2014 il
Yanvarın 27-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 90 illik yubileyinə həsr edilən tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Xanım Abdinova açaraq Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi Şəfiqə Axundovanın bənzərsiz yaradıcılığından danışdı. Bildirdi ki, böyük yaradıcılıq yolu keçən bəstəkar zəngin irsi ilə həmkarlarından daima fərqlənib. Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova korifey sənətkarın yaradıcılığından söhbət açdı. Qeyd olundu ki, dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı, müsəlman Şərqinin ilk opera yazan qadın bəstəkarı olan Şəfiqə Axundovanın yaradıcılığı hələ neçə-neçə musiqişünasın diqqətini cəlb edəcək. Gözəl mahnıları neçə-neçə nəsil müğənnilərin repertuarını bəzəyəcək. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı bəstəkarın “Gəlin qayası” operası, “Ev bizim, sirr bizim” operettası, bir-birindən gözəl, yaddaqalan “Lay-lay”, “Nədən oldu?”, “Mehriban olaq” və s. lirik mahnıları ilə ürəkləri fəth etdiyini, bir çox sənət adamlarının püxtələşməsində böyük rol oynadığını bildirdi. Çıxışlar muzeyin materialları əsasında hazırlanan slayd-şou ilə müşayiət olundu. Sonra Xalq artisti, professor, tarzən Ramiz Quliyevin, Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Əməkdar artist Nuriyyə Hüseynovanın, istedadlı gənc vokalçı Ramil Qasımov və başqalarının ifasında bəstəkarın əsərlərindən parçalar və lirik mahnılar səsləndirildi.
*****
Fevralın 12-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Əməkdar Mədəniyyət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, musiqişünas Aida Tağızadənin 80 illik yubileyi qeyd edilmişdir. Həmçinin yubilyarın elmi-publisistik məqalələrindən ibarət “XX əsrin Azərbaycan musiqisi” kitabının təqdimatı olmuşdur. yubileydə çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə demişdir ki, Aida Tağızadə Müslüm Maqomayev, Soltan Hacıbəyli, Aqşin Əlizadə və digər tanınmış mədəniyyət xadimlərinin yaradıcılığını dərindən tədqiq etmiş gözəl pedaqoq və musiqişünasdır. Sonra BMA tələbələrinin və tanınmış ifaçıların iştirakı ilə konsert olmuşdur.
Mayın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilmişdir. Tədbirdə ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin doğum günü ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirmişdir. Sonra Bakı şəhərindəki 30 nömrəli uşaq musiqi məktəbinin şagirdləri geniş konsert proqramı ilə çıxış etmişlər.
*****
Mayın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ), Əməkdar İncəsənət Xadimi Cəlal Abbasovun yaradıcılığına həsr olunmuş müəllif konserti olmuşdur. Konsertdə ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək Cəlal Abbasovun yaradıcılığı haqqında söz açmışdır. Həmçinin ABİ-nin katibi, musiqişünas, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın “ Bəstəkar Cəlal Abbasovun yaradıcılığı haqqında” adlı məruzəsi dinlənilmişdir. Konsertdə bəstəkarın “Sonata”, “Paradeigma-2”, “Variasiyalar”, “Ay İşığında” və s. əsərləri səsləndirilmişdir.
*****
İpək Yolu V Beynəlxalq Musiqi Festivalı
İyulun 1-də Şəki şəhərindəki XIX əsrə aid tarixi-memarlıq abidəsi — Aşağı Karvansaray kompleksində “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə çıxış edərək artıq ənənə halını almış “İpək Yolu” Beynəlxalq musiqi festivalının Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qaldığını, dünya musiqi sənətinin parlaq incilərindən ibarət rəngarəng konsert proqramları ilə hamıya xoş bayram ovqatı bəxş etdiyini bildirmişlər.
İyulun 2-də Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində “Yuxarı Karvansaray” kompleksində TÜRKSOY rəssamlarının sərgisi açılmışdır. Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirmişdir ki, on yeddi il ərzində türk dünyasının müxtəlif ölkələrinin ev sahibliyi etdiyi XVII “TÜRKSOY- Rəssamlar görüşü” ilk dəfə olaraq Azərbaycanda- Şəki şəhərində gerçəkləşdirilir. Tarixi İpək Yolunun mərkəzlərindən olan Şəki şəhərində türk dünyasının 14 ölkəsini təmsil edən 17 rəssam bir araya gələrək iki həftə ərzində öz yaradıcılıqlarını davam etdirmişlər…
İyulun 2-də Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində İstanbul Modern Folk Müzik Topluluğunun konserti olmuşdur. Şəki şəhərindəki yay teatrında keçirilən konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, Türkiyənin və festivala dəvət olunmuş digər xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak etmişlər.
