazadə) adlı kitabın müəllifi Nuridə İsmayılzadədir. Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbir Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, akademik Vasim Məmmədəliyev çıxış edərək təqdimatı keçirilən kitabın Gülnaz Abdullazadə haqqında məhəbbət və səmimiyyətlə yazıldığını bildiriblər.
Qeyd olunub ki, Gülnaz Abdullazadənin yaradıcılığı, elmi, pedaqoji və ictimai sahələrdə çoxcəhətli və məhsuldar fəaliyyəti milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynayır. O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında yaxından iştirak edir. Kitabın müəllifi Nuridə İsmayılzadə bildirib ki, monoqrafiyada Gülnaz Abdullazadənin alim, pedaqoq, Bakı Musiqi Akademiyasının elmi və yaradıcılıq işləri üzrə prorektoru kimi fəaliyyətinin bütün sahələri təqdim edilir. Səkkiz fəsildən ibarət monoqrafiyada Gülnaz Abdullazadənin uşaqlıq illəri, elmi, pedaqoji, ictimai fəaliyyəti əhatə olunub. Həmçinin XXI əsrin əvvəllərində Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafında Gülnaz Abdullazadənin rolu, tanınmış şəxslərin, elm, mədəniyyət, incəsənət xadimlərinin onun haqqında fikirləri əksini tapıb. Kitabdan pedaqoji və tədqiqat prosesində istifadə etmək olar. Təqdimat mərasimində Gülnaz Abdullazadənin fotolarından ibarət slaydlar nümayiş olunub və bəstələdiyi musiqilər səsləndirilib.
*****
Məlum olduğu kimi, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü sentyabrın 18-i ölkəmizdə hər il Milli Musiqi Günü kimi dövlət səviyyəsində qeyd olunur. 2009-cu ildən başlayaraq isə Milli Musiqi günündə dahi Üzeyir bəyə həsr oluunan ənənəvi Beynəlxalq Musiqi Festivalı keçirilməyə başlanıldı.
Azərbaycan Bəstəkarlar İttifaqı da hər il olduğu kimi bu il də festivalda yaxından iştirak edib. Belə ki, sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Üzeyir Hacibəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Müasir dövrdə Ü.Hacıbəylinin səhnə əsərlərinin geniş cöğrafiyası” mövzusunda elmi konfrans keçirilib. Tədbirİ giriş sözü ilə açıq elan edən Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli musiqimizin inkişafında xidmətlərindən danışıb, festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini deyən natiq dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin, tamaşaçıların dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacağını qeyd edib. O bildirib ki, Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinədir, onun əsərlərinin coğrafiyası gündən-günə genişlənir, yeni tədqiqat işləri aparılır və bu iş hər zaman aktual olaraq qalacaq. Tədbirdə daha sonra dahi bəstəkarın zəngin irsinə dair müxtəlif mövzularda elmi məruzələr — “Leyli və Məcnun” operası Bilkənd səhnəsində”, “Arşın mal alan” operettası xarici teatrların səhnəsində”, “Əsli və Kərəm” operasının səhnə taleyi”, “Koroğlu” operasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması”, “Arşın mal alan” filmi: yaranma tarixi və ekran həyatı”, “Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının Vyana Musiqili Teatrındakı tamaşasına daha bir nəzər”, “Leyli və Məcnun” operasının Amerika səhnəsində balet təcəssümü” dinlənilib. Tədbirdə çıxış edən Türkiyədə yaşayan soydaşımız, tanınmış rejissor, əməkdar incəsənət xadimi Əflatun Nemətzadə də Türkiyə teatrlarında səhnəyə qoyduğu Üzeyir Hacıbəylinin əsərlərindən danışıb.
Həmçinin , senytabrın 21-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Klassik Azərbaycan bəstəkarlarının xor, vokal və kamera-instrumental əsərlərindən ibarət konsert təşkil olunub. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə dahi bəstəkar Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafında xidmətlərindən danışıb. O, festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin, tamaşaçıların onun zəngin musiqi irsi ilə daha yaxından tanış olacağını bildirib. Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinə olduğunu deyən F.Əlizadə onun əsərlərinin araşdırılmasının hər zaman aktual olacağını qeyd edib: “Festival çərçivəsində Bəstəkarlar İttifaqında Üzeyir bəyin yaradıcılığına həsr olunan ilk elmi konfrans keçirildi. Bəzən belə bir fikir səslənir ki, Ü.Hacıbəylinin hər notu təhlil olunub, yaradıcılığı kifayət qədər araşdırılıb. Ancaq arxivlər açıldıqca, çox maraqlı faktlar ortaya çıxır. Bu məlumatlar dahi bəstəkarın həyatına, yazdığı əsərlərin tarixçəsinə işıq saçır”.
