2015 il
Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub. Librettosu “ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevaya məxsus olan opera Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəvi hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Xəyanət və hiylə ilə qonaqpərvər diyara gələn şər qüvvələr zorakılıqla səfalı bir diyarı viran qoyur, insanları amansızcasına qətlə yetirir, doğma yurd-yuvalarından didərgin salırlar. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin taleyində izlənilir. Quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əyyub Quliyev olan tamaşada rolları xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Əkrəm Poladov, Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova və digərləri ifa ediblər.
*****
Yanvarın 21-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 25-ci ildönümünə hsr edilən konfrans keçirilib. Tədbiri açıq elan edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, konfransda 2 əsər — Azər Dadaşovun “20 Yanvar” xor, solist və simfonik orkestr üçün 9 saylı simfoniyası və Faiq Nağıyevin “Şəhidlərdən-şəhidlərə” sənədli filminə yazdığı musiqi müzakirə ediləcək. Sonra əsərlər səsləndirilib.
*****
20 Yanvar şəhidlərimizin əziz xatirəsinə həsr edilən daha bir tədbir yanvarın 23-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda baş tutub. Tədbir iştirakçıları Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin rəhbərlik etdiyi Azərbaycan Bəstəkarlar İttifaqının “BAKU-SİNFONİETTA” orkestrinin ifasında dahi bəstəkarımız Qara Qarayevin «İldırımlı yollarla» baletindən «Lay-lay», İohan Sebastian Baxın «Ariya», S.Barberin «Adajio», E.Qriqin «Ozenin ölümü», həmçinin T.Albinoninin «Adajio» əsərlərini dinləyiblər.
*****
Yanvar ayının ilk günlərində Fransanın tanınmış «Utopik» ansamblı məşhur «Dünya xalqlarının mahnıları» silsiləsindən yeni bir layihəni həyat keçiriblər. Bu dəfə «Utopik» öz layihəsinə iki fransız, bir meksikalı bəstəkarlarla yanaşı Firəngiz Əlizadəni də cəlb edib. F.Əlizadə «Bu dağda maral gəzər» xalq mahnısını sözügedən layihə üçün yeni aspektdə təqdim edib. Soprano və 10 nəfərlik ansambl üçün yazılan kompozisiya, fortepianonun virtuoz kadensiyası və dramatik kulminasiyası ilə məşhur mahnının sətiraltı məzmununa əlavə çalarlar qatır. Layihənin solisti lüksemburqlu müğənni Laura Delkampe «Utopik»in 4 yeni mahnısı ilə yanaşı L. Berionun silsiləsindən 3 mahnını da ifa edib. Ansamblın konsertləri Fransanın Marsel, Lion və Nant Konservatoryalarında baş tutub. Konsertlərdən öncə bəstəkarların tələbələrlə görüşləri, həmçinin ustad-dərsləri təşkil edilib.
“Utopik” ansamblının yekun konserti isə Nant şəhərinin dəbdəbəli daxili görünüşü fərqlənən və gözəl freskaları ilə məşhur olan əzəmətli «Graslin» Opera Teatrında keçirilib. Vaxtilə bu bina fransızların işğalı zamanı böyük zərər çəkmiş, lakin sonradan imperator Napolenonun göstərişi ilə yenidən bərpa edilib. Qeyd edək ki, sözü gedən konsert salonunda «Dünya xalqlarının mahnıları» layihəsindən başqa Firəngiz Əlizadənin «Yapon poeziyasından» vokal-silsilə, həmçinin «Habilsayağı» və «Oyan!» əsəri ansamblın solistlərinin ifasında səsləndirilib. Beləliklə, «Dünya xalqlarının mahnıları» layihəsi vasitəsilə Azərbaycan musiqisinin «ətri»Fransanın üç böyük şəhərində fransız musiqisevərlərin ürəyinə yol tapıb.
*****
Yanvarın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş “Bəstəkarlar İttifaqı” filminin təqdimatı olub. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, filmin rejissoru Tahirə Hüseynova, operatoru Adil Abbasov, montaj rejissoru Hüseyn Hüseynov, bəstəkarlar, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açaraq film haqqında məlumat verib. Bildirib ki, gələcəkdə də bu cür layihələr həyata keçiriləcək və filmlər çəkiləcək. Daha sonra “Bəstəkarlar İttifaqı” filminin rejissoru Tahirə Hüseynova filmin ərsəyə gəlməsində Bəstəkarlar İttifaqına dərin təşəkkürünü bildirib. Sonda “Bəstəkarlar İttifaqı” filmi nümayiş olunub.
*****
Fevralın 4-də Heydər Əliyev Sarayında tanınmış bəstəkar Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, o cümlədən xarici qonaqlar iştirak ediblər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları yubilyara ən xoş arzularını çatdırıblar. Yubiley gecəsi Polad Bülbüloğlunun ifasında özünün və atası, görkəmli Azərbaycan müğənnisi Bülbülün repertuarından musiqi əsərlərinin səslənməsi ilə davam edib.
*****
Fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri dahi bəstəkar, gərkəmli mədəniyyət xadimi, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasinin 97 illiyi münasıbətilə onun Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Tədbir iştirakçıları müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin də xatirəsini ehtiramla yad edib, abidəsi önünə çiçəklər qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqında dahi bəstəkar Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə konfrans keçirilib. Konfransda Bəstəkarlar İttifaqının katibləri Zemfira Qafarova və Sərdar Fərəcov dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafında böyük xidmətlərindən danışıblar. Qara Qarayevin tələbələri Sevda İbrahimova, Nərgiz Şəfiyeva, Tofiq Bakıxanov, Azər Dadaşov və digərləri müəllimləri ilə bağlı xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən və pedaqoq kimi fəaliyyətindən söhbət açıblar.
*****
Fevralın 6-da Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbüsü ilə Adana Böyük Şəhər Bələdiyyə Konsert Salonunda dünya şöhrətli Azərbaycan bəstəkarı Xalq Artisti, professor Firəngiz Əlizadənin müəllif-konserti olub. Azərbaycanın tanınmış dirijoru , Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun idarə etdiyi Çukurova Dövlət Simfonik Orkestrinin iştirakı ilə «Türk-Azeri dostluq konseri» şüarı altında keçən konsertdə bəstəkarımızın «Metomorfoz» əsəri, həmçinin «İntizar» operasından parçalar səsləndirilib. Sözü gedən operadan ariyaları Gülnaz İsmayılova, Səbinə Əsədova, həmçinin Tolqa Erden ifa ediblər. Qeyd edək ki, konsert Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilib.
*****
Fevralın 8-də Los Angelesdə “Grammy” mükafatının 57-ci təqdimat mərasimi keçirilib. Mərasimdə amerikalı skripkaçı, meqa-star Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan “İmpuls ” albomu ilin ən yaxşı kamera musiqisi nominasiyasında “Grammy” mükafatına layiq görülüb. Qeyd edək ki, Almaniyanın məşhur «Deutsche Grammofon» studiyasında işıq üzü görən albom məhz Firəngiz xanımın «İmpuls» əsərinin adı ilə adlandırılıb.
*****
Fevralın 9-10-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı ərəfəsində festival çərçivəsində reallaşacaq elmi simpoziuma hazırlıq məqsədilə konfrans keçirilib. Konfransı açıq elan edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iki ildən bir reallaşan beynəlxalq muğam festivalının ölkəmizin mədəni həyatında ən əlamətdar hadisələrdən biri olduğunu söyləyib. F.Əluzadə qeyd edib ki, bu möhtəşəm tədbir dünyanın bir çox görkəmli musiqiçilərinin və musiqişünas-alimlərinin diqqət mərkəzindədir və hər dəfə öz dairəsini genişləndirir. Muğamın şifahi ənənəli musiqi sənəti kimi tədqiqi artıq dünya musiqi elminin prioritet məsələlərindən birinə çevrilib. “Muğam/maqam və müasir musiqi yaradıcılığı” mövzusunda keçirilən konfransda muğam sənəti: ənənə və yeni yozumlar, muğam müasir bəstəkarların yaradıcılığında, muğam dəsgahlarının notlaşdırılması problemi, müxtəlif musiqişünaslıq məktəblərində muğam terminologiyası problemləri müzakirə edilib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda, Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan respublikanın görkəmli musiqişünas-alimləri və gənc mütəxəssislər konfransda öz məruzələrini təqdim ediblər.
*****
Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində “Rast. Niyazi” sənədli filminin heyəti ilə görüş olub. Əvvəlcə Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ xalq artisti Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuş “Rast. Niyazi” sənədli filmi nümayiş edilib. Filmin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru əməkdar incəsənət xadimi Yuri Varnavski, icraçı prodüseri Əlibala Rəhimovdur.
Filmin bədii rəhbəri xalq artisti, kinorejissor Eldar Quliyevdir. Filmdə dahi bəstəkar və dirijorun həyat və yaradıcılığı haqqında müfəssəl məlumatlar, görkəmli şəxslərin — SSRİ xalq artistləri Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov, xalq yazıçısı Anar, digər mədəniyyət və incəsənət xadimlərinin onun haqqında fikirləri yer alıb. Filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib. Nümayişdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək söyləyib ki, musiqi tariximizdə böyük iz qoymuş Niyazinin “Rast” simfonik muğamı dünya musiqi incilərindəndir. Bildirib ki, bu əsəri muğam festivallarında, konsert proqramlarında təqdim edirik və rəğbətlə qarşılanır.
Sonra Eldar Quliyev, İntiqam Qasımzadə, Nonna Müzəffərova filmin ərsəyə gəlməsindən danışaraq bu ekran əsəri vasitəsilə gələcək nəsillərin Niyazini daha yaxından tanıyacaqlarını vurğulayıblar. Sonra film ətrafında müzakirələr aparılıb.
*****
Fevralın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının «Kamera musiqisi» bölməsinin iclası keçirilib. Azərbaycan Bəstəkarlar İttifapqının katibi Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova və tanınmış bəstəkarlar Faiq Nağıyev, o cümlədən musiqişünas Alla Bayramovanın iştiakı ilə keçən iclasda bəstəkar Rəna Qədimovanın Hüseyn Cavidin sözlərinə bariton-konturtenor və fortepiano üçün bəstələdiyi «İnsan» əsəri dinlənilib. Əsəri bəstəkarın müşayəti ilə Opera və Balet Teatrının solisti İlham Nəzərov ifa edib. Daha sonra iclas iştirakçıları Şəmsəddin Qasımovun iki romansını dinləyiblər.