İyulun 3-də Azərbaycan memarlığının nadir incisi, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının önündə Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişlər.
İyulun 3-də Şəkinin “Yuxarı Karvansaray” mehmanxana kompleksində türkdilli ölkələrin milli geyimləri və musiqisindən ibarət Defile nümayiş etdirilmişdir. TÜRKSOY-un hazırladığı Defile Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyasının Altay, Saxa-Yakutiya, Xakasiya, Tuva, Başqırdıstan, Kalmıkiya respublikalarının təmsilçiləri — tanınmış modelyer-dizaynerlər və musiqiçilər tərəfindən təqdim olunmuşdur.
İyulun 4-də “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində “Aşağı Karvansaray” kompleksində Çin mahnı və rəqs ansamblının konserti olmuşdur. Xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertdə çinli ifaçılar tamaşaçılara “Çin — müxtəlif rənglər işığında” adlı proqramı təqdim etmişlər.
İyulun 4-də “İpək Yolu” V Beynəlxalq musiqi festivalının dördüncü günündə Sabit Rəhman adına Şəki Dövlət Dram teatrında tamaşaçılara Bakı Marionet Teatrının Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşa təqdim olunmuşdur.
İyulun 5-də “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində Şəkinin Yay Teatrında “Eurovision” mahnı müsabiqəsi qaliblərinin və iştirakçılarının qala-konserti olmuşdur. Konsertdə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində Nigar Camalla birgə bu mötəbər yarışın qalibi olmuş Eldar Qasımov çıxış etmişlər. Tamaşaçılar müxtəlif illərdə “Eurovision” mahnı müsabiqələrində çıxış etmiş Erkin Osmanlı, Xana Həsənova, Dilarə Kazımova, Fərid Məmmədov və digər ifaçıların çıxışlarını böyük maraqla izləmişlər. “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımovla Nigar Camalın ifa etdikləri məşhur “Runninq Scared” mahnısı isə tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır. Konsertin sonunda “Eurovision” mahnı müsabiqəsinin qaliblərinə və iştirakçılarına festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
İyulun 5-də Şəkinin XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli bağlanış mərasimi olmuşdur. Mərasimdə Sankt-Peterburq “Ermitaj” dövlət simfonik orkestri Azərbaycan solistlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim etmişdir. “Ermitaj” dövlət simfonik orkestri Azərbaycanda ilk dəfə olaraq Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində dirijor Arkadi Şteynluxtın rəhbərliyi ilə çıxış etmişdir. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, Əməkdar Artist Gülnaz İsmayılova və Fərid Əliyevin ifa etdikləri Avropa və rus bəstəkarlarının əsərləri, həmçinin Tofiq Quliyevin “Bakı haqqında mahnı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
*****
Sentyabrın 19-da Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında məşhur rus bəstəkarı Andrey Petrovun adını daşıyan Bəstəkarların VIII Beynəlxalq Müsabiqəsinin nətiсəsini müəyyən edən seçim konserti baş tutmuşdur. Müasir musiqinin ən tanınmış nümayəndələri olan Aleksandr Knayfel, Vladimir Tarnopolskiy, Aleksandr Radviloviç, Leonid Desyatnikov kimi bəstəkarlardan ibarət Münsiflər Heyətinə xalq artisti, professor Firəngiz Əlizadə rəhbərlik etmişdir.
*****
Sentyabrın 22-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə ittifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə açaraq dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adını daşıyan festivala ilbəil artan maraqdan, bu musiqi bayramı çərçivəsində təşkil edilən bir-birindən maraqlı silsilə konsertlərdən söz açıb.
Tədbirdə azərbaycanlı musiqiünaslarla yanaşı macarıstanlı bəstəkar və musiqişünas Şandor Sabonun “Qədim Macar Şərq musiqisi haqqında araşdırmalar” mövzusunda məruzəsi də dinlənilib. O, çıxışını əyani olaraq nadir hallarda ifa edilən ənənəvi hind aləti – “Esrac”da səsləndirdiyi musiqi parçaları ilə nümayiş etdirib.