Dahi bəstəkarın əsərlərinin səhnə həyatından danışan Xalq Artisti “Leyli və Məcnun” baletinin ABŞ-da, TÜRKSOY-un xətti ilə Əməkdar İncəsənət Xadimi, rejissor Əflatun Nemətzadənin tərəfindən “Koroğlu” operasının isə bir neçə ölkədə göstərildiyini və böyük tamaşaçı sevgisi qazandığını söyləyib. Konsertdə AzTV-nin C.Cahangirov adına Xoru (Bədii rəhbər və dirijor Şəhla Ələkbərova), Bəstəkarlar İttifaqının “Oazis” simli kvarteti, Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbi, Q.Qarayev adına İncəsənət Mərkəzinin şagirdləri, Əməkdar İncəsənət Xadimi Ülviyyə Hacıbəyova və başqaları çıxış ediblər. Onlar görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Cahangir Cahangirov, Soltan Hacıbəyov, Fikrət Əmirov, Şəfiqə Axundova, Süleyman Ələsgərov və Əşrəf Abbasovun əsərlərini ifa ediblər.
*****
Sentyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində musiqişünas Lətifəxanım Əliyevanın dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımova həsr edilmiş «Muğama merac» kitabının təqdimatı olub. Qeyd edək ki, sözü gedən kitabın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan bu kitabının müəllifi Lətifəxanım Əliyevadır baş redaktoru Respublikanın xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, “Şöhrət” və ”Şərəf” ordenli, professor Firəngiz Əlizadədir..
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Nazir deyib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə də muğam sənətinin ümumdünya səviyyəsində tanıdılması və təbliği istiqamətində mühüm işlər görülüb. Məhz Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə muğam sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Alim Qasımovun yaradıcılığını mədəniyyətimiz üçün hadisə adlandıran nazir deyib ki, son illər muğamlarımız onun ifasında daha geniş üfüqlərə yol açıb, daha geniş zirvələri fəth etməyə başlayıb. Alim Qasımov bu gün Azərbaycan musiqisini dünyaya təqdim edən elçilərdən biridir. Onun ifaçılıq tərzi, üslubu muğam sənətimizdə yeni sözdür. Alim Qasımovun Avropada, Amerikada ifa etdiyi muğam, sadəcə, istedadlı bir xalqın ənənələrinə və düşüncə tərzinə bağlı olan musiqi kimi deyil, bəşəri musiqi kimi dəyərləndirilir. Qədim milli musiqi ənənələrinin qorunması və təbliği istiqamətində göstərdiyi xidmətlərə görə Alim Qasımovun UNESCO-nun Beynəlxalq musiqi mükafatı ilə təltif edilməsi və haqqında sənədli filmin hazırlanması da onun sənətinin qüdrətinin məhsuludur.
“Mənə Alim Qasımovun xaricdəki konsertlərində iştirak etmək nəsib olub. Görmüşəm ki, onun sənəti insanlara nə qədər böyük təsir edir. Bu gün eyni zamanda gözəl bir kitabın təqdimatıdır. Bu kitabda onun bütün yaradıcılığı əhatə olunub. Mən Alim Qasımova yeni uğurlar, yeni zirvələr arzu edirəm». Sonra nazir Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuş Alim Qasımova ali mükafatı təqdim edib. Xalq Artisti sənətinə verilən bu yüksək dəyərə görə ölkəmizin başçısına minnətdarlığını bildirib.
Tədbirdə qeyd edilib ki, kitabda dünyaca məşhur muğam ifaçısı, Xalq Artisti Alim Qasımov haqqında respublikanın tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb. Bu yazılarda muğam aşiqi və fədaisi olan sənətkar müxtəlif rakurslardan göstərilir, onun oxuculara tanış olmayan xüsusiyyətləri açılır. On üç müsahibin və müəllifin (13+1) təhlil xarakterli düşüncələri sayəsində oxucu ilk dəfə olaraq Alim Qasımovu “sufi-filosof-xanəndə” tandemində muğam ifa edən sənətkar kimi “kəşf” edib tanıya biləcək. “Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüş kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
*****
Oktyabrın 17-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin nöbəti iclası keçirilib. İclasda çıxış edən İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə cari ilin I yarımilində görülən işlər barədə məlumat verək bildirib ki, 2017-ci ilin ötən müddəti ərzində Azərbaycan Bəstəkarlar İttifaqı musiqi ictimaiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan tədbirlər həyata keçirib. Belə ki, 2017-ci ilin yubiley ilinin olduğunu qeyd edən F. Əlizadə görkəmli bəstəkar, böyük pedaqoq, musiqi-ictimai xadim, Respublikanın Xalq artisti, Dövlət mükafatları laureatı, “Şöhrət” Ordenli, professor Cövdət Haciyevin anadan olmasının 100 illiyinin dövlət səviyyəsin qeyd olunmasında Azərbaycan Bəstəkarlar İttifaqının yaxından iştirakını xüsusi vurğuladı. Daha sonra digər tədbirlərə də toxunan F.Əlizadə iyunun 27-dən iyulun 1-dək ölkəmizin ən dilbər guşələrindən olan qədim Şəki şəhərində baş tutan “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı barəsində də ətraflı danışıb.