*****
Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək xalqımızın ən yaxın tarixinə qanla yazılmış Xocalı soyqırımından, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli qətliamdan danışıb. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib. Bu faciəli günü xalqımızın heç vaxt unutmayacağını vurğulayan F.Əlizadə bəstəkarlarımızın bu soyqırıma bir sıra əsərlər həsr etdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün səslənəcək Azər Dadaşovun “Xocalı naləsi” əsəri ilk dəfədir ki, ifa olunur.
Sonra musiqilər səsləndirilib. Azər Dadaşovun “Xocalı naləsi” əsərini prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova ifa edib. Həmçinin Mehriban Əhmədovanın “Ata millət, ana millət, ağlama” mahnısı və Yusif Mirişlinin “Xocalı 613” simfonik poemasının lent yazıları səsləndirilib.
*****
Fevralın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin müəllif konserti keçirilib. Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edib. Əvvəlcə Firəngiz Əlizadənin yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən musiqişünas Jalə Qulamova Xocalı soyqırımı barədə danışaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası vasitəsilə bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Vurğulanıb ki, bugünkü tədbir də həmin kampaniya çərçivəsində reallaşıb.
J.Qulamova Firəngiz Əlizadənin yaradıcılığı barədə məlumat verərək bildirib ki, o, ölkəmizi dünyada tanıdan bəstəkarlardandır. Qeyd edilib ki, UNESCO-nun “Dünya artisti” adını alan bəstəkarın əsərinin daxil olduğu albom bu yaxınlarda nüfuzlu “Grammy” mükafatına layiq görülüb. Sonra söz musiqiyə verilib. Konsertdə Firəngiz Əlizadənin “Şüştər” muğamı üstündə simli orkestr üçün yazdığı “Metamorfozlar” əsəri və “İntizar” operasından parçalar səsləndirilib.
Əsərləri əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə solistlər — əməkdar artistlər Səbinə Əsədova, Əkrəm Poladov və Gülnaz İsmayılova ifa ediblər. Konsertdə xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və əməkdar incəsənət xadimi Dilarə Əliyevanın bədii rəhbərliyi ilə uşaq kapellası da çıxış edib.
*****
Martın 11-dən 18-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı keçirilib. Qeyd edək ki, 2009-cu ildən bəri iki ildən bir keçirilən festivalın prezidenti Azərbaycanın birinci xanımı , Heydər Əliyev Fondunun prezidenti YUNESKO VƏ İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, bədii rəhbəri ismə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əliyevadır.
Martın 11-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının möhtəşəm açılış mərasimi olub. Dövlət və hökumət rəsmilərinin, mədəniyyət, incəsənət və ictimaiyyət xadimlərinin iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə qeyd olunur ki, hər bir xalqın və millətin ən böyük sərvəti onun mədəni irsidir: «Azərbaycan xalqını əsrlər boyu bir millət kimi qoruyub saxlayan onun zəngin mədəniyyəti, dili, ədəbiyyatı, poeziyası və musiqisi olub. Bu gün bu irsi qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur. Milli-mədəni irsimizin bir sıra qiymətli nümunələrinin, o cümlədən Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənətinin və Novruz bayramının UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsi bizim mədəni irsimizə, onun qorunmasına dünya miqyasında göstərilən diqqət və qayğının təzahürüdür.
Azərbaycan həm milli mədəni irsin, həm də bəşəriyyətin mədəni irs xəzinəsinin nadir incilərinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələr həyata keçirir. Muğam sənəti də artıq təkcə bizim yox, bütün dünyanın sərvətidir. Muğam aləmi hüdudsuz, sərhədsiz bir məkandır və bu məkanı yaşadan insanların artıq daimi bir görüş yeri var — bu, ənənəvi olaraq Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalıdır. Artıq dördüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn incəsənət xadimlərini, sənətkarları, alimləri Bakıda bir araya toplayır və musiqisevərlərə xoş anlar bəxş edir».
Müraciət bu fikirlərlə tamamlanır: “İnanıram ki, IV Beynəlxalq Muğam Festivalının proqramına daxil edilmiş beynəlxalq simpozium, gənc xanəndələrin müsabiqəsi, muğam ənənələrinin yayıldığı müxtəlif yerlərdən Bakıya gəlmiş ifaçıların çıxışları bütövlükdə muğam aləminin daha da zənginləşməsinə xidmət edəcəkdir. Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm. Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq builki festival qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır”.
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının ilk günü tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında konsert təqdim olunub. Orkestrə Fəxrəddin Kərimov dirijorluq edib. Martın 18-dək davam edən festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir sıra bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin, habelə beynəlxalq elmi simpozium, beynəlxalq muğam müsabiqəsi təşkil olunub. Azərbaycanın tanınmış xanəndələri Arif Babayev, Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Aqil Məlikov, Elnarə Abdullayeva, Təyyar Bayramov, Səbuhi İbayev və istedadlı gənc ifaçılar — Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Güllü Muradova, Mirələm Mirələmov və başqalarınin ifasında 7 muğamımız dəstgah şəklində təqdim olunub.
Festivalda Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, İngiltərə, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan dünya şöhrətli musiqiçilər və musiqi qrupları iştirak ediblər. Eyni zamanda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Xor Kapellasının, “Sinfonietta” orkestrinin ifasında möhtəşə konsertlər təşkil olunub. Festival günlərində qonaqlara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları da nümayiş etdirilib.
Həmçinin Bakı Caz Mərkəzində görkəmli caz ustası Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş tədbir, Cəmil Əmirovun, Salman Qəmbərovun, Elçin Şirinovun rəhbərliyi ilə tanınmış caz kollektivlərinin iştirakı ilə konsertlər də festival çərçivəsində musiqisevərlərə təqdim olunub. Yeri gəlmişkən, “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında da bir sıra tədbirlər keçirilib. Belə ki, martın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində “Muğam aləmi” IV Beynəlxalq musiqişünaslıq simpoziumu işə başlayıb. Tədbiri açq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu milli musiqimizin təbliğində belə tədbirlərin mühüm rolu olduğunu vurğulayıb.
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının ölkəmizin mədəni həyatında böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran F.Əlizadə bildirib ki, bu möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün bölgələrində geniş şəkildə qeyd olunmaqdadır. Hər dəfə simpoziumun mövzu baxımından zənginləşdiyini söyləyən F.Əlizadə deyib ki, bu da özlüyündə musiqiyə, xüsusilə də muğamların tədqiq və təbliğinə olan böyük maraqdan irəli gəlir. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti, akademik Akif Əlizadə çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi bütün dünyaya məlumdur. Heyrətamiz kompozisiyaya malik muğamda poeziya, musiqi, fəlsəfə, estetika, psixologiya, dil, tarix, humanizm, vətənsevərlik, didaktika kimi elm və sənət sahələri bir-biri ilə üzvi şəkildə birləşib. Muğamın UNESCO tərəfindən yüksək qiymətləndirilməsi, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğam sənətinin inkişafına böyük töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir.
AMEA-nın prezidenti deyib: “2013-cü ildə 24 ölkənin muğam bilicilərinin qatıldığı üçüncü Beynəlxalq Muğam Festivalından sonra qərara aldıq ki, Azərbaycan muğamı fenomenini daha dərindən və hərtərəfli araşdırmaq üçün Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun nəzdində “Muğamşünaslıq” şöbəsi yaradaq. Bu şöbənin hazırladığı “Azərbaycan muğamşünaslığı: problemlər və perspektivlər” adlı toplu Azərbaycan muğamına və sənətinə elmi töhfədir. Toplunun hazırlanmasında ölkədə muğam üzrə tədqiqatlara və nəşrlərə rəhbərlik edən Heydər Əliyev Fondunun müstəsna rolu vardır”.
UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) baş katibi, Lyublyana Universitetinin professoru Svanibor Pettan tədbirin əhəmiyyətindən danışaraq təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, şuranın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə yaratmaq və təcrübə mübadiləsinə xidmət etməkdir. Qonaq deyib ki, IV Beynəlxalq musiqişünaslıq simpoziumunda 13 ölkənin musiqişünasları, alimləri iştirak edir və 32 məruzə təqdim olunub. Beləliklə, mütəxəssislər təcrübələrini bir araya gətirmək imkanı qazanıblar. S.Pettan simpoziumun materiallarının kitab halında çap edilərək hər bir iştirakçıya çatdırılmasını təqdir edərək muğam sənətinə göstərilən diqqətə və verdikləri töhfəyə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.
Simpozium iştirakçılarını salamlamaqdan böyük qürur hissi duyduğunu söyləyən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə muğam festivalının tarixi əhəmiyyət daşıdığını, Azərbaycan xalqına məxsus qədim və zəngin irsin daha geniş şəkildə tanınmasına xidmət etdiyini diqqətə çatdırıb. Fatma Abdullazadə qeyd edib ki, bu beynəlxalq festival müxtəlif ölkələrdə musiqinin tədqiqi ilə məşğul olan alimlərə, mütəxəssislərə Bakıda muğam problemlərini müzakirə etmək imkanı yaradır. Ən önəmlisi isə odur ki, simpoziuma qatılanlar əsasən bilavasitə muğamı inkişaf etdirən, onunla məşğul olan insanlardır.
Prezident Administrasiyasının şöbə müdiri deyib: “AMEA-da muğamşünaslıq şöbəsinin yaradılması əyani surətdə sübut edir ki, Azərbaycanda muğamşünaslıq doğurdan da yeni bir mərhələyə qədəm qoyur. Biz artıq təsvirlərdən, təsnifatdan, hansısa musiqi xadiminin, xanəndənin həyat və yaradıcılığı haqqında yazılanlardan muğam tədqiqatları istiqamətində tamamilə yeni mərhələyə keçirik. Bu mərhələnin əsas problemi ondan ibarətdir ki, Azərbaycan muğamı hədsiz dərəcədə zəngin olduğundan onu tədqiq etmək olduqca çətindir. Muğam irrasional sənətdir”.
