Gənc bəstəkarların yeni uğurları
“Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti, musiqi sənəti hər il yeni istedadlar yetişdirir. Bu xalqımızın mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirir. ”
H.Əliyev.
Mədəniyyət — xalqin mədəni-mənəvi göstəricisidir. Musiqi estetik tərbiyyə vasutəsidir. O yetişən nəslin təfəkkür qabiliyyətinin inkişafında böyük rol oynayır. Azərbaycan xalqı çox istedadlı xalqdər. Son zamanlar hər bir sahədə gənclərə böyük yer verilir. Bu da təbiidir, gənclər bizim gələcəyimizdir. Onlar Azərbaycan musiqisinin gələcəyinə bir körpüdür. Qabiliyyətli gənclərə şərait yaratmaqla, doğru yol göstərməklə onları böyük səhnələrə çıxartmaq lazımdır.
Son vaxtlar Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə keçirilən tədbirlər, milli musiqimizin inkişafına xidmət edən layihələrin sayı artmaqdadır. Belə tədbirlərin keçirilməsi Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, xalq artisti, «Dünya artisti» titullu Firəngiz Əlizadənin böyük əməyi və səyinə əsaslanır. Bu gün söhbət açmaq istədiyim tədbirlərdən biri də iyun ayının 12-dən 16-na kimi keçirilən ABİ-nın Milli Qurtuluş gününə həsr olunmuş «Gənc bəstəkarların əsərlərindən ibarət plenum»dur. Plenumda 3 gün ərzində gənc bəstəkarların müxtəlif janrlarda yazılmış yeni əsərlərindən ibarət konsert proqramları dinlənilmişdir.
Mən bu konsertlərdən biri — iyunun 15-də Orqan və Kamera Musiqi Zalında keçirilən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və orkestrin bədii rəhbəri, xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə keçirilən tədbir haqqında məlumat vermək istəyirəm.
Konserti giriş sözü ilə musiqişünas, sənətşünaslıq namizədi Jalə Qulamova açaraq bu gün əsərləri səslənəcək bəstəkarların yaradıcılığı və əsərlər haqqında məlumat verdi. Konsert şərti olraq iki hissəyə ayrılmışdı. I hissədə piano üçün 2 əsər və simli kvartet səsləndi. II hissədə isə yalnız kamera orkestri üçün yazılmış 4 əsər dinlənildi.
I hissədə səslənən ilk əsər Aliyə Məmmədovanın «Piano üçün yazılmış 2 prelüd»ü idi. Gənc bəstəkar 1996-cı ildə BMA-da Fərəc Qarayevin bəstəkarlıq sinfini bitirmişdir. Beynəlxaq müsabiqə laureatıdır. Böyük simfonik orkestr üçün simfoniyanın, «Simli kvartet»in, solo gitara üçün «Sükutla dialoq», kamera ansamblı üçün «Nurlu kədər», orkestr üçün «Adagio» adlı pyes, bas klarnet və gitara üçün «KOAN», “Humayun” tar və kamera ansamblı üçün musiqi və s. əsərlərin müəllifidir. 2007-ci ildən ABİ-nın üzvüdür. Hal-hazırda Ü.Hacıbəyli adına Baık Musiqi Akademiyasında «Musiqi nəzəriyyyəsi» şöbəsində baş müəllim və 21 saylı Rostropoviçlər adına 11 illik musiqi məktəbində musiqi nəzəriyyəsi i və bəstəkarlıqdan dərs verir.
Konsertdə ifa olunan 2 prelüd kiçik silsilə təşkil edir. I prelüd bir növ giriş rolunu oynayır. Burada sakit obraz lakonik şəkildə təqdim olunur. Ardınca klassizm ənənələrinə söykənən tematik başlanğıc özünün geniş inkişafına can atır. Əsər BMA-nın professoru, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova tərəfindən böyük müvəffəqiyyətlə ifa olundu.
Növbəti əsər Rüfət Xəlilovun «Piano üçün Sonatina»sı idi. Rüfət Xəlilov 1997-ci ildə Bakı Musiqi Akademiyasını İsmayıl Hacıbəyovun bəstəkarlıq sinifində bakalavr üzrə, 1999-ci ildə isə magistr üzrə bitirmişdir. 2000-2002-ci illərdə aspiranturada təhsil almışdır. 2004-cü ildən-2005-ci ilədək Almaniyada bəstəkarlıq üzrə staj kursu keçmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Rüfət Xəlilov bir çox janrlarda öz qələmini sınamış, müxtəlif səpkili əsərlər, o cümlədən simfonik orkestr üçün memuarlar, sk-ka və orkestr üçün 3 hissəli konsert, simli kvartet, kamera orkestri üçün «Şərhsiz», «Gözləmə», «2 vokal miniatur» və s. yazmışdır.