Çıxışında F.Əlizadə 2017-ci ilin ilin sonunadək nəzərdə tutulmuş tədbirlər planına da toxunaraq bildirib ki, oktyabrın 28-də Heydər Əluyev Mərkəzində SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illiyinə həsr edilən xatirə gecəsinin keçirilməsi planlaşdırılıb. Həmçinin noyabr ayında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd ediləcək. Yubiley çərçivəsində noyabrın 7-də bəstəkarın I Fəxri xiyabandakı məzarı ziyarət olunacaq, həmin gün axşam Heydər Əliyev Mərkəzində xatirə gecəsi, o cümlədən, noyabrın 8-də isə Azərbaycan Bəstəkarlar İttifaqında Tofiq Quliyevin həyat və yaradıcılığına həsr edilən elmi-konfrans və kamera-instrumental əsərlərindən ibarət konsert təşkil ediləcək.
Tədbirlər planı haqqında danışan F.Əlizadə bu ilin sonunadək xalq artisti Tofiq Bakıxanovun “Şərq sonataları”ndan ibarət müəllif-konsertinin, bəstəkar, Əməkdar İncəsənət Xadimi Elnarə Dadaşovanın yaradıcılıq-gecəsi, Azərbaycan Bəstəkarlar İttifaqının katibləri tanınmış musiqişünas, Əməkdar İncəsəsnət Xadimləri Zemfira Qafarovanın 75, bəstəkarlar Sərdar Fərəcovun 60, Cəlal Abbasovun 60, o cümlədən Xalq Artistləri Elza İbrahimovanın 80, Emin Sabitoğlunun 80, Nəriman Məmmədovun 90 illiklərinə həsr edilən xatirə gecələrinin təşkil olunmasının nəzərdə tutulduğunu iclaş iştirakçılarının diqqətinə çatdırıb.
Bundan başqa hər il olduğu kimi bu il də noyabrın 28-29-da gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumun da keçiriləcəyini qeyd edən Sədr, Plenumda ifa olunacaq əsərlərin yığıldığını əlavə edib. F.Əlizadə onu da qeyd edib ki, həmişə olduğu kimi bu dəfə də yalnız Bəstəkarlar İttifaqının üzvləri deyil, bütün istedadlı gənc bəstəkarlar bu Plenumda iştirak edirlər.
F.Əlizadə gündəlikdə yer alan üçüncü məsələyə da toxunaraq bildirib ki, dahi bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin 2018-ci ildə 100 illiyi Beynəlxalq Musiqi Festivalı kimi qeyd olunacaq. Azərbaycan Bəstəkarlar İttifaqı musiqi ictimaiyyətimiz üçün böyük əhəmiyyətə malik bu yubileyə çox çiddi hazırlaşır. Artıq onun haqqında məqalələrin toplanılmasına başlanılıb və bu məqalələr böyük bir kitab şəklində çap olunacaq. Həmçinin Qara Qarayevin keçmiş SSRİ-nin ən tanınmış bəstəkarı olaraq post Sovet ölkələrinin bəstəkarlar ittifaqına məktublar gönədərilib ki, onu tanıyan hər kəsin məqaləsi və ya onun haqqında xatirəsinin toplanılmasında yardım olunsun.
Daha sonra çıxış edən İttifaqın katibi, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova dahi bəstəkar Qara Qarayevin 100 illiyinə böyük bir toplu hazırlandığını, bu topluya daxil ediləcək materialların yığılması prosesinin getdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin bu ilin noyabr ayında təşkil qeyd olunacaq olunacaq 100 illiyinə da toxunan Z.Qafarova yubiley çərçivəsində təşkil olunacaq elmi-konfransda məruzə ediləcək materialların da seçim prosesinin davam etdiyini vurğulayıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar İncəsənət xadimi, professor Cəlal Abbasov da noyabr ayında təşkil olunacaq gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumda ifa olunacaq əsərlərin bəzilərinin artıq dinlənildiyini və seçim prosesinin davam etdiyini diqqətə çatdırıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Sərdar Fərəcov sentyabr ayında yüksək səviyyədə baş tutan Üzeyir Hacibəyli adına IX Beynəlxalq Musiqi Festivalı barədə danışıb.