*****
Sentyabrın 24-də Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında kamera konserti olmuşdur. Konsertdə çıxış edən ABİ-nin sədri, Xalq Artisti Firəngiz Əlizadə həmişə gənc musiqiçiləri dəstəklədiklərini, yaradıcılıq imkanlarını genişləndirmələri üçün onlara şərait yaratdıqlarını söyləmişdir. O qeyd etmişdir ki, “Trio-klassik” ansamblı Bəstəkarlar İttifaqının təşəbbüsü ilə yaradılmış üçüncü ansambldır. Ansamblın solistləri Allahyar Vəzirov, Nərgiz Əliyeva, Məmməd Rəcəbli, Vəli Budaqov və Səbuhi Xəlilovdur. Konsertdə Mixail Qlinkanın “Patetik trio”, Feliks Mendelsonun “İki klarnet üçün konsert” və Firəngiz Əlizadənin “Crossing I” əsərləri səsləndirilmişdir.
*****
Sentyabrın 25-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən möhtəşəm «Muğam aləmi» layihəsi əsasında çap olunan Azərbaycan muğamına həsr olunmuş «Muğam Ensiklopediyası»nın rus dilindəki nəşrinin təqdimatı olmuşdur.
*****
Oktyabrın 8-12-də Veytnamın paytaxtı Hanoy şəhərində I Asiya-Avropa “Yeni musiqi” festivalı keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov bu festivalın iştirakçısı olmuşdur. Festivalın açılışı konsertində bəstəkarın “Koroğlu” simfonik freskasını tanınmış yapon dirijoru Honna Tesuşinin idarəsi ilə Vyetnam dövlət simfonik orkestrı ifa etmişdir.
Festivalın açılışından öncə Vyetnamın prezidenti Truonq Tan Sanq festival iştirakçılarını öz iqamətgahında qəbul etmiş, xatirə şəkilləri çəkdirmişlər. Sonrakı günlərdə Vyetnamın ədəbiyyat və incəsənət naziri və Halonq şəhərinin qubernatoru festival iştirakçıları ilə görüşü olmuşdur. Festivalın bağlanış mərasimində bir qrup bəstəkarların sırasında Sərdar Fərəcov da xüsusi medalla təltif olunmuşdur.
*****
Oktyabrın 11-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatında dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə nümayiş etdirimişdir. Tamaşanın premyerasında iştirak etmək üçün Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova, Xalq artisti, xoreoqraf Mədinə Əliyeva, dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdən ibarət nümayəndə heyəti San Dieqo şəhərində səfərdə olmuşlar.
*****
Oktyabrın 27-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, Xalq Artisti, “Şöhrət” ordenli professor Tofiq Bakıxanovun kamera musiqisindən ibarət konsert olub. Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə T.Bakıxanovun yaradıcılığından söz açıb. Bəstəkarlar İttifaqının yubileyi ərəfəsində təşkil olunmuş ilk konsertdə müəllifin Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr etdiyi “Azərbaycan sonatası”, atası Əhməd Bakıxanova ithaf etdiyi 3 hissəli “Xatirə konserti”, Xalq Artisti Sərvər Qəniyevə yazdığı “Türk sonatası” və Şərq mövzusuna həsr edilmiş “Türk rabsodiyası” səsləndirilib.
*****
Azərbaycan Bəstəkarlar İttifaqı 80
Noyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri və ittifaqın 80 illik yubileyi münasibətilə keçiriləcək musiqi festivalının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb. Festival iştirakçıları və qonaqlar həmçinin Azərbaycanın görkəmli musiqi xadimlərinin məzarlarını da ziyarət ediblər. Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər qoyublar.
Noyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqinin (ABİ) konfrans salonunda İttifaqın 80 illik yubileyi münasibətilə keçiriləcək musiqi festivalına həsr edilən mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə yubiley çərçivəsində keçiriləcək tədbirlər planından bəhs edib. F.Əlizadə həmçinin Bəstəkarlar İttifaqının yaranmasından da danışıb. Əsası dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulan bu quruma rəhbərlik etməsindən məmnunluğunu ifadə edən Firəngiz xanım görülmüş işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrdən söz açıb.