Bu gün Alim Qasımovun Qərbdə fenomenal ifaçı kimi qəbul olunduğunu söyləyən Fatma Abdullazadə bildirib ki, o, ruha qida verməyi bacardığı, muğamın aliliyini, ülviliyini dinləyiciyə çatdıra bildiyi üçün milliyyətindən asılı olmayaraq hər bir insanı səsinin sehrinə salır. Azərbaycan xalqının böyük xoşbəxtliyi, sərvətidir ki, bu gün onun muğam ifaçıları arasında belə ustad sənətkar var. Alim Qasımovun sənəti onu da sübut edir ki, novatorluqla ənənə vəhdətdə olanda muğam yaşayır. Muğamı çox vaxt Qərb təfəkkürü daşıyıcılarının tədqiq etməyə çalışdığını söyləyən Fatma Abdullazadə bildirib ki, Qərb təfəkkürü ilə Şərq təfəkkürü muğamda həm birləşə, həm də ayrıla bilər. O, Qərblə Şərqin şərti bölgüsündən çıxış edərək vurğulayıb ki, əslində Azərbaycan muğamının tədqiqi rasional üsullarla irrasional olan bir mətləbi tədqiq etmək deməkdir.
Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, indiki qloballaşma dövründə kreativ şüurun oyanması, milli ruhun yaşadılması üçün orta məktəbdə şagirdlərə muğam tədris edilməlidir. Çindən tutmuş İspaniyaya qədər muğam rüşeymləri və elementlərinin, muğam sənətinin mövcud olduğunu söyləyən Fatma Abdullazadə muğamın tədqiqinə dair beynəlxalq proqram formalaşdırmaq təklifini də irəli sürüb.
Sonra elmi simpozium işini “Muğam/maqam: ənənə və yenilikçilik” mövzularını əhatə edən bölmə iclası ilə davam etdirib. İclasda İCTM-in baş katibi Svanibor Pettan “Ənənəvi musiqi üzrə Beynəlxalq Şura — Qafqaz və türkdilli dünya”, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru Zemfira Səfərova “Üzeyir Hacıbəylinin ilk muğam operası “Leyli və Məcnun”da ənənə və novatorluq və dəstgahların nota yazılma problemlərinin təcəssümü”, Harvard Universitetinin professoru Riçard Kent Volf “Raqa Alapananın ritmik aspektləri” mövzularında məruzələrlə çıxış ediblər. Eyni zamanda, fikir mübadiləsi aparılıb və milli alətlərdə musiqi səsləndirilib.
Çıxış edən digər musiqişünas alimlər muğam musiqisini elmi cəhətdən müzakirə etməklə yanaşı, onun mədəniyyətləri, xalqları birləşdirən körpü olduğunu vurğulayıblar. Festivalı çərçivəsində “Muğam aləmi” dördüncü beynəlxalq musiqişünaslıq simpoziumu martın 13-də öz işini bölmə iclasları ilə davam etdirib. “Muğam/Maqam: Ənənə və yenilikçilik” , “Müxtəlif musiqişünaslıq məktəblərində muğam terminologiyası problemi” mövzularını əhatə edən bölmə iclasında yerli və xarici ölkələri təmsil edən alimlərin məruzələri dinlənilib və geniş fikir mübadiləsi aparılıb.
İclası giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə festival çərçivəsində reallaşan tədbirlər haqqında təəssüratlarını bölüşüb, muğam və caz konsertlərinin xarici və yerli qonaqlar tərəfindən xüsusi maraqla qarşılandığını bildirib. Tədbirin “Muğam/Maqam: Ənənə və yenilikçilik” mövzusuna həsr olunan birinci hissəsində UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şura”sının (İCTM) üzvü Araş Mohafezin “Qədim repertuarın yeni yozumu: “Əcəmlər” albomunun yaradılması haqqında”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın “Azərbaycan “xanəndə” ifaçılıq sənəti tarixi keçmişdə və onun inkişafının müasir meyilləri”, Malayziyanın Putra Universitetinin professoru Gisa Yanihenin “Varisan Bintan: Muğam vizual irsdə” və başqa mövzularda məruzələr dinlənilib.
Günün ikinci yarısında isə “Müxtəlif musiqişünaslıq məktəblərində muğam terminologiyası problemi” mövzusuyla simpozium öz işini davam etdirib. İCTM üzvü Nyu-York Sity Universitetinin musiqi üzrə professoru Stefen Blamın “Musiqi nəzəriyyəsinin xüsusi terminlər vasitəsilə ötürülməsi”, Ankara Başkənt Universitetinin Dövlət Konservatoriyasının doktoru Okan Murat Öztürkün “Muğam və mod fikirlərində “metodik hərəkət” anlayışının yeri”, Tunis Universitetinin professoru Mahmut Gettatın “Ərəb ənənəvi musiqisində notlaşdırma və terminologiya”, Böyük Rusiya Ensiklopediyasının Musiqi Redaksiyasının direktoru Olqa Frayonovanın “Muğam terminologiyası: kənardan baxış” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə muğamın tarixi keçmişi, bugünkü inkişaf mərhələləri, yayıldığı coğrafi ərazi, elmi təhlili, bir sənət növü olaraq insanlara verdiyi mənəvi zövq və digər məsələlər geniş təhlil olunub. Martın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Muğam aləmi” dördüncü beynəlxalq musiqişünaslıq simpoziuma yekun vurulub. Simpoziumun sonuncu günündə “Muğam dəstgahların notlaşdırılması problemi” və “Muğam/Maqam: ənənə və yenilikçilik” mövzularını əhatə edən bölmələr türkiyəli doktor Okan Murat Öztürkün sədrliyi ilə keçirilib.
Bölmədə Rusiyanın Voronej Dövlət Universitetinin doktoru Dmitri Dorofeyevin “Neytral intervalların” maqam musiqisində tarixi: matematik aspekt”, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi İmina Əliyevanın “Azərbaycan məqamlarının intonasiya sistemi (koqnitiv yanaşma)”, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovanın “Azərbaycanda müasir dövrdə muğam sənətinin inkişafında televiziya muğam müsabiqələrinin rolu” mövzularında məruzələri dinlənilib.
Tədbirdə əməkdar incəsənət xadimi Munis Şərifovun bədii rəhbərliyi ilə Azərbaycan qədim musiqi alətləri ansamblı çıxış edib. Günün ikinci yarısında simpozium Okan Murat Öztürkün sədrliyi ilə “Əbdülqadir Marağai (1353-1435) və onun musiqi-nəzəri irsi: Muğam/Maqam tarixinin önəmli tədqiqat mənbəsi” mövzusunda panellə davam etdirilib. Daha sonra “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının bədi rəhbəri Firəngiz Əlizadə və “Muğam aləmi” dördüncü beynəlxalq musiqişünaslıq simpoziumunun elmi rəhbəri Suraya Ağayevanın rəhbərliyi ilə “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da üç günlük simpmoziumda dinlənilən məruzələr ətraflında geniş fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıların adından bəyannamə qəbul olunub. Bəyannamədə iki ildən bir keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının mühüm əhəmiyyətindən, geniş coğrafi ərazidə yayılmasından və festival çərçivəsində keçirilən simpozium və gənc ifaçıların muğam müsabiqəsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, simpoziuma toplanan alimlərin qarşısında duran əsas vəzifələrdən biri də muğamın tətbiqi, təhlili və gələcək nəsillərə çatdırılmasını istiqamətində birgə səyləri gücləndirməkdir. “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən digər tədbir isə “Muğam və müasirlik” mövzusunda kamera musiqisi konserti olub.
Martın 16-da Bəstəkarlar İttifaqının konsert zalında təqdim olunan konsertdə tar, klarnet, piano, violin, kanon, zərb alətlərinin müşayiəti ilə musiqi parçaları ifa olunub. Konsertdə “Simli kvartet”, “Humayun”, “ReAKSİYA”, “Sükutdan yaranan təzadlar, “Abşeron ölçüləri” və s. əsərlər səsləndirilib.
*****
Martın 31-də Azərbaycan Bəstəkarlar İttifaqında 31 mart — Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən qurumun katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov erməni millətçilərinin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımılarından, əsassız torpaq iddialarından söz açıb. O bildirib ki, əsrin əvvəllərində baş verən erməni qırğınları haqda hadisələri Məmməd Səid Ordubadi, Abbas Səhhət, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi görkəmli sənətkarlarımız öz əsərləri vasitəsilə xalqa çatdırıblar.
Üzeyir Hacibəyovun ev muzeyinin əməkdaşı Aytən Heydərova dünya şöhrətli bəstəkarın həmin dövrləri əks etdirən soyqırımın bir illiyi münasibətilə yazdığı “Azərbaycan” qəzetində nəşr olunan məqaləsini oxuyub. Məqalədə Üzeyir Hacibəyli 1918-ci ildə baş verən dəhşətləri öz sözləri ilə təsvir edərək daşnaklar tərəfindən azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən söz açaraq həmvətənlərini ayıq-sayıq olmağa çağırıb. Eyni zamanda bəstəkar Osmanlı türklərinin Bakıda göstərdiyi şücaətlərinin əhəmiyyətini də vurğulayır.
Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşov və başqaları ermənilər tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açıblar. Vurğulanıb ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, minlərlə insan öz doğma torpaqlarından didərgin salınıb. Natiqlər xalqımızın başına gətirilən müsibətlərin bəstəkarlarımızın əsərlərində öz əksini tapmasını müsbət qiymətləndirib və bu istiqamətdə işlərin davam etdirilməsini söyləyiblər.
Anım tədbirinə əməkdar incəsənət xadimi Abdulla Qurbaninin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Xocalı yol gözləyir” poeması əsasında bəstəkar Azad Zahidin eyniadlı rekviem-kompozisiyası, S.Fərəcovun Hüseyn Cavidin “Qaçqın” şeiri əsasında bəstələdiyi ballada-mahnı və digər musiqi əsərləri səslənib.
Aprelin 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında tanınmış bəstəkar Leonid Vaynşteynin 70 illiyinə həsr edilən anım tədbiri keçirilib. Tədbiri açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov bəstəkarın həyat və yaradıcılığından söhbət açıb, onun Azərbaycan musiqisində özünə məxsus iz buraxdığını qeyd edib. Daha sonra çıxış edən Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, «Bakılı oğlanlar» ŞHK klubunun keçmiş kapitanı Yuli Qusman L.Vaynşteynlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Anım gecəsi bəstəkarı əsərlərinin ifası ilə davam edib.