Daha sonra iclasın gündəliyindəki məsələlər barədə güniş müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib. İclasın sonunda F.Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzvlərin qəbul edilməsi ilə bağlı məsələni müzakirəyə çıxarıb. İdarə Heyətinin yekdil qərarı ilə istedadlı gənc bəstəkarlar Fərid Fətullayev, Turan Məmmədli, o cümlədən tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəna Səfərəliyeva Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul ediliblər.
*****
Oktyabrın 19-da Mərkəzi Elmi Kitabxanada görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, “Şöhrət” və “Şərəf” ordenli, Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunan “Yaradıcılıq zirvələri” adlı tədbir keçirildi. AMEA-nın Alimlər Evi, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə dəstəyi ilə baş tutan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Yubilyarı təbrik edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli sənətkarın zəngin yaradıcılığından, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açdı. Bildirdi ki, müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü F.Əlizadənin yaradıcılığına xas olan cəhətdir. Yubilyar əlli ildən çoxdur ki, Azərbaycan musiqişünaslığının mühüm və aktual problemlərini tədqiq edir.
AMEA-nın vitse-prezidenti qeyd etdi ki, həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz Əlizadə ömrünün 70-ci baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. Sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. “AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə Azərbaycan musiqisini yeni janrlarla zənginləşdirib” – deyən akademik İ.Həbibbəyli görkəmli bəstəkarın öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ etdiyini bildirdi. Vurğuladı ki, F.Əlizadə «Muğam aləmi» və «İpək Yolu» Beynəlxalq Musiqi festivallarının bədii rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasında da öz töhfəsini verir.
F.Əlizadənin xidmətlərinin dövlət və ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildiyini söyləyən İ.Həbibbəyli onun 1990-cı ildə «Əməkdar incəsənət xadimi», 2000-ci ildə «Xalq artisti» fəxri adlarına, 2007-ci ildə «Şöhrət», 2017-ci ildə “Şərəf” ordenlərinə layiq görüldüyünü, həmçinin YUNESKO-nun “Sülh artisti” fəxri adı və s. nüfuzlu mükafatlarla təltif edildiyini diqqətə çatdırdı. Akademik İ.Həibibbəyli AMEA-nın Fəxri fərmanını F.Əlizadəyə təqdim etdi. Sonra çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan musiqi mədəniyyətinin ən parlaq nümayəndələrindən olan F.Əlizadənin əsərlərinin əhəmiyyətindən danışdı, sənətkarı 70 illik yubileyi münasibətilə təbrik etdi. Y.Mahmudov bildirdi ki, müxtəlif adlara və titullara layiq görülən F.Əlizadə Azərbaycan musiqisini dünyada tanıdan bəstəkarlardan biridir. Onun əsərləri bir çox ifaçıların repertuarını bəzəyir. O, ilk əsərlərindən başlayaraq son illərdə yazdığı əsərlərə qədər fitri istedadını göstərib və hər bir əsərdə öz sözünü deyir.
Alimlər Evinin direktoru Nuridə Quliyeva görkəmli bəstəkarın pedaqoji fəaliyyəti, musiqi elminin inkişafındakı xidmətləri və mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlərdən söz açıb. Yubiley tədbirində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Həcər Babayevanın “Müasir musiqi kontekstində Firəngiz Əlizadə yaradıcılığı”, professor Cəmilə Həsənovanın “Firəngiz Əlizadə beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kamilə Dadaşzadənin “Firəngiz Əlizadənin yaradıcılığında etnospesfik konseptlərin təzahürünə dair (“Muğamsayağı” əsəri əsasında)” mövzusunda məruzələri böyük maraq doğurdu. Diqqətə çatdırıldı ki, F.Əlizadə görkəmli bəstəkar və musiqişünas olmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, hər zaman gənc bəstəkarlara diqqət və qayğı göstərir. Daha sonra bəstəkarın əsərlərindən ibarət bir sıra kompozisiyalar səsləndirildi. Sonda çıxış edən F.Əlizadə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. Yubilyar Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da böyük əzmlə çalışacağını vurğuladı.
*****
Noyabrın 7-də Fəxri xiyabanda görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin xatirəsi anılıb. Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Tofiq Quliyevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər. Anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Prezident İlham Əliyevin 2017-ci il fevralın 7-də imzaladığı Sərəncama əsasən, bu il ölkəmizdə görkəmli bəstəkarın yubileyinin silsilə tədbirlərlə qeyd olunduğunu bildirib. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olur. Onun inkişafında bu təhsil ocağında müəllim işləyən Asəf Zeynallının böyük rolu olub. Sevimli müəlliminin məsləhəti ilə Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazır və bununla da bu sahədə ilk uğurlu addımlarını atır. Həmçinin bəstəkarın muğamlarımızın nota köçürülməsi sahəsində gördüyü işlər respublikamızın həyatında mədəni hadisə kimi qiymətləndirilib.