Festivalda dəvət olunmuş xarici qonaqlardan mətbuat konfransında iştirak edən İtaliyadan musiqişünas Elizabet Vilson, Almaniyadan musiqişünas Moisey Boroda, Özbəkistandan bəstəkar Dmitri Yanov-Yanovski festival və ABİ-nin fəaliyyəti barədə fikirlərini bölüşüblər. Qeyd edək festivalın daha bir qonağı isə Sankt Peterburqdan bəstəkar Olqa Petrova idi. D.Şostakoviç və M.Rastropoviç haqqında tədqiqatları müəllifi Elizabet Vilson müəllimi M.Rastropoviçin vətənində olmaqdan məmnunluğunu bildirib, həmçinin festivala dəvətə görə ABİ-nin sədrinə təşəkkür edib. Moisey Boroda və Dmitri Yanov-Yanovski ABİ-nin işini yüksək qiymətləndiriblər. Musiqi festivalının keçirilməsinin yaxşı ideya olduğunu vurğulayaraq bildiriblər ki, festival tanınmış bəstəkarlarla yanaşı, gənc bəstəkarların da əsərlərini səsləndirməyə fürsət yaradır.
Diqqətə çatdırılıb ki, Almaniyada musiqi ensiklopediyasında Azərbaycan musiqisi və bəstəkarları haqqında məqalələrin dərc olunmasında Moisey Boroda böyük rolu var. Noyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubimleyi çərçivəsində Müslüm Maqomayev adına Filarmoniyada ilk konsert olmuşdur. Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Dövlət Xalq Çalğı Alətləri Orkestri Azərbaycan bəstəkarları Uzeyir Hacıbəyli, Nazim Quliyev, Əşrəf Abbasov, Səid Rustəmov , Dadaş Dadaşov, Cahangir Cahangirov , Nazim Əliverdibəyov, Vasif Allahverdiyev , Ramiz Mustafayev, Azər Dadaşov , Həsən Adıgozəlzadə, Tofiq Quliyev, Musa Mirzəyev, Ceyhun Allahverdiyev, Hacı Xanməmmədov, Ramiz Zohrabov və Həsən Rzayevin əsərlərini ifa etmişdir.
Noyabrın 1-də Azərbaycan Dövlət Musiqili Teatrında Bəstəkarlar İttifaqının 80 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan gecədə musiqili teatrda səhnələşdirilən operetta və musiqili komediyalara yazılmış əsərlər səsləndirilib. Teatrın simfonik orkestrinin müşayiəti ilə keçirilə konsertdə Əməkdar Artist Səidə Şərifəliyeva, Gültac Əlili, Elvin Əliyev, Türkel Şabanova, Əliməmməd Novruzov və başqaları çıxış ediblər.
Noyabrın 2-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunan musiqi festivalının təntənəli açılış mərasimi olub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutan tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan bu qurum 80 illik fəaliyyəti dövründə böyük işlər görüb, bir sıra nailiyyətlər əldə edib. Festivalın proqramının rəngarəng olduğunu bildirən sədr qeyd edib ki, ayrı-ayrı konsert salonlarında təşkil ediləcək tədbirlərdə 70 müəllifin müxtəlif janrlarda bəstələdikləri əsərlər səslənəcək.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında Bəstəkarlar İttifaqının 80 illiyi bir ilə yaxındır ki, müxtəlif tədbirlərlə qeyd olunduğunu bildirərək qeyd edib ki, bu qurumun öz yaradıcılıq potensialını gücləndirərək ölkəmizin mədəni həyatında özünəməxsus yer tutması təqdirəlayiq haldır. Daha sonra tanınmış dirijor, Əməkdar İncəsənət Xadimi Fəxrədin Kərimovun idarə etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Xalq artisti Gulbacı İmanova rəhbərlik etdiyi Azərbaycan Dovlət Xor Kapellası Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişdir.
Noyabrın 3-də Azərbaycan Bəstəkarlar İttifaqının U. Hacıbəyli adına Konsert Salonunda Azərbaycan Dovlət Televiziyası və Radiosu C.Cahangirov adına Xorunun və kamera ansambllarının konserti olmuşdur. Konsertdə Uzeyir Hacıbəyli, Aqşin Əlizadə, Ramiz Mustafayev, Gunay Mirzəyeva, Rufət Ramazanov , Fikrət Əmirov, Ruhəngiz Qasımovanın əsərləri ifa olunmuşdur.