*****
Aprelin 23-də Muzey Mərkəzində “XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində reallaşıb. Sənətşünaslıq doktoru Rauf Fərhadov Bakıda təşkil edilən müasir musiqi festivallarının əhəmiyyətindən, tanınmış musiqiçilərin bir araya gəlməsində belə tədbirlərin rolundan danışıb.
Konfransda rusiyalı mütəxəssislər Yekaterina Okuneva “Bo Nilssonun “Brief an Gösta Oswald” trilogiyası 1950-60-cı illər avanqardının bədii axtarışları kontekstində”, Tatyana Sareqradskaya “Vokal musiqidə bəstəkarlıq vasitələri sistemində fonetika: Maurisio Kagel və Luçano Berio”, Vladislav Tarnopolski “Vladimir Tarnopolskinin “Kölgənin o biri tərəfində” operası çağdaş musiqili teatr janrı kontekstində”, Marianna Vısotskaya “Poetik struktur kompozision invariant kimi: Fərəc Qarayevin “Jorney to love” mooperası” və azərbaycandan sənətşünaslıq namizədi Raya Abbasova “Firəngiz Əlizadənin “İntizar” operasında verbal və musiqi ünsürlərinin qarşılıqlı əlaqələri” mövzularında məruzələrlə çıxış ediblər.
*****
Apreli 23-də Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə ilə görüşüb. Görüşdə F.Əlizadə rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyəti, Bəstəkarlar İttifaqının hər il Şəki şəhərində keçirdiyi “İpək yolu” beynəlxalq musiqi festivalı barədə məlumat verib. Görüşdə həmçinin Misir musiqiçilərinin də festivalda iştirak təklifləri müzakirə olunub.
Əhməd Sami əl-Aydi bu təklifi dəyərləndirərək Misir musiqiçilərinin bu festivalda iştirakının iki ölkə arasında mədəni əlaqələrinin daha da möhkəmlənməsinə verə biləcəyi töhfələrdən danışıb. Sonra qonaq Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı fəaliyyət istiqamətlərindən, iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı rolundan söhbət açıb.
*****
Aprelin 27-28-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Uşaq musiqisinə və onların musiqi-estetik tərbiyəsinə həsr olunmuş elmi — praktik konfrans kecirilib. Tədbirdə tanınmış musiqişünaslar Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva, Əmkdar müəllim, Pedoqoji Elmlər doktoru, Oqtay Rəcəbov, Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşova və Mehriban Əhmədova, professor Ədilə Yusifova, Mələk Vəlizadə, musiqişünas Raya Abbasova, Lalə Musayeva, pedoqolar Kəmalə Cabbarova, Ağahüseyn Abbasov, və Bakı Musiqi Akademiyasının doktorantı Ayxan Əfəndiyev uşaq musiqisinin probleminə həsr edilən məruzələrlə çıxış ediblər. Konfrans iştirakçıları həmçinin musiqi məktəblərinin şagirdlərinin ifasında Azərtbaycan bəstəkarlarınını uşaqlar üçün bəstələdiyi əsərlərə qulaq asıblar.
*****
Mayın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, professor Aqşin Əlizadənin xatirəsinə həsr olunan konfrans keçirilib. Tədbirdə ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə görkəmli bəstəkarın həyat və yaradıcılığından söhbət açıb.
Tədbirdə “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan, rejissor Miri Rzayevin musiqişünas Aybəniz Növrəslinin ssenarisi əsasında lentə aldığı “Portret” sənədli filmi nümayiş etdirilib. Konfransda musiqişünas, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadənin “Aqşin Əlizadənin simfonik yaradıcılığı (janrın yeniləşməsi probleminə dair)” mövzusunda məruzəsi dinlənilib. Məruzədə A.Əlizadənin “Babək”,”Qafqaza səyahət”, “Ümid valsı” baletləri, 5 simfoniya, xor üçün “Bayatılar”, “Təntənə”, “Azərilər” kantatası, “Ana torpaq”, “Qədim lay-lay”, kamera orkestri üçün “Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd süitası”, “Uşaq süitası”, fortepiano üçün sonata, “Dastan”, “Qədim oyunlar”, xoreoqrafik simfoniya və digər əsərləri barədə geniş məlumat verilib. Bildirilib ki, bəstəkar 50-dən artıq bədii film, cizgi filmi və tamaşaya musiqi yazıb.
Konfransda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının (BMA) professoru Leyla Məmmədovanın, BMA-nın müəllimi və doktorantı Aybəniz Növrəslinin “Aqşin Əlizadənin xor yaradıcılığına dair: ənənə və müasirlik” , “Müasir Azərbaycan musiqisi kontekstində Aqşin Əlizadənin yaradıcılığına bir nəzər” mövzularında məruzələri dinlənilib.
ABİ-nin katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, musiqişünas, əməkdar incəsənət xadimi, professor Aida Tağızadə və digər çıxış edənlər istedadlı bəstəkarın istər balet, istər kamera, istərsə də vokal-simfonik əsərlərini məharətlə qələmə aldığını vurğulayıblar. Natiqlər A.Əlizadə yaradıcılığında simfoniya janrının yenilənməsi, xor yaradıcılığında ənənə və müasirlik, o cümlədən neoklassizm janrında yaradıcılığından, bəstəkarın yüksək insani keyfiyyətlərindən söz açıblar. A.Əlizadənin Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi çalışdığı dövrdə yeni kadrların yetişməsində böyük əməyi olduğu qeyd edilib.
*****
Mayın 4-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Aqşin Əlizadənin xatirəsinə həsr olunmuş konsert keçirilib. Əvvəlcə Azərbaycan Bəstəkarlar İttifaqının “Bakı-Simfonietta” Orkestrinin ifasında “Çəngi” çalınıb. Orkestrin bədii rəhbəri və dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.Sonra əməkdar artist Nərgiz Əliyarova pianoda orkestrin müşayiəti ilə A.Əlizadənin “Hüzn valsı”nı ifa edib.Konsertdə beynəlxalq müsabiqə laureatlar — Samir Əsədov (violin) və Zakir Əsədov (piano) bəstəkarın “Portret” əsərini ifa ediblər. Beynəlxalq müsabiqə laureatı Fəqan Həsənli pianoda A.Əlizadənin “Dastan” əsərini səsləndirib.
Sonda Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına xoru bəstəkarın yazdığı “Bayatılar” silsiləsindən “Dağlarda”, “Ağ alma”, “Al çuxa” xalq mahnılarını və xalq şairi Bəxtiyar Vahabzadənin “Ana torpaq” şerinə A.Əlizadənin bəstələdiyi eyniadlı kantatanı səsləndirib. Xorun bədii rəhbəri və dirijoru Şəhla Ələkbərova, konsertmeysteri Aytən Babayevadır.
*****
Mayın 4-də Azərbaycan Dövlət Filarmoniyasında Bakı şəhər Georgi Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Şagirdlərin ifasını Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijoru Xalq artisti, professor Rauf Abdullayev) müşayiət edib. Konsertin əvvəlində Bəstəkarlar İttifaqının katibi, BMA-nın professoru Zemfira Qafarova çıxış edərək məktəbin tarixindən danışıb. O, bildirib ki, 1934-1935-ci tədris ilində Bakı Dairəvi Zabitlər evinin nəzdində fəaliyyətə başlayan məktəb 1961-ci ildən onbirillik təhsil üzrə fəaliyyətini davam etdirib. “1987-ci ildən Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Professor G.Şaroyev məktəbdə məşhur musiqiçiləri və pedaqoqları ətrafına toplayaraq istedadlı şagirdlər yetirib. 1969-cu ildə G.Şaroyev vəfat etdikdən sonra məktəbə onun adı verilib. Hazırda Məktəbdə 20-dən çox ixtisas tədris olunur. 400-dək şagirdin təhsili ilə 100-dən çox müəllim məşğul olur. Şagirdlər arasında onlarla respublika və beynəlxalq müsabiqələr laureatları və 4 nəfər Prezident təqaüdçüsü var. Bildirildi ki, konsertdə iştirak edən şagirdlər də respublika və beynəlxalq müsabiqələr laureatlarıdır”, deyə Z.Qafarova əlavə edib. Sonra maestro Rauf Abdullayevin rəhbərlik etdiyi orkestrin müşayiəti ilə şagirdlər maraqlı proqramla çıxış edərək dinləyicilərin könlünü oxşayıblar.
*****
Mayın 6-da Bakı Musiqi Akademiyasında Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta Orchestra”-nın konserti təşkil olunub. Dirijor Cavad Tağızadənin idarəsi ilə keçən konsertdə Q.Qarayevin «Don Kixot», S.Prokofyevin «Xoruz və qurd» əsərləri səsləndirilib.
*****
Mayın 7-də Azərbaycan Bəstəkarlar İttifaqınnın Katibliyinin və İdarə Heyətinin üzvlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında, ölkəmizin beynəlxalq arenada rolunun artmasında əvəzolunmaz xidmətlərindən danışmış və qeyd etmişdir ki, Azərbaycan Bəstəkarlar İttifaqının 1979-cu ilin sentyabrında baş tutan V Qurultayında Ulu Öndərin «Azərbaycan Bəstəkarlarının yüksək vəzifəsi və amalı» mövzusunda etdiyi məruzə bu gün də öz aktuallığını itirməmişdir.
«Ulu Öndər Heydər Əliyev Azərbaycan Bəstəkarlarının V Qurultayında etdiyi tarixi çıxışında oratoriya, balet və operaların yazılmasını bəstəkarların qarşısında vacib məsələ kimi qaldırmışdı. Təəssüflər olsun ki, bu mövzular bu gün də problem olaraq qalır.»,- deyə F.Əlizadə bildirmişdir. F.Əlizadə Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ən uca zirvəsində dayandığını diqqətə çatdırmışdır. Azərbaycan Bəstəkarlar İttifaqının katibləri Əməkdar İncəsənət Xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov, Cəlal Abbasov və Aliyə Məmmədova Ulu Öndərlə bağlı təəssüratlarını yığıncaq iştirakçıları ilə bölüşmüşlər.