Bəstəkar «Piano üçün sonatina» əsərini gənc bəstəkar əməkdar incəsənət xadimi, vertioz pianoçu Ülviyyə Hacıbəyovaya həsr etmişdir. 4 hissədən ibarət əsər Ülviyyyə xanımın özü tərəfindən ifa olundu.
Növbəti əsər gənc bəstəkar Günay Mirzəyevanın «Simli kvarteti» oldu. Günay Mirzəyeva BMA-nın bəstəkarlıq fakultəsində İsmayıl Hacıbəyov və Aydın Əzimovun sinfində təhsil almışdır. Diplom işi kimi böyük simfonik orkestr üçün simfoniya yazaraq Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. O, prelüdiyalar, variasiyalar, sonatalar, simli kvartet və başqa əsərlərin də müəllifidir. 2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət proqramı çərçivəsində Almaniyanın Ştutqart konservatoriyasına magistr pilləsinə bəstəkarlıq fakultəsinə qəbul olunmuşdur. 2011-ci ildən həm İtaliyada Roma Konservatoriyasında, həm də Almaniyada Karlsruye şəhərində məşhur bəstəkar Volfqanq Rimin bəstəkarlıq sinfində doktorantura pilləsində təhsil alır. Gənc bəstəkarın bu gün səslənən «Simli kvarteti» 2008-ci ildə yazılmışdır. Əsər 3 hissədən ibarətdir. Hissələr bir-birindən templəri ilə fərqlənsələr də ümumilikdə dəyişik hisslər və emosiyalar daşıyır. Əsər Azərbaycan Dövlət Simli Kvartetinin — xalq artistləri I violində Uran Seyidov. II violində Soltan Məmmədova, violada Vaxtanq İmanov və violonçeldə əməkdar artist Aleksey Miltıxın ifasında alqışlarla səsləndi.
II hissədə ilk səslənən əsər gənc bəstəkar Kərəm Əkbərovun «Kamera orkestri üçün süita»sı oldu. O, 2010-cı ildə Bakı Musiqi Akademiyasının bəstəkarlınq fakultəsində Arif Məlikovun sinfini bitirmişdir. Tələbəlik illərindən bir sıra janrlarda maraqlı əsərlər yazmağa başlamışdır: f-no üçün sonata, 6 prelüd, simfonik orkestr üçün lövhə, «Azərbaycan» simfonik poeması, skripka və f-no üçün pyeslər, bir sıra vokal və instrumental əsərlər və s. Hal-hazırda simfoniya üzərində işləyir və BMA- nəzdində «Məktəb-studia»da müəllim kimi fəaliyyət göstərir.
Bəstəkarın dinlənilən «Kamera orkestri üçün süita»sı 2011-ci ildə Kanadada Azərbaycan Mədəniyyəti günlərində səslənmişdir. Azərbaycanda ilk dəfə eşidələn bu süita 3 hissədən ibarətdir: 1- Türk rəqsi, 2- Bahar, 3- Tokkata adlanır.
Daha sonra Kamran Nəsirovun kamera orkestr üçün «Üzeyirnamə» əsəri təqdim olundu. O, 2011-ci ildə Azərbaycan Milli Konservatoriyasınının bəstəkarlıq fakultəsini Cəlal Abbasovun sinfində bitirmişdir. Müxtəlif janrlarda əsərlərin — Simli kvartet», «Məhəbbətin fəryadı» adlı simfonik poema, «Klarnet və xalq çalğı alətləri üçün konsert», «Yanvar elegiyası» adlı qaboy və f-no üçün pyes, prelüdlər və s. müəllifidir.
Gənc bəstəkarın təqdim etdiyi Azərbaycan musiqisinin banisi Uzeyir Hacıbəyliyə ithaf etdiyi kamera orkestri üçün «Üzeyirnamə» əsəri sonata formasında yazılmışdır. Muğamla klassik musiqinin sintezindən istifadə edən gənc burada dahi bəstəkarın yaradıcılığına olan heyranlığını və böyük rəğbətini özünəməxsus şəkildə əks etdirməyə çalışmışdır.
Əsəri səslənən növbəti gənc bəstəkar Kəmalə Əlizadədir. 1996-2000-cı illərdə Ü.Hacibıyli adına Baki Musiqi Akademiyasında iki fakultə üzrə — piano ixtisası üzrə professor Elmira Səfərovanın, bəstəkarlıq ixtisası üzrə professor Arif Məlikovun sinfində təhsil almışdır. O, müxtəlif janrlarda əsərlər — «Simfoniya», «Fortepiano və böyük simfonik orkestr üçün konsert», ‘’Venessiya abu havalı musiqi’’ adli balet suitası, «Simli kvartet», fortepiano üçün yazılmış «Sonata», «15 preludiya» və s. yazmışdır. 2006-cı ildə Kəmalə Əlizadə İtalyan Səfirliyinin keçirtdiyi stipendiya müsabiqəsinin qalibi seçilir və İtalyanın Modena şəhərindəki ‘’Oratsio Vekki’’ adına konservatoryanın bəstəkarı professor Antonio Cakomettinin dəvətiylə orada bəstəkarlıq staj kursları alır. Kəmalə Əlizadənin əsərləri Italya, Hollandiya, Yaponiya, Amerikada uğurla səslənib. O, 2006-cı ildən Italyada Azərbaycanı təmsil edir.
