Qadına məhəbbətlə…

8 mart qadınlar bayramı ərəfəsində, daha dəqiq desək martın 6-da Bakının mərkəzində yerləşən Muzey Mərkəzində baş tutmuş silsilə tədbirlər məhz belə adlanırdı. Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilati dəstəyi sayəsində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlanmış bu gözəl sənət bayramı, əslində böyük bir layihənin — «Azərbaycanın sənətkar qadınları xeyir və tərəqqi naminə» devizi ilə 2009-2010-cu illəri əhatə edən və nəinki Bakıda, habelə respublikanın bir sıra regionlarında, Şamaxı, Qəbələ, Gəncə və Şəkidə konsert proqramları, sərgilər, moda nümayişi və ustad dərsləri ilə müşayiət olunan möhtəşəm bir proqramın ilk səhifəsi, bir növ açılışı oldu. Həmin gün layihənin məramına uyğun olaraq, istedadlı bəstəkar, rəssam və modelyer xanımlar bir araya gələrək, öznüməxsus sənət dünyalarını xüsusi bir zövqlə tərtib olunmuş konsert proqramında (qeyd edək ki, konsertin təşkilatçı-koordinatorları musiqişünas, sənətşünaslıq namizədi Lalə Kazımova və bəstəkar, dossent Adilə Yusifova, slayd-şounün müəllifi, rəssam Fəxriyyə Məmmədova, aparıcısı isə musiqişünas, Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova idi), daha sonra sərgi qalereyasında, sonda isə «Şərq və Qərb» adlı moda təqdimatında diqqətə çatdırdılar. Qadınlara səmimi təbriklərini söyləyən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev öz çıxışında layihənin əsas məqamlarına toxunaraq, onun davamlı olacağını xüsusi vurğuladı.

Əlvan milli xalçalar və keramik qablarla oricinal şəkildə tərtib edilmiş səhnə isə öncə qadın bəstəkarın ixtiyarına verildi. Müasir Azərbaycan xanımlarının duyğu və düşüncələri… Zənnimcə, təqdim olunmuş konsert proqramının əsas qayəsini qısaca belə səciyyələndirmək olardı. Müxtəlif nəsillər təmsil edən bu sənətkar qadınların fərqli musiqi üslubunda və dünya görüşündə ən məxfi, xəfif yaşantılardan tutmuş, cəmiyyətimizi, millətimizi narahat edən içimizi göynədən ağrı-acılara kimi geniş mövzu palitrası öz əksini tapmışdır. Respublikanın xalq artisti, müasir bəstəkarlıq məktəbimizin hal-hazırda dünya arenasında ən layiqli təmsilçisi olan Firəngiz Əlizadənin Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş «Üç akvarel» vokal silsiləsi (soprano — Gülnaz İsmayılova, piano — Nərgiz Əliyarova, fleyta — Əminə Zülfüqarova) və məşhur «Muğamsayağı»sı (Azərbaycan Dövlət Kvarteti: Uran Seyidov, Vadim Sandler, Vaxtanq İmanov və Aleksey Miltıx) nəinki bəstəkarın zəngin yaradıcılıq tərcümeyi halının, ümumiyyətlə, müasir musiqi dünyasının ən parlaq səhifələri kimi unudulmaz təəssürat bağışladı. Bu təəssüratı səhnədəki ekrandan seyr etdiyimiz və böyük fəlsəfi məna yükü daşıyan görüntülər daha da canlı və qabarıq edirdi.

Bəstəkar, xalq artisti, professor Sevda İbrahimovanın lirik kədərlə aşılanmış musiqisi isə tamaşaçıları tamamilə yeni bir ovqata köklədi. Hər iki əsərin adında belə artıq qeyri-adi bir niskil sezilirdi: «Qurbansız qalan tarım» (Simli Kvartet, Səbuhi Cəfərov — tar, Gülnaz İsmayılova — soprano, Həsən Enami — tenor və fortepianoda müəllif) və «Sənin üçün darıxıram, Şuşam» (Simli Kvartet, pianoda müəllif və tarda Səbuhi Cəfərov). Sevda xanımın yaradıcılığında yaralı bir mövzuya çevrilmiş Şuşa həsrəti elə təsirli bir ahəngə boyanıb ki, həyacansız, sarnsıntısız bu sədaları duymaq mümkün deyildi. Ekranda isə Şuşanın, indi yalnız kinoxronikadan həsrətlə seyr etdiyimiz nadir kadrları, uzaq və doğma keçmişimiz…

Nəyahət, sonuncu musiqi lövhələri bəstəkar Adilə Yusifovanın  özünəməxsus musiqi dünyasını tamaşaçılara açıb göstərdi. Əvvəlcə, qarşımızda odlar yurdunun simvoluna çevrilmiş «Alov»un musiqi obrazı bütün məna çalarları ilə təsvir olundu (piano — Ülviyyə Hacıbəyova, tar — Səbuhi Cəfərov). «Paralellər» adlanan növbəti əsər isə çox aktual olan bir mövzunu təfərrüatı ilə bizlərə yaşatdı. Bəstəkar musiqi dili ilə ulu keçmişimizlə əlaqələrin qurulmasını, əvəzsiz itkilərlə müşayiət olunan gerçəkliyi, simasız gələcəyə doğru kor-koranə getməyin təhlükəsini görməyə çağırırdı. Beləcə, bir konsert çərçivəsində həyatımızın ən ümdə, qaynar prroblemləri, hiss və həyacanları göz önümüzdən keçərək, qadınlarımızın zəngin daxili aləmini, fəal həyat mövqeyini parlaq nümayiş etdirdi.

Təqdim olunmuş bu gözəl layihə həqiqətən də yaradıcı qadınlara əsl 8 mart hədiyyəsi oldu. Tədbirin sonunda səhnəyə qalxan bütün iştirakçıların adından Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə çıxış edərək, bu layihənin həyata keçməsində böyük rolu olan Mədəniyyət və Turizm Nazirliyinə öz dərin təşəkkürünü bildirdi. Ümidvarıq ki, bu layihə gələcəkdə də öz layiqli davamını tapacaqdır.

 

Lalə Hüseynova
«Musiqi dünyası» ,№1-2, 2009.