Vurğulayıb ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. O, müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Eyni zamanda, bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri əbədiyaşardır. Xalq artistləri Firəngiz Əlizadə çıxış edərək böyük sənətkarın bəstəkarlıq fəaliyyətinin bənzərsizliyindən söhbət açıb. Tofiq Quliyev mahnıları ilə milyonlarla dinləyicinin qəlbini fəth etməyi bacardığını qeyd edən F.Əlizadə onun Azərbaycan xalqının qəlbinə təkcə sənəti və musiqisi ilə deyil, eyni zamanda, şəxsiyyəti ilə yol tapan görkəmli ziyalılardan oldugunu bildirirb. “Bu gün bəstəkarın övladları və qohumları onun mənəvi davamçılarıdırlar. Təkcə görkəmli rejissor Eldar Quliyevin adını çəkmək kifayətdir”, deyə F.Əlizadə əlavə edib.
Azərbaycanın Xalq Artisti, kinorejissor və ssenarist Eldar Quliyev bəstəkarın həyat və yaradıcılığında şahid olduğu məqamlardan danışıb. Atasına göstərilən münasibətdən söhbət açan E.Quliyev deyib: “1997-ci ildə Tofiq Quliyevin 80 illiyinə həsr olunan yubiley mərasimində ulu öndər Heydər Əliyev bəstəkara xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq Tofiq Quliyev musiqisi yaşayacaq”.
*****
Noyabrın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans və kamera konserti keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Quliyevin milli musiqimizin inkişafındakı xidmətlərindən danışıb. İl ərzində yubilyarla bağlı silsilə tədbirlərin keçirildiyini qeyd edən natiq Bəstəkarlar İttifaqında onun rəhbərliyi altında uzun illər çalışmaqdan məmnunluğunu ifadə edib: “Hamımız çox xoşbəxtik ki, belə gözəl insanla ünsiyyətdə olmuşuq. O zaman ittifaqda çox gözəl tendem yaranmışdı — sədr Qara Qarayev, birinci katib Tofiq Quliyev. Onlar arasında çox gözəl iş birliyi, həmkar münasibət var idi. Tofiq müəllim təşkilatçı kimi Bəstəkarlar İttifaqının işini çox fəallaşdırmışdı. Heç də təsadüfü deyil ki, görkəmli bəstəkarımız Qara Qarayev həmişə onun məsləhətlərini böyük məmnunluqla qəbul edirdi. Onun gözəl insanlıq keyfiyyətləri melodiyalarında, ölməz mahnılarında yaşayır. Ona görə ki, bəstəkarın yazdığı melodiyalar, onun daxili dünyasının təcəssümüdür”.
Sonra sənətşünas alimlər böyük bəstəkarların yaradıcılığı ilə bağlı maraqlı elmi məruzələrlə çıxış ediblər. Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Tofiq Quliyev adına 12 və G.G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərinin istedadlı şagirdlərinin ifasında bəstəkarın “Marş”, “Rəqs”, “Nağıl”, “Axşam mahnısı”, “Bakı haqqında nəğmə”, eləcə də “Bəxtəvər oldum” romansı, “Qızıl üzük” əsərləri səsləndirilib.
*****
Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş elmi-konfrans və kamera konserti keçirilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəstəkar Elnarə Dadaşovanın zəngin yaradıcılığından danışıb. Bildirib ki, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil almış E.Dadaşova bəstəkarlıq fəaliyyətinə peşəkar musiqiçi kimi başlayıb. O, fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələyib, polifonik, sənədli filmlərə silsilə musiqilər yazıb. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil edib. Sonra Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş məruzələr dinlənilib. Tədbir konsert proqramı ilə davam edib.
*****
Noyabrın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində Milli Məclisin deputatı Qənirə Paşayeva ilə görüş keçirilib. Tədbirin əvvəlində Qənirə Paşayevanın sözlərinə Əməkdar artist, istedadlı bəstəkar Elza Seyidcahanın bəstələdiyi “Azərbaycan Odası”nın klipi nümayiş etdirilib. Tədbiri Bəstəkarlar İttifaqının sədri, professor, Xalq Artisti Firəngiz Əlizadə açaraq layihə çərçivəsində respublikanın tanınmış şəxsiyyətləri, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlərin keçirildiyini vurğulayıb. Budəfəki tədbirin qonağı barədə danışan Firəngiz Əlizadə deyib: “Qənirə xanım çox dinamik həyat yaşayan ictimai xadimlərimizdən biridir. O, respublikamızın sosial həyatında fəal iştirak etməklə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olur”.