Tədbirdə “Mstislav Rostropoviç və Heydər Əliyev dostluğu” filmindən fraqmentlər nümayiş etdirilmiş, eləcə də Ulu Öndərin milli bəstəkarlıq məktəbinin inkişafındakı xidmətlərindən, onun bəstəkarlarımıza göstərdiyi qayğıdan bəhs edən məruzələr dinlənilmişdir. Yığıncaq iştirakçıları həmçinin bəstəkarlar F.Əlizadənin «İthaf» Simfonik poeması, S.Fərəcovun «Böyük vətəndaş haqqında oda» və O.Rəcəboyun «Ulu öndər» əsərlərini dinləmiş və müzakirə etmişlər.
*****
Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera studiyasında rus bəstəkar Pyotr Çaykovskinin 175 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Konsertin əvvəlində Bəstəkarlar İttifaqının katibi, BMA-nın professoru Zemfira Qafarova çıxış edərək Pyotr Çaykovskinin həyat və yaradıcılığöından danışıb. Daha sonra akademiyanın opera studiyasının solistləri Fəridə Məmmədova, Səbinə Əsədova, Adil Axundov, Anton Fernştadt proqramda bəstəkarın kamera vokal əsərləri və operalardan parçalar səsləndiriblər.
*****
May ayının 7-də Qaradağ rayonu 5 saylı Uşaq İncəsənət Məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə məktəbdə xor sinfinin konserti keçirilib. Konsertə Respublikanın əməkdar incəsənət xadimi, “ Humay” Milli mükafatı laureatı, Bakı musiqi Akademiyasının professoru, bəstəkar Azər Dadaşov da iştirak edib. Konsertin proqraminda, digər bəstəkarların mahnılarıyla yanaşı, Azər Dadaşovun Iki mahnısı — “ Azərbaycan qızları” və” Heydər atamız” mahnıları ifa olunubdu. Konsertdən sonra Azər Dadaşovun mektəbinin şagirdləri , valideynləri və müəllim kollektivi ilə yaradıcılıq görüşü keçirilib. Məktəbin nəzəriyyə şöbəsinin müdiri, bəstəkarin sinif yoldaşı Zənfirə Bağırzadə Azər Dadaşovun yaradıcılıq yolu haqqında danışıb və onun bəstəkar kimi yetişməsində müəllimi — Qara Qarayevin böyük rolu olduğunu vurğulayıb.
*****
Mayın 13-də Fəxri xiyabanda görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin xatirəsi anılıb. Musiqişünaslar, elm, ədəbiyyat, incəsənət xadimləri bəstəkarın xatirəsinə ehtiramlarını bildirib, məzarı önünə tər çiçəklər düzüblər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Q.Qarayevin adının xalqımız üçün həmişə əziz olduğunu bildirib. O, bəstəkarın “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından söhbət açıb. Bildirib ki, Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır. Bəstəkarın irsi son dərəcə geniş və zəngindir. Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək olar. Q.Qarayev musiqinin bütün janrlarında uğur qazanıb, novatorluğu və bədii cəhətdən yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlərə imza atıb. Bəstəkar geniş şöhrət qazanıb və onun musiqi mədəniyyətimizin qızıl fonduna daxil olan baletləri, simfonik poeması, simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və teatr tamaşalarına bəstələdiyi əsərlər bunu bir daha təsdiq edir.
Xalq artistləri Musa Mirzəyev, Sevda İbrahimova və başqaları bəstəkarın müraciət etdiyi mövzular üzərində eyni ilham və məharətlə işləyərək ölməz əsərlər yaratdığını söyləyiblər. Çıxış edənlər vurğulayıblar ki, Q.Qarayev gənc və yaradıcı kadrların yetişməsinə, onların cəmiyyətə layiq bir insan kimi tərbiyəsinə də böyük əmək sərf edib. 1946-cı ildən etibarən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində dərs deyən Q.Qarayev onlarla bəstəkar yetişdirib, bütöv bir musiqi yaradıcılığı məktəbi yaradıb. Arif Məlikov, Adil Bəbirov, Musa Mirzəyev, Firəngiz Əlizadə və başqaları bu gün onun ənənələrini davam etdirirlər. Bildirilib ki, görkəmli bəstəkarın sənət inciləri hər zaman insanların ilham mənbəyi olaraq qalacaq. Onun bizə qoyub getdiyi irs dərinliyi və zənginliyinə görə tükənməzdir. Gələcək nəsillər bu tükənməz xəzinədən özləri üçün hər dəfə yeni-yeni nadir incilər kəşf edəcəklər.
*****
Mayın 15-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın “Azərbaycan xalq musiqisinin əsasları” kitabının ilk nəşrinin 70 illiyinə həsr edilən elmi konfrans keçirilib. Muzeyin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqınını katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov dahi bəstəkarın uzaqgörənliklə qələmə aldığı bu əsərinin təkcə Azərbaycan üçün deyil, bütün Şərq dünyası və Avropa musiqişünasları üçün qiymətli bir tədqiqat əsəri olduğunu söyləyib. Elmi konfransda çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, Üzeyir Hacıbəyli bu əsəri ilə milli musiqişünaslığın əsasını qoyub, habelə Şərq və Avropa musiqisini sintez etməyin yollarını göstərib.
Diqqətə çatdırılıb ki, Azərbaycan musiqisinin səs sistemindən bəhs edən bu əsərin yazılmasından 70 il keçməsinə baxmayaraq bu gün də qiymətli tədris vasitəsidir. Dahi bəstəkar bu əsəri ilə XX əsrdə muğamşünaslığın yeni mərhələsinin başlanğıcını qoyub. Üzeyir Hacıbəyli Şərqdə ilk musiqi nəzəriyyəsini yaratmış Azərbaycan alimi Səfiyəddin Urməvinin 17 pilləli səs sisteminə əsaslanaraq Azərbaycan məqamlarını (ladlarını) tədqiq edib və özündən sonra gələn bəstəkarlar nəslinin, tar ifaçılarının bəhrələnəcəyi dəyərli elmi mənbəni yaradıb. Konfransda “Üzeyir Hacibəylinin məqam nəzəriyyəsi və dəstgahların notlaşdırılması məsələsinə dair mülahizələr”, “Azərbaycan xalq musiqisinin əsasları” kitabı XX əsrdə muğamşünaslığın yeni mərhələsinin başlanğıcı kimi”, “Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işi haqqında”, “Üzeyir Hacıbəyli və onun “Azərbaycan xalq musiqisinin əsasları” və digər mövzularda məruzələr dinlənib.
Tədbirdə UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının üzvü, əməkdar incəsənət xadimi Suraya Ağayeva, muzeyin böyük elmi işçisi Sevinc Quliyeva və başqaları dahi bəstəkarın çoxsahəli yaradıcılığından və 70 il əvvəl yazdığı “Azərbaycan xalq musiqisinin əsasları” kitabının əhəmiyyətindən danışıblar.
*****
Mayın 18-də III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Multikulturalizm: Gələcək vəd edən həqiqətlər” adlı tədbir keçirilib. Tədbirdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, xalq rəssamı Tahir Salahov, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, YUNESKO-nun eks baş direktoru Koiçiro Matsuuro, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və başqaları iştirak ediblər.
Kamal Abdullayevin sədriliyi ilə keçən seminarda Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətindən, dünyanın müxtəlif universitetlərində Azərbaycan bu sahədə təcrübəsinin tədrisindən danışılıb. Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahədə atılan vacib və əhəmiyyətli addımlardan biridir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 15 may tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılıb. Himayəçilik Şurasının Sədri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulladır. Azərbacyan Bəstəkarlar İttifaqınını sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Himayəçilik Şurasının 12 üzvündən biridir.
*****
Mayın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında Rusiya Federasiyasının Sverdlovski Vilayətinin Yekaterinburq Bəstəkarlar İttifaqının sədri Aleksandr Pantiginlə görüş olmuşdur. Qonağı salamlayan Azərbaycan Bəstəkarlar İttifaqının sədri xalq artisti, professor Firəngiz Əlizadə Rusiya ilə ölkəmiz arasında olan mədəni əlaqənin bir neçə əsrə söykənən böyük ənənəyə malik olmasından, iki ölkənin bəstəkarlıq məktəbi arasında olan möhkəm dostluqdan bəhs etmişdir. Səmimi söhbət şəraitində keçən görüşdə Azərbaycan və Yekaterinburq Bəstəkarlar İttifaqı arasında mübadilə konsertlərinin keçirilməsi də müzakirə olunmuşdur.
Xəbərlər 2015 may-noyabr
Mayın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, əməkdar müəllim, professor Oqtay Rəcəbovun “Sərçənin sərgüzəştləri” adlı yeni uşaq operasının premyerası olub. Tədbir 28 may — Respublika Günü və 1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilib. Nümayişdən əvvəl ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə qurumun uşaq musiqisinə həmişə yüksək qiymət verdiyini vurğulayıb. Bildirib ki, Oqtay Zülfüqarov, Azər Dadaşov, Əfsər Cavanşirov, Oqtay Rəcəbov və digər görkəmli bəstəkarlarımız uşaqlar üçün musiqi yazıblar. F.Əlizadə xüsusi vurğulayıb ki, uşaq musiqisi elə yazılmalıdır ki, uşaqlar onu həm dərk, həm də ifa edə bilsinlər.
Sonra Bakı şəhəri 3 nömrəli uşaq incəsənət məktəbinin kollektivinin ifasında “Sərçənin sərgüzəştləri” operası təqdim edilib. Operanın librettosunun müəllifi uşaq yazıçısı, “Qızıl kəlmə” mükafatı laureatı Sevinc Nuru qızıdır. Nümayişdən sonra çıxış edən Oqtay Rəcəbov operanın həm “Bənövşə” uşaq xorunun, həm də Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında lentə alındığını söyləyib. Oqtay Rəcəbov məktəbin kollektivini təbrik edərək yaradılan şəraitə görə Bəstəkarlar İttifaqına minnətdarlığını bildirib.
*****
Mayın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı “Sehrli alma” ikipərdəli baletinin premyerası baş tutdu. Premyeraya gələnlər bəstəkarın bu yaşda yazdığı baleti böyük maraqla izləyirdilər. Azərbaycan xalq nağılı “Məlikməmməd”in motivləri əsasında tamaşaya qoyulan bu balet uşaqlar üçün nəzərdə tutulub və baletin premyerası 1 iyun Uşaqları Beynəlxalq Müdafiə gününə həsr olunub.
