«İntizar» – Azərbaycan musiqisinin yeni uğuru
Heydər Əliyev Fondu ölkəmizin mədəni həyatında daim dəyərli layihələri ilə diqqəti cəlb edir. Bu günlərdə Fondun bilavasitə dəstəyi ilə yeni musiqi layihəsi — Azərbaycanın xalq artisti, professor Firəngiz Əlizadənin «İntizar» operasının yeni quruluşda premyerası musiqisevərlərə təqdim olundu. Böyük maraq oyadan tamaşa Heydər Əliyev adına sarayın möhtəşəm zalında bir nəfər də olsun biganə seyrçi buraxmamışdı.
Əsərin yaradıcıları haqda bir neçə söz demək istərdik. Azərbaycan Bəstəkarlar İttifaqının sədri F. Əlizadə dahi bəstəkarımız Qara Qarayevin tələbəsi olmaqla onun yolunu davam və inkişaf etdirən, yeni zirvələrə doğru aparan bəstəkarlardandır. O musiqinin müxtəlif janrlarında bir sıra dəyərli əsərlərin müəllifi kimi nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da tanınan müəlliflərdəndir. Hal-hazırda Firəngiz xanım milli köklərə arxalanan, eyni zamanda avanqard musiqinin ən mütərəqqi ideyalarını mənimsəyərək, onları yaradıcı şəkildə öz musiqsində əks etdirən bir sənətkar kimi məhsuldar işləyir. Onun yaradıcılıq axtarışları «İntizar» operasında öz layiqli təcəssümünü tapmışdır.
Operanın librettosu «Üns» yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, Əməkdar elm xadimi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, professor Nərgiz Paşayeva tərəfindən yazılmışdır. Qeyd edək ki, əsərin süjeti Xeyirlə Şərin, Mərhəmətlə Riyakarlığın, bir sözlə Ağ və Qara dünyaların əbədi mübarizəsi üzərində qurulmuşdur. Sadə, lakin hər bir sülhsevər insanın qəlbində əks-səda tapan mövzu maraqlı bədii tərzdə təcəssümünü tapmışdır. Libretto və musiqinin müəllifləri öz əsərlərinin yeni quruluşunu olduqca təcrübəli, istedadlı heyətə etibar etmişlər. Fərəhlidir ki, müxtəlif mədəniyyətlərin daşıyıcıları olan yaradıcı qrup vahid ideya ətrafında birləşərək istər süjet, istərsə də musiqi baxımından maraqlı bir əsər yaratmağa müvəffəq olmuşlar.
«İntizar» operasının yeni tamaşasının quruluşçu rejissoru Rusiyanın xalq artisti, Moskvanın məşhur «Qelikon-Opera» teatrının bədii rəhbəri Dmitri Bertman olmuşdur. D. Berqman təkcə öz ölkəsində deyil, xarici ölkə operasevərləri arasında da öz orijinal, heç kimin üslubuna bənzəməyən musiqili teatr quruluşları ilə özünə ad-san qazanmışdır. Rusiyalı rejissor Azərbaycan librettoçusu və bəstəkarının yaratdıqları əbədi mözzuya əsəslanan operasının əsas ideyasını gözəl duymuş və ona uyğun yüksək səviyyəli quruluşla hamını sevindirmişdir. D. Bertman ilə bərabər, əsərin ərsəyə gəlməsində bir çox istedadlı mütəxəssislər — dirijor Vladimir Ponkin, quruluşçu rəssam Hartmut Şörqhofer, xoreoqraf Edvard Smirnov, geyim üzrə rəssam Korina Xrome və digərləri iştirak etmişlər.
Operanın təsirli və baxımlı olmasında, onun üzərində müəyyən zaman kəsiyində əzmlə çalışmış bütün yaradıcı heyətin rolu danılmazdır. Əsərin ümumi təsir gücü haqqında söhbət açdıqda hansı amilin daha vacib olduğunu vurğulamaq çətindir. Sadə, lakin maraqlı işıq effektləri və səhnə hərəkəti nəticsəində gözlənilməz transformasiyalara uğrayan dekorasiya, vizual effektlər, xor və orkestrin məharətli ifası və solistlərin yaddaqalan obrazlarının hamısı əsərin ümumi qavranılmasında bərabər paya malikdir.