Sonra söz qonağa verilib. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə dəvət üçün və bu qədər dəyərli bəstəkar, ziyalı ilə görüşün təşkili üçün təşəkkürünü bildirən millət vəkili, siyası elmlər doktoru Q.Paşayeva bildirib ki, dünyanın hər yerinə getdiyimiz zaman ilk öncə fəxrlə danışdığımız mədəniyyətimizdir və musiqimizin inkişafında xidməti olan bütün dəyərli bəstəkarların yanında olmaq, onlara dəstək göstərmək cəmiyyətimizin hər bir üzvünün ilk növbədə vətəşdaşlıq borcudur. Millət vəkili Q.Paşayeva bidirib ki, ölkəmizdə gənclərin əsl musiqiyə meylinin artması çox vacibdir və bölgələrdə musiqi məktələrinin sayı daha da artmalıdır: «Mən iki müəllimin qızıyam. Yaddımdadır hələ ibtidai sinifdə oxuyurdum. Atam məni musiqi məktəbinə piano sinifinə yazdırmışdı. Biz zəngin ailə deyildik və o zaman piano almaq o qədər də asan deyildi və mən uzun illər keçməsinə baxmayaraq atamla anamın qonşu otaqda söhbətlərini heç unutmuram. Anam dedi ki, evimizdə piano almaq üçün pul azdır və əgər piano alsaq evimizdə heç pul qalmayacaq və qarşıdan qış gəlir, isti geyimlıər almaq lazımdır, evdə az da olsa pul olmalıdır. Atam anama dedi ki, köhnə isti paltarlarımızı geyinərək, lazım olsa yeməyə də daha az pul xərcləyərik, amma o piano Qənirə alınacaq və o, mütləq musiqi məktəbinə gedəcək. O piano bu gün də evimin ən əziz əşyasıdır”.
“Biz dünya ölkələrinə çıxdığımız zaman Üzeyir bəylə, Qara Qarayev, Fikrət Əmirov, Şəfiqə Axundova və adlarını sadalaya biləcəyim onlarla böyük bəstəkarlarımızla fəxr edirik və bu gələcəkdə də davam etməlidir. Ona görə də Bəstəkarlar İttifaqının fəaliyyəti bu istiqamətdə də önəmlidir və biz hər zaman sizin yanınızdayıq. Firəngiz xanım da bizim qürur duyduğumuz bəstəkarlarımızdandır və bir az əvvə mənə görülən işlərlə bağlı məlumat verəndə, “İpək Yolu” layihəsi barədə danışanda çox məmnun oldum. Millət vəkili, vətəndaş olaraq nədə yanınızda ola biləriksə, bilin ki, hər zaman yanınmızdayıq. Məni Milli Məclisdə Bəstəkarlar İttifaqının təmsilçisi olaraq da görə bilərsiniz. Sizə hər zaman böyük uğurlar arzulayıram”, deyə millət vəkili əlavə edib. Millət vəkili Q.Paşayeva bəstəkarları maraqlandıran sualları da cavablandırıb, onlara imzalı kitablarını hədiyyə edib.
*****
Noyabrın 21-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyasının təqdimatı keçirilib. Monoqrafiya Ü.Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə həsr olunub. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək Zemfira Qafarovanın musiqi sahəsində xidmətlərindən söz açıb. Bildirib ki, yubilyar pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirir. Musiqişünas bir sıra bəstəkarlarımızın həyat və yaradıcılığını, əsərlərinin üslub xüsusiyyətlərini qələmə alıb. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun «Koroğlu» operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan «Koroğlu» dərs vəsaiti, eləcə də bir sıra məruzələri Azərbaycan milli musiqisinin təbliğinə xidmət edir.
Yeni əsərin məziyyətlərindən söz açan Bəstəkarlar İttifaqının sədri deyib ki, onun monoqrafiyasında geniş panorama görürük. İdeya məzmunun, musiqi dramaturgiya xüsusiyyətlərinin, müəllif tərəfindən istifadə edilən ifadə vasitələrinin dərin təhlili bəstəkarın estetikasının bir çox əhəmiyyətli cəhətlərini aşkar etməyə imkan verir. Tədbirdə “Avropa” nəşrlər evi yubilyara “İlin ən yaxşı musiqişünas tədqiqatçısı” mükafatını təqdim edib. Sonra yubilyarın yaradıcılığına həsr olunan məruzələr dinlənilib. Tədbir konsert proqramı ilə davam edib.
Noyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gənc bəstəkarların əsərlərindən ibarət plenum keçirilib. İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək vurğulayıb ki, rəhbərlik etdiyi qurum gənc bəstəkarlara xüsusi diqqət ayırır və onların fəaliyyətini əlaqələndirir. Gənc bəstəkarların uğurlarının sevindirici hal olduğunu qeyd edən F.Əlizadə iştirakçıları plenumun proqramı ilə tanış edib. Bildirib ki, üç gün ərzində plenum çərçivəsində gənc azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsertlər keçiriləcək. “Plenumun ilk günü səkkiz gənc bəstəkarın əsərləri ifa olunacaq. Bu əsərlərin əksəriyyəti ifa olunmayıb. Ümumilikdə, plenum çərçivəsində 15 gənc bəstəkarın əsərləri səslənəcək. Bu, bəstəkarların özlərinin seçdiyi əsərlərdir. Ümid edirik ki, gələcəkdə onlar Azərbaycan musiqisini müxtəlif ölkələrdə uğurla təbliğ edəcəklər”, — deyə İttifaqın sədri bildirib.
Sonra İttifaqa yeni üzv seçilmiş gənc bəstəkarlara biletlər təqdim olunub. Konsertdə gənc bəstəkarlar Sevinc Kazımova, Ayaz Qəmbərli, Gülmira Qəhrəmanova, Azər Hacıəsgərli, Əli Geranmehr, Tahir İbişov, Həmid Sultanov və Vəfa Bağırzadənin əsərləri səsləndirilib.
*****
,strong>Noyabrın 29-da Azərbaycan Bəstəkarlar İttifaqında “Gənc bəstəkarların əsərlərindən ibarət plenum” çərçivəsində növbəti konsert təşkil olunub. Konsertdə gənc bəstəkarlar Tural Məmmədlinin kamança və piano üçün “Tənha yolçu”, Nigar Əliyevanın “Simli kvartet” (I hissə), İlahə İsrafilovanın simli kvartet üçün “Casus” kompozisiyası, Kamran Nəsirovun simli kvartet üçün “Üzeyirnamə”, Fərid Fətullayevin “Bu gecə” romansı, Səid Qəninin “Projections”, Aria Torkanbourinin “Tempest Order”, Sevinc Əliyevanın tar və kamera orkestri üçün “Konsert pyesi” əsərləri səsləndirilib. Konsert proqramı maraqla qarşılanıb.
*****
Noyabrin 30-da Azərbaycan Bəstəkarlar İttifaqında “Gənc bəstəkarların əsərlərindən ibarət plenum” çərçivəsində “dəyirmi masa” keçirilib. İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə plenumun yekunları, onun çərçivəsində təşkil olunan tədbirlər haqqında məlumat verib. Xatırladıb ki, plenumlar hər il keçirilir və müvafiq dövr ərzində reallaşdırılan işlər barədə hesabat verməyə imkan yaradır.Qeyd olunub ki, Azərbaycan Bəstəkarlar İttifaqı gənc bəstəkarların fəaliyyətinə xüsusi diqqət ayırır və onları əlaqələndirir. Belə tədbirlər isə gənc bəstəkarlara öz yeni əsərlərini üzə çıxarmaq üçün geniş imkanlar yaradır. F.Əlizadə deyib: “Üç gün ərzində gənc azərbaycanlı bəstəkarların əsərlərinin səsləndiyi plenum çərçivəsində iki konsert təşkil olunub. Konsertlərdə kamera-instrumental, orkestr əsərləri ifa olunub. Plenumda 16 gənc bəstəkarın əsərləri səsləndirilib. Plenum yeni istedadları – müəllifləri və ifaçıları aşkar etməyə kömək edib”.Konsertləri diqqətlə izlədiyini deyən F.Əlizadə gənc bəstəkarların öz düşüncələrini musiqinin dili ilə ifası, onların əsərlərinin üslubu və janrı ilə bağlı tövsiyələrini bildirib.Azərbaycan Bəstəkarlar İttifaqının katibləri — Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov, bəstəkar Aliyə Məmmədova çıxış edərək plenumda səslənən əsərlər barədə fikirlərini bölüşüblər. Bildirilib ki, gənc bəstəkarlar həm ölkədə, həm də xaricdə müxtəlif layihələrdə fəal iştirak ediblər. Azərbaycan bəstəkarlıq məktəbi hər zaman dahi Üzeyir Hacıbəylinin tövsiyələrini rəhbər tutub. Müasir bəstəkarlar ənənəyə sadiq qalaraq forma və məzmun baxımdan yeni, maraqlı əsərlər yaratmalıdırlar. Bunun üçün onlar daha səylə çalışmalıdırlar.