Yeni tamaşanın dirijoru – beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyev, quruluşçu baletmeyster Pellumb Aqalliyay, quruluşçu rəssam isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Tamaşada əsas rollarda balet truppasının gənc solistləri Timur Oduşev (Məlikməmməd), Faiq Qubatov (Padşah), Mehman Mərdanov (Təlxək), Cəmilə Kərimova (Məlikməmmədin sevgilisi), Anar Mikayılov (Div) və başqaları çıxış ediblər.
*****
İyunun 9-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan broşürlərin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çap olunmuş broşürlərin əhəmiyyətindən söz açıb, Mədəniyyət və Turizm Nazirliyinə 40-a qədər müəllifin əsəri təqdim olunduğunu bildirib: “Bu gün təkcə bəstəkarlar deyil, yazıb-yaradan musiqişünaslar haqqında da kitabların yazılması vacibdir. Azərbaycan Bəstəkarlar İttifaqınını tarixində ilk hadisədir ki, musiqişünaslar haqqında belə broşürlər cap olunur. Məsələn, Emin Sabitoğlu, Azər Rzayev, Sevda İbrahimova, Oqtay Rəcəbov kimi bəstəkarlarla yanaşı, İmruz Əfəndiyeva, Zemfira Qafarova, Səadət Abdullayeva, Zemfira Səfərova və başqaları da vardır ki, onların araşdırmaları və kitabları çox böyük rəğbət qazanıb.
Sonda müəlliflər imzaları ilə kitablarını oxuculara təqdim ediblər. Qeyd edək ki, “Şərq –Qərb” nəşriyyatında çap olunmuş bu broşürlərdə bəstəkar və musiqişünaslarımız haqqında oxuculara geniş məlumatlar verilir.
*****
İyunun 17-18-də II Dünya Müharibəsində snayper kimi 80 faşisti məhv edərək, 18 yaşında qəhrəmanlıqla həlak olmuş Sovet İttifaqı Qəhrəmanı, Qazaxıstanın qəhrəman qızı Aliyə Maldequlovanın 90 illiyi münasibətilə- onun vətəni Aktube şəhərində silsilə xatirə tədbirləri keçirilib. Faşizm üzərində qələbənin 70 illiyi çəiçivəsində keçirilən tədbirlərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov da iştirak edib. S.Fərəcov silsilə tədbirlər çərçivəsində təşkil olunan beynəlxalq mahnı müsabiqəsində münsiflər heyətinin üzvü kimi ölkəmizi təmsil edib.
2 mərhələdən ibarət bu müsabiqədə iştirak edən gənc həmyerlimiz, Azərbaycan Dövlət Filaomoniyasının solisti, müğənni Fəxri Kazım Nicat uğurla çıxış edərək II yerə layiq görülüb. O, müsabiqənin diplomu və pul müakafatı ilə təltif edilib.
*****
İyulun 1-dən 5-dək Şəki şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ilə Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı keçirilib.
İyulun 1-də Şəki şəhərindəki Yay teatrında “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib. Mərasimi Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq zəngin tarixə və yüksək mədəniyyətə malik olan Şəkinin yenidən qapılarını möhtəşəm musiqi bayramına “İpək Yolu” VI Beynəlxalq musiqi festivalına açdığını bildirib. Açılış mərasimində çixiş edən festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, artıq altıncı dəfə Şəkidə keçirilən bu festivalın öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb: «Bu illər ərzində biz Şəkinin nə qədər gözəlləşdiyinin, qədim tarixi abidələrin bərpa edildiyinin, yeni konsert məkanlarının tikildiyinin, musiqiçi nəsillərinin yetişdiyinin şahidi oluruq. Hər dəfə Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə festivalın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq».
Festivalın açılış mərasimində Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin drijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyev idi. Dinləyicilərin sürəkli alqışları ilə müşayət olunan möhtəşəm konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
*****
İyulun 1-də Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının ilk konserti reallaşıb. Belə ki, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki xanları sarayının həyətində Yaponiyanın “Kamiqata sumiyoşi kai” ansamblının çıxışı olub. Konsertdə “Kamiqata rakuqo” sənət növü nümayiş etdirilib. “Rakuqo” sənəti Edo dövründə yaranıb və Yaponiyanın ənənəvi incəsənət növüdür. İfaçıların təqdim etdiyi “Daikaqura” rəqsi əvvəllər Tanrıya ithaf olunurdu. Yaponlar əkinçiliklə məşğul olan bir xalq kimi, bu rəqs vasitəsilə bol məhsula görə Tanrıya şükr edib, arzu-diləklərini bildirirdilər.
Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, sənət adamları, musiqisevərlər, şəhər ictimaiyyətinin nümayəndələri konsertə tamaşa ediblər. Ansamblın üzvlərinin təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi təqdim olunub.
*****
İyulun 2-də Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində Polşanın “AcCello Duo” instrumental duetinin konserti olub. Şəki şəhərindəki XVIII əsrin sonu — XIX əsrin əvvəllərində inşa edilmiş tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil olunan konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, festivala dəvət olunmuş qonaqlar, musiqisevərlər iştirak ediblər.
Qeyd edək ki, “AcCello Duo” instrumental dueti akkordeon ifaçısı Konrad Merta və violonçel ifaçısı Pyotr Qah tərəfindən 2011-ci ildə yaradılıb. Duet bir sıra nüfuzlu beynəlxalq müsabiqə və festivalların iştirakçısı və qalibidir. İnstrumental duetin təqdim etdiyi klassik və müasir bəstəkarların əsərlərindən, müəllif kompozisiyalardan ibarət konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından duetə xatirə hədiyyəsi təqdim olunub.
*****
İyulun 3-də VI Şəki «İpək yolu» Beynəlxalq Musiqi Festivalının üçüncü günündə Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqların musiqi incəsənətinin nümunələri təqdim olunub. «Yuxarı Karvansara»da keçirilən gündüz konsertində 6 ansambl: kürdlərin «Şero», ləzgilərin «Suvar», tatarların «Tuqan Tel», məhsəti türklərinin rəqs ansamblı, rusların «Kadril» rəqs ansamblı çıxış edib.
Burada bütün yaş qruplarından olan insanlar — məhsul yığımı mərasiminin ən kiçik iştirakçılarından tatar rəqs ansamblının 80 yaşlı üzvünə qədər — təmsil olunmuşdu. Parlaq rəngarəng milli geyimlər, oynaq ritmli rəqslər, gözəl lirik melodiyalar dostluq və qardaşlıq bayramının vahid xorunda qovuşmuşdu. Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi olan bu konsert Azərbaycanda hökm sürən tolerantlıq və qarşılıqlı anlaşma əhvali-ruhiyyəsinin bariz təsdiqidir. Buna görə də təsadüfi deyil ki, bu rəngarəng tədbirin sonunda konsertin bütün iştirakçılarının ifasında “Azərbaycan” mahnısı çox möhtəşəm səsləndi.
*****
Respublikamızın tanınmış musiqi kollektivlərindən olan “Zirvə” xalq instrumental ansamblı 1972-ci ildə Şəki şəhərindəki Mirzə Fətəli Axundzadə adına mərkəzi mədəniyyət evinin nəzdində yaradılıb. Ötən əsrin 70-ci illərindən başlayaraq kollektiv respublikamızın bir çox şəhər və rayonlarında, həmçinin keçmiş sovet respublikalarının müxtəlif şəhərlərində konsertlər verib, nüfuzlu festivalların iştirakçısı olub. Xalq yaradıcılığına həsr olunan müxtəlif müsabiqələrin laureatı olan “Zirvə” ansamblı 1996-cı ildə Türkiyədə keçirilən “Sənət və kilim” festivalında ölkəmizi layiqincə təmsil edib. Kollektiv ədəbiyyat və incəsənət xadimləri, tanınmış musiqiçi və müğənnilərin iştirakı ilə müxtəlif yaradıcı tədbirlərdə çıxış edib. “Zirvə” ansamblı öz yaradıcılıq dəst-xətti və ifaçılıq mədəniyyəti ilə ümumxalq məhəbbətini qazanıb.
İyulun-3-də Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində Yay Teatrında Şəkinin “Zirvə” ansamblının konserti olub. Hazırda ansambla Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbov rəhbərlik edir. Ansamblın solistlərindən Anar Həsənli, Azər İskəndərov, Elvin Əhmədov, Seymur Qasımzadə, Məlahət Mahmudova və başqalarının ifa etdikləri görkəmli Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb. Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
*****
Iyulun 4-də “Yuxarı Karvansaray” mehmanxana kompleksində tamaşaçılara Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələri, mahnı və rəqslərindən ibarət daha bir konsert proqramı təqdim olunub. Konsertdə Qəbələ rayonunun Nic kəndindəki udilərin “Bulaq” Mədəniyyət Mərkəzinin “Cəngi” musiqi qrupunun çıxışı ilə başlanıb. Sonra səhnəyə Astara rayonunun Kakalos kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Əvəsor” talış xalq folklor kollektivi çıxıb. Bu kollektiv respublikamızda və xarici ölkələrdə keçirilən tədbirlərdə, festivallarda fəal iştirak edir. Kollektivin repertuarında “Talış toyu” kompozisiyası, “Biçində”, “Qardaş, toyun mübarək”, “Naz etmə”, “Lay-lay”, “Xınayaxdı”, “Dili-dili” və digər folklor nümunələri vardır. Kollektivin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Zaqatala rayonunda yaşayan azsaylı xalqların nümayəndələri bu festivalda 3 folklor kollektivi ilə təmsil olunub. Rayonun Suvagil kənd mədəniyyət evinin “Ceyranım” saxur xalq folklor kollektivinin, Əliabad qəsəbəsində yaşayan ingiloyların “Əliabadım” və Danaçı kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Alazan” avar rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda bütün iştirakçılar unudulmaz müğənni Müslüm Maqomayevin ifasında məşhur “Azərbaycan” mahnısının sədaları altında yenidən səhnəyə çıxıblar. Sonda Şəki Şəhər İcra Hakimiyyəti adından konsertdə iştirak edən kollektivlərə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
*****
İyulun 4-də Şəki şəhərindəki Yay teatrında festivalın bədii rəhbəri, UNESCO-nun Sülh artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq Artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə görkəmli bəstəkarın həyat və yaradıcılığından bəhs edən sənədli filmlərdən kadrları seyr ediblər. Firəngiz xanımın yaradıcılığı barədə bu və digər məlumatlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd olunub ki, bəstəkar bir sıra xarici ölkələrdə «composer in residense» (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülüb. Onun «İntizar», «Sənin adın Dənizdir», «Ağ atlı oğlan» operaları, «Boş Beşik» və “Stadt Graniza» baletləri, «Habilsayağı», «Muğamsayağı», «Oazis», «Dərviş», «Abşeron» və müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərləri, violonçel və orkestr üçün konsertləri, böyük simfonik orkestr üçün «İthaf» və digər əsərləri dünya miqyasında tanınır.