Fərəhli haldır ki, tamaşanın uğurlu alınmasında Azərbaycan ifaçılarının da böyük rolu olmuşdur. Operanın xormeysteri, xalq artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Xor kapellasının kollektivi təkcə vokal deyil, aktyorluq sahəsində də öz böyük ustalıqlarını layiqincə nümayiş etdirdilər. Müasir musiqinin rəngarəng çalarları xora öz geniş imkanlarını bir daha nümayiş etdirmək şansı qazandırmışdır.
Əsərin yeni quruluşunda solist qismində gənc ifaçıların çıxış etməsi onun müvəffəqiyətinin ayrılmaz hissəsini təşkil edir. Ailə başçısı rolunun ifaçısı əməkdar artist Əvəz Abdullayev və onun həyat yoldaşı Nigar obrazında çıxış edən Səbinə Vahabzadə mehriban ailənin səmimi duyğularını canlandırmağa nail olmuşlar. Əsas hadisələr onların qızı Humayın toy mərasiminə hazırlıqlarla başlayır. Əməkdar artist İnarə Babayevanın yaratdığı Humay lirik, lakin, eyni zamanda, daxili qüvvəyə malik bir obrazdır.
Müğənni Ramil Qasımovun Arifi qəlbində Vətənə olan məhəbbəti sevgilisi Humaya olan bağlılığı qədər ülvi və sonsuz hisslərin daşıyıcısı kimi çıxış edir. Əgər Əmir və Arif Azərbaycan kişilərinə xas olan mərdlik və qeyrətin bariz nümunələridirsə, İlham Həsənovun ustalıqla yaratdığı Yad adam satqın, hiyləgər Qara qüvvələr simvolu kimi qabarıq şəkildə təsvir edilmişdir. Bu baxımdan heç də təsadüfi deyil ki, tamaşanın rəssamları tərəfindən müsbət personajlar üçün ağ, mənfilər üçün isə qara rəngli geyimlər seçilmişdir. Klassik Xeyir-Şər simvolları kimi bu rənglər əsərin əsas qayəsinin vizual şəkildə də nümayiş etdirilməsinə xidmət edir. Operanın sonunda peyda olan Ağ atlı Humay ilə Arifi ölümlərindən sonra qovuşdurduğu ilahi qüvvə kimi təsvir olunur və Xeyir qüvvələrin qalib çaldığından xəbər verir.
Əsərdə təsvir olunan hadisələr — yadellilərin hiylə ilə sülhsevər sadə kəndlilərin sakit həyatına soxularaq onların doğma yurdlarını qəddarcasına viran etmələri hər bir azərbaycanlıda məlum analogiyalar yaradır. Bu xüsusiyyət əsərdə ailənin kiçik oğlunun (ifaçı — Mirpaşa Şükürov) ifasında Bayatı-Şiraz muğamının sədalarının səslənməsi ilə daha da gücləndirilir. Əsərin ümid dolu yekunla tamamlanması tamaşaçıda Qarabağ probleminin ədalətli yolla həll olacağına inam yaradır. Ümumilikdə opera pozitiv, müsbət enerji aşılayır.
Tamaşanın müvəffəqiyyətini haqlı olaraq quruluşda iştirak edən bütün kollektivlər — Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Azərbaycan Dövlət Opera və Balet teatrının xoru və solistləri, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Televiziya və Radiosunun xoru, «Qız Qalası» xoru, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri — bir sözlə, bütün əməyi keçmiş şəxslər paylaşır.
«İntizar» operasının yeni quruluşu, sözsüz ki, yaradıcı kollektivin və, xüsusilə bəstəkar Firəngiz Əlizadə və libretto müəllifi, habelə tamaşanın bədii rəhbəri Nərgiz Paşayevanın böyük uğurudur. Aktual və, eyni zamanda, həmişəyaşar mövzuda yazılmış operanın maraqlı süjeti və müasir üslublu musiqi dili unudulmaz təsir bağışlayır.
Azərbaycan incəsənətinin hər bir layiqli əsəri haqda söylənilənləri bu opera haqda da demək istərdik — «İntizar» ölkəmizin hüdudlarını aşaraq digər ölkələrdə, ən məşhur opera səhnələrində tamaşaya qoyulmağa layiqdir. Çox istərdik ki, «İntizar»ın səsi-sorağı xarici ölkələrin teatrlarından gəlsin və Heydər Əliyev adına saraya toplaşan tamaşaçılar kimi, başqa ölkələrin musiqisevərləri də həmin opera haqda öz təəssüratları ilə mətbuat səhifələrində bölüşsünlər.
C. Mahmudova
Bakı Musiqi Akademiyasının professoru