Noyabrın 3-də M.Maqomayev adına Azərbaycan Dovlət Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dovlət Kamera Orkestrinin konserti olmuşdur. Xalq artisti, dirijor Teymur Goycayevin idarəsi ilə keçən konsertdə Uzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz Əlizadə, Oqtay Rəcəbov , Olqa Petrova , Vasif Allahverdiyev, Yaşar Xəlilov, Elnarə Dadaşova, Faiq Nağıyev, kimi bəstəkarların əsərləri ifa olunmuşdur.
Noyabrın 4-də festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında kamera musiqisi konserti olmuşdur. Konsertdə Mehriban Əhmədovanın “Ana”, Mürsəl Arazbəylinin “Skertso”, Firudin Allahverdinin “Pretekst”, İlham Azmanlının “Bakı küləyi”, Ayaz Qəmbərlinin “Suprematistic figures”, Tahir İbişovun “Dövr” və Səid Qəninin “Epizod” əsərləri səsləndirilmişdir. Tədbirdə “Dan Ulduzu” instrumental ansamblı (bədii rəhbər — Əməkdar Artist Tariyel Abbasov, solist — Əməkdar Artist Adilə Əflaki), beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov, Rövşən Əmrahov, Nərgiz Əliyeva, Aynur Abdullayeva, Samir Əsədov, Zakir Əsədov və başqaları çıxış ediblər.
Noyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan bəstəkarlarının Kamera konserti olmuşdur. Konsertdə Qara Qarayev, Firəngiz Əlizadə, Dmitri Yanov-Yanovski, Cəlal Abbasov , Aliyə Məmmədova, Adilə Yusifova, Fərid Fətullayev, Səid Qəni, Firudin Allahverdi kimi bəstəkarların əsərləri ifa olunmuşdur.
Noyabrın 5-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr edilmiş musiqi festivalının bağlanış mərasimi olmuşdur. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bağlanışa həsr edilmiş konsertdə beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevin idarə etdiyi Azərbaycan Dövlət simfonik orkestri çıxış etmişdir. Konsertdə Lalə Cəfərovanın “Marş” və “Daimi hərəkət” pyesləri, Rauf Əliyevin ulu öndər Heydər Əliyevə ithaf etdiyi “Ballada”sı, Sevda İbrahimovanın “Qarabağnamə”, Məmmədağa Umudovun “Balet” süitası, Ədviyyə Rəhmətovanın “İlmələr”, İlham Azmanlının “Azerbaijani colors” və Azər Dadaşovun “Dəstgah” süitası olunmuşdur. Xalq Artisti, professor Ramiz Quliyev (tar), Fariz Əliyev (tütək) və respublika müsabiqəsi laureatları Mehri Əsədullayeva (kamança) və Aynur Qasımova (qanun) konsertdə solist kimi çıxış etmişlər.
Noyabrın 5-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr edilmiş musiqi festivalı çərçivəsində sonuncu tədbir — Azərbaycan Dovlət Akademik Opera və Balet Teatrının səhnəsində Uzeyir Hacibəylinin “Leyli Və Məcnun”operası nümayiş olunmuşdur. Frestivalın xarici qonaqları operaya böyük heyranlıqla maraq göstərmişlər.
*****
Xəbərlər 2014 noyabr 2015 may
Noyabr ayının 7,8,9-da Avsriyanın Zalsburq şəhərində «West-Östliche Mozaik» Beynəlxalq Musiqi Festivalında Avstriyanın məşhur «ÖENM» ansambılnın iştirakı ilə dünya şöhrətli bəstəkarıımız, xalq artisti, professor Firəngiz Əlizadənin müəllif-konsertləri təşkil olunub. Konsertlərdə Firəngiz xanımın müxtəlif tərkibli vokal və kamera-instrumental əsərləri ifa edilib.
*****
Noyabrın 15-də Almaniyanın Auqsburq şəhərində möhtəşəm «Qızıl Salon»da F. Əlizadənin klarnet və violençel üçün «Duo of accordanse» (İkili vəhdət) adlı yeni əsərinin premyerası baş tutub. Bu əsər görkəmli alman violençel ifaçısı professor Yulius Bergerin 60 illiyinə həsr edilib. Yuiley tədbirində Y. Berger və koreyalı klarnet ifaçısı Hyun Yunqun təqdim etdiyi əsər dinləyicilərin sürəkli alqışları ilə qarşılanıb.