Vurğulanıb ki, Firəngiz Əlizadə Şəki «İpək Yolu» Beynəlxalq musiqi festivalının bədii rəhbəri olmaqla, dünyanın müxtəlif xalqlarının nümayəndələrini, mədəniyyət və incəsənət xadimlərini qədim Şəki torpağında toplayaraq, buradan Azərbaycanın sorağını bütün dünyaya çatdırmaqda mühüm rol oynayır. Sonra tamaşaçılar Şəki Musiqi Kollecinin və şəhərdə fəaliyyət göstərən musiqi məktəbləri kollektivlərinin hazırladıqları maraqlı konsert proqramını izləyiblər. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, əməkdar artıstlər Fərid Əliyev, Afaq Abbasova və İlahə Əfəndiyevanın ifasında səslənən dünya və Azərbaycan bəstəkarlarının əsərləri tamaşaçıların ürəyincə olub.
Firəngiz Əlizadə səhnəyə çıxaraq tədbirin yüksək səviyyədə təşkilinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib. Görüşdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək Firəngiz Əlizadəni Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından biri kimi dəyərləndirib. Sonda Firəngiz Əlizadə görüş iştirakçılarının suallarını cavablandırıb.
*****
Iyulun-5-də “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanları sarayının həyətində istedadlı gənc xanəndə Arzu Əliyevanın iştirakı ilə muğam konserti olub. Konsertdə xanəndəni əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi muğam instrumental ansamblı müşayiət edib. Xanəndə Arzu Əliyevanın oxuduğu muğam, xalq mahnıları və təsniflər, eləcə də ansamblın ifa etdiyi el havaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert Şəki torpağının yetirməsi, tanınmış bəstəkar Şəfiqə Axundovanın “Mehriban olaq” mahnısı ilə sona çatıb. Konsertin sonunda kollektivin üzvlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
*****
Iyulun 5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının Şəki şəhərindəki Yay teatrında təntənəli bağlanış mərasimi olub. Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri maraqlı konsert proqramı ilə çıxış edib.
Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə 2004-cü ildə yaradılan bu orkestrin formalaşmasında Xalq Artisti, professor Zəhra Quliyeva və professor Nəzmiyyə Abbaszadənin də xüsusi əməyi olub. Orkestr əsasən beynəlxalq müsabiqələr laureatlarından təşkil edilib. Yaranmasından az müddət keçməsinə baxmayaraq, kollektiv bir neçə uğurlu konsertlər verib, musiqi ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib. Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin bədii rəhbəri və baş dirijoru olduğu “Baku Sinfonietta” orkestrinin repertuarına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxildir.
Orkestrin ifa etdiyi musiqi parçaları, solistlər — əməkdar artist Sahib Paşazadənin (tar), Gülşən Eyvazova-Nəsibovanın (qanun), Samir Əsədovun (violin) və İsrafil Rəsulovun (truba) solo ifaları, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri — əməkdar artistlər Fərid Əliyev və Afaq Abbasovanın virtuoz ifaları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb. Festivalın bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək şəhər sakinləri adından Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.
Festivalın bədii rəhbəri Firəngiz Əlizadə bu gecə Azərbaycanın qədim diyarı olan Şəkidəki Yay teatrında daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, musiqi bayramının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın iştirakçıları və musiqiçilər adından şəhər rəhbərliyinə təşəkkürünü bildirib. Bağlanış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov son altı ildə Şəkidə Azərbaycan musiqisinin çox gözəl bir tarixinin yazıldığını bildirib. Vurğulanıb ki, Böyük İpək Yolu üzərində yerləşən, dünya ölkələri arasında ticarət və mədəni əlaqələrin yaranmasında önəmli rol oynayan Şəkidə keçirilən bu festival Azərbaycanın musiqi tarixinin parlaq səhifəsidir.
Mərasimin sonunda Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadəyə festivalın rəmzi simvolu təqdim olunub. Bundan əlavə, bağlanış mərasimindəki uğurlu çıxışına görə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri, festivalın televiziya yayımının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və festival çərçivəsində keçirilən konsertlərin operativ şəkildə işıqlandırılmasını təmin etdiyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyi – “Azərtac” festivalın rəmzi simvolu ilə mükafatlandırılıb. Bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.
*****
Sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Şərqdə ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açıb. Bəstəkarın yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlərin keçirildiyini söyləyən natiq ona böyük ümumxalq məhəbbətindən danışıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Ü.Hacıbəyli irsini təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir incisi olduğunu bildirib. O, Üzeyir Hacıbəyli yaradıcılığını Azərbaycan xalqının milli mənəvi sərvəti adlandırıb. Tədbirdə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli töhfələrdən, əvəzsiz xidmətlərdən söhbət açılıb. Muzeyin arxiv materialları əsasında hazırlanmış sərgisi nümayiş olunub. Sonda bəstəkarların əsərləri səsləndirilib.
*****
Sentyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli adına VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli bəstəkarın 130 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Konfransda mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, bir sıra sənətşünas alimlər də iştirak edib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə qonaqları salamlayaraq festival çərçivəsində keçirilən və görkəmli bəstəkara həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışıb. Xalq Artisti bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirib.
Elmi konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova «Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı» mövzusunda məruzə ilə çıxış edib. Zemfira Qafarova görkəmli bəstəkarın Bəstəkarlar İttifaqındakı böyük fəaliyyətindən, dünya konservatoriya praktikasında ilk dəfə olaraq şərq kafedrasının banisi olmasından və ilk dəfə olaraq notlu orkestr yaratmasından söz açıb. Daha sonra professorlar Rəna Məmmədova, Cəmilə Həsənova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə və bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva Üzeyir Hacıbəyliyə həsr olunmuş müxtəlif məruzələrlə çıxış ediblər. Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvi, sənətşünaslıq elmləri doktoru, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Səfərovanın müəllifi olduğu və macar dilində nəşr olunan «Üzeyir Hacıbəyli və onun görkəmli sələfləri» kitabının təqdimatı olub.
*****
Sentyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi festivalı çərçivəsində görkəmli bəstəkar, dirijor, pedaqoq, folklorşünas və Əməkdar İncəsənət Xadimi Müslim Maqomayevin 130 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək festival çərçivəsində ölkəmizdə keçirilən silsilə tədbirlərin əhəmiyyətindən söz açıb. Firəngiz Əlizadə Müslim Maqomayevin həyat yolu və yaradıcılığından danışaraq diqqətə çatdırıb ki, ustad sənətkarlarımızın xatirəsi Bəstəkarlar İttifaqında daim anılır və müxtəlif xarakterli tədbirlər, konsertlər, konfranslar və anım mərasimləri ilə qeyd olunur.
Xalq Artisti qeyd edib ki, Müslim Maqomayev xalqımızın musiqi mədəniyyəti tarixində misilsiz xidmətləri olan incəsənət xadimi kimi tanınır. O, Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmaqla yanaşı, həmçinin yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən milli sənət ruhunu özündə əks etdirən bəstəkar kimi tarixə düşüb. Konfransda Əməkdar İncəsənət Xadimi, professor Həcər Babayevanın, Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar Incəsənət Xadimi Hafiz Quliyevin, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səfərovanın məruzələri dinlənilib.
*****
Sentyabrın 25-də Bəstəkarlar İttifaqının Üzeyir Hacibəylİ adina Konsert Salonunda beynəlxalq müsabiqələrin laureatlarının iştirakı ilə konsert olub.
*****
Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə layihəsi əsasında “Mahnıdan — Şarkıya” adlı konsert proqramı təqdim olunub. Konsertdən əvvəl ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində belə tədbirlərin əhəmiyyətini qeyd edib. Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin baş direktoru Mehmen Nuri Parmaksız konsertin təşkilində Azərbaycan Bəstəkarlar İttifaqına minnətdarlığını bildirib. Qeyd edib ki, ABİ ilə İLESAM arasında imzalanmış müqaviləyə əsasən çoxsaylı maraqlı tədbirlər planlaşdırılıb.
Qeyd edək ki, “6 bəstəkar və 6 şair” layihəsi çərçivəsində türk bəstəkarları Faruk Şahin, Zekai Tuncay, Pinar Göksal, Ugur Top, Özgen Gürbüz və Yaşar Bedük Azərbaycan poeziyasının görkəmli nümayəndələri Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə və Zəlimxan Yaqubun şeirlərinə mahnılar bəstələyiblər. Öz növbəsində Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan Firəngiz Əlizadə, Cəlal Abbasov, Cavanşir Quliyev, Həsənağa Adıgözəlzadə, Sərdar Fərəcov və Elza Seyidcahan isə Durmuş Kaya, Nedim Ucar, Serdar Öncül, Sevinc Atan, Sevim Yakıcı və Əkrəm Yalbuzun şeirlərinə musiqi bəstələyiblər. Gecənin devizi ümummilli lider Heydər Əliyevin məşhur “Bir millət iki dövlət” kəlamı olub. Konsertdə türk ifaçıları Çiğdem Gürdal, Oya Ergün, Ali Burç, Evren Turna, Onur Akkuş, Deniz Göktaş həm Azərbaycan, həm də Türkiyə bəstəkarlarının əsərlərini ifa ediblər. İfaçıların çıxışı böyük maraqla qarşılanıb.
*****
Oktyabrın 24-25-də Kanadanın Toronto şəhərində dünya şöhrətli bəstəkar, Azərbaycanın Xalq Artisti Firəngiz Əlizadənin ikigünlük konserti keçirilib. “Oyan!” adlı konsert Toronto şəhərində fəaliyyət göstərən “Saşar Zərif Rəqs Teatrı”nın rəhbəri, əslən İrandan olan soydaşımız Saşar Zərifin, Ağaxan Muzeyinin və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.