*****
Dekabrın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi, ittifaqın katibi Sərdar Fərəcovun 60 illik yubileyinə həsr olunan kamera konserti keçirilib. Tədbiria açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəstəkar Sərdar Fərəcovun zəngin yaradıcılığından danışıb. S.Fərəcovun səhnə üçün yazılan musiqilərdən kiçik miniatürlərə qədər müxtəlif janrlarda əsərlər yazdığını bildirən F.Əlizadə onun həmçinin kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifi olduğunu qeyd edib. Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru vəzifəsində çalışan S.Fərəcovun yaradıcılığında ən önəmli və vacib yerlərdən birini dahi bəstəkarımızın bəzi əsərlərinin işləmələri və yenidən bərpası tutur.
“Sərdar Fərəcovun əsərləri musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib”, deyə F.Əlizadə çıxışında bildirib. Tədbir konsert proqramı ilə davam edib.
*****
Dekabrın 9-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcovun 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Zemfira Qafarova çıxış edərək tanınmış bəstəkarın milli musiqimizin inkişafındakı xidmətlərindən, bənzərsiz yaradıcılığından danışıb. Bildirib ki, bəstəkar peşəkar sənətkar kimi musiqinin müxtəlif janrlarında bir-birindən gözəl əsərlər yaradıb. O, kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifidir.Qeyd edilib ki, bəstəkarın əsərləri musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib. TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubilyarı təbrik edərək ona yaradıcılığında uğurlar arzulayıb.Sonra tədbir Xalq Artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin çıxışı ilə davam edib. Konsertdə “Koroğlu” simfonik freskası, “Şah Xətai” simfoniya-dastan, “Sonsuzluq karvanı” oratoriyasından hissələr, “Cavad xan” baletindən süita və başqa əsərlər səsləndirilib.
*****
Dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Cəlal Abbasovun 60 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Bəstəkarlar İttifaqında reallaşan konfransda tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək Cəlal Abbasovun yaradıcılığından söz açıb, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb. Qeyd edilib ki, C.Abbasov Azərbaycanın görkəmli bəstəkarı və musiqi xadimi Əşrəf Abbasovun ailəsində dünyaya göz açıb. 1975-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirən bəstəkar 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dahi bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.
Vurğulanıb ki, C.Abbasov müxtəlif janrlarda bəstələnmiş və geniş kütlə arasında populyarlıq qazanmış bir çox musiqi əsərlərinin müəllifi kimi tanınır. Onun əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Rusiya, İtaliya, Koreya Respublikası, Ukrayna, Türkiyə və digər ölkələrin aparıcı konsert salonlarında ifa edilərək böyük rəğbət qazanıb. 2012-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan C.Abbasov hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərir. Bəstəkarın yaradıcılıq axtarışlarından və insani keyfiyyətlərindən söz açan F.Əlizadə ona gələcək həyatında uğurlar arzulayıb.
Sonra Əməkdar İncəsənət Xadimi, professor İmruz Əfəndiyeva “Cəlal Abbasovun yaradıcılığına bir nəzər” mövzusunda məruzə ilə çıxış edib. Konfransda “Cəlal Abbasovun vətənpərvərlik mövqeyi”, “Cəlal Abbasovun IV simfoniyasının musiqi dramaturgiyasının yeniliyi”, “Cəlal Abbasovun xor yaradıcılığında milli musiqi xüsusiyyətlərinin təzahürü”, “Cəlal Abbasovun xor üçün xalq mahnı işləmələrinin bəzi üslub xüsusiyyətləri” mövzularında məruzələr dinlənilib. Tədbir C.Abbasov və bir sıra gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə başa çatıb.
*****
Dekabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında “Zaman və uşaq musiqisinin müasirliyi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda ittifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə uşaq musiqisinin aktual problemlərinə toxunaraq, bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Görülən işlərin uşaqların estetik tərbiyəsinə, yaradıcılıq baxımından professional musiqiçi kimi yetişmələrinə yardımçı olacağını qeyd edən Xalq Artisti uşaq musiqi əsərlərinin yaranmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyindən söz açıb. Əməkdar İncəsənət Xadimi, professor İmruz Əfəndiyeva “Uşaq musiqisinin aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi görkəmli bəstəkarlarımızın yaradıcılığında kifayət qədər populyarlıq qazanmış uşaq musiqi əsərlərinin olduğunu vurğulayaraq bunun hazırda bir sıra bəstəkarlarımız tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra konfransda “Bəstəkar Mehriban Əhmədovanın yaradıcılığında uşaq mövzusu”, “Musiqi təhsilinin problemləri” mövzularında məruzələr dinlənilib. Konfrans uşaq xorunun təşkil etdiyi konsert proqramı ilə davam edib.