*****
Noyabrın 24-də “ÜNS” Yaradıcılıq Səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı Həsən Rzayevə həsr olunmuş yaradıcılıq axşamı keçirilib. Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Həsən Rzayevin Azərbaycan musiqi sənətinə verdiyi dəyərli töhfələrindən danışıb. O deyib: “Elə insanlar var ki, onlar öz təvazökarlıqları ilə həmişə seçilirlər. Buna baxmayaraq, onların musiqi həyatımızda buraxdıqları iz böyük olur. Biz onları tədricən tanıyıb dərk edirik. Xatirə gecəsinə toplaşdığımız Həsən Rzayev də belə insanlardandır”.
Xatirə gecəsində Həsən Rzayevin zərb alətləri üzrə tələbəsi, virtuoz ifaçı, Çikaqoda təcrübə keçmiş Allahyar Vəzirov da iştirak edib. Qeyd edək ki, gənc musiqiçi Amerikada təhsilini davam etdirib və ABŞ-da Ağ Evdə Laura və Corc Buşun qarşısında çıxış edib. Allahyar Vəzirovun ifasında Həsən Rzayevin əsərləri ilə yanaşı, onun müəlliminə həsr etdiyi musiqi də alqışlarla qarşılanıb. Sonda çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva bildirib ki, bu çıxış əslində planlaşdırılmamışdı.
O dedi: “Məsələ burasındadır ki, Həsən Rzayevin oğlu, sizin yaxşı tanıdığınız Atəş Rzayev teatrımız fəaliyyətə başladığı vaxtdan bizimlə birgə təmənnasız, heç bir mükafat, heç nə tələb etmədən çalışır. Sadəcə işləmək istədiyinə görə çalışır. Həsən Rzayev yaşasaydı, bu gün biz onun 85 yaşını qeyd edəcəkdik. Lakin belə insanların ömrü fiziki meyarla ölçülmür. Musiqisi yaşayırsa, o da yaşayacaq. Şagirdi yaşayırsa, o da yaşayacaq. Oğlu yaşayırsa, deməli, hər şey davam edəcək”. Daha sonra bəstəkarın oğlu Atəş Rzayev tədbirin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.
*****
Dekabrın 2-də ABŞ-ın Nyu-York şəhərində məşhur «Lincoln Center»də Firəngiz xanımın «Oazis» simli-kvartetinin ifa olunub. Xatırladaq ki, 1999-ci ildə bəstələnən və ilk dəfə olaraq İrlandiyanın paytaxtı Qlazqo şəhərində səsləndirilmiş “Oazis” əsəri San-Fransiskonun “Kronos” kvartetinin (ABŞ) sifarişi ilə yazılıb və dünyanın müxtəlif ölkələrinin məşhur salonlarında uğurla ifa olunub.
Yeri gəlmişkən, İtaliyanın məşhur «Ricordi» səsyazma firması da «Şərqin sədaları » (Eastern Approaches) adlı yeni diski bu günlərdə musiqisevərlərə təqdim edib. Bu barədə məlumat verən, Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubiley tədbirlərində iştğirak etmək üçün İtalmiyadan ölkəmizə təşrif buyuran məşhur musiqişünas Elizabet Vilson, sözü gedən diski mətbuat konfransında təqdim edib. Diskdə üç əsər- G.Kançeli, D.Yanovski və F.Əlizadənin əsərləri daxil edilib. Bundan başqa, F.Əlizadəyə amerikalı virtuoz skripka ifaçısı, meqa-star Hillari Hahn tərəfindən sifariş edilən və artıq bütün dünyada böyük müvəfəqqiyyətlə səslənən «İmpulse» əsərinin notları da həmin günlərdə Nyu-Yorkun məşhur «Shirmer» nəşriyyatında işıq üzü görüb.
*****
Dekabrın10-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru İmruz Əfəndiyevanın “Musiqidə keçən ömür” və “Axtarış yollarının bəhrəsi” adlı kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək İmruz Əfəndiyevanın uzun və mənalı yaradıcılıq yolu keçdiyini söyləyib. Daha sonra əməkdar müəllim, professor Səadət Seyidova söz alaraq professor İmruz Əfəndiyevanın ədəbi irsinin kifayət qədər zəngin olduğunu bildirib. Tədbirin sonunda tamaşaçılara musiqi nömrələri təqdim edilib.