Konsertin əvvəlində F.Əlizadə pianoda solo ifa edib. Sonra gənc muğam ustası Mirələm Mirələmov, “Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasimində çıxış etmiş kamança ustası Elnur Mikayılov və Saşar Zərifin iştirakı ilə F.Əlizadənin bəstələdiyi əsər səhnələşdirilib. Əsərdə Saşar Zərif Azərbaycan musiqisinin sədaları altında milli rəqslərimizi təqdim edib. Həmçinin konsert zamanı “Oyan!” əsərinin yaranması haqqında qısa sənədli film göstərilib. Tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyətini və muğam ənənələrini Kanadada təbliğ etmək olub. Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin konsulu Faiq Babayev Firəngiz Əlizadəyə təşəkkür diplomu təqdim edib. Konsertdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar və KİV nümayəndələri iştirak ediblər.
*****
Oktyabrın 26-da Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Xalq Artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında elmi-praktik konfrans keçirilib. İttifaqın katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova çıxışında Vasif Adıgözəlovun müxtəlif vaxtlarda Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü, katibi və daha sonra ömrünün sonunadək I katibi olduğunu söyləyib.
Konfransda Əməkdar İncəsənət xadimləri İmruz Əfəndiyeva, Həcər Babayevanın, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Məmmədova, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın Vasif Adıgözəlovun yaradıcılığı haqqında məruzələri dinlənilib. Bəstəkarın “Yeddi çinar” və “Qərənfil” romansları, habelə sonataları səsləndirilib. Qeyd edək ki, Xalq Artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində və oktyabrın 29-da Bakı Musiqi Akademiyasının zalında təşkil olunan konsertlərdə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” Orkestri çıxış edib.
*****
Noyabrin 6-da Bəstəkarlar İttifaqında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Tofiq Quliyevin keçdiyi həyat yolundan və yaradıcılığından söhbət açıb. Onun işıqlı xatirəsinin ürəklərdə daim yaşayacağı, əsərlərinin yaddaşlarda əbədi qalacağını söyləyib. Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın “Tofiq Quliyev və Azərbaycan Bəstəkarlar İttifaqı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zemfira Abdullayevanın “Tofiq Quliyevin kino musiqisi haqqında”, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın “Tofiq Quliyev haqqında xatirələr” mövzularında məruzələri dinlənilib. Konfrans çərçivəsində arxiv materialları əsasında görkəmli bəstəkardan bəhs edən videomaterial nümayiş olunub. Sonda bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim edilib.
Xəbərlər noyabr 2015 — aprel 2016
Noyabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) ilə Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən birgə həyata keçirilən “Mahnıdan–Şarkıya” layihəsi əsasında Ankarada geniş konsert keçirilib. Konsertdən əvvəl Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Topçu, ABİ-nin sədri, Azərbaycanın Xalq Artisti Firəngiz Əlizadə, İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və başqaları çıxış ediblər.
Diqqətə çatdırılıb ki, hər iki dildə yazılmış şeirlərin tərcümə edilmədən oxunması bundan sonra da türk dünyasına aid konsertlərdə davam etdiriləcək. Bu layihənin gələcəkdə digər türkdilli xalqlar arasında geniş yayılması nəzərdə tutulub. Layihənin şərtlərinə görə, Azərbaycandan altı tanınmış şairin şeirinə Türkiyənin altı bəstəkarı mahnı bəstələdi. Eyni zamanda Türkiyənin altı tanınmış şairinin şeirinə də altı Azərbaycan bəstəkarı mahnı bəstələyib. Hər iki dildə yazılmış şeirlər tərcümə edilmədən oxunur. Ankaradakı konsert TRT Avaz və TRT Muzik televiziya kanallarında canlı yayınla nümayiş etdirilib.
*****
Noyabrın 23-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyinin orqan musiqi zalında bəstəkar Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarı yubileyi münasibətilə təbrik etdikdən sonra ona nazir Əbülfəs Qarayevin adından xatirə hədiyyəsi təqdim edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək R. Qasımovanın yaradıcılığı haqqında fikirlərini bölüşüb. Onun Azərbaycan musiqi xəzinəsinə bəxş etdiyi sənət incilərindən danışıb. Gecədə yubilyarın bəstələri Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov və digər tanışmış və gənc ifaçılar tərəfindən səsləndirilib.
*****
Noyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Uşaq musiqisi və onların musiqi-estetik tərbiyəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Bəstəkarlar İttifaqında təşkil olunan konfransda İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə uşaq musiqisinin aktual problemlərinə toxunaraq, bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Həmçinin, görülən işlərin uşaqların estetik tərbiyəsinə, yaradıcılıq baxımından professional musiqiçi kimi yetişmələrinə yardımçı olacağını qeyd edən bəstəkar, uşaq musiqi əsərlərinin yaranmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyindən söz açıb.
Əməkdar İncəsənət Xadimi, professor İmruz Əfəndiyeva “Uşaq və gənclərin musiqi–estetik tərbiyəsində musiqinin rolu” mövzusunda məruzə ilə çıxış edib. İmruz Əfəndiyeva görkəmli bəstəkarlarımızın yaradıcılığında kifayət qədər populyarlıq qazanmış uşaq musiqi əsərlərinin olduğunu vurğulayaraq bunun hazırda bir sıra bəstəkarlarımız tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Daha sonra konfransda “Uşaq musiqi məktəblərinin fortepiano ixtisası üçün 12 dərslik haqqında”, “Azərbaycan uşaq musiqisinin inkişaf mərhələləri”, “Uşaq xor təlimi prosesində tərbiyə və təhsil məsələləri” mövzusunda məruzələr dinlənilib. Konfrans 3 nömrəli 11 illik musiqi məktəbinin “Renessans” uşaq xorunun çixişi ilə davam edib.
*****
Noyabrın 26-da Tanınmış gürcü bəstəkarı, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Giya Kançelinin Bakıya səfəri çərçivəsində Azərbaycan Bəstəkarlar ittifaqında (ABİ) görüş keçirilib. ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə G.Kançelinin yaradıcılığından danışaraq bildirib ki, böyük bəstəkar öz simfoniya və kamera əsərləri ilə adını dünya musiqi mədəniyyəti tarixinə yazıb. “Mimino” və “Kin-dza-dza” kimi tanınmış filmlərə yazılan musiqinin bəstəkarı məhz G.Kançelidir. F.Əlizadə diqqətə çatdırıb ki, o, G.Kançeli ilə birlikdə çoxsaylı festival və layihələrdə iştirak edib.
Səmimi qəbula görə F.Əlizadəyə təşəkkür edən G.Kançeli hamını 80 illik yubileyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsertə dəvət edib. Yaradıcılıq yolundan söz açan bəstəkar tələbəlik illəri barədə xatirələrini bölüşüb, gənc musiqiçiləri səylə çalışmağa, fantaziya nümayiş etdirməyə, daim inkişafda olmağa çağırıb.
*****
Dekabrın 2, 4 və 5-də Xalq Artisti, professor Ağadadaş Dadaşovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçirilib. Tədbirlərdə Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Dövlət xalq çalğı alətləri orkestri geniş konsert proqramı ilə çıxış edib. Qeyd edək ki, görkəmli bəstəkar “Rənglər” vokal silsiləsi, “Qanun və piano üçün Poema”, “Simli Trio”, “Simli Kvartet üçün Poema” instrumental əsərləri ilə yanaşı, xalq çalğı alətləri orkestri üçün “5 saylı Süita”, İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılara ithaf etdiyi “1 saylı Simfoniya”, simli orkestr üçün “2 saylı Simfoniya”, nəfəsli orkestr üçün “Zəfər marşı” və “Təyyarəçilər marşı” və. s kimi musiqi əsərlərinin müəllifidir.
*****
Dekabrın 8-dən 15-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar, Xalq Artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Tofiq Bakıxanovun anadan olmasının 85 illiyinə həsr olunmuş musiqi festivalı keçirilib. Festival çərçivəsində Dekabrın 9-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti, “Şöhrət” ordenli Tofiq Bakıxanovun kamera konserti təşkil olunub. Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun yaradıcılığından söz açıb. O bildirib ki, Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında bəstəkarın əvəzsiz xidmətləri vardır. Konsertdə bəstəkarın “Dünya durduqca yaşa”, “Türk sonatası”, “Uca dağ başında” və digər musiqi əsərləri səsləndirilib.
*****
Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, professor Əşrəf Abbasovun 95 illiyinə həsr olunmuş xatirə konserti təşkil olunub. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə Əşrəf Abbasovun həyat və yaradıcılığından danışıb. Bildirib ki, zəngin yaradıcılığa malik Əşrəf Abbasovun bəstələri geniş musiqi ictimaiyyətini diqqətini cəlb edib. Firəngiz Əlizadə diqqətə çatdırıb ki, bəstəkarlıqla yanaşı, elmi tədqiqatlarını və pedaqoji fəaliyyətini də ardıcıl davam etdirən Əşrəf Abbasov, 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyov və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb. Qeyd olunub ki, Əşrəf Abbasov müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru, Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova Əşrəf Abbasovun Azərbaycan musiqi mədəniyyəti tarixindəki rolundan bəhs edib. Vurğulanıb ki, bəstəkarın “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” musiqili- komediyalarında bədii obrazlar ifadəliliyi, coşqunluğu, lirizmi ilə seçilir. O, tamaşa müəlliflərinin ideyalarını, obrazların xarakterini musiqinin dili ilə müvəffəqiyyətlə əks etdirə bilib. Bəstəkarın Füzulinin, Vaqifin, Müşfiqin, Abdulla Şaiqin sözlərinə yazdığı musiqilər həzinliyi, emosionallığı ilə dinləyicinin ruhunu oxşayır. “Heyran olmuşam”, “Oxu, bülbül”, “Qurban olduğum”, “Ceyranım, gəl”, “Gözəl yar”, “Qarabağın qızları” və digər romansları və mahnıları uzun illərdir ki, məhəbbətlə ifa edilir.
*****
Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub. Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Səhnə əsəri Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəvi hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Gənc dirijor Əyyub Quliyevin idarə etdiyi səhnə əsərində əsas rolları Xalq Artisti Qərinə Kərimova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Əkrəm Poladov, gənc solistlər İlham Nəzərov, Fəhmin Əhmədli ifa ediblər.
Təbiət gözəlliklərinin də yer aldığı tamaşa yerli və xarici teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, opera tamaşasının libretto müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, quruluşçu rəssam isə Xalq Rəssamı Tahir Tahirovdur.