Bəstəkarın səslənən «İtirilmiş cənnət» əsəri Azərbaycanın cənnət guşəsi olan Şuşaya həsr olunmuşdur. Bildiyimiz kimi, Şuşada doğulub-böyümüş nəsillə yanaşı, artıq elə bir nəsil yetişir ki, onlar Şuşanın abu-havasını indi ürəklərində yaşadırlar və Şuşa itkisindən doğan ağrını öz istedadlarının gücü ilə yaradıcı fəaliyyətlərində dünyaya bəyan etməyə çalışırlar. Bu əsərdə də bəstəkar Şuşa itkisinin ağrı-acısını musiqi dili vasitəsilə çox gözəl əks etdirmişdir. Süita 5 hissədən ibarətdir: Konsertdə süitadan 2 nömrə — Şuşa və Cıdır düzü səsləndi.
Daha sonra bəstəkar Ceyhun Allahverdiyevin «Misri» əsəri dinlənildi. Ceyhun Allahverdiyev 1990-cı ildə Bakı Musiqi Akademiyasında bəstəkarlıq ixtisası üzrə Arif Məlikovun, 1992-ci ildə isə fortepiano ixtisası üzrə Elmira Əliyevanın sinfini bitirmişdir. Müxtəlif janrlarda qələmini sınayan bəstəkarın yaradıcılıq sferası genişdir. O, 2 simfoniya, simli kvartet (1994), f-no və simfonik orkestr üçün «Konsert», f-no üçün «Prelüdlər»(1990), Nizaminin sözlərinə 2 romans: skripka və f-no üçün «Sonata», simfonik orkestr üçün pyes «Mənzərə», Zülfüqarbəyin sözlərinə simfonik orkestr və xor üçün «Milli marş», mahnılar və s. müəllifidir. Ceyhun Addahverdiyev hal-hazırda BMA-nın bəstəkarlıq kafedrasının dosenti kimi pedaqoji fəaliyyətlə də məşğul olur.
Gənc bəstəkarın kamera orkestri üçün «Misri» əsəri dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə ithaf olunub. Rondo formasında yazılan bu əsərdə harmonik və polifonik elementlər, aşıq ritmikası, muğam çalaraları, olduqca rəngarəng, zərif və parlaq boyalarla verilən zəngin hiss və duyğular qabarıq şəkildə özünü göstərir.
Nəhayət konsert adı musiqi incəsənətinə yaxşı bələd olan, bəstəkarlıq sənətində öz sözünü demiş, yaradıcılığının məhsuldar dövrünü yaşayan, istedadlı bəstəkar, əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin «Simli orkestr üçün musiqi»si ilə tamamlanandı. Əsər Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, xalq artisti Teymur Göyçayevə həsr olunmuşdur. Sonata-alleqro formasında yazılan bu əsəri simfoniya da adlandırmaq olar. Burada bəstəkar harmonik və polifonik xüsusiyyətlərdən, milli və müasir elementlərdən, muğam və aşıq musiqisindən, müasir bəstəkarlıq texnikasından özünəməxsus ustalıqla istifadə etmişdir. Əsər T.Göyçayevin rəhbərliyi ilə kamera orkestrinin ifasında gurultulu alqışlarla başa çatdı.
Ümumiyyətlə, bu plenumun keçirilməsi Azərbaycanda gənc bəstəkarlara olan böyük qayğının bariz nümunəsi kimi çox diqqətəlayiqdir. Artıq plenumda əsərləri dinlədikcə qürur hisssi duyursan ki, bizim cənc nəsil də müasir musiqiyə necə böyük həvəslə yanaşır, dünya arenasına qatılmağa çalışır, bu yolda böyük addımlarala irəliləyir. Belə ki, gənclərin əksəriyyəti xaricdə təhsil alır, əsərləri dünya musiqi orkestrlərinin ifıasında səslənir. İnanırıq ki, bu gənc bəstəkarlar XXI əsr Azərbaycan musiqi mədəniyyətinin layiqli təmsilçisi olub. professional musiqi incəsənətini yüksək səviyyədə inkişaf etdirmək naminə yeni-yeni nailiyyətlər qazanacaqlar. Onlara bu yolda uğurlar diləyirik.
Qulamova Jalə
Azərbaycan Milli Konservatoriyasının
dosenti, sənətşünaslıq namizədi