*****
Dekabrın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri keçirilmişdir. Tədbiri açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirdirib ki, Heydər Əliyevin şəxsi təşəbbüsləri müstəqil Azərbaycanın musiqi mədəniyyətinin inkişafında, ölkəmizin musiqi həyatının zənginləşməsində və beynəlxalq səviyyədə böyük müvəfəqiyyətlər əldə olunmasında öz töhvəsini verib: «Ümummilli liderin Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu onlara yaradıcılıq axtarışlarında və yeni əsərlərin yaranmasında ilham vermişdir.
Aərbaycan Bəstəkarlar İttifaqının V Qurultayında onun dərin məzmunlu «Bəstəkarın yüksək vəzifəsi və amalı» məruzəsi bu gün də aktuallığını qoruyur və bəstəkarlar İttifaqının fəaliyyətində proqramm sənədi qalır. Faktiki olaraq, Mstislav Rastropoviçi bizə məhz Heydər Əliyev qaytardı. 1997-ci ildə Fransada «Grand Opera»da onun Heydər Əliyevlə görüşü oldu. Orada maestro H.Əliyevə söz verdi ki, hər il Bakıya gələcək və gənc musiqiçilər üçün ustad dərsləri keçirəcək. Və Rastropoviç sözünün üstündə durdu». Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova 1975-ci ildə Üzeyir Hacıbəylinin Ev-muzeyinin açılışı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq, Ümummilli liderin Azərbaycan professional musiqisinin banisinin yaradıcılığına həsr etdiyi dərin məzmunlu çıxışının şahidi olduğunu qeyd edib.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Calal Abbasov isə öz çıxışında bildirib ki, bir sıra aparıcı bəstəkarlarımızın fundamental əsərinin yaradılmasının bilavasitə təşəbbüskarı məhz Heydər Əliyev olub. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov çıxışında musiqimizin korifey nümayəndələrinin xatirələrinin əbədiləşdirilməsi istiqəmətində Ulu Önldərin gördüyü işlərdən bəhs edib. Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın çıxışı isə Ümummilli lider Heydər Əliyevin mədəniyyət xadimlərinə qayğısının və bu xeyirxahlıq ənənələrinin bu gün də davam etməsinə həsr olunub. Tədbirin sonunda tanınmış bəstəkar, Respublikanın Xalq artisti, «Şöhrət odenli», professor Tofiq Bakıxanovun «Həmişə bizimləsən » simfonik poeması səsləndirilib.
*****
Dekabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert təqdim edilib. Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) nəzdində fəaliyyət göstərən “Baku Simfonietta” orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir. Konsertdə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi və Sergey Prokofyevin “Romeo və Cülyetta” baletindən birinci süita səsləndirilib.
Qeyd edək ki, “Baku Sinfonietta” orkestri cari ilin fevral ayında ABİ-nin sədri, Xalq Artisti Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə yaradılıb. Əsasını beynəlxalq müsabiqələr laureatları təşkil edən kollektiv, yarandığı qısa müddətə baxmayaraq bir neçə uğurlu konsertlər verib və musiqi ictimaiyyətinin diqqətini özünə cəlb edib. Orkestrin repertuarında dünya və Azərbaycan bəstəkarlarının əsərləri yer alıb.
*****
Dekabrin 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvü, İlham Azmanlının 50 illik yubileyinə həsr edilmiş konsert keçirilib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən gecədə ABİ-nin katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov bəstəkara ittifaqın təbrik ünvanını təqdim edərək bugünkü konsertin onun 50 illik ömrünün hesabatı olduğunu söyləyib.
Sonra kamera musiqisindən ibarət konsert təqdim edilib. Konsertdə bəstəkarın “Woodwind quartet” (“Ağac nəfəs alətləri üçün kvartet”), “Rənglər ¹”, “Bakı küləyi”, “Bachiana-Bakuana” (klarnet və piano üçün 7 hissəli silsilə) və “Papirus üzərində yazılmış hekayə” əsərləri səsləndirilib. Musiqiləri İnci Azmanlı, Aynur Abdullayeva və “Baku Sinfonietta” orkestrinin solistləri ifa ediblər.